Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3587/2024 20.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) “pulun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.834.20 manat (Malların ümumi dəyəri və ƏDV də daxil olmaqla) məbləğində əsas pul vəsaitinin və 802.54 manat penya məbləğinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 07 noyabr 2023-cü il tarixli №BP45-2023 müqaviləyə əsasən, Satıcı malları satmağı, alıcı isə həmin malların yazılan qaiməyə əsasən dəyərinisatıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.4-cimaddəsinə əsasən, Alıcı Satıcının bank hesabına təhvil-təslim aktı təsdiqləndikdən 05 təqvim günü müddətində ödəyir. Bildirir ki, müqavilə üzrə mallar Alıcıya təhvil verilmiş və bu barədə elektron qaimələr də tərtib edilmişdir. Malların ümumi dəyəri və ƏDV də daxil olmaqla, cəmi 17.834.20 manat manat təşkil edir. Bundan başqa həmin müqavilənin 6.3-cü maddəsinə əsasən mal təhvil verildikdən sonra, hər gecikdirilmiş gün üçün malın dəyərinin 0,5 % qədər penya ödənilməlidir, bu da 802.54 manat təşkil edir. Məlumat üçün bildirir ki, mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdehə pul məbləğinin 10 gün ərzində ödənilməsi üçün 03 may 2024-cü il pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh bu günədək alqı-satqı müqaviləsini öhdəliklərini yerinə yetirmək istəmir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia tələbi ilə məhkəməyə təqdim edilmiş sübutlarda öz əksini tapmış cəmi məbləğlər arasındakı təxmini 1000 manatlıq fərq hansısa tarixdə mal verilib lakin elektron qaiməsinin göndərilməməsi ilə bağlı ola bilər. Bəzi hallarda mallar cavabdehə verilsə də, cavabdehə təhvil aktı imzalatdırılmamış, elektron qaimə təqdim edilməmişdir.
4. Cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BP 45-2023 nömrəli alqı-satqı müqaviləsinə görə satıcı ona məxsus malları alıcının mülkiyyətinə verməyi, alıcı isə isə həmin malları qəbul edib malların haqqını bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada ödəməyi öhdəsinə götürür.
8. Müqavilənin 2.3-cü maddəsinə görə malların miqdarı, keyfiyyəti, çeşidi və qiyməti tərəflər arasında razılaşdırılaraq X1 ilə müəyyənləşdirilir.
9. Müqavilənin 4.1-ci maddəsinə görə malların satış qiyməti Razılaşdırma Protokolu və ya Təhvil-Təslim Aktında qeyd olunur.
10. Müqavilənin 4.2-ci maddəsinə görə müqaviləyə əsasən Alıcı tərəfindən malların dəyərinin ödənilməsi köçürmə yolu ilə həyata keçirilir və pul vəsaitinin Satıcının sərəncamına verildiyi an və ya hesablaşma hesabına köçürüldüyü an ödəniş öhdəliyinin icra edilməsi anı hesab olunur.
11. Müqavilənin 6.3-cü bəndinə əsasən əgər alıcı ona satıcı tərəfindən təhvil verilmiş bu müqavilənin 4.4-cü bəndində nəzərdə tutulmuş müddətdə malın dəyərini ödəməzsə, hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,5 faizi miqdarında penya ödəməlidir.
12. İddiaçı tərəfindən cavabdehə EBDU 579423 nömrəli xx.xx.2023-cü il tarixli 1400,07 manat məbləğində, EBDY 770744 nömrəli xx.xx.2024-cü il tarixli 367,20 manat məbləğində, EBDY 404722 nömrəli xx.xx.2024-cü il tarixli 720 manat məbləğində, EBDX 873428 nömrəli xx.xx.2024-cü il tarixli 3694,20 manat məbləğində, EBDX 427135 nömrəli xx.xx.2024-cü il tarixli 6820 manat məbləğində, EBDX 313631 nömrəli xx.xx.2024-cü il tarixli 1062 manat məbləğində, EBDW 862079 nömrəli xx.xx.2024-cü il tarixli 5300 manat məbləğində, MT2402 00161833 nömrəli xx.xx.2024-cü il tarixli 7150,8 manat məbləğində, MT2401 00071841 nömrəli xx.xx.2024-cü il tarixli 1939,9999 manat, ümumilikdə 28454,26 manat məbləğində elektron qaimələr təqdim edilmişdir.
13. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli, BP 45-2023 nömrəli alqısatqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına görə 152,54 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına görə 191,31 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına görə 360 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına görə 540 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına görə 540 manat, xx.xx.2024-cü il tarixdə 180 manat ƏDV ödənilmişdir.
14. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli, BP 45-2023 nömrəli alqısatqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli köçürmə ilə 847,46 manat, xx.xx.2024-cü il tarixli köçürmə ilə 1000 manat, xx.xx.2024-cü il tarixli köçürmə ilə 1062,82 manat, xx.xx.2024-cü il tarixli köçürmə ilə 2000 manat, xx.xx.2024-cü il tarixli köçürmə ilə 2200 manat, xx.xx.2023-cü il tarixli köçürmə ilə 3000 manat ödəniş edilmişdir.
15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BP 45-2023 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
17. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
18. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
19. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
20. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
21. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
22. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
23. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən tələb edilən əsas borcun məbləği 17834,20 manat təşkil edir.
24. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş malların ümumi dəyəri 28454,26 manat, cavabdeh tərəfindən iddiaçıya göstərilən müqavilə üzrə edilmiş ödənişlərin cəmi 12074,13 manat təşkil edir.
25. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən 16380,13 manat (28454,26 manat-12074,13 manat) tutularaq iddiaçıya ödənilməlidir.
26. İddiaçı tərəfindən məhkəməyə cavabdehə əlavə olaraq 1454,07 manat məbləğində malın təhvil verilməsini təsdiq edən sübut təqdim edilməmişdir.
27. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən 16380,13 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
28. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən hesablanmış 802,54 manat dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür.
29. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
30. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
31. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 16380,13 manat əsas borc, 802,54 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 146 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 16380,13 manat məbləğində əsas borc, 802,54 manat dəbbə pulu, ödənilmiş 146 manat dövlət rüsumu, ümumilikdə 17328,67 (on yeddi min üç yüz iyirmi səkkiz manat altmış yeddi qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə (əvvəlki adı – İddiaçı MMC) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova