Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3589/2025 17.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı subroqasiya qaydasında pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: sığorta hadisəsi, dərmiş zərər, subroqasiya qaydasında pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı subroqasiya qaydasında pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 600 (altı yüz) manat məbləğində əsas və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 630,40 (altı yüz otuz manat qırx qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən X1 mülkiyyətində və istifadəsində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (“SEV ART” Studio) yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə xx.xx.2018-ci il tarixində “daşınmaz əmlakın icbari sığortası” növü üzrə RAZ********** nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə sığortalanmışdır. xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan binada X1 mülkiyyətində olan qeyriyaşayış sahəsi binanın kanalizasiya xəttində baş vermiş qəza nəticəsində zərər görmüşdür. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 1 saylı Mənzil İstismar Sahəsinin xx.xx.2019-cu il tarixli aktından görünür ki, həmin binanın kanalizasiya xəttində baş vermiş qəza nəticəsində X1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə (“SEV ART Studio”) maddi ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 278 nömrəli dəymiş zərərin hesabatı ilə bağlı rəydən görünür ki, X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (“SEV ART Studio”) subasma nəticəsində 780 (yeddi yüz səksən) manat məbləğində zərər vurulmuşdur. Beləliklə, baş vermiş hadisə ilə bağlı xx.xx.2019-cu il tarixli, 3405/M/CFİ-251/2019 nömrəli aktla 180 (bir yüz səksən) manat azadolma məbləği çıxılmaqla, 600 (altı yüz) manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən faydalanan şəxsin bank hesabına köçürülmüşdür.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.4, 936.1, 936.2, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1111.2-ci maddələrinə istinad olunmuşdur.
4. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə təqdim edilmişdir. Əlavə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 3-21/2-1692/2023 nömrəli qərarı (bundan sonra qərar) ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında qərarın 4-cü bəndinə əsasən bina daxilində istilik, isti su, içməli su, kanalizasiya, elektrik enerjisi sistemlərinə texniki xidmət və təmir xərcləri həmin şəbəkə və mühəndis qurğularının istismarından gəlir götürən təşkilatlar tərəfindən mərkəzləşdirilmiş qaydada müvafiq mənzil-istismar təşkilatlarına ödənilir. Qərarın istinad edilən bəndindən müəyyən olunur ki, mənzil-kommunal istismar sahələri bina daxilində istilik, isti su, içməli su, kanalizasiya, elektrik enerjisi sistemlərinə texniki xidmət və təmirə görə məsuldurlar. Buna görə də xx.xx.2019-cu il tarixli sığorta hadisəsinə görə dəymiş zərərin ödənilməsi barədə iddia tələbi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə dair hissədə tamamilə əsaslıdır. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2012-ci il tarixli, 345 saylı sərəncamına əsasən Nazirlik, Komitə, şəhər, rayon icra hakimiyyəti orqanları və digər aidiyyəti dövlət təşkilatlarının balansında olan xarici su təchizatı və kanalizasiya şəbəkə və qurğuları və həmin təşkilatların mənzil fondunda olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri "xxxx" ASC-nin balansında olmuşdur. Buna görə də hesab edirlər ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 "xxxx" ASC-nin hüquqi varisi kimi su təchizatı qurğularında nasazlığa görə məsuliyyət daşıyır və iddia tələbi bu hissədə də əsaslı hesab edilməlidir.
5. İddia tələbinə cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, göstərilən ünvan üzrə qeyd edilən tarixdə cavabdehə qəza barədə hər hansı bir məlumat daxil olmamışdır. Bundan əlavə, iş materiallarından göründüyü kimi, qəza mənzilin daxilində yerləşən xəttlərdə baş vermişdir. Mənzildaxili xətlər “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin balansında deyildir. Buna görə də cavabdeh tərəfindən həmin xətlərə xidmət göstərilmir. Qeyd edilənləri nəzərə alaraq, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-yə aid hissədə iddianın rədd edilməsi xahiş edilir.
6. İddia tələbinə digər cavabdeh tərəfindən etiraz daxil olmamışdır.
7. Tərəflərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müracəit edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
8. BA seriyalı, 902176 nömrəli daşınmaz əmlakın icbari sığortası haqqında şəhadətnamədən görünür ki, sığortalı qismində X2maqla ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (“SEV ART” Studio) xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək «Azsığorta”” ASC tərəfindən icbari sığorta növü ilə sığortalanmış, sığorta haqqı 100 manat, sığorta məbləği 46053 manat, azadolma məbləği 180 manat miqdarında müəyyən edilmişdir.
9. «Azsığorta” ASC tərəfindən tərtib edilmiş 3405/M/CFİ-251/2019 nömrəli sığorta aktının məzmunundan müəyyən olunur ki, X3 məxsus ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi (“SEV ART” Studio) – daşınmaz əmlaka dəymiş ziyanla bağlı maddi ziyanın ümumi məbləği 780 manat məbləğdən sığorta müqaviləsində nəzərdə tutulmuş 180 manat azadolma məbləği çıxılmaqla sığorta ödənişi 600 manata bərabərdir. Qeyd edilmişdir ki, sığortalanmış əmlak subasma nəticəsində zədələnmişdir.
10. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 005XOH********** nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, «Azsığorta” ASC tərəfindən X1 AZ47İBAZ******************** nömrəli hesabına 648,3 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi 1267/CFİ- 0142/2019 RAZ********** əsasən sığorta ödənişi qeyd edilmişdir.
11. Tərtib edilmiş xx.xx.2019-cu il tarixli dəymiş zərərin hesabatı adlı sənəddən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (“SEV ART” Studio) – daşınmaz əmlaka dəymiş zərərin məbləği 780 manat təşkil edir.
12. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamenti Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü vəkil Nümayəndə2 tərəfindən Səbail rayon İcra Hakimiyyətinə ünvanlanmış 671 saylı, xx.xx.2023-cü il tarixli məktub baxılması üçün Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məktubunuza cavab olaraq bildirilir ki, Səbail rayonu, A.Abbaszadə küçəsi, 1128-19 saylı bina bizim xidməti ərazimizə aid deyil.
13. Bakı Qarnizon MİH-nin 1 nömrəli MİS tərəfindən təsdiq edilmiş aktda qeyd edilmişdir ki, Biz aşağıda imza edənlər: 1 nömrəli MİS-nin mühəndisi Sarıyev R.M., texnik Muradov M.B. və çilingər Hüseynova Ə. bu aktı tərtib etdik ondan ötəri ki, keçid 1128 - 19 saylı binada yerləşən “Seva ART” gözəllik salonunun sahibi S.A.Sultanovanın müraciətinə əsasən obyektə baxış keçirdik. Baxış nəticəsində məlum oldu ki, həmin binanın kanalizasiya xəttində baş vermiş qəza nəticəsində obyektin tavanlarına və divarlarına ziyan dəymişdir.
14. İddiaçı tərəfinə iş materialların foto-şəkillər əlavə edilmişdir.
15. "xxxx" ASC tərəfindən cavabdehlər “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müvafiq pretenziya məktublarının göndərilməsinə dair sübutlar əlavə edilmişdir.
16. "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli, CVN/O 16-380/25 saylı mütəxəssis rəyindən müəyyən olunur ki, 1-ci sual üzrə: Qiymətləndiriri-mütəxəssis qarşısında qoyulmuş suala uyğun olaraq, ünvan 1 ünvanında yerləşən, X3 məxsus qeyriyaşayış sahəsində ("SEV ART" Studio) xx.xx.2019-cu il tarixdə kanalizasiya xəttində baş vermiş qəzanın səbəblərinin məyyən edilməsi məqsədilə həmin dövrdə baş vermiş hadisəni əks etdirən fototəsvirlər nəzərdən keçirilmişdir. Mövcud vəziyyət araşdırılaraq təhlil olunmuşdur. Müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə kanalizasiya xəttində baş vermiş qəza Müdafiə Nazirliyinin balansında olan binanın kanalizasiya sistemində olan nasazlıq nəticəsində baş vermişdir. 2-ci sual üzrə: xx.xx.2019-cu il tarixdə baş vermiş qəza ilə bağlı olan xətləin kimin balansında olmasını müəyyən etmək məqsədilə tərəflərə sorğular göndərilmişdir. Müəyyən edilmişdir ki, həmin bina Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil İstismar Hissəsinin 1 nömrəli Mənzil İstismar Sahəsinin tabeliyindədir. Müdafiə Nazirliyinin balansında olan binalara Müdafiə Nazirliyinə məxsus qazanxanalar xidmət göstərir. 3-cü sual üzrə: ünvan 1 ünvanında yerləşən, X3 məxsus qeyri-yaşayış sahəsində (“SEV ART” Studio) xx.xx.2019-cu il tarixdə kanalizasiya xəttində baş vermiş qəza nəticəsində dəymiş zərərin məbləği (Cədvəl 1) 612,2 manat (altı yüz on iki manat iyirmi qəpik) təşkil edir. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçi subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən, başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün), zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1.14. məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr – dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi
20. İddia tələbi iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında cavabdehlərdən tutulmasından ibarətdir.
21. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
22. Belə ki, işin faktiki hallarından göründüyü kimi, X3 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (“SEV ART” Studio) xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" ASC tərəfindən icbari sığorta növü ilə sığortalanmış, sığorta haqqı 100 manat, sığorta məbləği 46053 manat, azadolma məbləği 180 manat miqdarında müəyyən edilmişdir.
23. Sığortalanmış ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (“SEV ART” Studio) xx.xx.2019-cu il tarixində baş vermiş subasma nəticəsində zədələnmişdir. Həmin əmlaka dəymiş ziyanın məbləği 780 manat məbləğində müəyyən edilmiş, dəymiş zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 180 manat azadolma məbləği çıxılaraq, sığorta ödənişi 600 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən sığortalanmış əmlakın mülkiyyətçisi olan X1 bank hesabına xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən 648,30 manat pul ödənilmişdir. Hadisədən sonra Bakı Qarnizon MİH-nin 1 nömrəli MİS əməkdaşarlı tərəfindən daşınmaz əmlaka baxış keçirilmiş və akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, baxış nəticəsində məlum oldu ki, həmin binanın kanalizasiya xəttində baş vermiş qəza nəticəsində obyektin tavanlarına və divarlarına ziyan dəymişdir. Bundan sonra həmin kanalizasiya xəttinin kimə məxsus olmasının müəyyən edilməsi üçün iddiaçı tərəfindən Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə sorğu verilmiş və sorğuya cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Səbail rayonu, A.Abbaszadə küçəsi, 1128-19 saylı bina birliyin xidməti ərazilərinə aid deyildir.
24. Eyni zamanda məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli, CVN/O 16-380/25 saylı mütəxəssis rəyindən qeyd edilmişdir ki, 1-ci sual üzrə: Qiymətləndiriri-mütəxəssis qarşısında qoyulmuş suala uyğun olaraq, ünvan 1 ünvanında yerləşən, X3 məxsus qeyri-yaşayış sahəsində ("SEV ART" Studio) xx.xx.2019-cu il tarixdə kanalizasiya xəttində baş vermiş qəzanın səbəblərinin məyyən edilməsi məqsədilə həmin dövrdə baş vermiş hadisəni əks etdirən fototəsvirlər nəzərdən keçirilmişdir. Mövcud vəziyyət araşdırılaraq təhlil olunmuşdur. Müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə kanalizasiya xəttində baş vermiş qəza Müdafiə Nazirliyinin balansında olan binanın kanalizasiya sistemində olan nasazlıq nəticəsində baş vermişdir. 2-ci sual üzrə: xx.xx.2019-cu il tarixdə baş vermiş qəza ilə bağlı olan xətləin kimin balansında olmasını müəyyən etmək məqsədilə tərəflərə sorğular göndərilmişdir. Müəyyən edilmişdir ki, həmin bina Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil İstismar Hissəsinin 1 nömrəli Mənzil İstismar Sahəsinin tabeliyindədir. Müdafiə Nazirliyinin balansında olan binalara Müdafiə Nazirliyinə məxsus qazanxanalar xidmət göstərir. 3-cü sual üzrə: ünvan 1 ünvanında yerləşən, X3 məxsus qeyri-yaşayış sahəsində (“SEV ART” Studio) xx.xx.2019-cu il tarixdə kanalizasiya xəttində baş vermiş qəza nəticəsində dəymiş zərərin məbləği (Cədvəl 1) 612,2 manat (altı yüz on iki manat iyirmi qəpik) təşkil edir.
25. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 iddiaya etiraz edərək iddia tələbini qəbul etməmiş və etirazında göstərmişdir ki, göstərilən ünvan üzrə qeyd edilən tarixdə cavabdehə qəza barədə hər hansı bir məlumat daxil olmamışdır. Bundan əlavə iş materiallarından göründüyü kimi, qəza mənzilin daxilində yerləşən xəttlərdə baş vermişdir. Mənzildaxili xətlər “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin balansında deyildir. Buna görə də cavabdeh tərəfindən həmin xətlərə xidmət göstərilmir. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 etirazında göstərdiyi hallar işdə olan sübutlarla öz təsdiqini tapmış, ona görə də etiraz əsaslı sayılmışdır.
26. Beləliklə, məhkəmə qanunvericilik normalarını, işin faktiki hallarını, sığorta ödənişini vermiş iddiaçının subroqasiya qaydasında həmin məbləğin ödənilməsini tələb etmək hüququna malik olmasını, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 etirazını və CVN/O 16-380/25 saylı mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən 432,2 manat (dörd yüz otuz iki manat iyirmi qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə və digər cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 münasibətdə təmin edilməməlidir. Belə ki, yuxarıda qeyd edilən rəylə xx.xx.2019-cu il tarixdə kanalizasiya xəttində baş vermiş qəza nəticəsində dəymiş zərərin məbləği 612,2 manat müəyyən edilmişdir. Həmin məbləğdən 180 (bir yüz səksən) manat azadolma məbləği çıxıldıqda, qalan məbləğ 432,2 manat təşkil edir. Ona görə də hazırkı nəticəyə gəlinmişdir.
27. İddiaçı ödənilmiş dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
28. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məkhəmə hazırkı qənaətə gələrkən onu nəzərə almışdır ki, iddia tələbi digər cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 münasibətdə təmin edilməmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi isə büdcə təşkilatı olduğundan və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinin təsiri altına düşdüyündən ondan dövlət rüsumu tutula bilməz.
29. Eləcə də iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutularaq "xxxx" MMC-nin hesabına (kod: 805711, VÖEN: ********** müxbir hesab: AZ03NABZ********************, SWİFT BİK: İBAZAZ2X, hesab: AZ471BAZ********************) köçürülməlidir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən 432,2 manat (dörd yüz otuz iki manat iyirmi qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 münasibətdə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutularaq "xxxx" MMC-nin hesabına (kod: 805711, VÖEN: ********** müxbir hesab: AZ03NABZ********************, SWİFT BİK: İBAZAZ2X, hesab: AZ471BAZ********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova