Məhkəmə qərarları › İş №e-2-2(113)-359/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-359/2024

24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-359/2024 24.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Holcim (Azərbaycan) ASC-nin Cavabdeh qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun tutulması Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Holcim (Azərbaycan) ASC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. “Holcim (Azərbaycan)” ASC (satıcı) Cavabdeh (alıcı) arasında 10 yanvar 2021-ci il tarixdə ********** saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı sement növünü alıcıya satmağı, alıcı isə malı almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: - 2.2-ci bəndinə əsasən malın qəbul məntəqəsi müqaviləyə edilən əlavələrdə və yüknəqliyyat qaimələrində göstərilir. - 3.1-ci bəndinə əsasən mal və qiymətlər müqaviləyə edilən əlavələrdə göstərilir. - 4.1-ci bəndinə əsasən ödəniş Alıcı tərəfindən alınacaq hər Malın dəyərini vergilər daxil olmaqla əvvəlcədən Satıcının bank hesabına ödəmə yolu ilə həyata keçirilir. - 4.3-cü bəndinə əsasən satıcı müqavilə dövrü ərzində tətbiq etdiyi kredit siyasətinə əsaslanaraq Alıcıya sonradan, ödəmə şərti ilə Mal buraxılışı həyata keçirə bilər. Bu barədə razılıq müqavilənin əlavəsinə daxil edilir və Alıcı qəbul etdiyi malın dəyərini qaiməfakturanı və ya elektron qaimə-fakturanı qəbul etdiyi tarixdən 30 gün ərzində ödəməlidir. Elektron qaimə fakturanın Alıcıya göndərilməsi Alıcının malı qəbul etdiyi faktını təsdiq edir. Tərəflərfərqli ödəniş müddətini bu müqaviləyə edilən əlavələrdə tənzimləyirlər. Kredit siyasətinin şərtlərini Satıcı müəyyənləşdirir və dəyişdirir. Sonradan ödəmə şərti ilə mal buraxılışından yararlanmaq üçün X4 Qarantiya Məktubu və ya digər zəmanət sənədi tələb edə bilər. - 5.3-cü bəndinə əsasən malın daşınma xərcləri alıcı tərəfindən ödənilir. - 7.1-ci bəndinə əsasən hazırkı müqavilə xx.xx.2021-ci il tarixində qüvvəyə minir və 31 dekabr 2021-ci il tarixinədək qüvvədə olur. - 7.2-ci bəndinə əsasən hazırki müqavilənin qüvvədə olma müddəti bitməmişdən 15 iş günü əvvəl tərəflərdən biri müqaviləyə xitam verilməsinə dair digər tərəfə bildiriş göndərməzsə, müqavifə avtomatik olaraq 1 (bir) il müddətinə uzadılır. Avtomatik uzadılan dövr ərzində Alıcı Satıcı ilə heç bir əməliyyat aparmazsa müqaviləyə həmin ilin 31 dekabr tarixində xitam verilir. Hər bir halda, avtomatik uzadılma 3 (üç) dəfədən çox ola bilməz və bununla da, hazırki müqavilə ən çoxu 3 (üç) il müddətinə uzadıla bilər. Müqavilənin qüvvədə olma müddətinin bitməsi və ya müqaviləyə xitam verilməsi tərəfləri həmin ana qədər yaranmış öhdəliklərin icrasından azad etmir. - 9.2-ci bəndinə əsasən alıcı öz öhdəsinə götürür: Bu müqavilənin şərtlərinə uyğun olaraq malı vaxtlı-vaxtında qəbul etmək və onun dəyərini vaxtında ödəmək. Ödəniş bu müqavilədə və ya onun əlavəsində göstərilən müddətdən gecikdirildiyi hər bir günə görə əsas borcdan 0,1% qədər cərimə və bundan yarana biləcək administrativ xərcləri ödəmək. Müqavilə hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir.

2. 10 yanvar 2021-ci il tarixdə ********** saylı alqı-satqı müqaviləsinə 10 yanvar 2021-ci il tarixli, 1 saylı əlavəsi imzalanmış və əlavədə malın qəbul məntəqəsinin adı, məhsulun adı, çatdırılma daxil, ƏDV xaric, həmçinin çatdırılma və ƏDV daxil olmaqla məhsulun qiyməti göstərilmişdir. Əlavə satıcının imzası və möhürü, alıcının imzası ilə təsdiq edilmişdir.

3. “Holcim (Azərbaycan)” ASC tərəfindən ümumilikdə 33.612,65 manat (ƏDV daxil) dəyərində mal verilməsinə dair elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh göndərilmişdir.

4. 19.01.2021-xx.xx.2021-ci il tarixli dövrləri əhatə edən yol-nəqliyyat qaimələrinə əsasən “Holcim (Azərbaycan)” ASC tərəfindən göndərilmiş mallar (müvafiq olaraq yükün çəkisi və sement kisələrinin sayı) və 144 ədəd altlıq alıcı Cavabdeh tərəfindən təhvil alınmışdır. Təhvil-təslim müştəri tərəfindən də imzalanmışdır.

5. “Holcim (Azərbaycan)” ASC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə müraciət edilərək, alqı-satqı müqaviləsi üzrə yaranmış borc məbləğinin xx.xx.2023-cü il tarixədək ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

6. İddiaçı Holcim (Azərbaycan) ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9.425,4 manat əsas borcun, 6.473,6 manat cərimənin, mediasiya xərci və dövlət rüsumu olaraq ödənilmiş 138 manat pulun tutularaq iddiaçı “Holcim (Azərbaycan)” ASC-yə ödənilməsi barədə qıtnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Holcim (Azərbaycan) ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********** saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş malları satmağı, cavabdeh isə satılan malı təhvilalmağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilmiş mallar cavabdehə çatdırılmışdır,cavabdeh həmin malları yük-nəqliyyat qaimələrini imzalayaraq təhvil almışdır. Cavabdehə göndərilmiş malların satılması barədə elektron qaimələr təsdiq edilmişdir. Müqaviləyə edilmiş 1 saylı Əlavəyə əsasən Alıcı malın dəyərini malı əldə etdiyi tarixdən 30 gün müddətində Satıcıya ödəməlidir. Müqavilənin 9.2-ci bəndində qeyd olunur ki, Alıcı aldığı taxta altlığı qaytarmalıdır, əks təqdirdə qiymət əlavəsində qeyd olunan pul vəsaitini ödəməlidir. Müqaviləyə edilmiş əlavəyə əsasən taxta altlığın bir ədədinin dəyəri 28,32 manat müəyyən edilmişdir. Cavabdeh ona təhvil verilmiş sement məhsullarının dəyərinin 8.405,86 manat məbləğində olan hissəsini ödəməmiş, hər birinin dəyəri 28,32 manat olan 36 ədəd taxta altlığı şirkətlərinə geri qaytarmamışdır. Cavabdehin şirkətlərindən təhvil aldığı, amma, dəyərini ödəmədiyi malların cəmi məbləği 9.425,4 manat təşkil etmişdir. Cavabdehə dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq cavabdeh təhvil aldığı malların dəyərini, yəni 9.425,4 manat əsas borcunu ödəməmişdir. Müqavilənin 9.2-ci bəndində ödənişi gecikdirildiyi hər günə görə əsas borcdan 0,1% qədər cərimənin ödənilməsi qeyd olunur. Həmin bəndə əsasən hazırkı tarixədək cavabdehə hesablanan cərimənin məbləği 6.473,6 manat təşkil edir. Cavabdehə xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərərək borc məbləğinin xx.xx.2023-cü il tarixədək ödənilməsini, əks təqdirdə məhkəməyə müraciət etmək üçün tədbirlər görüləcəyini bildirmişlər.

8. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdehin əsas borcdan 3.000,40 manat ödəniş etdiyini qeyd edərək, Cavabdeh 6425 manat əsas borcun, 6.473,6 manat cərimə məbləğinin, mediasiya xərci və dövlət rüsumu olaraq ödənilmiş 138 manat pulun tutularaq iddiaçı “Holcim (Azərbaycan)” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385.1, 442 və 443.1-ci maddələrinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 89 №li qərarı ilə təsdiq edilmiş Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydalarının 2.1-ci və 3.4-cü bəndlərinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

10. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

11. Əvvəlki xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Mamedov Natig həcmi azaldılmış iddia tələbini müdafiə edib, iddia ərizəsində və iddia tələbinin həcminin azaldılması barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda Mamedov Natig izahatına əlavə olaraq cavabdeh tərəfindən ödənişlər edildiyini qeyd etmişdir. N.Mamedov məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Cavabdeh hazırki vaxta əsas borcu 3925 manatdır.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

13. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

14. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

15. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

16. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

17. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

19. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “Holcim (Azərbaycan)” ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli ********** saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əlavədə göstərilmiş malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh göstərilən müqavilə üzrə “Holcim (Azərbaycan)” ASC-yə olan əsas borcu (ilkin olaraq tələb edilən borc məbləğindən cavabdeh tərəfindən ödəniş edilməsi və borcun azalması faktını iddiaçının nümayəndəsi sonuncu məhkəmə iclasında verdiyi izahatda təsdiq etmişdir) 3925 manat təşkil edir.

21. İddiaçı mübahisəli müqavilə üzrə malların təqdim etməsi və hazırda təqdim edilmiş mallara görə borcun mövcud olması faktlarını sübuta yetirmək üçün cavabdeh tərəfindən etiraz edilməmiş elektron qaiməni və yol-nəqliyyat qaimələrini məhkəməyə təqdim etmişdir.

22. Belə olan halda məhkəmə Mülki Məcəllənin 567-ci maddəsinə əsasən mübahisəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən alqı-satqının predmeti olmuş malların dəyəri olan 3925 manat məbləğində pul vəsaitini ödənilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində qismən qismən təmin edilməli, Cavabdeh 3925 manat tutularaq “Holcim (Azərbaycan)” ASC–yə ödənilməlidir.

23. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 6.473,6 manat məbləğində cərimənin (dəbbə pulunun) cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

24. Həmin tələblə bağlı məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

25. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinin tələblərindən göründüyü kimi məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

26. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 300 manat məbləğində müəyyən edilməlidir.

27. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 100 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 38 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

28. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı (həcmi azaldılmış) iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 128,69 manat təşkil edir.

29. Hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir.

30. İddiaçı tərəfindən artıq ödənilmiş 9,31 manat məbləğində dövlət rüsumu qaytarılmalıdır.

31. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 35 manat pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 10 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh ƏDV daxil 3925 manat məbləğində borc və 300 manat məbləğində dəbbə pulu, cəmi 4225 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 35 manat və dövlət rüsumunun əvəzi olaraq 10 məbləğində pul vəsaiti tutularaq iddiaçı Holcim (Azərbaycan) ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 9,31 manat məbləğində dövlət rüsumu qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar