Məhkəmə qərarları › İş №e-2-2(113)-3590/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3590/2024

16.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3590/2024 16.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 08 may 2023-cü il tarixli, SPARK-049/2023 saylı alqı-satqı müqaviləsi üzrə 11748,58 manat borc və 125,25 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 08 may 2023-cü il tarixli, SPARK-049/2023 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilə üzrə sonuncunun mülkiyyətinə əlavə dəyər vergisi daxil olmaqla, 11748,58 manat məbləğində müxtəlif markalı beton məhlulu təhvil verilmişdir. Təhvil verilən malın dəyəri bu günədək ödənilməyib və hal-hazırda Cavabdeh MMC-nin İddiaçı MMC-yə 11748,58 (on bir min yeddi yüz qırx səkkiz manat əlli səkkiz qəpik) manat borcu mövcuddur. Cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli (həm onlayn kargüzarlıq vasitəsi ilə, həm də elektron məhkəmə vasitəsi ilə) pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmamışdırsa, alıcı hər ay üzrə ona təhvil verilmiş malın dəyərini, mallar təhvil verildikdən sonra 7 iş günü ərzində ödəməyi öhdəsinə götürür. Müqavilənin 9.4-cü bəndinə əsasən alıcı malların dəyərinin ödənilməsi ilə bağlı hər gecikmə gününə görə 0,01% (sıfr tam yüzdə bir) faiz məbləğində cərimə ödəyir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 443.1, 445.1, 445.7, 448.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən borcun ödənilməsi tələbi barədə iddia tələbi tamamilə əsassızdır. Belə ki, iddiaçının tələbinə əsasən guya müqavilə üzrə 11748,58 manat, əlavə rüsum olaraq 125,25 manat dövlət rüsumu tutularaq cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçı tərəf satdığı malların həqiqətən cavabdehə təhvil verildiyinə dair heç bir təhvil-təslim sənədi təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh iddia ərizəsində qeyd edilən malları həqiqətən aldıqlarını təsdiq etmirlər. Göründüyü kimi, iddiaçı da həmin malların cavabdehə təhvil verildiyinə dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.

5. İddiaçıya məhkəmənin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İddiaçı “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinə etiraz etdi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, SPARK-049/2023 nömrəli (malların alqısatqısı haqqında) müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə əsasən satıcı müqavilənin əlavəsi hesab edilən X1 (bundan sonra “Əlavə”) göstərilən müxtəlif növ beton/tikinti məhsullarını (bundan sonra - mallar) razılaşdırılmış qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları qəbul edib, dəyərini müvafiq Əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı tərəfindən təchiz olunacaq malların qiyməti, hesablaşma qaydası və ödəniş müddətləri alıcı ilə razılaşdırılır və müqavilənin müvafiq Əlavələrində müəyyən edilir. Qiymət dəyişikliyi yalnız tərəflər arasında qarşılıqlı razılaşma əsasında ola bilər. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmamışdırsa, alıcı hər ay üzrə ona təhvil verilmiş malın dəyərini, mallar təhvil verildikdən sonra 7 iş günü ərzində ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən malların adı, çeşidi, qiyməti və çatdırılma müddəti müqavilənin ayrılmaz tərkib hissəsi hesab ediləcək müvafiq əlavə - Qiymətlərin razılaşdırılması protokollarında göstərilir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən tərəflər bu müqaviləyə uyğun olaraq təqdim olunacaq mallar ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş özlərinə aid olan vergilərin, rüsumların və digər məcburi ödənişlərinin edilməsi öhdəliyinin icrasına görə özləri məsuliyyət daşıyırlar.

8. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SPARK-049/2023 nömrəli alqsatqı müqaviləsinə xx.xx.2023-cü il tarixli, 01 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı əlavədən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiyməti barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SPARK-049/2023 nömrəli alqsatqı müqaviləsinə xx.xx.2023-cü il tarixli, 03 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı əlavədən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiyməti barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 523188 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1416 manat (ƏDV daxil) təşkil edir.

11. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 738467 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 708 manat (ƏDV daxil) təşkil edir.

12. xx.xx.2023-cü il tarixli, EBDM seriyalı, 248240 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 531 manat (ƏDV daxil) təşkil edir.

13. xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 567918 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 236 manat (ƏDV daxil) təşkil edir.

14. xx.xx.2023-cü il tarixli, EBDO seriyalı, 655544 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 944 manat (ƏDV daxil) təşkil edir.

15. xx.xx.2023-cü il tarixli, EBDQ seriyalı, 056351 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1486,80 manat (ƏDV daxil) təşkil edir.

16. xx.xx.2023-cü il tarixli, EBDQ seriyalı, 891157 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2106,30 manat (ƏDV daxil) təşkil edir.

17. xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 287743 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1982,40 manat (ƏDV daxil) təşkil edir.

18. xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 769744 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1796,55 manat (ƏDV daxil) təşkil edir.

19. xx.xx.2023-cü il tarixli, EBDT seriyalı, 038200 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 495,60 manat (ƏDV daxil) təşkil edir.

20. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 793099 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 45,93 manat (ƏDV daxil) təşkil edir.

21. İddiaçı MMC ilə Cavabdeh MMC arasında tərtib edilmiş üzləşmə aktından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 11748,59 manat (9956,43 manat əsas və 1792,16 manat ƏDV) borcu vardır. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

22. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış 11748,59 manat borcun 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

25. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.

26. İddia tələbinin bir hissəsini cavabdehdən 08 may 2023-cü il tarixli, SPARK- 049/2023 saylı alqı-satqı müqaviləsi üzrə 11748,58 manat məbləğində qalıq borcun tutulması təşkil edir.

27. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 08 may 2023-cü il tarixli, SPARK-049/2023 saylı alqı-satqı müqaviləsi üzrə 11748,58 manat (on bir min yeddi yüz qırx səkkiz manat əlli səkkiz qəpik) pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

28. Belə ki, tərəflər arasında qalıq borcla bağlı üzləşmə aktı tərtib edilmiş və həmin aktda xx.xx.2024-cü il tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 11748,59 manat (9956,43 manat əsas və 1792,16 manat ƏDV) borcunun olduğu qeyd olunmuşdur. Təqdim olunmuş elektron qaimələr üzrə ümumi məbləğ də həmin məbləğlə eynidir. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdehin nümayəndəsi tərəfindən yazılı etiraz elektron qaydada xx.xx.2024-cü il tarixdə təqdim olunmuş, tərəflər arasında borcu təsdiq edən üzləşmə aktı xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir.

29. Eləcə də, iddiaçı 125,25 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

30. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125,25 manat (bir yüz iyirmi beş manat iyirmi beş qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətindən 08 may 2023-cü il tarixli, SPARK-049/2023 saylı alqı-satqı müqaviləsi üzrə 11748,58 manat (on bir min yeddi yüz qırx səkkiz manat əlli səkkiz qəpik) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125,25 manat (bir yüz iyirmi beş manat iyirmi beş qəpik) olmaqla, cəmi 11873,83 manat (on bir min səkkiz yüz yetmiş üç manat səksən üç qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar