Məhkəmə qərarları › İş №e-2-2(113)-3592/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3592/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3592/2024 28.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı borc tələbinə dair kommersiya mübahisəsi üzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat işi (açar sözlər: alqı-satqı, göndərmə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X3, İddiaçı MMC-nin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı borc tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən 05 noyabr 2022-ci il tarixli, SPARK-100/2022 saylı alqı-satqı müqaviləsi üzrə 3964,80 manat borcun, 59,65 manat dövlət rüsumunun, cəmi ümumilikdə 4024,45 manat tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında 05 noyabr 2022-ci il tarixli, SPARK-100/2022 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilə üzrə sonuncunun mülkiyyətinə əlavə dəyər vergisi daxil olmaqla 3964,80 manat məbləğində beton məhlulu təhvil verilib. Təhvil verilən malın dəyəri bu günədək ödənilməyib və hal-hazırda "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin İddiaçı MMC-yə 3964,80 manat borcu mövcuddur. Cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli (həm onlayn kargüzarlıq vasitəsi ilə, həm də elektron məhkəmə vasitəsi ilə) pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən Müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmamışdırsa Alıcı hər ay üzrə ona təhvil verilmiş Malın dəyərini, mallar təhvil verildikdən sonra 7 iş günü ərzində ödəməyi öhdəsinə götürür. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385,425, 443.1, 445.1, 445.7, 448.1-ci maddələrinə istinad olunmuşdur. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı MMC (Satıcı) ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (Alıcı) arasında 05 noyabr 2022-ci il tarixli, SPARK-100/2022 saylı alqısatqı müqaviləsindən görünür ki, satıcı müqavilənin əlavəsi hesab edilən X1 göstərilən müxtəlif növ beton/tikinti məhsullarını razılaşdırılmış qiymətlə istifadə məqsədləri üçün yararlı halda Alıcıya satmağı, Alıcı isə həmin Malları qəbul edib dəyərini müvafiq Əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.4-cü bəndinə əsasənsSatıcı malların alıcıya təhvil verilməsini tərəflər arasında müvafiq qaydada imzalanacaq təhvil-təslim aktı və/və ya elektron qaimə fakturalar əsasında həyata keçirəcək. Elektron qaimə-faktura Alıcıya təqdim edildikdən sonra 5 (beş) iş günü ərzində Alıcının hər hansı bir etirazı olmazsa mallar Alıcıya təhvil verilmiş hesab ediləcək. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmamışdırsa Alıcı hər ay üzrə ona təhvil verilmiş Malın dəyərini, mallar təhvil verildikdən sonra 7 iş günü ərzində ödəməyi öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli X2 görünür ki, Satıcı Alıcıya müxtəlif adlı, markalı (çeşidi, növü), qiyməti və digər texniki göstəriciləri olan 3964.80 manat dəyərində beton materiallarını təqdim etmiş, tərəflər hər ikisi aktları imzaları ilə təsdiq etmişlər. EBDV seriyalı, 284804 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3964.80 manat, dəyərində mallar İddiaçı MMC tərəfindən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli 76677 saylı, 76671 saylı, 76669 saylı, 76685 saylı qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Dərnəgül təsisinə müxtəlif ölçüdə və dəyərdə materiallar təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 60 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimə, qiymətlərin razılaşdırma protokolu və s.) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərini, 3964,80 manat pulu ödəmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə 3964,80 manat borc, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 59,65 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin edilsin. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən 05 noyabr 2022-ci il tarixli, SPARK-100/2022 saylı alqı-satqı müqaviləsinə əsasən 3964 (üç min doqquz yüz altmış dörd) manat 80 (səksən) qəpik borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 59 (əlli doqquz) manat 65 (altmış beş) qəpik İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar