Məhkəmə qərarları › İş №e-2-2(113)-3599/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3599/2025

09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3599/2025 09.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “Makro 2000 X1 X4 Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındaki Filialina qarşı “pul tələbi” üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “Makro 2000 X2 X5 Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındaki Filialina qarşı “pul tələbi” barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Tərəflər arasında xx.xx.2024-cü il tarixli, 20 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.

2. Tərəflər arasında bğlanmış sözügedən müqavilənin: 2.1. 1.1-ci bəndinə görə satıcı (iddiaçı) razılaşmaya əsasən beton məhlulunu hazırlayaraq alıcının tikinti sahəsinə verməyi öhdəsinə götürür; 2.2. 1.2-ci maddəsinə görə alıcı (cavabdeh) satıcı tərəfindən onun tikinti sahəsinə verilmiş beton məhlulunu qəbul edir və dəyərini vaxtında və tam şəkildə, müqavilə şərtlərində nəzərdə tutulmuş qaydada satıcının müvafiq bankda olan hesablaşma hesabına köçürür; 2.3. 3.1-ci bəndinə görə alıcı satıcı tərəfindən ona verilmiş bteon məhlulunu qeyd-şərtsiz qəbul edir; 2.4. 4.1-ci bəndinə görə beton məhlulunun markası üzrə qiyməti (ƏDV xaric) beton M 100 92 manat, beton M 150 95 manat, beton M 200 98 manat, beton M 250 100 manat, beton M 300 104 manat, beton M 350 108 manat, beton M 400 112 manat qiymətləndirilir; 2.5. 4.2-ci bəndinə görə pompanın qiyməti 50 m3-ə qədər 36 metrlik pompa xidməti 250 manat, 42 metrlik pompa xidməti 300 manat (ƏDV xaric) dəyərində hesablanır. 50 m3-dan yuxarı pompa xidməti qiymətə daxildir; 2.6. 4.3-cü bəndinə görə böyük pompa xidməti 650 manat dəyərində hesablanır. 100 m3dan yuxarı pompa xidməti qiymətə daxildir; 2.7. 5.1-ci bəndinə görə satılan beton məhlulunun dəyəri nəzərdə tutulan partiyalara uyğun olaraq alıcı tərəfindən satıcının bank hesabına ödənilir; 2.8. 5.2-ci bəndinə görə beton məhlulunun dəyəri alıcı tərəfindən beton məhlulu qəbul edildikdən sonra 5 gün ərzində satıcının bank hesabına köçürülməlidir; 2.9. 6.1-ci bəndinə görə alıcı qəbul etmiş olduğu beton məhlulunun dəyərini müqavilədə nəzərdə tutulan müddət ərzində ödəməzsə ödənişin hər gecikdirilən günü üçün ödənilməmiş məbləğin 1%-i miqdarında cərimə ödəyir. Bundan başqa, ödənilməmiş məbləğə görə satıcı tərəfindən alıcıya qarşı Azərbaycan Respublikasının qüvvədə olan mülki qanunvericiliyində nəzərdə tutulan cərimə növlərini tətbiq edə bilər.

3. Tərəflər arasında (ƏDV daxil) – xx.xx.2024-cü il tarixdə 1564 manat dəyərində 17 m3 M 100 markalı betonun satılması və 250 manat pompa xidməti olmaqla, cəmi 2140,52 manat dəyərində işlərə dair 01 saylı, xx.xx.2024-cü il tarixdə 1288 manat dəyərində 14 m3 M 100 markalı betonun satılması və 250 manat pompa xidməti olmaqla, cəmi 1814,84 manat dəyərində işlərə dair 02 saylı, xx.xx.2024-cü il tarixdə 1330 manat dəyərində 14 m3 M 150 markalı betonun satılması və 400 manat pompa xidməti olmaqla, cəmi 2014,40 manat dəyərində işlərə dair 03 saylı, xx.xx.2024-cü il tarixdə 1288 manat dəyərində 14 m3 M 100 markalı betonun satılması və 250 manat pompa xidməti olmaqla, cəmi 1814,84 manat dəyərində işlərə dair 04 saylı, xx.xx.2024-cü il tarixdə 3132 manat dəyərində 29 m3 M 350 markalı betonun satılması və 250 manat pompa xidməti olmaqla, cəmi 3990,76 manat dəyərində işlərə dair 05 saylı, xx.xx.2024-cü il tarixdə 2700 manat dəyərində 25 m3 M 350 markalı betonun satılması və 400 manat pompa xidməti olmaqla, cəmi 3658 manat dəyərində işlərə dair 06 saylı, xx.xx.2024-cü il tarixdə 2376 manat dəyərində 22 m3 M 350 markalı betonun satılması və 250 manat pompa xidməti olmaqla, cəmi 3098,68 manat dəyərində işlərə dair 07 saylı, xx.xx.2024-cü il tarixdə 2268 manat dəyərində 21 m3 M 350 markalı betonun satılması və 250 manat pompa xidməti olmaqla, cəmi 2971,24 manat dəyərində işlərə dair 08 saylı, xx.xx.2024-cü il tarixdə 972 manat dəyərində 9 m3 M 350 markalı betonun satılması və 250 manat pompa xidməti olmaqla, cəmi 1441,96 manat dəyərində işlərə dair 09 saylı, xx.xx.2024-cü il tarixdə 864 manat dəyərində 8 m3 M 350 markalı betonun satılması və 250 manat pompa xidməti olmaqla, cəmi 1314,52 manat dəyərində işlərə dair 10 saylı, xx.xx.2024cü il tarixdə 756 manat dəyərində 7 m3 M 350 markalı betonun satılması və 250 manat pompa xidməti olmaqla, cəmi 1187,08 manat dəyərində işlərə dair 11 saylı, xx.xx.2024-cü il tarixdə 864 manat dəyərində 8 m3 M 350 markalı betonun satılması və 400 manat pompa xidməti olmaqla, cəmi 1491,52 manat dəyərində işlərə dair 12 saylı, xx.xx.2024-cü il tarixdə 1748 manat dəyərində 19 m3 M 100 markalı betonun satılması və 250 manat pompa xidməti olmaqla, cəmi 2357,64 manat dəyərində işlərə dair 13 saylı, xx.xx.2024-cü il tarixdə 1620 manat dəyərində 15 m3 M 350 markalı betonun satılması ilə bağlı, cəmi 1911,60 manat dəyərində işlərə dair 14 saylı, xx.xx.2024-cü il tarixdə 2208 manat dəyərində 24 m3 M 100 markalı betonun satılması və 250 manat pompa xidməti olmaqla, cəmi 2900,44 manat dəyərində işlərə dair 15 saylı, xx.xx.2024-cü il tarixdə 972 manat dəyərində 9 m3 M 350 markalı betonun satılması və 250 manat pompa xidməti olmaqla, cəmi 1441,96 manat dəyərində işlərə dair 16 saylı, xx.xx.2024-cü il tarixdə 1188 manat dəyərində 11 m3 M 350 markalı betonun satılması və 250 manat pompa xidməti olmaqla, cəmi 1696,84 manat dəyərində işlərə dair 17 saylı, xx.xx.2024-cü il tarixdə 1296 manat dəyərində 12 m3 M 100 markalı betonun satılması və 250 manat pompa xidməti olmaqla, cəmi 1597,72 manat dəyərində işlərə dair 18 saylı, xx.xx.2024-cü il tarixdə 1104 manat dəyərində 12 m3 M 100 markalı betonun satılması və 250 manat pompa xidməti olmaqla, cəmi 1597,72 manat dəyərində işlərə dair 19 saylı, xx.xx.2024-cü il tarixdə 1748 manat dəyərində 19 m3 M 100 markalı betonun, 864 manat dəyərində 350 M markalı betonun satılması və 250 manat pompa xidməti olmaqla, cəmi 3377,16 manat dəyərində işlərə dair 20 saylı, xx.xx.2024-cü il tarixdə 2916 manat dəyərində 27 m3 M 350 markalı betonun satılması və 250 manat pompa xidməti olmaqla, cəmi 3735,88 manat dəyərində işlərə dair 21 saylı və xx.xx.2024-cü il tarixdə 3672 manat dəyərində 34 m3 M 350 markalı betonun satılması və 250 manat pompa xidməti olmaqla, cəmi 4627,96 manat dəyərində işlərə dair 22 saylı təhvil-təslim aktları imzalanmışdır.

4. Cavabdeh tərəfindən alınmış beton və pompa xidmətinin dəyəri ödənilməmişdir.

İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:

a) İddia ərizəsinin dəlilləri

5. İddiaçı ƏDV xaric 97666 manat əsas borcun, 32384 manat cərimə, 320 manat hüquqi xidmət xərcinin və 420 manat dövlət rüsumu, cəmi 130740 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin tələblərinə əsasən cavabdeh “Satıcı”dan aldığı beton məhlulu qəbul edib, dəyərini vaxtında və tam şəkildə, müqavilə şərtlərində nəzərdə tutulmuş qaydada satıcının müvafiq bankdakı hesablarına 5 gün ərzində ödəməyi öhdəsinə götürmüşdür. Yenə də həmin müqavilənin 6.1-ci maddəsinin tələblərinə əsasən, “alıcı” gecikdirilmiş hər gün üçün ödəniləcək məbləğin 1 (bir) %-i miqdarında “satıcıya” cərimə ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə ödənilməmiş məbləğə görə “Satıcı” tərəfindən “Alıcıya” qarşı Azərbaycan Respublikasının qüvvədə olan mülki qanunvericiliyndə nəzərdə tutulmuş cərimə növlərinin tətbiq ediləcəyi nəzərdə tutulmuşdur. Cavabdeh ilk dəfə beton məhlulu xx.xx.2024-cü il tarixdə, axırıncı dəfə isə xx.xx.2024-cü il tarixdə qəbul etmişdir. Bu günə cavabdehin iddiaçıya olan əsas borcu ( ƏDV xaric ) 97666 (doxsan yeddi min altı yüz altmış altı) manat məşkil edir. Gecikdirmə 124 gün təşkil edir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

7. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:

8. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi

9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etmədiyindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:

Azərbaycan Respublikası Mülki Məcəllə:

10. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

14. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

15. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

16. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır.

21. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya müqavilədə müəyyən edilmiş vaxtda və yerdə təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.

22. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında qarışıq - betonun müqavilədə göstərilən qiymətlərlə alqı-satqısına, habelə həmin betonun tikinti sahəsinə verilməsi (yayılması) üçün pompadan isitfiadə ilə bağlı xidmət müqaviləsi bağlanmış, tərəflər arasında xx.xx.2023-xx.xx.2023-cü il müddəti aralığında ümilikdə ƏDV-siz 44246 manat həcmində beton satılması və pompadan istifadə ilə bağlı xidmətin göstərilməsini təsdiq edən 22 təhvil-təslim aktı imzalanmış və hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir.

23. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən qiymətlərlə beton almaq, eləcə də həmin betonun tikinti sahəsində yayılması üçün iddiaçı tərəfindən təqdim edilmiş pompadan istifadəyə dair xidmətdən istifadə hüququna malik olduğu kimi, aldığı betonun və yararlandığı xidmətin haqqını ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh aldığı betonun və yararlandığı xidmətin ödənilməsinə dair müqavilədə göstərilən vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır.

24. Lakin məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 20 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə satıcı (iddiaçı) razılaşmaya əsasən beton məhlulunu hazırlayaraq alıcının tikinti sahəsində verməyi, alıcı isə betonun dəyərini onu qəbul etdikdən sonra 5 gün ərzində satıcının bank hesabına köçürülməyi öhdəsinə götürmüşdür. Müqavilənin qeyd edilən bəndlərindən də göründüyü iddiaçının öhdəliyinin icrası anı fiziki olaraq betonu alıcının tikinti sahəsində təhvil verməklə, cavabdehin öhdəliyinin icrası anı isə alqı-satqı predmeti olan betonu təhvil aldıqdan sonra ödəməli olması ilə şərtləndirilmişdir. İşin faktiki hallarından da görünür ki, iddiaçı ƏDV-siz olaraq 97666 manat dəyərində betonun və xidmətin göstərildiyini iddia etsə də, xx.xx.2023xx.xx.2023-cü il müddəti aralığında yalnız ümilikdə ƏDV-siz olaraq 44246 manat həcmində beton satılması və pompadan istifadə ilə bağlı xidmətin göstərilməsini təsdiq edəcək təhviltəslim aktlarını məhkəməyə təqdim edə bilmişdir. İddiaçının vəkili və nümayəndəsi qalan pul həcmində betonun verilməsi və xidmətin göstərilməsini təsdiq edəcək təhvil-təslim aktlarının cavabdehin onları imzalamaması səbbindən təqdim edə bilmədiklərini bildirdi.

25. İddiaçı ƏDV-siz olaraq 97666 manat dəyərində betonun və xidmətin göstərildiyini verilmiş elektron qaimə-faktura ilə təsdiq edildiyini bildirsə də, məhkəmə onun bu dəlili ilə bağlı qeyd edir ki, AR Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı qanunla müəyyən edilmiş qaydada və müddətlərdə təqdim (tərtib) etməlidir. Göstərilən müddəanın mənasından da görünür ki, elektron qaimə-faktura alqı-satqı əməliyyatlarının, habelə işlərin görülməsinin və xidmətlərin göstərilməsinin vergi məqsədləri üçün rəsmiləşdirilməsi, ƏDV öhdəliyinin rəsmiləşdirilməsi, bu sahədə dövlət nəzarətinin təmin edilməsi xarakteri daşıyır və heç bir halda alqı-satqı predmeti olan malların təhvil verilməsini, işlərin görülməsini və xidmətlərin göstərilməsini fiziki olaraq təsdiq etmir.

26. HTM Holding” MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqe də bundan ibarətdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

27. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.

28. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edilməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.

29. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin müqavilə üzrə hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq 2212,3 manat məbləğində müəyyən edilməsini daha ağlabatan hesab edir.

30. Məhkəmə hesab edir ki, iddia tələbi hüquqi xidmət xərcinin tutulması və dövlət rüsumunun cavabdehdən tutlması hissəsində əsaslıdır.

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh “Makro 2000 X3 Taahhüd İç və Dış Ticarət Anonim Şirketinin Azərbaycan Respublikasındakı Filialı”ndan ƏDV xaric 44246 manat əsas, 2212,3 manat cərimə olmaqla, cəmi 46458,3 (qırx altı min dörd yüz əlli səkkiz manat otuz qəpik) manat məbləğində pul, ödənilmiş 420 (dörd yüz iyirmi) manat dövlət rüsumu və 320 (üç yüz iyirmi) manat vəkil üçün ödənilmiş haqq tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar