Məhkəmə qərarları › İş №e-2-2(113)-3605/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3605/2025

29.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3605/2025 29.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ, Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:pul tələbi) X12 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X6 Cavabdeh Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ, Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) cavabdehlər “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ, Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfat Birliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Xətai Rayon İcra Hakimiyyəti və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən 850 (səkkiz yüz əlli) manat məbləğində əsas və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu, ümumilikdə 880,40 (səkkiz yüz səksən manat qırx qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən X1 mülkiyyətində və istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə xx.xx.2018-ci il tarixində “əmlakın yanğından və digər əlavə risklərdən sığortası” növü üzrə PİM/18/0091 nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə sığortalanmışdır. xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikası Xətai Rayon İcra Hakimiyyətinin balansında olan binadaX1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə binanın damındakı su navalçalarının tutulması nəticəsində zərər görmüşdür. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Xətai Rayon İcra Hakimiyyəti, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 93 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki,həmin binanın damında olan su navalçalarının tutulması nəticəsində X1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə maddi ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli dəymiş zərərin hesabatı ilə bağlı rəydən görünür ki, X1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinəsubasma nəticəsində 850 (səkkiz yüz əlli) manat məbləğində zərər vurulmuşdur. Beləliklə, baş vermiş hadisə ilə bağlı xx.xx.2019-cu il tarixli, 0878/Fİ-033/2019 nömrəli aktla 850 (səkkiz yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı ASC tərəfindən faydalanan şəxsin bank hesabına köçürülmüşdür. “Onlayn kargüzarlıq” sistemindən çıxarışlardan müəyyən olunur ki, iddia ərizəsinin surəti cavabdehlərə təqdim olunmuşdur.

3. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ iddiaya qarşı etiraz verərək, iddianın rədd olunmasını xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ-yə aid hissədə təmin edilməməlidir. Belə ki, binaların damında toplanan yağış sularının nəqli üçün nəzərdə tutulmuş navalça və binanın çöl divarına quraşdırılmış yağış xətləri İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ-nin balansında olmadığı üçün onlara tərəfimizdən texniki xidmət gösətərilmir. Bu barədə xx.xx.2025-ci il tarixli 3-53-3-12/2-500/2025 nömrəli məktubla məlumat verilmişdir.

5. Cavabdeh Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfat Birliyi iddiaya qarşı etiraz verərək, iddianın rədd olunmasını xahiş etmişdir.

6. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı göstərib ki, xx.xx.2019-cu il tarixində Xətai Rayon İcra Hakimiyyətinin balansında olan binada X1 mülkiyyətində olan mənzilin ümumi istifadə sahəsi (qeyri-yşayış sahəsi) binanın damındakı su navalçalarının tutulması nəticəsində zərər görmüşdür. İddiaçı iddiasının sübütu əsası kimi Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 93 nömrəli Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2019-cu il tarixli arayışına istinad etmişdir. Bildirirəm ki, 93 nömrəli Mənzil-Kommunal İstismar Sahəsi balans saxlayan təşkilat olmadığından təqdim etdiyi arayış dəymiş zərərin sübutu kimi qiymətləndirilə bilməz. Belə ki, zərərçəkənin yaşadığl Xətai rayonu, Babək prospekti 86 nömrəli bina dövlət mənzil fonduna aid olmaqla Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Balans saxlayan təşkilat olaraq balansımızda olan binalarda yaranmış fəsadlar və texniki nasazlıqlarla bağlı rəyin (arayışın) verilməsi Birliyin səlahiyyətindədir. Xətai rayonu, Babək prospekti 86 saylı binanın 69-cu mənzilinin mülkiyyətçisi X4 tərəfindən Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qeyd olunan məsələ ilə bağlı müraciət daxil olmamışdır və ona rəy (arayış) verilməmişdir. Elman Nurullayevə dəymiş zərər su navalçalarının tutulması nəticəsində deyil , məhz qarşısı alınmaz qüvvənin təsiri (intensiv yağış sularının) nəticəsində binanın ümumi istifadədə olan sahəsinin islanması ilə baş vermişdir. II. Tərəflərin mövqeləri:

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

8. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək,iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

9. Digər cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbi barədə məlumat verməmişdir.

10. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

11. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

12. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

13. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 005XOH********** nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən X1 hesabına 956123 saylı akta əsasən 850 manat pul köçürülmüşdür.

14. PİM/18/0091 nömrəli əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsinə əsasən X2 məxsus Bakı şəhəri, Xətai rayonu, Babək pr.,ev 86,m.69 ünvanında yerləşən əmlak xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 30825.95 manat məbləğində sığortalanmışdır.

15. xx.xx.2019-cu il tarixli 0878/Fİ-033/2019 saylı sığorta aktına əsasən Bakı şəhəri, Xətai rayonu, Babək pr.,ev 86,m.69 ünvanında yerləşən qeyri-yaşayış sahəsində xx.xx.2019-cU il tarixdə baş vermiş subasma hadisəsi nəticəsində obyektə 850 manat məbləğində zərər dəymiş, və 850 manat sığorta ödənişi hesablanmışdır.

16. Azərbaycan Respublikası Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil- Kommunal Təsərrüfat Departamenti 93 saylı MKİS-i tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, həqiqətən də mənzilin böyük otağın divarıma axan su binanın damında olan su navalçasının tutulma nəticəsində mənzilin divarına su axmışdır. V. Tətbiq edilən hüquq:

17. AR Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

18. Bundan əlavə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariyagigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.

19. Həmin Məcəllənin 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.

20. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.

21. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir.

22. AR MPM-in: - 14.2- ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” (§29) Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X7rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

24. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir.

25. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş işin mübahisəsiz hallarından ki, iddiaçı ilə X5 arasında sığorta müqaviləsi bağlanmış, sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığorta hadisəsi baş vermiş, sığortalıya dəymiş zərər 850 manat müəyyən edilərək, sığortalıya iddiaçı tərəfindən 850 manat sığorta ödənişi verilmişdir.

26. Məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi barədə iddiaçının irəli sürdüyü tələb cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ -yə aid olan hissədə əsaslı deyildir.

27. Belə ki, binaların damında toplanan yağış sularının nəqli üçün nəzərdə tutulmuş navalça və binanın çöl divarına quraşdırılmış yağış xətləri İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ-nin balansında olmadığı üçün onlara İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ tərəfindən texniki xidmət gösətərilmir.

28. Məhkəmə hesab edir ki, binanın su navalçaları cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ –in balansında olmadığından, habelə həmin xətlərin salamatlığına, lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsinə həmin yaşayış binasının tərkib hissəsinin mülkiyyətçiləri məsuliyyət daşıdığından baş vermiş hadisəyə görə dəymiş zərərin cavabdehdən tələb edilməsi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir.

1. Məhkəmə iddia ərizəsini cavabdeh Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı olan hissədə də əsassız hesab edir. İşin mübahisəsiz halı ondan ibartdir ki, Bakı şəhəri Xətai rayonu, Babək prospekti 86 nömrəli bina dövlət mənzil fonduna aid olmaqla Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır.(cavabdehin nümayəndəsi bu halı mübahisələnidrməmişdir).

2. Məhkəmə ilk növbədə qeyd edir ki, sığortaçının subroqasiya hüququnun yaranması əsaslarını müəyyən edən Mülki Məcəllənin 936-ci maddəsinin məzmunundan göründüyü kimi sığortaçı tərəfindən sığorta ödənişi ödənildikdən sonra sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı zərərin ödənilməsini tələb etmək hüququ sığorta ödənişi həddində subroqasiya qaydasında sığortaçıya keçir.

3. Hazırkı halda iddiaçı "xxxx" Sığorta Şirkəti ASC ödədiyi sığorta ödənişini subroqasiya qaydasında tutulması tələbini cavabdeh Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı yönəltdiyi halda sığorta ödənişi almış şəxsə dəymiş zərərə görə cavabdehin məsuliyyət daşımalı olmasını sübuta yetirə bilməmişdir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin dəymiş zərərə görə məsuliyyət daşıyan şəxs olmasına dair məhkəməyə yeganə təqdim edilən sübut qüsur aktıdır, hansı ki, həmin ünvanda yerləşən evə dəyən zərərin navalçadan axan su nəticəsində yaranmasını sübut etmək üçün kifaət edən sübut deyil, həmçinin məhkəmə qeyd edir ki, yağış sularının normadan artıq olması halında qeyd ediln navalçaların texniki qüsurlarının olması və normadan artıq axmış yağış sularının navalçaların nasazlığı nəticəsində sığortalalan şəxsin əmlakına ziyan dəyəsi iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Beləliklə qeyd edilən sübut axan su nəticəsində dəymiş zərərin cavabdehin təqsirli hərəkəti nəticəsində baş verməsini təsdiq edən sübut hesab edilə bilməz.

4. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Sübutlar o vaxt kifayət hesab oluna bilər ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur.

5. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

6. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür.

7. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir.

8. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır

9. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

10. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi sübuta yetirilmədiyindən rədd edilməlidir.

11. Məhkəmə hesab edir ki, hazırkı qətnamə ilə iddia rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

13. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ, Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30.40 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar