Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3607/2025 15.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi iddiaçının nümayəndəsi, vəkili Vəkil2, cavabdehin nümayəndəsi, Vəkil1 iştirakları ilə, iddiaçı "xxxx" QSC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən 31499,1 manat məbləğində borc pul və ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC, İddiaçı QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 40/21 saylı Malların alğı-satqı müqaviləsinə əsasən, razılaşdırılmış qaydada və həcmdə müxtəlif növ spesifikasiyalara məxsus məhsulları (Polietilen və qofranlanmış borular) satılmışdır. Cavabdeh MMC-i xx.xx.2021-ci il tarixli 40/21 saylı Malların alğı-satqı müqaviləsinə əsasən aşağıdakı elektron qaimələr üzrə xx.xx.2021 tarixli EBBF 807352 saylı (Boru Qofranlanmış 100 SN4, 6000 metr) üzrə 9300 manat əsas ödənişdən, 1674 manat ƏDV (Vergi tutulan əməliyyatlardan) məbləğindən ümumi 10974 manat, xx.xx.2021 tarixli EBBG 864814 saylı elektron qaimə (Boru Qofranlanmış 100 SN4,4002 metr) üzrə 6203,10 manat əsas ödənişdən,1116,56 manat ƏDV (Vergi tutulan əməliyyatlardan) məbləğindən ümumi 7319,66 manat, xx.xx.2021 tarixli EBBG 427167 saylı elektron qaimə (Boru Qofranlanmış 100 SN4,4920 metr) üzrə 7626) manat əsas ödənişdən,1372,68 manat ƏDV (Vergi tutulan əməliyyatlardan) məbləğindən ümumi 8998,68 manat, xx.xx.2021 tarixli EBBH 007929 saylı elektron qaimə (Boru Qofranlanmış 100 SN4,2700 metr) üzrə 4185 manat əsas ödənişdən, 753,3manat ƏDV (Vergi tutulan əməliyyatlardan) məbləğindən ümumi 4938,3 manat, xx.xx.2021 tarixli EBBH 007871 saylı elektron qaimə (Boru Qofranlanmış 100 SN 4,2700 metr) üzrə 4185 manat əsas ödənişdən, 753,3 manat ƏDV (Vergi tutulan əməliyyatlardan) məbləğindən ümumi 4938,3 manat elektron qaimələr əsasında ümumi əsas məbləğ 31499,1 manat, ƏDV (Vergi tutulan əməliyyatlardan) ümumi 5669,84 manat ümumi 37168,94 manat məbləğində məhsulları dəyərini iddiaçıya ödəmək şərti ilə birbaşa iddiaçının istehsal sahəsindən götürmüşdür. Cavabdeh tərəf borclarının az bir ƏDV (Vergi tutulan əməliyyatlardan) ümumi 5669,84 manat hissəsini qaytarsa da əsas məbləğin tam 31499,1 manat hissəsini bu günə kimi qaytarmamışdır. Bütün edilmiş hüquqi səylərə baxmayaraq cavabdeh borcu ödəməkdən imtina edir və bugünədək 31499,1 manat məbləğində borc cavabdeh tərəfindən hələ də ödənilməmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq dəfələrlə görüşüb danışıq yolu ilə məsələnin həlli təklif olunsada bundan imtina edilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq, pretenziya məktubu göndərilsədə cavabdeh tərəf bu məsələyə müsbət yanaşmayaraq müraciətimizi cavabsız qoymuşdur. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 442, 443.1,443.2-ci maddələrinə istinad olunmuşdur. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən müqavilə və qaimələr təqdim edilsə də, maların təhvil-təslim aktı təqdim edilməyib. İddiaçı belə bir malları heç vaxt görməyib və təhvil almayıb. Xüsusilə vurğulamaq lazımdır ki, təqdim edilmiş qaimələr də vaxtın keçməsi səbəbindən sistem tərəfindən avtomatik olaraq qəbul edilmişdir. İddia tələbi heç bir mötəbər sənədlə təsdiqini tapmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş müqavilənin 4.1-ci maddəsinə əsasən, mallar sifariş edildikdən sonra onların çatdırılma müddəti spesifikasiyalarda göstərilməlidir. Həmin müqavilənin 4.3-cü maddəsinə görə isə, malların təhvil verilməsinin şərtləri, müddətləri və qaydası da spesifikasiyalarda əks olunmalıdır. Lakin bildiririk ki, iddiaçı tərəfindən müqaviləyə dair hər hansı əlavə sənəd təqdim edilməmişdir. Nəticə etibarilə, tərəf olaraq qeyd edirik ki, müqavilədən konkret olaraq hansı maların satışının nəzərdə tutulduğu aydın olmur. Eyni zamanda bildiririk ki, müqavilənin bağlanma tarixi xx.xx.2021 göstərilmişdir. Müqavilənin qüvvədə olma müddəti isə 1 il, uzanma şərtilə isə əlavə 1 il də hesablanır. Bu baxımdan, müqavilənin son qüvvədə olma tarixi xx.xx.2023 təsadüf edir. Bu müddət ərzində iddiaçı tərəfindən heç bir mal təqdim edilməmişdir. MPM-in müvafiq maddəsinə əsasən sübutetmə vəzifəsi birbaşa iddiaçının üzərinə düşdüyündən, malların cavabdehə təqdim olunması barədə mötəbər sübutlar təqdim edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edib iddianı müdafiə edərək əlavə olaraq bildirmişdir ki, tərəflər arasında daha əvvəl məhkəmə mübahisəsi olmuşdur. Müqavilənin qoşması olmamışdır. Tərəflər arasında ilkin müqavilə olmuş və tərəfə xidmət göstərilmişdir. Daha sonra tərəflər arasında əməliyyatlar elektron qaimə vasitəsi ilə həyata keçirilmişdir. Tərəflər arasında konkret müqavilə olmamışdır. Yəni münasibətlər inam və etibara əsaslanmışdır. Nümayəndə olaraq məhkəmə prosesinə qoşulana qədər iddiaçı tərəf müqaviləni əldə edə bilmirdi. Qaimələr üzrə təhvil verilən malların daha çox olması məsələsini araşdırmamışdır. İddia tələbi tərəfin faktiki, real borcudur. Hesablardan ödənişlərə dair sənədlər bank tərəfindən təqdim edilməmişdir. E-qaimələr üzrə ƏDV ödənişləri olmuşdur. ƏDV məbləği ilkin ödənilmiş, daha sonra ödənişlər hissə-hissə edilmişdir. Sonda məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazda göstərilənləri təsdiq edib iddianı rədd edərək əlavə olaraq bildirmişdir ki, nümayəndə iddiaçı tərəfindən işin, sənədləşmənin düzgün aparılmadığını qeyd edir, lakin tərəf bilməlidir ki, sənədləşmənin doğru olması kommersiya hüquqi şəxslərinin ilkin vəzifəsidir. Əvvəlki məhkəmə qətnaməsi fərqli iş üzrədir, bu məsələ isə iyul ayının müqaviləsi üzrədir. Müqavilənin özü var, lakin əlavəsi yoxdur. Müqavilədə hansı mənbədən bu borc məbləğinin yaranması göstərilməlidir. Təhvil-təslim aktları, ödənişlərin təsdiqi iş materiallarına əlavə edilməlidir. Elektron qaimələr özü-özlüyündə sübut olaraq qiymətləndirilmir. Mallar təqdim edilməmiş, iş üzrə təhvil-təslim aktları olmamışdır. Elektron qaimələr, elektron sistem vasitəsilə qəbul edilmişdir. Bunun səbəbi isə direktor barəsində cinayət işi açılması olmuş və hazırda işə xitam verilmişdir. Bu müddət ərzində asan imzalar aktiv deyildir. Elektron qaimələr 2021-ci ilin qaimələri olmuş, direktor 2 il əvvəl həbsdə olmuşdur. ƏDV geri qaytarılması səbəbi kimi digər baxılmış məhkəmə işi ilə bağlı olmuşdur. Tərəflər öz aralarında danışıqlar aparmışlar. Malların verilməsi, hansı formada verilməsi naməlumdur. Digər yekunlaşmış iş üzrə qəbul edilmiş qərarda bu qaimələrə də istinad edilir. Cavabdeh tərəf qaiməni göndərmişdir. Qarşı tərəfin iddia etdiyi məbləği aralarında razılaşdırmışdırlar. Həmin iddia ilə bağlı tələb, digər məhkəmə iclasında verilən həcmdən artıq olmuşdur. Hazırda 30000 manat tələb edilir. Tərəflər arasında münasibətlər olmuşdur. 1000 manat iddia tələbi cavabdeh tərəfindən ödəmişdir. Tərəflər arasında ödənişlərlə bağlı razılaşmalar olmuşdur. Sonda iddianın rədd edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: “Satıcı” İddiaçı MMC ilə “Alıcı” Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 10/21 saylı “Alqı-satqı” müqaviləsindən görünür ki, Satıcı satır, Alıcı isə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Müqaviləyə əlavə edilən Spesifıkasiya(lar)da göstərilən tərkibdə, həcmdə, miqdarda və çeşiddə olan malları (bundan sonra “Mal” adlandırılacaq) Satıcıdan alır və Malın müqabilində Satıcıya bu Müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu Müqavilə üzrə Malın qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Müqaviləyə əlavə edilən Spesifikasiya(lar)da və ya elektron qaimə ilə müəyyən edilir. Qiymətin ödənişin forması və qaydası bu Müqaviləyə Spesifikasiya(lar)da və ya elektron qaimə ilə müəyyən edilir. Müqavilənin 4.1-ci maddəsinə əsasən, malın sifariş edilməsi Tərəflərin qarşılıqlı razılaşmasına əsasən Alıcı tərəfindən yazılı və/və ya şifahi qaydada həyata keçirilir. Mallar sifariş edildikdən sonra onların çatdırılma müddəti spesifikasiyalarda göstərilməlidir. Müqavilənin 4.3-cü maddəsinə görə isə, malların təhvil verilməsinin şərtləri, müddətləri və qaydası da spesifikasiyalarda əks olunmalıdır. xx.xx.2021-ci il tarixli ödəniş tapşırıqlarına əsasən Cavabdeh MMC tərəfindən EBBG seriyalı, 427167 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 1372,68 manat ƏDV, EBBF seriyalı, 807352 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 271,32 manat, 1000 manat və 1300 manat, EBBH seriyalı, 007871 nömrəli, xx.xx.2021-ci il tarixli e-qaimə, EBBG seriyalı, 864814 nömrəli, xx.xx.2021-ci il tarixli eqaimə, EBBH seriyalı, 007929 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimələrə əsasən 1726,16 manat ƏDV məbləği İddiaçı MMC–nin hesabına köçürülmüşdür. EBBH seriyalı, 007929 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 4938,3 manat dəyərində mallar, EBBH seriyalı, 007871 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 4938,3 manat dəyərində mallar, EBBG seriyalı, 427167 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 8998,68 manat dəyərində mallar, EBBG seriyalı, 864814 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 7319,66 manat dəyərində mallar, EBBF seriyalı, 807352 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 10974 manat məbləğində malların dəyəri İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubunda 31499,1 manat borcun 5 iş gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 186 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək aldığı malların qalıq dəyərini müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (ödəniş tapşırıqları, elektron qaimlər) öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı müxtəlif tarixlərdə elektron qaimələri verdikdən sonra cavabdeh tərəfindən həmin qaimələr üzrə ƏDV ödənişləri olunmuşdur. Bu isə tərəflər arasında yaranmış işgüzar adətin və praktikanın bu cür formalaşdığını, yəni müqavilə üzrə malların çeşidinin, həcminin, dəyərinin və təhvil verilməsinin elektron qaimələr əsasında tənzimləndiyi təsdiq edir. Həmçinin tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli 10/21 saylı “Alqı-satqı” müqaviləsinə əsasən ödənişin forması və qaydası müqaviləyə spesifikasiya(lar) və ya elektron qaimə ilə müəyyən edilir. Hazırda isə müqavilə üzrə spesifikasiya olmadığından elektron qaimə əsas götürülməlidir. Cavabdehin nümayəndəsi malların verilmədiyini, elektron qaimələrin cavabdehin direktoru həbsdə olduğu üçün sistem tərəfindən avtomatik təsdiqləndiyini bildirmişdir. Halbuki cavabdehin direktorunun həbsdə olması barədə məhkəməyə sübutlar təqdim edilməmiş, eyni zamanda direktorun 2023-cü ildə həbsdə olduğu bildirilmiş, elektron qaimələr isə 2021-ci ildə göndərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, mallar təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edə və ya ən azı bununla bağlı keçən müddət ərzində öz etirazlarını bildirə bilərdi. Lakin cavabdeh göndərilən elektron qaimələr üzrə ƏDV hesaba ödənişlər etmişdir. Bu bir daha təsdiq edir ki, iddiaçı tərəfindən cavabdehə mallar təqdim edilmişdir, ona görə ki, mübahisə yaranan dövr və ondan sonrakı müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika və ya öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşmışdır. Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən iddiaçıdan e-qaimələr üzrə malların alınmadığı bildirilmiş, lakin bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Belə olan halda məhkəmə, qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etməyərək təhvil aldığı malların dəyərini ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını, malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı satdığı malların dəyərini tələb etməkdə haqlıdır, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, malların ümumi dəyərindən, 37168,94 manatdan cavabdeh tərəfindən e-qaimələr üzrə ödənilmiş 5670,16 manat məbləği çıxdıqda geridə qalan məbləğ 31498,78 manat təşkil edir, ancaq iddiaçı 31499,1 manat tələb etmişdir. Odur ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 31498,78 manat tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 186 manat dövlət rüsumunun 185 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 31498 (otuz bir min dörd yüz doxsan səkkiz) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində borc və ödənilmiş dövlət rüsumunun 185 (yüz səksən beş) manatının əvəzi tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3607/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3607/2025
15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver