Məhkəmə qərarları › İş №e-2-2(113)-361/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-361/2023

13.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınar əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-361/2023 13.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı cavabdehin qanunsuz sahibliyində olan 215850 kq çəkidə, 4317 kisədə “ammonium nitrat” (NH4NO3 kimyəvi birləşmədir, nitrat turşusunun duzudur) gübrəsinin iddiaçıya qaytarılması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehin qanunsuz sahibliyində olan 215850 kq çəkidə, 4317 kisədə “ammonium nitrat” (NH4NO3 kimyəvi birləşmədir, nitrat turşusunun duzudur) gübrəsinin iddiaçıya qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, üçüncü şəxs "xxxx" MMC ünvan 1i ünvanında yerləşən satış məntəqəsinə gübrə, bitki mühafizə preparatları, toxum və digər kənd təsərrüfatı məhsullarının tədarükünü həyata keçirir. İddiaçı həmin məntəqəyə tədarük edilən məhsulların satışını təmin edir. xx.xx.2022-cil tarixində cavabdehin işçiləri ünvan 1i ünvanında yerləşən satış məntəqəsinə tədarük edilən 215850 kq çəkidə, 4317 kisədə “ammoniumnitrat” (NH4NO3 kimyəvi birləşmədir, nitrat turşusunun duzudur) gübrəsini qanunsuz və əsassız olaraq götürmüşlər (yük nəqliyyat vasitələri ilə daşımışlar). Əvəzində hər hansı bir ödəniş etməmişlər. Satış məntəqəsindən qeyri-qanuni əmtəə mallarının aparılmasını təşkil edən X5, Orxan Nağıyev və Vasif adlı şəxslər cavabdehdə əmək fəaliyyəti göstərirlər. Çoxsaylı tələb və iddialara baxmayaraq cavabdeh qanunsuz sahibliyində olan məhsulları geri qaytarmamışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 əvvəl keçirilmiş məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, hazırki iş kommersiya mübahisəsidir və kommersiya mübahisəsi mülki məsələ olduğu üçün sübutları iddiaçı əsaslandırmalıdır. İddiaçı, "xxxx" MMC-nin işçisi olmuşdur və iddiaçı tərəf özü malların "xxxx" MMC-nin olduğunu təsdiq edir. Belə olan halda malın yiyəsi olaraq mülkiyyətçi indiki iddia tələbi ilə çıxış edə bilər. İkinci məsələ odur ki, təmsil etdiyi şəxsin cavabdeh qismində niyə görə qoyulduğu qeyri-müəyyəndir. İddiaçı təmsil etdiyi şəxsin cavabdeh qismində tanınmasını sübut edəcək heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Şahid ifadələrinə gəldikdə isə iş üzrə hər hansı bir hal sübut olunmalı, daha sonra şahid ifadələri ilə həmin hal öz təsdiqini tapmalıdır. Hüquqi şəxslər arasında yaranan kommersiya mübahisələri üzrə müqavilə, təhvil təslim aktı, qaimə faktura deyilən bir anlayışlar var. Bunlardan heç biri olmadan şahid ifadələri ilə cavabdehi müəyyən etmək nə qədər düzgündür. Ali Məhkəmənin də belə mübahisələr üzrə mövqeyi vardır ki, şahid ifadələri müqavilə münasibətlərini təsdiq edir. İddiaçı hər hansı bir qəbzin olduğunu bildirdi, lakin hazırda baxış iclasıdır, lakin cavabdeh iş məhkəmə hazırlıq iclasında olan zaman heç bir qəbz məhkəməyə təqdim etməmişdir. İddiaçının hər hansı sübutu məhkəmə baxış iclasına saxlaması, məhkəmə baxış iclasına qədər təqdim etmədən bugün məhkəməyə sübut təqdim edəcəyini bildirməsi hüquqlarını pozur. Hesab edir ki, təmsil etdiyi şəxs cavabdeh deyildir, çünki tərəf onun cavabdeh olduğunu təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirdi ki, fəhlə işləyir, iddiaçı iş olandan olana onu fəhlə kimi çağırıb, ona iş görmüşdür, yolda tırlar dayanmışdı, iş üçün tırlara yaxınlaşmışdır. Aralarında qiymət razılaşdıqdan sonra cavabdehin işçisi Sakit müəllimin tapşırığı ilə təxminən 200-215 ton malları yığmışlar. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirdi ki, fəhlə işləyir. Həmin gün evə qayıdan zaman yolda kamazların dayandığını görmüş, iş üçün yaxınlaşmış və orada 200 tondan yuxarı gübrə yığmışlar. Məhkəmə iclasında şahid X1 ifadəsində bildirdi ki, ofisdə oturmuşdur. Axşam saat 6-7 radələri idi. Bir qrup şəxsin gəldiyini görmüşdür. Yaxınlaşdılar və anbarda olan malların cavabdehə gedəcəyini bildirdilər. Razı olmamışlar, lakin bölgə müdiri Elton Allahverdiyevin məlumatının olduğunu bildirdilər, buna görə də etiraz etsə də, malların yığılmasının qarşısını almamışlar. Təxminən 200 tondan yuxarı mal aparmışlar. Həmin malı "xxxx" MMC tədarük edirdi, iddiaçı satırdı. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Sumqayit Ekspertiza Xidmətinin xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Ammoniumnitrat (EVROXİM) 2020-ci il istehsalı olan, 1200 kisə, 60000 kq gübrə və Ammoniumnitart (EVROXİM) 2021-ci il istehsalı olan 3117 kisə, 155850 kq gübrənin dəyəri 4940 manat müəyyən olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələri və vəkillərinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı iddia ərizəsində mübahisə predmeti olan gübrələrin cavabdeh tərəfindən aparılmasını qeyd etsə də, bu halı, o cümlədən iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, məhkəmə şahidlərin malları aparan şəxslərin cavabdehin əməkdaşları olmasına dair ifadələrinə münasibətdə qeyd edir ki, məhkəmə tədqiqatı zamanı şahidlər həmin şəxslərin cavabdehin əməkdaşları olmasını eşitdiklərini bildirmişlər ki, bu ifadələr konkret əsasa deyil, ehtimala əsaslanan ifadələr olduğundan mötəbər hesab oluna bilməz. Habelə, iddiaçı həmin şəxslərin cavabdehin əməkdaşları olması barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı cavabdehin qanunsuz sahibliyində olan 215850 kq çəkidə, 4317 kisədə “ammonium nitrat” (NH4NO3 kimyəvi birləşmədir, nitrat turşusunun duzudur) gübrəsinin iddiaçıya qaytarılması barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar