Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-361/2024 01.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı “lizing müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, faiz borcu, dəbbə pulu, maliyyə arayışı) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdehlər Cavabdeh2, Cavabdeh1 iştirakı ilə, Digər cavabdehlərin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı “lizing müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən, xx.xx.2022-ci il tarixli İF/06024 saylı Daxili maliyyə lizinq müqaviləsi üzrə 18697.97 manat zərərin ödənilməsi və mediasiya xidmət haqqı kimi ödənilən 200 manat məbləğin iddiaçı "xxxx" MMC-nin xeyirinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə xx.xx.2022-ci il tarixli İF/06024 saylı 36 ay saylı Daxili maliyyə lizinq müqaviləsinə əsasən, lizinq obyekti Hyundai Accent MİNİK markalı 77AG952 minik markalı avtomobil onun istifadəsinə verilmişdir. Həmçinin onun razılığına əsasən digər cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 avtomobili idarə etmək üçün etibarnamə verilmişdir. Hyundai Accent MİNİK markalı 77AG952 minik markalı avtomobil yol-nəqliyat hadisəsi törətmişdi. Bunun nəticəsində təşkilata maddi ziyan dəymişdir. Cavabdehlərin xx.xx.2022-ci il tarixli İF/06024 saylı Daxili maliyyə lizinq müqaviləsi üzrə borcu xx.xx.2023-cü il tarixinə olan əsas borcu 14270,84 manat, faiz borcu 4281,25 manat cərimə borcu 145.58 manat, cəmi 18697.97 manat təşkil edir. Qanunvericiliyin tələbinə görə mübahisənin mediasiya qaydasında həlli mümkün olmamışdır. İMS-dən sonra prosesin davam etdirilə bilməməsi barədə arayış tərtib olunmuşdur.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 14270,84 manat əsas, faiz borcu - 1598,33 manat, cərimə borcu - 145,58 manat, cəmi 16014,75 manat və mediasiya xidmət haqqı kimi ödənilən 200 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh1 xx.xx.2023-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, icraatda olan e-2-2(113)-5637/2023 saylı işdə iddiaçı BOKT “İDK” tərəfindən onu cavabdeh qismində göstərmələri barədə bildirir ki, onunla həmin BOKT “İDK” ilə arasında hər hansısa bir lizing müqaviləsi və öhdəliyi olmamışdır. Müraciətdə qeyd olunan Hundai Aksent markalı avtomobil yalnız bir gün onda olmuş və 15 günlük etibarnamə maşın qəzaya düşdüyünə görə köhnə tarixlə yazılmışdır. Həmin qəza ilə bağlı Paşa Sığorta dəymiş ziyanı BOKT “İDK” ilə arasında müqaviləsi olan Cavabdeh3 ödəmişdir. BOKT “İDK” ilə daxili X3 nömrə İF-/06024, xx.xx.2022-ci il tarixli Cavabdeh3 ilə arasında bağlanmışdır. Onun müraciəti ilə əlaqədar Milli Bankın sorğusunda BOKT- bildirir ki, BOKT ilə Cavabdeh1lə heç bir lizing müqaviləsi yoxdur və onu tanımırıq. BOKT “İDK” tərəfindən adı çəkilən avtombilə dair sahibi Cavabdeh3, X1 və bir neçə digər şəxslərə də yol vərəqəsi verilmişdir. BOKT “İDK” -nın əməkdaşlarının vətəndaşlardan müxtəlif qaydada və müxtəlif bəhanələrlə avtomobilləri əllərindən alaraq öz şəxsi yaşadığı ünvanların həyətində gizlədirlər. Təkrar olaraq bildirir ki, BOKT “İDK” ilə arasında heç bir müqavilə və öhdəlik olmadığına görə onun tərəfindən 1 gün ərzində idarə edilmiş avtomobilə dəymiş ziyanı Paşa Sığorta tərəfində ödənilmişdir. Hesab edir ki, bu işdə BOKT “İDK” təşkilatı öz törətdikləri əməlləri ört-basdır etmək məqsədi ilə onun barəsində qeyri-qanuni, əsassız cavabdeh qismində müraciət etmişdir. İddianı təmin etməyərək rədd edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa və tələbin azaldılması barədə ərizəyə əsasən çıxış edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia ərizəsinə qəti etiraz edərək bildirmişdir ki, lizinq müqaviləsinin və iddia tələbinin ona heç bir aidiyyəti yoxdur. Əksinə, hazırki işə aidiyyəti olmasa da iddiaçı şirkət onun dörd maşınını qanunsuz olaraq əlindən alıb. Bununla bağlı da Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Mərkəzi banka müraciət edib. Hazırki işin predmeti olan Cavabdeh3 lizingə verilmiş maşını cəmi bir dəfə etibarnamə əsasında idarə edib. İddiaçı ilə onun arasında heç bir öhdəlik münasibətləri olmamışdır. İddia ərizəsinin ona münasibətdə rədd edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddiaçı nəyə görə onu cavabdeh qismində göstərdiyini anlaya bilmir. Üstəlik onun sürücülük vəsiqəsi belə olmadan onun adına lizinqə verilmiş nəqliyyat vasitəsini idarək etmək üçün etibarnamə tərtib edildiyini öyrənib. İddiaçı ilə heç bir müqavilə bağlamayıb. Hazırki işə heç bir aidiyyəti olmadığı üçün ona münasibətdə iddia ərizəsinin rədd edilməsini xahiş edir.
8. xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh3 izahat verərək bildirmişdir ki, tanışı Cəlal üçün lizinqə Hyundai Accent maşınını götürmək üçün iddiaçı şirkətlə daxili maliyyə lizinqi müqaviləsi bağlayıb. Lizinq müqaviləsi üzrə heç bir ödəniş etməyib. Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 üçün o müqaviləni imzalamayıb, öz tanışının əvəzinə müqavilə bağlayıb. Lizinq müqaviləsi bağlanandan sonra maşını təhvil alıb iddiaçı şirkətdən və tanışı Cəlala verib. Və arxayın olub ki, bir-iki aya maşın adından çıxarılacaq. İddiaçı tərəfindən tələb olunan məbləği ödəmək üçün imkanı yoxdur.
9. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına naməlum səbəbdən gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
10. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. Satıcı - X5, Lizinq verən – Bank olmayan Kredit Təşkilatı İDK” MMC və Lizinq alan- X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İF/06024 saylı lizinq obyektinin alqısatqısı müqaviləsinə əsasən:
13. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı, lizinq alan tərəfindən seçilmiş və bu müqavilədə təsvir edilən nəqliyyat vasitəsini alıcı-lizinq verənə satır. Alıcı-lizinq verən isə həmin nəqliyyat vasitəsini lizinq alana lizinq vermək üçün əldə edir və razılşdırılmış məbləği satıcıya ödəyir.
14. Müqavilənin 1.3-cü bəndinə əsasən tərəflər nəqliyat vasitəsinin qiymətini 19500 manat məbləğində müəyyən edirlər.
15. İddiaçı MMC ilə X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İF/06024 saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən:
16. Müqavilənin 2.1-ci bəndinə əsasən lizinq verən, lizinq alan tərəfindən seçilmiş və onun ərizəsinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, öhdəsinə götürür.
17. Müqavilənin 2.2-ci bəndinə əsasən lizinq alan bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə № 1-ə (lizinq ödənişləri cədvəli) müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə müvafiq olaraq ödəməyi öhdəsinə götürür.
18. Müqavilənin 2.3-cü bəndinə əsasən lizinq müddəti bitdikdən və lizinq ödənişləri lizinq alan tərəfindən tam ödənildikdən sonra, lizinq alan lizinq obyktinin qalıq dəyərini ödəmək şərti ilə, lizinq verən lizinq obyektinə mülkiyyət hüququnu lizinq alana verməyi, lizinq alan isə mülkiyyət hüququnu əldə etməyi öhdəsinə götürür.
19. Müqavilənin 2.1-ci bəndinə əsasən lizinq obyektinə mülkiyyət hüququ bu müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq verənə məxsusdur. Lizinq obyektinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi bu müqavilənin dəyişdirilməsinə və ya ləğvinə səbəb olmur.
20. Müqavilənin 3.3-cü bəndinə əsasən lizinq alan lizinq müqaviləsi üzrə öz hüquq və vəzifələrini lizinq verənin yazılı razılığı olmadan cə üçüncü şəxsə tam və ya qismən güzəşt edə bilməz.
21. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq obyektinin qiyməti 19500 manat müəyyən edilmiş.
22. Müqavilənin 4.3-cü maddəsinə əsasən avans məbləğ 5000 manat.
23. Müqavilənin 4.4-cü bəndinə əsasən lizinq müqaviləsinin qiyməti 14500 manat.
24. Müqavilənin 5.2-ci bənidnə əsasən lizinq obyektinin təhvil-təslimi “təhvil-təslim” aktı (əlavə 2) ilə rəsmiləşdirilir.
25. Müqavilənin 6.1-ci bəndinə əsasən lizinq obyektinin təhvil-təslim aktı imzalandığı andan lizinq obyektinə sahiblik və istifadə hüququ lizin alana keçir və lizinq verənin lizinq obyektinin lizinq alana maliyyə lizinqinə verilməsi üzrə öhdəliyi icra edilmiş sayılır.
26. Müqavilənin 8.1-ci bəndinə əsasən lizinq alan lizinq obyektinə faktiki sahiblik və istifadəsindən asıı olmayaraq, bu müqavilənin bütün müddəti ərzində lizinq verənə əlavə 1 ilə müəyyən edilmiş dövriliklə və tarixdə lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür.
27. Müqavilənin 8.2-ci bəndinə sasən lizinq ödənişlərinə daxildir: - lizinq obyektinin dəyəri; - lizinq verənin mükafatının məbləği; - bank xərcləri və servis haqqı;
28. Müqavilənin 8.4-cü bəndinə əsasən lizinq verənin mükafatı lizinq verən tərəfindən maliyyələşdirilən məbləğə illik 36% hesablanacaqdır. İllik hesablama ayda 30 gün, ildə 360 gün qəbul edilərək hesablanır.
29. Müqavilənin 12.1.1-ci bəndinə əsasən lizinq verən istədiyi vaxt lizinq obyektinin vəziyyətini yoxlaya bilər və lizinq alan lizinq verənin lizinq obyektinə baxış keçirilməsini təmin etməlidir.
30. Müqavilənin 12.3-cü bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq alan lizinq verənin yazılı razılığı olmadan üçüncü şəxslərlə bu müqavilənin tələblərinə zidd ola biləcək və ya lizinq alanın bu müqavilə üzrə öhdəliklərinin lazımi qaydada icra edilməsinə zərər vura biləcək hər hansı razılaşma bağlaya bilməz.
31. Müqavilənin 14.1-ci bəndinə əsasən lizinq alanın hüquqları:
32. Müqavilənin 14.1.2-ci bəndinə əsasən lizinq obyektindən təyinatı üzrə müstəqil şəkildə istifadə etmək.
33. Müqavilənin 14.1.7-ci bəndinə əsasən müqavilədə və qanunvericilikdə nəzərdə tutulan digər hüquqlardan istifadə etmək.
34. Müqavilənin 14.2-ci bəndinə əsasən lizinq alanın vəzifələri:
35. Müqavilənin 14.2.4-cü bəndinə əsasən lizinq obyektini daim saz vəziyyətdə saxlamaq və öz hesabına cari təmir etmək; lizinq haqqını gecikdirməmək;
36. Müqavilənin 14.2.6-cı bəndinə əsasən lizinq verənin razılığı olmadan lizinq obyektini üçüncü şəxslərin istifadəsinə verməmək.
37. Müqavilənin 15.1-ci bəndinə əsasən bu müqaviləyə əlavə 1 ilə müəyyən edilən müddətdə lizinq alan lizinq ödənişini tam həyata keçirmirsə, lizinq alan lizinq verənə hər gecikdirilmiş təqvim günü üçün vaxtında ödənilməmiş məlbəğdən 0.1% miqdarında penya ödəyir.
38. xx.xx.2022-ci il tarixli İF/06024 nömrəli daxili lizinq müqaviləsinə 1 saylı əlavəyə əsasən X6 tərəfindən müqavilə üzrə xx.xx.2025-ci il tarixə kimi cəmi 23909,58 manat (əsas borc 14500+mükafat 9409,58 manat) ödənilməsi müəyyən edilmişdir.
39. xx.xx.2022-ci il tarixli İF/06024 nömrəli daxili lizinq müqaviləsinə 2 saylı əlavəyə əsasən lizinq obeykti olan Hyundai Accent minik markalı nəqliyyat vasitəsi təhvil-təslim aktı əsasında lizinq alan X6 tərəfindən qəbul edilmişdir.
40. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Hyundai Accent” minik markalı 77AG952 dövlət nömrə işanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi kimi BOKT İDK MMC qeyd olunmuşdur.
41. 15.11.2023-cü il tarixli ödənişlər üzrə çıxarışa əsasən Cavabdeh3 tərəfindən xx.xx.2022-ci il tarixdə 665 manat ödəniş edilmiş, həmin məbləğdən 229,16 manat əsas borca, 435,84 manat faiz borcuna çıxılmışdır.
42. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli Cavabdeh1 ünvanlanmış məktubunda qeyd olunmuşdur ki, BOKT İDK MMC-nin məlumatına əsasən onunla BOKT arasında hər hansı kredit və ya lizinq müqaviləsinin imzalanmadığı bildirilmiş, digər fiziki şəxs tərəfindən müvafiq lizinq müqaviləsi ilə əldə edilmiş nəqliyyat vasitəsinin onun razılığı əsasında etibarnamə ilə istifadəsinə verildiyi qeyd olunmuşdur.
43. 30.01.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 xx.xx.2022-ci il tarixi 06024 saylı müqavilə üzrə iddiaçı MMC-yə xx.xx.2023-cü il tarixinə əsas borc məbləği – 14270,84 manat, faiz borcu 1598,33 manat, cərimə borcu – 145,58 manat, cəmi borcu 16014,75 manat təşkil etdiyi qeyd olunmuşdur.
44. Məhkəmə tərəflərin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
45. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı "xxxx" MMC (lizinq verən) ilə Cavabdeh3 (lizinq alan) arasında xx.xx.2022-ci il tarixli İF/06024 nömrəli daxili lizinqi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Mübahisəli hüquq münasibətlərində lizinq verən qismində çıxış edən "xxxx" MMC müqavilə üzrə öhdəlikləri icra edərək lizinq predmeti olan nəqliyyat vasitəsini lizinq alan Cavabdeh3 təhvil versə də, lizinq alan müqavilə üzrə ödəniş qrafikinə əsasən lizinq ödənişlərini ardıcıl olaraq iki dəfədən artıq ödəməmişdir.
46. Mülki Məcəllənin 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
47. Həmin Məcəllənin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
48. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə görə lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
49. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.
50. Göründüyü kimi lizinq alan Cavabdeh3 lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədiyindən lizinqə verən "xxxx" MMC Mülki Məcəllənin 748-1.12-ci maddəsinin tələblərinə əsasən gecikdirilmiş lizinq ödənişlərinin həyata keçirilməsini və lizinq obyektinin geri alınmasını tələb etməkdə haqlıdır.
51. Müqavilə üzrə tərəf olan Cavabdeh3 da müqavilə üzrə nəzərdə tutulmuş ödənişləri etmədiyini xx.xx.2023-cü il tarixdə iştirak etdiyi məhkəmə hazırlıq iclasında etiraf etmişdir.
52. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi mübahisəli lizinq müqaviləsi üzrə əsas və faiz borcunun Cavabdeh3 tutulması hissəsində təmin edilməli, ondan 14270,84 manat əsas borc, 1598,33 manat faiz borcu (mükafat) tutularaq iddiaçıya ödənilməlidir.
53. Cavabdehdən tutulacaq dəbbə puluna gəldikdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin:
54. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
55. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
56. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh3 mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsinin işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyini, lizinq müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə dəbbə pulunun Cavabdeh3 tutulmasını tələb etməkdə haqlıdır. Eyni zamanda iddiaçının dəbbə pulu olaraq ödənilməsini tələb etdiyi 145,58 manat məbləği cavabdehin ödənilməsini gecikdirdiyi əsas borc məbləğinə nəzərən tənasübsüz surətdə yüksək olmadığından 145,58 manat həddində müəyyən edilməlidir.
57. Bundan əlavə məhkəmə iddia tələbinin digər cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 münasibətdə təmin edilməməsi ilə bağlı aşağıdakı məqamları qeyd etməyi zəruri hesab edir.
58. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: - 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. -14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. -14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. -14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. -14.2.6. Başqa şəxsə zərər vurulması. -14.2.7. Əsassız varlanma. -14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. -14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə.
59. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
60. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
61. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
62. Mülki Məcəllənin sadalan normalarından da göründüyü kimi tərəflər arasında hər hansı öhdəliyin yaranması üçün zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Lakin, məhkəmə araşdırılması zamanı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 ilə iddiaçı arasında hər hansı hüquqi münasiətlərin olması müəyyən edilməmiş və iddiaçı tərəfindən də hazırkı mübahisə predmeti olan lizinq müqaviləsi üzrə də adıkeçən şəxlsərin hər hansı şəkildə müqavilə üzrə bağlılığı və yaranmış borc üzrə öhdəlik daşımaları sübuta yetirilməmişdir. İddiaçının nümayəndəsinin məhkəmə iclaslarında bildirdiyi “Cavabdeh2 digər Cavabdeh1 atası olduğu üçün, Cavabdeh1 isə nəqliyyat vasitəsinin idarə edilməsi üçün onun adına etibarnamənin verildiyi üçün cavabdeh qismində göstərdikləri” arqumentlərini və buna görə də başqa şəxslə bağlanmış lizinq müqaviləsinə görə yaranmış borcun onlardan da tələb edilməsini məhkəmə tamamilə qanunsuz və əsassız hesab edir.
63. Beləliklə, qeyd olunan faktlardan və iddiaçı tərəfin verdiyi izahlardan da müqavilə üzrə tərəf olmayan digər cavabdehlər - Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 hazırkı mübahisə predmetinə dair aidiyyəti sübuta yetirilməmiş, həmin şəxslərə qarşı iddia sadəcə formal mülahizələr əsasında qaldırılmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin səxlərə münasibətdə təmin edilə bilməz.
64. Yuxarıda göstərilənlərə əsasən, iddia qismən təmin edilməli, Cavabdeh3 xx.xx.2022-ci il tarixli, İF/06024 saylı Daxili maliyyə lizinqi müqaviləsi üzrə 14270,84 manat əsas borc məbləği, 1598,33 manat faiz (mükafat) borcu, 145,58 manat dəbbə pulu vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
66. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, təmin olunan hissəyə mütənasib olaraq iş üzrə ödənilmiş 200 manat mediasiya xərci Cavabdeh3 aid edilməlidir.
V. Nəticə:
67. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh3 xx.xx.2022-ci il tarixli, İF/06024 saylı Daxili maliyyə lizinqi müqaviləsi üzrə 14270,84 manat əsas borc məbləği, 1598,33 manat faiz borcu, 145,58 manat dəbbə pulu və mediasiya xərcinin əvəzi olaraq 200 manat tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova