Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3610/2020 24.12.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli, 0130-ƏMA-GM/20 saylı “Alqı-satqı müqaviləsi”nə əsasən 5720,00 (beş min yeddi yüz iyirmi) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 5750,00 (beş min yeddi yüz əlli) manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 2005-ci ilin sentyabr ayında təsis edilmişdir. İddiaçı MMC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Göstərilən fəaliyyətlə əlaqədar Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixli, 0130-ƏMA- GM/20 saylı Alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı”, Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilmiş malları “Alıcı”ya satmağı və “Alıcı” isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Sözügedən Müqavilənin əlavələrinə əsasən Cavabdeh Cəmiyyət tərəfindən ümumi dəyəri ƏDV daxil olmaqla, 6170,00 manat dəyərində ehtiyat hissələri satılmışdır. “Alqı-satqı müqaviləsi”nin 5.2-ci maddəsinə əsasən mal alıcıya təhvil verildikdən sonra “Alıcı” 1 (bir) ay ərzində təhvil verilmiş malın dəyərinin 100 % həcmində ödəniş etməlidir. Lakin cavabdeh aldığı malların yalnız bir hissəsinin dəyərini ödəmiş, 5720,00 manat məbləğində borcu isə ödənilməmiş qalmışdır. xx.xx.2020-ci il tarixli üzləşmə aktına əsasən Cavabdeh müqavilə üzrə əsas borcunun 5720,00 manat olduğunu etiraf etmişdir. Buna əsaslanaraq, cavabdehə göstərilən borc məbləğinin ödənilməsi tələbi ilə xx xxxxxxxx 2020-ci il tarixli, 1462 saylı pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İddia ərizəsinə əlavə olunmuş: - xx.xx.2020-ci il tarixli, 0130-ƏMA-GM/20 saylı “Alqı-satqı müqaviləsi”ndən görünür ki, “Satıcı” Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilmiş malları “Alıcı”ya satmağı və “Alıcı” isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Müqavilənin 5.2-ci maddəsinə əsasən mal alıcıya təhvil verildikdən sonra “Alıcı” 1 (bir) ay ərzində təhvil verilmiş malın dəyərinin 100 % həcmində ödəniş etməlidir. - xx.xx.2020-ci il tarixli, 01 nömrəli “Qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi” aktından görünür ki, xx.xx.2020-ci il tarixli, 0130-ƏMA-GM/20 saylı Alqı-satqı müqaviləsinə əsasən ümumi dəyəri 6170 manat olan mallar alıcıya təhvil verilmişdir. - xx.xx.2020-ci il tarixli tərəflər arasında tərtib edilmiş üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 5720 manat borcu qalmışdır. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış məktubdan görünür ki, pretenziya qaydasında xəbərdarlıqla cavabdehə müraciət edilərək borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Beləliklə, işin hallarından görünür ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikərə əməl etməyərək, yaranmış borcu ödəmədiyinə görə iddiaçının tələbi aşkardır. Həmin tələb cavabdehin mübahisə edilməyən vəzifələrinə və sadə yazılı qaydada təsdiq edilmiş əqdlərə əsaslanır. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 5720 (beş min yeddi yüz iyirmi) manat borc məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5720 (beş min yeddi yüz iyirmi) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 5750 (beş min yeddi yüz əlli) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3610/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3610/2020
24.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver