Məhkəmə qərarları › İş №e-2-2(113)-3610/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3610/2022

19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3610/2022 19.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin, cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli, 21/01-NS-XBM nömrəli alqı-satqı müqaviləsi üzrə avans məbləğdən 27.244,60 manat, ödənilməmiş subsidiya məbləği üzrə 137.000 manat, istifadə olunmuş maliyyə resurslarına görə 20.912.10 manat olmaqla ümumilikdə, 185,156.70 ( bir yüz səksən beş min yüz əlli altımanat yetmiş qəpik) manat borcun, 400 manat həcmində ödənilmiş mediasiya xərcinin və 76 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli, 21/01-NSXBM nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən alqı-satqı müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən 270 baş “Saaen keçisi” cinsli damazlıq heyvan cavabdehə təhvil verilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən satılan heyvanların ümumi qiyməti 272,829.60 manat təşkil etmişdir. Müqavilənin 1.3.1-ci bəndinə əsasən Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ayrılan güzəşt məbləği 137000 manat təşkil etmişdir. Cavabdeh tərəfindən ilkin ödəniş üzrə ödənilməli olan 135,829.60 manat məbləğdən 108,585 manat ödənilmişdir. Eyni zamanda cavabdeh "xxxx" MMC müqavilənin şərtini pozaraq ödəməli olduğu ödənişlərə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. "xxxx" MMC-nin İddiaçı ASC qarşısında 06 aprel 2021-ci il tarixli 21/01-NS- XBM saylı alqı satqı müqaviləsi üzrə 27244.60 AZN həcmində avans məbləğdən icra edilməmiş öhdəliyi mövcuddur. Alıcı tərəfindən avans məbləğ tam şəkildə icra edilmədiyindən Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən müqavilə üzrə subsidiya məbləği ödənilməmişdir. Müqavilənin 1.4.-cü bəndinin şərtinə görə əgər subsidiya məbləğinin ödənilməsindən Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən imtina edilərsə, bu zaman müqavilənin 1.3.1-ci bəndində qeyd olunan məbləğ alıcı tərəfindən tam şəkildə satıcıya ödənilir. Bu bəndə əsasən alıcının satıcı qarşısında 137.000 AZN öhdəliyi yaranmışdır. Müqavilənin 1.5-ci bəndinin şərtinə görə malın alışı ilə əlaqədar olaraq İddiaçı ASC-nin maliyyə resursları istifadə olunan andan Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən güzəşt məbləğinin ayrılmasına qədər olan hər ay üçün əlavə olaraq 1.5% komissiya alıcı tərəfindən satıcının bank hesabına ödənilməlidir. Müqavilənin bu bəndinə görə cavabdehin cəmiyyət qarşısında 301 gün üçün 20912.10 manat borcu mövcuddur. Beləliklə, "xxxx" MMC-nin 06 aprel 2021-ci il tarixli 21/01-NS-XBM saylı alqı satqı müqaviləsinə əsasən İddiaçı ASC qarşısında, avans məbləğdən 27244.60 manat, imtina edilmiş subsidiya məbləği üzrə 137.000 manat, istifadə olunmuş maliyyə resurslarına görə 20912.10 manat olmaqla ümumilikdə, 185,156.70 (bir yüz səksən beş min yüz əlli altı manat yetmiş qəpik) manat öhdəliyi mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2022-ci il tarixli, PCP-22/0014 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə, saat 14:30-da təyin edilmiş mediasiya sessiyasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 400 (dörd yüz) manat həcmində mediasiya xərci ödənmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəmədə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq məhkəməyə izahatında qeyd etmişdir ki, tərəflər arasında imzalanmış müqaviləyə əsasən damazlıq heyvanlar ölkə ərazisinə gətirildikdən sonra onların sığortalanması alıcının vəzifəsidir. Bununla bağlı satıcının vəzifəsi onların ölkəyə gətirilməsinə kimi olan müddətə aiddir. Heyvanlar təhvil verildiyi andan və bu barədə təhvil-təslim aktı tərtib edildikdən sonra damazlıq heyvanlarla bağlı bütün məsuliyyət qarşı tərəfin üzərinə keçir. Təhviltəslim aktının üzərindən 1 ildən çox vaxt keçmiş, lakin bununla bağlı heç bir irad bildirilməmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili məhkəməyə izahatında iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli, 21/01-NS-XBM nömrəli alqı-satqı müqaviləsi üzrə avans məbləğdən 27244.60 manat, ödənilməmiş subsidiya məbləği üzrə 137000 manat, istifadə olunmuş maliyyə resurslarına görə 20912.10 manat olmaqla ümumilikdə, 185,156.70 (bir yüz səksən beş min yüz əlli altı manat yetmiş qəpik) manat borcun, 400 manat həcmində ödənilmiş mediasiya xərcinin və 76 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutulararaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tamamilə qanunsuz və əsassızdır. Belə ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 21/01-NSXBM nömrəli alqı-satqı müqaviləsinin 3.2.2-ci maddəsinə əsasən damazlıq heyvanlar ölkə ərazisinə gətirildikdən sonra onları sığortalamaq satıcı kimi İddiaçı ASC-nin vəzifəsi idi. Lakin İddiaçı ASC müqavilənin tələblərini kobud şəkildə pozmuş, ölkə ərazisinə gətirilmiş bütün damazlıq heyvanların sığortalanmasını həyata keçirməmişdir. Halbuki “Aqrar Sığorta haqqında” Azərbaycan Respublikası haqqında Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar Sığorta Qaydalarına” əsasən aqrar sığortalanma müəyyən şərtlərə əməl edildikdən sonra həyata keçirilməli idi. Halbuki İddiaçı ASC tərəfindən həmin Qaydaların 4-cü maddəsində nəzərdə tutulmuş tələblərə əməl edilmədiyindən heyvanların sığortalanması həyata keçirilməmişdir. Belə ki, damazlıq heyvanlar peyvəndlənmədiyindən, birkalanmadığından, heyvanlar barədə məlumatlar “X2” İnformasiya Sistemi”nə (EKTİS) daxil edilmədiyindən, eləcə də heyvanlar xaricdən gətirildikdən sonra onların sağlamlığının müəyyən edilməsi məqsədilə təcrid olunmuş halda saxlanmalarına dair qaydalara və müddətlərə əməl edilmədiyindən bütün damazlıq heyvanların sığortalanması həyata keçirilməmişdir. Əslində isə güzəştlə alınan kənd təsərrüfatı istehsal vasitələrinin sığortası vacibdir. Halbuki alqı-satqı müqaviləsinin 1.2-ci bəndinə uyğun olaraq müqavilə predmeti olan “saaen” keçisinin 1 başının qiyməti 502 avro olmaqla, hər bir “saaen” keçisinin sığortalanması İddiaçı ASC tərəfindən həyata keçirilməli idi. Lakin İddiaçı ASC tərəfindən aqrar sığorta qaydalarına əməl edilmədiyindən 12 (on iki) baş “saaen” keçisinin sığortalanmasından sığorta şirkəti tərəfindən imtina edilmiş, bununla da "xxxx" MMC-yə ümumilikdə 6024 avro maddi ziyan dəymişdir. Həmin maddi ziyanın Mərkəzi Bankın bugünə olan AZN məzənnəsi ilə ekvivalenti isə 10.473 (on min dörd yüz yetmiş üç) manat təşkil edir. Bununla da İddiaçı ASC alqı-satqı müqaviləsinin şərtlərini və aqrar sığortalanma qaydalarını ciddi şəkildə pozmuş, müqaviləyə əsasən üzərinə götürdüyü sığortalanma öhdəliyini tam olaraq yerinə yetirməmiş, nəticədə "xxxx" MMC-yə 10.473 (on min dörd yüz yetmiş üç) manat maddi ziyan vurmuşdur. Lakin yuxarıda qeyd edilmiş maddi ziyan İddiaçı ASC tərəfindən vurulmuş yeganə ziyan deyil. Həmin maddi ziyanla yanaşı, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 16 may 2018-ci il tarixli, Ü-012 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına damazlıq və istifadə üçün idxal edilən qoyun va keçilərə dair” baytarlıq tələbləri də İddiaçı ASC tərəfindən kobud şəkildə pozulmuş, bununla da "xxxx" MMC-yə əlavə maddi ziyan dəymişdir. Belə ki, həmin baytarlıq tələblərinə əsasən heyvanlar Azərbaycan Respublikasının ərazisinə idxal edildikdən və dövlət sərhəd baytarlıq nəzarətindən keçdikdən sonra 30 gün müddətində xüsusi hazırlanmış yerlərdə karantinə yerləşdirilməli və bu müddət ərzində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti altında zəruri diaqnostik müayinələr, işləmələr və peyvəndləmələr aparılmalı idi. Lakin İddiaçı ASC tərəfindən heyvanların karantində saxlanılması və digər zəruri baytarlıq tələbləri yerinə yetirilmədiyindən, həmin tələblərin yerinə yetirilməsi üçün "xxxx" MMC tərəfindən 14.000 (on dörd min) manat xərc çəkilmişdir. Bununla da İddiaçı tərəfindən sözügedən baytarlıq tələbləri kobud şəkildə pozulmuş, sadalanmış tələblərin heç birinə əməl edilməmiş, nəticədə İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə 10.473 (on min dörd yüz yetmiş üç) manat maddi ziyanla yanaşı, 14.000 (on dörd min) manat əlavə maddi ziyan dəymişdir. İddiaçı ASC yuxarıda göstərilən qaydalara və qanunlara əməl etmədiyindən, həmçinin digər qaydaların- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvanların planlı profilaktik və ya məcburi peyvənd edilməsi, heyvan xəstəliklərinin baş verməsinin yayılmasının qarşısının alınması, xəstəlikləri ləğv etmək üçün epizootiya mənbələrində və qeyri-sağlam məntəqələrdə, heyvandarlıq binalarında, onların ərazilərində, nəqliyyatda və digər yerlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılması Qaydasının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 sentyabr tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan xəstəliklərinin qarşısının alınması və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin təhlükəsizliyinin təmin edilməsi” Qaydalarının da mütləq tələblərini ciddi şəkildə pozmuşdur. İddiaçı ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 21/01-NS-XBM nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə ümumi məbləği 135.540.00 (bir yüz otuz beş min beş yüz qırx) avro olan damazlıq heyvanlar satılmalı idi. Həmin müqavilənin 1.3.1-ci maddəsinə əsasən subsidiya məbləği olaraq həmin pul vəsaitinin 60 faizi, yəni 73.710 (yetmiş üç min yeddi yüz) avro Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən alıcının əvəzinə satıcıya ödənilməli idi. Lakin İddiaçı ASC tərəfindən yuxarıda qeyd olunmuş qanun, qərar və qaydaların tələbləri kobud şəkildə pozulduğundan 73.710 (yetmiş üç min yeddi yüz) avro (AZN ilə ekvivalenti 137.000 manat) Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən satıcıya ödənilməmiş, nəticədə tamamilə əsassız və qanunsuz iddia ilə satıcı tərəfindən həmin pul məbləği və ona uyğun yaranmış 16.743,58 (on altı min yeddi yüz qırx üç manat əlli səkkiz qəpik) manat əlavə borc tələb edilməkdədir. Eyni zamanda İddiaçı ASC tərəfindən yuxarıda qeyd edilmiş xüsusatlardan dolayı "xxxx" MMC-nin işgüzar nüfuzuna 5.000 (beş min) manat dəyərində mənəvi zərər vurulmuşdur. Nəticədə satıcı İddiaçı ASC müqavilə üzrə öhdəliklərini, eləcə də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tərəfindən təsdiq edilmiş baytarqlıq tələblərini yerinə yetirmədiyinə görə "xxxx" MMC-yə 24.473 (iyirmi dörd min dörd yüz yetmiş üç) manat məbləğində maddi ziyan, 5.000 (beş min) manat dəyərində mənəvi zərər dəymişdir. İşin hallarından da açıq-aşkar görünür ki, İddiaçı ASC müqavilə öhdəliyini ciddi şəkildə pozmuş və dəymiş ziyanı ödəməməkdədir. Dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair İddiaçı ASC-yə pretenziya məktubu göndərilmiş, lakin sonuncu tərəfindən "xxxx" MMC-yə dəymiş maddi ziyanın ödənilməsi təmin edilməmişdir. Buna görə də İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə qarşı verilmiş iddia ərizəsinin tam şəkildə rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən qismən iddia təmin edilməlidir. İş materiallarında olan: İddiaçı ASC “satıcı”, "xxxx" MMC “alıcı” olmaqla imzalanmış xx.xx.2021-ci il tarixli 21/01-NS-XBM nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcı tərəfindən seçilmiş və aşağıdakı cədvəldə göstərilmiş cins, növ, say və qiymətə olan damazlıq heyvanları (bundan sonra - damazlıq heyvanlar) satmağı, “alıcı” isə həmin damazlıq heyvanların dəyərini “satıcıya ödəməyi öhdəsinə götürürlər. Həmin müqavilənin 1.3.1-ci bəndinə əsasən müqavilə üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ayrılan güzəştin məbləği 73,710 avro (yetmiş üç min yeddi yüz on avro) təşkil edəcək. 1.4-cü bəndə əsasən tərəflər razılaşırlar və qəbul edirlər ki, əgər subsidiya məbləğinin ödənilməsi Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən imtina edilərsə, bu zaman müqavilənin 1.3.1 bənddə qeyd olunan məbləğ alıcı tərəfindən tam şəkildə satıcıya ödənilir. 3.4.2-ci bəndə əsasən damazlıq heyvanlar ölkə ərazisinə gətirildikdən sonra dərhal onları sığortalamaq “alıcı”nın vəzifəsidir. İddiaçı ASC və "xxxx" MMC olmaqla tərtib edilmiş TTA-21/01-NS-XBM nömrəli heyvanların təhvil-təslim aktınının surətindən məlum olur ki, 255 ədəd dişi, 15 ədəd erkək olmaqla cəmi 270 ədəd keçi təhvil verilmişdir. Heyvanların karantin müddəti başa çatmış, heç bir xəstəlik aşkar edilməmiş, tam sağlam təhvil verilmişdir. 16 iyun 2022-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən satılan heyvanların ümumi qiyməti 272.829.60 manat təşkil etmişdir. Müqavilənin 1.3.1-ci bəndinə əsasən Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ayrılan güzəşt məbləği 137.000 manat təşkil etmişdir. Cavabdeh tərəfindən ilkin ödəniş üzrə ödənilməli olan 135,829.60 manat məbləğdən 108,585 manat ödənilmişdir. "xxxx" MMC-nin İddiaçı ASC qarşısında 06 aprel 2021-ci il tarixli 21/01-NS-XBM saylı alqı satqı müqaviləsi üzrə 27.244,60 manat həcmində avans məbləğdən icra edilməmiş öhdəliyi mövcuddur. Müqavilənin 1.4-cü bəndinin şərtinə görə əgər subsidiya məbləğinin ödənilməsindən Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən imtina edilərsə, bu zaman müqavilənin 1.3.1-ci bəndində qeyd olunan məbləğ alıcı tərəfindən tam şəkildə satıcıya ödənilir. Bu bəndə əsasən alıcının satıcı qarşısında 137.000 manat öhdəliyi yaranmışdır. Müqavilənin 1.5-ci bəndinin şərtinə görə malın alışı ilə əlaqədar olaraq İddiaçı ASC-nin maliyyə resursları istifadə olunan andan, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən güzəşt məbləğinin ayrılmasına qədər olan hər ay üçün əlavə olaraq 1.5% komissiya alıcı tərəfindən satıcının bank hesabına ödənilməlidir. Müqavilənin bu bəndinə görə cavabdehin cəmiyyət qarşısında 301 gün üçün 20912.10 manat borcu mövcuddur. Beləliklə, "xxxx" MMC-nin 06 aprel 2021-ci il tarixli 21/01-NS- XBM saylı alqı satqı müqaviləsinə əsasən İddiaçı ASC qarşısında, avans məbləğdən 27244.60 manat, ödənilməmiş subsidiya məbləği üzrə 137000 manat, istifadə olunmuş maliyyə resurslarına görə 20912.10 manat olmaqla ümumilikdə, 185,156.70 ( bir yüz səksən beş min yüz əlli altı manat yetmiş qəpik) manat öhdəliyi mövcuddur. xx.xx.2022-ci il tarixli BD6 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı ASC tərəfindən 400 manat Bakı 9 saylı Mediasiya Təşkilatına məxsus bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci masddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında alğı-satqı müqaviləsi imzalanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra edərək, müqavilədə nəzərdə tutulmuş damazlıq heyvanları sağlam vəziyyətdə cavabdehə təhvil vermiş, cavabdeh müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etməmiş, müqavilədə nəzərdə tutulmuş ödənişlərini tam olaraq icra etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazda iddiaçı tərəfindən təqdim edilmiş damazlıq heyvanların zəruri baytarlıq tələblərinə riayət edilmədən saxlanıldığını, onların sığortalanmasının həyata keçirilmədiyini bildirmiş, müvafiq tələblərin yerinə yetirilməsini təmin etmək üçün cavabdeh tərəfindən xərc çəkildiyini və ona maddi ziyan vurulduğunu qeyd etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin etirazına münasibətdə qeyd edir ki, hər bir halda damazlıq heyvanların sığortalanmaması cavabdehin müqavilədə nəzərdə tutulmuş ödənişləri ödəməsindən imtina etməsinə əsas deyil. Belə ki, satılan damazlıq heyvanların sığortalanmaması onun keyfiyyəti ilə bağlı hər-hansı qüsurların olması hesab oluna bilməz. Əlavə olaraq məhkəmə qeyd edir ki, iş materiallarında olan təhvil-təslim aktlarında damazlıq heyvanların sağlam vəziyyətdə verilməsi təsdiqlənmiş, həmçinin mallar qarşı tərəfə təhvil verildikdən sonra qeyd olunan mallarla bağlı iddiaçıya qarşı cavabdeh tərəfindən hər-hansı irad bildirilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilənin 3.4.2-ci bəndi əsasında damazlıq heyvanların sığortalanması ölkə ərazisinə gətirildikdən sonra “alıcı”nın vəzifəsidir. Belə olan halda məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, iddia tələbinin əsaslı olması xx.xx.2021-ci il tarixli, 21/01-NS-XBM nömrəli alqı-satqı müqaviləsi üzrə avans məbləğ üzrə 27.244,60 manat, ödənilməmiş subsidiya məbləği üzrə 137.000 manat hissəsində öz təsdiqini tapdığından təmin edilməli, qeyd olunan məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda iddiaçı iddia tələbində istifadə olunmuş maliyyə resurslarına görə 20.912.10 manat da tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbini tərəflər arasında imzalanmış müqavilənin 1.5-ci bəndi ilə əsaslandırmışdır. Qeyd olunan müqavilənin 1.5-ci bəndinə əsasən İddiaçı ASC-nin maliyyə resursları istifadə olunan andan Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən güzəşt məbləğinin ayrılmasına qədər olan hər ay üçün əlavə olaraq 1.5% komissiya alıcı tərəfindən satıcının bank hesabına ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi istifadə olunmuş maliyyə resurslarının tələb olunması hissəsində qismən təmin edilməli və 16.424 manat iddiaçının xeyrinə cavabdehdə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş mediasiya xərcinin əvəzi 400 manat və 76 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli, 21/01-NS-XBM nömrəli alqı-satqı müqaviləsi üzrə avans məbləğ üzrə 27.244,60 manat, ödənilməmiş subsidiya məbləği üzrə 137.000 manat, istifadə olunmuş maliyyə resursları üzrə 16.424 manat komissiya məbləği, 400 manat mediasiya xərci və 76 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar