Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3613/2024 02.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7.229,71 manat məbləğində əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 92,30 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 1535 nömrəli Alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən, Satıcı Sifariş olunmuş malları təsdiqlədikdən sonra Alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə, miqdarda və assortimentdə malları Alıcıya təhvil verməyi, Alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Cavabdeh tərəfindən sifariş olunan mallar tam şəkildə ona təhvil verilmişdir. Belə ki, təqdim edilmiş elektron qaimə sənədlərinə və təhvil-qəbul aktlarına əsasən Cavabdeh iddiaçı tərəfindən ümumi dəyəri 7.850,01 manat məbləğində mal təqdim edilmişdir. Lakin Cavabdeh öz müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, İddiaçı MMC-dən aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə 7.229,71 manat məbləğində qalıq borcu qalmışdır.
II. Tərəflərin mövqeləri:
3. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir. III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 1535 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.
10. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə alıcını malla təmin etməyi, alıcı isə həmin sənədlər əsasında malı qəbul edərək, dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
11. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alınmaqla ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.
12. İş materillarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBCO seriyalı, 555725 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 3.990 manat, EBCM seriyalı, 293973 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 3.078,01 manat, EBCİ seriyalı, 174094 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 782 manat olan elektron qaimələr göndərilmişdir.
13. Sadə riyazi hesablama ilə elektron qaimələrdəki məbləğlərin cəmi 7.850,01 manat edir.
14. İş materiallarından həmçinin görünür ki, malların iddiaçı tərəfindən cavabdehə verilməsinə dair xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, ümumi dəyəri 7.459 manat olan təhvil-qəbul aktları tərtib edilmişdir.
15. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə mallar verilmiş, cavabdehin isə verilmiş olan malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.
16. İddiaçı tərəf də, hazırda verilmiş mallara görə cavabdehin ödənilməmiş 7.229,71 manat borcu tələb edir.
17. Belə olan halda, Məhkəmə hesab edir ki, iddia əsaslıdır və 7.229,71 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
18. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 92,30 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
19. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 92.30 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
20. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə ətnamə qəbul edilməlidir.
VI. Nəticə:
21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli, 1535 nömrəli müqaviləyə əsasən 7.229 (yeddi min iki yüz iyirmi doqquz) manat, 71 (yetmiş bir) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 92 (doxsan iki) manat, 30 (otuz) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov