Məhkəmə qərarları › İş №e-2-2(113)-3616/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3616/2023

19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3616/2023 19.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən (VÖEN **********) 1536,83 manat əsas borc, 10000 manat cərimə borcu, 260 manat (110 manat vəkil xidmət haqqı, 150 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı), 60 (altmış) manat ödənilmiş mediasiya rüsumu və 66 manat dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC (VÖEN **********) arasında 192533 nömrəli “məhsulların güzəştli alqı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq satıcı ("xxxx" MMC) istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri alıcıya (Cavabdeh MMC VÖEN **********) verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən nisyə alqı-satqı zamanı alıcı faktura üzrə qəbul etdiyi malın dəyərinin fakturada göstərilən son ödəmə tarixinə qədər satıcıya ödənilməsini təmin etməlidir. İddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə (VÖEN **********) xx.xx.2021-ci il və xx.xx.2021 ci il tarixləri aralığında 1655,29 manat məbləğində spirtsiz içkilər təhvil verilmiş, hazırkı vəziyyətdə Cavabdeh MMC-nin (VÖEN **********) "xxxx" MMC-yə 1536,83 manat ödənilməmiş pul məbləği borcu qalmışdır. “Məhsulların güzəştli alqı-satqı” müqaviləsinin 6.2-ci bəndinə görə ödəniş məbləği və dəbbə pulunun ödənilməsi təmin edilməzsə, müqavilə birtərəfli ləğv edilir, malların dəyərinin ödənilməsi qanuna müvafiq təmin edilir. Həmin müqavilənin 6.3-cü bəndinə görə alıcı tərəfindən məhsulların faktura və tara dəyərinin bu müqavilənin 3.2 bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0,1 (sıfır tam, onda bir) % miqdarında, gecikdirilən günlərin sayı 30 (otuz) gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2 (sıfır tam,onda iki) % miqdarında dəbbə pulu ödənilməlidir. Eyni zamanda müqavilənin 6.8-ci bəndinə əsasən alıcı müqavilənin predmeti ilə müəyyən olunmuş öhdəliklərini pozarsa, 10000 manat (ƏDV xaric) təzminat ödəməyi öhdəsinə götürmüşdür. Borcun ödənilməsi ilə bağlı Cavabdeh MMC-yə (VÖEN **********) pretenziya məktubu ilə müraciət olunmuş və borc məbləğinin 5 (beş) gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin məcburi qaydada ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin bu günə qədər qeyd olunan borc məbləği hələ də ödənilməmiş olaraq qalır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 427.2, 442-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. İş üzrə Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh arasında xx.xx.2020ci il tarixdə bağlanmış “Məhsulların güzəştli alqı-satqısı” müqaviləsinə əsasən satıcı özünün istehsal və satışını təşkil etdiyi sərinləşdirici spirtsiz içkiləri və çayları alıcıya satmağı, alıcı isə öz növbəsində yalnız satıcının istehsal və satışını təşkil etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri və çayları qəbul etməyi, həmin məhsulları öz mağazasında satıcının təklif etdiyi yerdə yerləşdirməyi, qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məlbəğini satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən satılan məhsulların bir vahidinin qiyməti və məhsulun ümumi dəyəri ƏDV daxil olmaqla faktura ilə müəyyən olunur. 3.2-ci bəndə əsasən alıcı faktura üzrə qəbul etdiyi məhsulun dəyərini nağd faktura ilə satış zamanı malın təslimi anında, nisyə (kredit) satış zamanı isə fakturada göstərilən son ödəmə tarixinə qədər göstərilən məbləğin satıcıya ödənilməsini təmin etməlidir.

8. 26 may 2022-ci il tarixli maliyyə arayışında qeyd olunur ki, hesab faktura üzrə borcun məbləği 1655,29 manat, həmin fakturalar üzrə ödənişin məbləği 118,46 manat, qalıq borcun məbləği isə 1536,83 manatdır.

9. HBN/6 seriyalı, 826461 nömrəli xx.xx.2021-ci il tarixli malların təhvil-qəbul aktına əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 623,89 manat məbləğində mallar təhvil verilmişdir.

10. HBN/6 seriyalı, 824291 nömrəli xx.xx.2021-ci il tarixli malların təhvil-qəbul aktına əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 314,28 manat məbləğində mallar təhvil verilmişdir.

11. HBN/6 seriyalı, 836792 nömrəli xx.xx.2021-ci il tarixli malların təhvil-qəbul aktına əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 717,12 manat məbləğində mallar təhvil verilmişdir.

12. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu malların təhvil-qəbul aktı ilə öz təsdiqini tapır. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

15. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi

16. İddia tələbinin bir hissəsini cavabdehdən 1536,83 manat (min beş yüz otuz altı manat, səksən üç qəpik) məbləğində müqavilə üzrə qalıq borcun tutulması təşkil edir.

17. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, satılmış malların dəyərinin 1536,83 manat təşkil edən ödənilməmiş hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

18. Bundan əlavə iddiaçı tələbində tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 6.3-cü bəndinə istinad edərək, 10000 manat cərimə borcunun ödənilməsini tələb edir.

19. Tərəflər arasında bağlanmış müqavilənin 6.3-cü bəndinə əsasən alıcı tərəfindən məhsulların faktura və tara dəyərinin bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0,1% miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2 % miqdarında dəbbə pulu ödənilməlidir.

20. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

21. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 100 (yüz) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.

22. Eləcə də, iddiaçı 260 manat (110 manat vəkil xidmət haqqı, 150 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı), 60 manat (altmış) mediasiya rüsumu və 66 (altmış altı) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.

23. Məhkəmə hesab edir ki, 110 (yüz on) manat hüquqi yardım xərci (150 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqının ödənilməsinə dair sübut təqdim edilməmişdir), 60 (altmış) manat mediasiya xərci, ödənilmiş dövlət rüsumununa görə 66 (altmış altı) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 1536,83 manat (min beş yüz otuz altı manat səksən üç qəpik) əsas borc, 100 (yüz) manat cərimə, 110 (yüz on) manat hüquqi yardım xərci, 60 (altmış) manat mediasiya xərci, ödənilmiş dövlət rüsumununa görə 66 (altmış altı) manat olmaqla, cəmi 1872,83 manat (min səkkiz yüz yetmiş iki manat səksən üç qəpik) məbləğində pul iddiaçı Azərbaycan Koka-Kola Bottlers Limited” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar