Məhkəmə qərarları › İş №e-2-2(113)-3617/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3617/2022

11.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3617/2022 11.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilənin ləğvi və pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi və iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, 143 saylı müqavilənin ləğvi və 211682 saylı elektron qaimə üzrə 25836,70 manat borc məbləğini və həmin məbləğə görə ödənilməli olan 4650,61 manat ədv üzrə məbləğ cəmi 30487,31 manat borc məbləğinin və qeyd edilən məbləğin satıcıya ödənilməli olduğu xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan gecikdirilmiş 139 günə görə 4942 manat dəbbə pulu, 400 manat mediasiya xərcinin Cavabdeh MMC-dən tutuluraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli mal alqı-satqı və xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı sifarişə uyğun malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul edib müqavilə ilə razılaşdırılmış dəyəri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci yarımbəndinə əsasən satıcı tərəfindən sifariş edilmiş malları alıcıya təhvil verilsə də, alıcı tərəfindən müqavilənin 3.2.2-ci bəndinin tələblərini pozaraq təhvil verilmiş malların dəyərini satıcıya ödəməmişdir. Belə ki, müqavilə üzrə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 211682 saylı elektron qaimə üzrə ödənilməli olan 171636.90 manat məbləğin 30136,70 manat hissəsini və həmin məbləğə görə ödənilməli olan 5424,6 manat ədv üzrə məbləği bu günədək ödəməmişdir. Müqavilənin 6.4-cü maddəsinə əsasən alıcı malların dəyərini müqavilə ilə nəzərdə tutulmuş müddətdə ödəməzsə 15 təqvim günündən sonrakı gecikdirilən hər bir gün üçün ödənişi gecikdirlən məbləğin 0,1 % miqdarında dəbbə pulu ödəməlidir. Cavabdeh MMC-nin nümayəndəsi, vəkil iddia ərizəsinə olan etirazında qeyd etmişdir ki, iddia ərizəsinin dəbbə pulu ilə əlaqədar hissəsini tam olaraq qəbul etmirik, belə ki, təqdim olunmuş cədvəldən göründüyü kimi her ay stabil olaraq ödənişlər aparılmış, gecikmələr baş verməmiş, həmçinin iddia ərizəsinin mediasiyaya aid hissəsi qəbul etmirik, belə ki işin materiallarından görünür ki, 14 prel 2022-ci il tarixdə keçirilən mediasiya prosesi zamanı iddianın qiyməti 50000 manatdan yuxarı olmamışdır. Əlavə olunmuş üzləşmə aktından görünür ki, 01 yanvar 2022-ci il tarixdə ümumi borc ƏDV daxil 55857,33 manat təşkil etmiş, bu borcdan fevral və mart aylarında ümumilikdə ƏDV daxil 10148 nanat vəsait ödənilmişdir. Yəni 14 aprel 2022-ci il tarixə borcun məbləği 45709,33 manat təşkil etmişdir. “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2019-cu il tarixli 3-8 saylı qərarına əsasən iddia qiyməti 10001 manatdan 50000 manatadək olduqda haqqın məbləği 200 manat təşkil etməkdədir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nümayəndəsi, Vəkil1 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli 143 nömrəli İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış mal alqı-satqı və xidmət müqaviləsindən görünür ki, hazırki müqaviləyə əsasən İddiaçı müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərlə verilmiş sifarişə uyğun malları Cavabdeh MMC-nin mülkiyyətinə verməyi, Cavabdeh MMC isə İddiaçı satdığı malları qəbul edərək hazırki müqavilə ilə müəyyən edilmiş qaydada dəyərini İddiaçınə ödəməyi öhdəsinə götürür. Müqavilənin 6.4-cü maddəsinə əsasən Cavabdeh MMC malların dəyərini müqavilə ilə nəzərdə tutulmuş müddətdə ödəməzsə 15 təqvim günündən sonrakı gecikdirilən məbləğin 0,1 % miqdarında (aylıq 3%) dəbbə pulu ödəməlidir. İddiaçı sifariş verilən malları müqavilə ilə nəzərdə tutulmuş müddətdə çatdırılmasını təmin etməzsə hər bir gün gecikdirilən malların ümumi məbləğinin 0,1 % miqdarında (aylıq 3%) dəbbə pulu ödəməlidir. xx.xx.2021-ci il tarixli EBAW seriyalı 211682 nömrəli elektron qaimədən görünür ki, İddiaçı ümumi dəyəri 171636,90 manat məbləğində olan malları Cavabdeh MMC-yə satmışdır. 09 fevral 2022-ci il tarixli İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış üzləşmə aktından görünür ki, xx.xx.2021-ci il tarixinə Cavabdeh MMC-nin İddiaçınə borcunun məbləği 55857,33 manat təşkil edir. xx.xx.2022-ci il tarixli BD1 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Bakı 4 saylı Mediasiya Təşkilatına 400 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 421.2, 467, və 567-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət ilə Cavabdeh MMC arasında alqı-satqı və xidmət müqaviləsi bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqavilə şərtlərini pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək alınan mallara görə yaranmış ƏDV daxil 30487,31 manat məbləğində borcu ödəməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, xx.xx.2020ci il tarixli 143 nömrəli müqavilənin ləğvi və ƏDV daxil 30487,31 manat əsas borc tələbi əsaslı olduğundan təmin edilmlidir. Bununla yanaşı məhkəmə 400 manat məbləğində mediasiya xərci tələbi ilə bağlı qeyd edir ki, həmin tələb qismən, yəni 200 manat hissədə təmin edilməlidir, belə ki, iddiaçı ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia tələbi 50000 manatdan yuxarı olmamış, “ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən iddia qiyməti 10001 manatdan 50000 manatadək olduqda mediasiya xərci 200 manat təşkil edir. Məhkəmə iddianın dəbbə pulu tələbi hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə azaldılaraq 512,69 manat müəyyən olunmaldır. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 143 nömrəli müqavilə ləğv edilməli, Cavabdehndən ƏDV daxil 30487,31 manat əsas borc, 512,69 manat dəbbə pulu və 200 manat mediasiya xərci, cəmi 31200 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 143 nömrəli müqavilə ləğv edilsin. Cavabdehndən ƏDV daxil 30487,31 manat əsas borc, 512,69 manat dəbbə pulu və 200 manat mediasiya xərci cəmi 31200 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar