Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3618/2024 04.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, dəbbə pulunun azaldılması, qanuni faiz və dəbbə pulunun nisbəti) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında təsdiqlənmiş 27 aprel 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1639,57 manat (o cümlədən 250,1 manat ƏDV) əsas borcun, 91,2 manat cərimənin, 122,96 manat əldən çıxmış faydanın və ödənilmiş 42 manat dövlət rüsumunun, 320 manat hüquqi yardım xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixində 27/04/20 nömrəli alqısatqı müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən, iddiaçı malı cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən qaydada və şərtlərlə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən, cavabdeh elektron qaimə-faktura üzrə qəbul etdiyi malın dəyərinin 100%-ni 14 gün ərzində iddiaçının bank hesabına köçürmə yolu ilə ödəməlidir. Razılaşdırılmış müddət ərzində malın dəyəri ödənilmədikdə iddiaçı onun ödənilməsini cavabdehdən tələb etməyə haqlıdır. 2.2. Cavabdehin iddiaçıya həmin müqavilə ümumilikdə 1639,57 manat (1389,47 əsas və 250,10 ƏDV) borcu mövcuddur. Qanunvericilik tələblərinə müvafiq olaraq, cavabdehə xx.xx.2024-cü il tarixində pretenziya məktubu ünvanlanmışdır. Lakin qarşı tərəf hər hansı ödəniş etməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli EBBV seriyalı 390962 nömrəli elektron qaimə-fakturaya əsasən, cavabdehə 3165,57 manat həcmində, xx.xx.2022-ci il tarixli EBCA seriyalı 512934 nömrəli elektron qaimə-fakturaya əsasən, cavabdehə 244,00 manat həcmində malın təqdim edildiyi görülür. Hesab üzrə çıxarışdan da göründüyü kimi, ümumilikdə 1639,57 manat həcmində ödəniş olmuşdur. Lakin bu günə qədər borc tam ödənilməmişdir. 2.3. Adıçəkilən müqavilənin 8.2-ci bəndinə əsasən, cavabdeh malın satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün 0,01%-i məbləğində dəbbə pulu ödəməlidir. Bu qayda cavabdehin fəaliyyətinin dayandırıldığı hallara da şamil edilir (1639,57 (borc) x 0.01% (cərimə məbləği) = 0,16 (bir gün üçün); 0,16 (bir gün üçün) x 570 (xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan günlərin sayı) = 91,2 (ümumi dəbbə məbləği)). 2.4. Əldən çıxmış fayda üçün faizlərin miqdarı isə bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq (1639,57 manat x 5% = 82 manat; 82 manat : 12 ay = 6,83 manat; 6,83 manat x 18 ay =) 122,96 manat əldən çıxmış fayda tələb edilir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 442, 567-ci və s. maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3618/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza aid sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmənin baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə edilmiş İddiaçı MMC (Satıcı qismində) ilə Cavabdeh MMC (Alıcı qismində) arasında bağlanmış xx.xx.2020-ci il tarixli 27/04/20 nömrəli malların alqısatqısı haqqında müqavilənin şərtlərindən görünür ki, müqaviləyə əsasən Satıcı malı Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən qaydada və şərtlərlə Satıcıya ödəməyi öhdəyə götürür (2.1). Bu müqaviləyə əsasən satılan malların hər birinin adı, çeşidi, miqdarı və məbləği alış zamanı təqdim edilən hesab-faktura ilə müəyyən edilir (2.2). Satıcı malın verildiyi məqamda Alıcının ona məlum olmuş tələbatını nəzərə almaqla Alıcıya malı müəyyən bir çeşiddə və ya çeşidlərdə verə bilər (2.3). Bu müqavilə qüvvəyə mindikdən sonra Satıcı Alıcının tələbatını və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla satdığı malı qaimə-faktura əsasında Alıcıya təhvil verir (5.1). Mal qaimə-faktura üzrə Alıcıya verildiyi andan malların təsadüfi məhv olması və ya zədələnməsi riski onun üzərinə düşür (5.2). Bu müqaviləyə əsasən malın tam dəyəri Satıcıya ödənildiyi andan mal Alıcının mülkiyyəti hesab olunur (5.3). Malın miqdarı, çeşidi, keyfiyyəti barədə müqavilə şərtləri pozulduqda, Alıcı, həmin pozuntu arın aşkar edildiyi, yaxud, malın xarakterinə və təyinatına görə aşkar edilməli olduğu vaxtdan etibarən üç gün müddətində bu barədə Satıcıya xəbər verməlidir (5.4). Bu müqaviləyə əsasən satılan malın hər bir vahidinin və ƏDV-ni nəzərə almaqla malın satış qiyməti Alıcı və Satıcı tərəfindən əvvəlcədən razılaşdırılır və Satıcı tərəfindən təqdim edilən hesab fakturada öz əksini tapır (6.1). Alıcı elektron qaimə-faktura üzrə qəbul etdiyi malın dəyərinin 100%-ni 14 gün ərzində satıcının bank hesabına köçürmə yolu ilə ödəməlidir. Razılaşdırılmış müddət ərzində malın dəyəri ödənilmədikdə Satıcı onun ödənilməsini Alıcıdan tələb etməyə haqlıdır (6.3). Bu müqaviləyə əsasən Satıcı Alıcıya 5000 AZN limit çərçivəsində mal satmağı razılaşır. Alıcı bu müqavilənin 6.3-cü bəndinə əməl etməzsə, Satıcı Alıcı borcunu tam ödənilməyənədək Alıcı malın satışından imtina edə bilər (6.4).
12. Məhkəməyə təqdim edilən elektron qaimə-fakturalardan görünür ki, xx.xx.2022-ci il tarixli EBBV 390962 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3165,57 manat, xx.xx.2022-ci il tarixli EBCA 512934 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 244 manat olmaqla ümumilikdə 3409,57 manat dəyərində malın təhvil verilməsi üçün tərtib edilmişdir.
13. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə EBCA 512934 və EBBV 390962 seriya və nömrəli elektron qaimələrə istinad etməklə cavabdeh 1500 manat məbləğində pulu iddiaçının bank hesabına köçürmüşdür.
14. İş materiallarına əlavə edilən “ƏDV sub-hesabı”ndan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 270 manat məbləğində ödəniş edilmişdir.
15. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli 27/04/20 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilə də razılaşdırılan malları cavabdehə satmağı, cavabdeh isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli EBBV 390962 və xx.xx.2022-ci il tarixli EBCA 512934 seriya və nömrəli elektron qaimə üzrə ümumilikdə 3409,57 manat mal verilmiş, həmin malların dəyərindən 1770 manat ödəniş edilmişdir.
16. İddiaçı xx.xx.2020-ci il tarixli 27/04/20 nömrəli alqı-satqı müqaviləsi üzrə malların qalıq dəyəri olan 1639,57 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir.
17. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
18. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
20. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
21. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
22. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
23. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
24. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
25. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
26. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
27. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilənin 6.3-cü bəndi ilə malın dəyərinin 100%-nin 14 gün ərzində satıcının bank hesabına köçürmə yolu ödənilməsi şərtləşdirildiyi nəzərə alındıqda), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
28. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
29. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
30. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
31. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
33. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
34. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
35. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, xx.xx.2020-ci il tarixli 27/04/20 nömrəli alqısatqı müqaviləsi üzrə 1639,57 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
36. İddia ərizəsində iddiaçı həmçinin 91,2 manat məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş edir.
37. xx.xx.2020-ci il tarixli 27/04/20 nömrəli alqı-satqı müqaviləsinin 8.2-ci bəndinə əsasən, Alıcı malın satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün Satıcıya vaxtında ödəmədiyi məbləğin 0,01%-i məbləğində dəbbə pulu ödəyir.
38. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
39. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
40. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
41. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin cavabdeh müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, eyni zamanda iddiaçı da xx.xx.2020-ci il tarixli 27/04/20 nömrəli alqı-satqı müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə edildiyi halda, uzun müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
42. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 82 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
43. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 82 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. c) Alqı-satqı müqaviləsi üzrə qanuni faiz məbləğinin tutulması tələbi ilə bağlı
44. İddiaçı iddia ərizəsində Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq əsas borca illik 5 faizlə hesablanmış 122,96 manat məbləğində pulun da tutulmasını tələb edir.
45. Mülki Məcəllənin (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan - xx.xx.2023-cü tarixədək olan redaksiyası) 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
46. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
47. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarı).
48. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır.
49. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir.
50. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir.
51. Qeyd edilən qaydadan istisnanı isə Mülki Məcəllənin 445.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur.
52. Lakin tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli 27/04/20 nömrəli alqısatqı müqaviləsinin 6.3-cü bəndinə əsasən, Alıcı elektron qaimə-faktura üzrə qəbul etdiyi malın dəyərinin 100%-ni 14 gün ərzində satıcının bank hesabına köçürmə yolu ilə ödəməlidir.
53. Müqavilədən aydın olur ki, tərəflərin razılığına görə, elektron qaimə-faktura üzrə qəbul edilən malın dəyərinin 100%-ni 14 gün ərzində dəyərinin ödənilməsi şərtləşdirilmişdir. Lakin işgüzar münasibət bu yöndə olmamış, adıçəkilən müqavilənin 6.3cü bəndi faktiki olaraq tətbiq edilməmişdir. Belə ki, alqı-satqı müqaviləsi üzrə sonuncu elektron qaimə xx.xx.2022-ci il tarixdə təqdim edilməsinə və sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə həyata keçirilməsinə baxmayaraq, cavabdeh tərəfindən ödəniş edilməmiş, ötən müddət ərzində iddiaçı pulun ödənilməsini tələb etməmişdir. Bu isə iddiaçı tərəfindən borcun ödənilməsinə faktiki olaraq möhlət verildiyini göstərir. Belə olan halda, Mülki Məcəllənin 445.4-cü maddəsinin hazırkı işə tətbiqi istisna edilir.
54. İddiaçının xx.xx.2024-cü il tarixdə pulun tələb edilməsi barədə pretenziya məktubunu cavabdehə X1 Sistemi vasitəsilə çatdırmaqla pulu tələb etməsini nəzərə alan məhkəmə qeyd edir ki, borclunun icranı gecikdirməsi anı Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5 faizlə hesablamanın başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmaqla iddia ərizəsinin verildiyi və iddiaçı tərəfindən hesablamanın aparıldığı müddətin sonu olan xx.xx.2024-cü il tarixə qədər 16 gün üçün həyata keçirilməlidir.
55. Həmin müddət üçün hesablama aparıldıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ 3,59 manat (1639,57 manat x 5% / 100 / 365 gün (1 günün faizi) * 16 gün (gecikdirilən gün sayı)) təşkil edir.
56. Lakin məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi yalnız o halda tətbiq edilə bilər ki, kreditor digər əsaslardan çıxış edərək daha böyük pul məbləğini tələb edə bilməsin və ya tərəflərin razılığı ilə ayrı qayda nəzərdə tutulmasın. Hazırkı halda isə iddiaçı tərəflər arasında bağlanmış müqavilənin 8.2-ci bəndinə istinad etməklə daha böyük pul məbləğini tələb etmişdir.
57. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qanuni faizin tutulması hissəsində iddia rədd edilməlidir.
d) Məhkəmə xərcləri ilə bağlı
58. İddiaçı ödənilmiş 42 manat dövlət rüsumunun, 320 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
59. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 42 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
60. Məhkəmə qeyd edir ki, iddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumunun məbləği 38,51 manatdır.
61. İş materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı və icra qeydindən görünür ki, 320 manat məbləğində pul xx.xx.2024-cü il tarixli müqavilə əsasında (xx.xx.2024-cü il tarixli ******* nömrəli order) 18 saylı vəkil bürosunun hesabına köçürülmüşdür.
62. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
63. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
64. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
65. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
66. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 320 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.
67. Beləliklə, məhkəmə iddia tələbinin qismən təmin edildiyini, iddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumunun məbləğinin 38,51 manat olduğunu və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 320 manat məbləğində pul Cavabdeh MMCdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
68. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 27 aprel 2020-ci il tarixdə bağlanmış 27/04/20 saylı müqavilə üzrə 1639 (bir min altı yüz otuz doqquz) manat 57 (əlli yeddi) qəpik əsas borc, 82 (səksən iki) manat cərimə olmaqla ümumilikdə 1721 (bir min yeddi yüz iyirmi bir) manat 57 (əlli yeddi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36 (otuz altı) manat, hüquqi yardım xərcinin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova