Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3621/2025 23.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər arasında xx.xx.2020-ci il tarixli, 1157 saylı alqı-satqı müqaviləsibağlanmışdır. Həmin müqaviləyə əsasən müqavilənin predmeti hazırkı müqaviləyə əlavələrdə (Qiymətlərin razılaşma protokolu, Sifarişnamə, Spesfikasiya, Purchase order və s. adlandırıla bilər) göstərilən malların satıcı (iddiaçı) tərəfindən alıcıya (cavabdehə) satılması, alıcı tərəfindən həmin malın qəbul edilrək haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir (müqavilənin 1.1-ci bəndi). Həmin müqavilənin: 1.1. 1.2-ci bəndinə əsasən, malların alqı-satqısı tərəflər arasında əlavələrin imzalanması və mööhürlənməsi ilə rəsmləşdirilir və belə əlavələr müqavilənin atrılmaz tərkib hissəsi hesab edilir. Əlavələrin bu ya digər adla adlandırılması onların mahiyyətini dəyişmir və bu bənddə göstərilən qaydada rəsmləşdirildiyi halda hər iki tərəfdən imza və möhürlə təsdiqləndikdən sonra qüvvəyə minr. Əlavələr qüvvəyə mindikdən sonra tərəflər arasında göstərilən mallar barədə tam razılaşmanı təşkil edir, bütün əvvəlki müzakirələri, layihələri, sənədləşmələri, razılaşmaları əvəz edir və onlara nisbətən daha üstün qüvvəyə malikdirlər; 1.2. 2.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri bütün Əlavələrdə göstərilən qiymətlərin cəmini təşkil edir; 1.3. 2.2-ci bəndinə görə müqavilə üzrə qiymətlər ABŞ dolları ilə müəyyən edilir və ödəniş AR Mərkəzi Bankında ABŞ dollarının ödəniş gününə olan rəsmi məzənnəsinə uyğun olaraq, manatla həyata keçirilir; 1.4. 3.1-ci bəndinə əsasən satıcı malları alıcıya hazırkı müqavilənin/əlavələrin şərtlərinə uyğun olaraq alıcının bildirdiyi əlavələr imzalandıqdan sonra, əgər Əlavədə digər müddət nəzərdə tutulmayıbsa 15 təqvim günü ərzində təhvil verir; 1.5. 3.2-ci bəndinə əsasən mallar təhvil verilməyə hazır olduqda satıcı tərəfindən alıcıya məlumat verilir. Alıcı qeyd edilən məlumatı aldıqdan sonra malları satıcının anbarından təhvil almzasa, malların satıcının anbarında saxlanıldığı hər günə görə hazırkı müqavilənin 3.4cü bəndində müəyyən olunan ödənişi həyata keçirməyi öhdəsinə götürür.
İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:
a) İddia ərizəsinin dəlilləri
2. İddiaçı 2442,10 manat borcun və ödənilmiş 44,43 dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.
3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehə mal satmış, lakin cavabdeh tərəfindən malların dəyərinin tam ödənilməsi təmin edilməmiş, nəticə etibarı ilə cavabdehin onun qarşısında ƏDV daxil 2442,10 manat məbləğində borcu yaranmışdır. Borcun ödənilməsinin təmin edilməsi məqsədilə tərəfindən cavabdehlə dəfələrlə əlaqə saxlanılmış və yazılı müraciətlər edilmişdir. Cavabdeh borcla bağlı göndərilmiş pritenziyanı almış, lakin müraciətlər heç bir müsbət nəticə verməmiş və cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
4. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim etməmiş, lakin nümayəndəsi yazılı vəsatət təqdim edərək bildirmişdir ki, cavabdehə borclu olan şəxslər tərəfindən borclarının ödənilməməsi, habelə davam edən məhkəmə mübahisələri çərçivəsində hesablarına həbs qoyulması səbəbindən şirkətləri ağır maddi duruma düşmüşdür. İddiaçının nümayəndəsi ilə telefon əlaqəsi yaradaraq şirkətin cari vəziyyəti izah edilərək yaranmış borcun hissəli şəkildə ödənilməsi üçün ödəniş qrafiki təklif edilsə də, iddiaçının nümayəndəsi borcun bütöv şəkildə ödənilməsini tələb etmişdir. İddiaçının təkidi qeyri-obyektiv olmaqla ümumilikdə 70907,79 manat alınmış mallar üzrə ödənişin 68456,69 manat hissəsinin heç bir gecikmə olmadan icra edilməsi faktının gözardı olunmasını göstərir. Cavabdehin iddiaçıya qalıq borcu sadəcə 2442,10 manat təşkil edir. Cavabdehin fəaliyyətini davam etdirmək və borclarını yeni gəlirlər hesabına ödəmək imkanlarını daha da məhdudlaşdırmamaq məqsədilə yaranmış borcun 2025-ci ilin avqust ayından başlayaraq növbəti 6 ay ərzində hissəsli şəkildə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edirik.
MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:
5. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmişlər, iddiaçının nümayəndəsi məhkəməyə elektron qaydada vəsatət təqdim edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
6. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
7. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
8. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
9. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
10. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
11. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
12. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
13. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. Maadə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
16. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır.
18. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın dəyərinin əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.
19. İşin mübahisəsiz hallarından da görünür ki, dəyərinin sonradan ödənilməsi şərtilə tərəflər arasında müxtəlif çeşidli gündəlik təlabat mallarının nisyə alqı-satqı barədə xx.xx.2020ci il tarixli müqavilə bağlanmışdır. İş materiallarından göründüyü kimi, eləcə də, cavabdehin özünün də etiraf etdiyi kimi tərəflər arasındakı yaranmış hüquq münasibətləri çərçivəsində alınmış malların bir hissəsinin dəyəri də cavabdeh tərəfindən ödənilmişdir.
20. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən malları almaq hüququna malik olduğu kimi, eyni zamanda onların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Əvvəldə də qeyd edildiyi kimi, alıcının müqavilə üzrə aldığı malı ödəmək öhdəliyi, məhz malları təhvil aldıqdan sonra (əgər mal müqaviləyə uyğun verilmişsə və hər hansı mübahisə yoxdursa) yaranmış olur. Məhkəmə araşdırması nəticəsində isə müəyyən olunmuşdur ki, cavabdeh müqavilə əsasında malın almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair öhdəliyini tam yerinə yetirməmiş, bununla da öhdəliyini pozmuşdur. Mülki Məcəllənin 425-ci maddəsi də tələb edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidir. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır.
21. Məhkəmə qeyd edir ki, iddia həm də ona görə əsaslıdır ki, cavabdehin nümayəndəsi yazılı vəsatətində iddiaçıya 2442,10 manat borcunun olmasını etiraf etmiş, həmin borcun 2025ci ilin avqust ayından başlayaraq 6 ay müddətində hissə-hissə ödənilməsini xahiş etmişdir. Məhkəmə, borcunun hissə-hissə ödənilməsi barədə cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, iddianın məhkəmədə baxılması çərçivəsində borcun hissə-hissə ödənilməsi ilə bağlı yalnız tərəflər özləri razılığa gələ bilərlər. Belə ki, hazırkı mübahisə tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmənin indiki halda cavabdehin borcunu hissə-hissə ödəməsi barədə qərar qəbul etməsi onlar arasında bağlanmış müqavilə şərtlərinin dəyişməsi ilə nəticələnə bilər ki, bu da müqavilə azadlığı prinsipinə ziddir.
22. Məhkəmə, eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, cavabdehin iddianı etiraf etməsi (tələb edilən borcu qəbul etməsi) iddiaçını iddianın dəlillərini əlavə sübut etmək vəzifəsində azad etmiş olrur.
23. Məhkəmə hesab edir ki, iddia tam əsaslı olduğundan iddiaçının ödədiyi dövlət rüsumu da cavabdehdən tutularaq ona ödənilməldir.
24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. 2442,10 (iki min dörd yüz qırx iki manat on qəpik) manat borc və ödənilmiş 44,43 (qırx dörd manat qırx üç qəpik) manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Pərviz Zamanlı