Məhkəmə qərarları › İş №e-2-2(113)-3623/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3623/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3623/2021 13.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyev Emin Zöhrab oğlu, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə GSM müqaviləsinə əsasən 1178,29 manat xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 1208,29 manat pulun tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə bildirir ki, iddiaçı ərizəyə yalnız bir sənədin çatdırılmasını təsdiq edən sənədi (poçt qəbzi) əlavə etmiş, bu isə sənədlərdən birinin pretenziyanın və ya iddia ərizəsinin cavabdehə çatdırıldığını təsdiq edir. Göründüyü kimi iddiaçı ya pretenziyanı və ya iddia ərizəsini cavabdehə çatdırılmasını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası MPM-nin 150.0.4-cü maddəsinə əsasən, iddia ərizəsinə kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 150.0.7-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə və eləcə də müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə müəyyən etmişdir ki, İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, 30 manat məbləğində dövlət rüsumunun 10 manatını Bakı Kommersiya Məhkəməsinin hesabına, 20 manat məbləğində dövlət rüsumunu isə 19.12.2018-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hesabına ödəmiş, halbuki həmin məbləğdə olan dövlət rüsumunu da Bakı Kommersiya Məhkəməsinin hesabına ödəməli idi. Bu da onu göstərir ki, iddiaçı (sözügedən dövlət rüsumunun geri qaytarılması barədə məhkəmə qərardadı olmadığına görə) həmin dövlət rüsumundan artıq bir dəfə istifadə etməklə təkrarən eyni dövlət rüsumu ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən QƏRARA A L D İ M: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsini və ona əlavə edilmiş, həmçinin 10 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli, 29.01.2021-ci il tarixli və 20 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli, 19.12.2018-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı MMC-yə izah edilsin ki, cavabdehə göndərilməyən pretenziya və ya iddia ərizəsinin çatdırılması barədə sənəd (poçt qəbzi ya digər mötəbər sübut), həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edildikdən sonra təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar