Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3623/2024 03.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə Akif oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9342,01 manat (7916,95 manat əsas və 1425,04 manat ƏDV) borc, 19711,62 manat dəbbə pulu, 544,95 manat əldən çıxmış fayda, 320 manat məbləğində məhkəmədə təmsil üçün vəkilə ödənilmiş məbləğ olmaqla, ümumilikdə 29918,58 manat pul və 180 manat dövlət rüsumununun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixində, TMT23048 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən “Satıcı” adı, çeşidi (növü), sayı (miqdarı), dəyəri hər bir Mal sifarişi üzrə tərtib edilən qaimə-faktura ( və ya elektron qaimə-faktura) və ya Əlavə razılaşma ilə müəyyən edilən malları ( bundan sonra “Mal”) “Alıcı”ya satır, “Alıcı” isə Malı qəbul edib dəyərini “ Satıcı” ya ödəyir. Müqavilənin 3.4.3-cü bəndinə əsasən, Malın qiymətini Müqavilənin 7.1-ci maddəsi ilə müəyyən olunan şərtlərlə və qaydada “Satıcı” ya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.4.4-cü bəndinə əsasən, Alıcı müqavilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini öhdəsinə götürür. Həmin müqavilənin 7.1-ci maddəsinə əsasən, Alıcı sıfariş etdiyi Malın dəyərinin 100%-ni Malın təhvil-təslim edildiyi gündən etibarən 5 (beş) iş günü müddətində nağd və ya nağdsız qaydada satıcının bank hesabına ödəməlidir. Cavabdeh MMC-nin İddiaçı MMC-yə 9342,01 manat (7916,95 ƏSAS və 1425,04 ƏDV) borcu mövcuddur. Qanunvericilik tələblərinə müvafiq olaraq, cavabdehə xx.xx.2024-cü il tarixində pretenziya məktubu ünvanlanmışdır. Lakin qarşı tərəf hər hansı ödəniş etməmişdir. Belə ki: 1. xx.xx.2023-cü il tarixli EBDA seriyalı, 372574 nömrəlielektron qaiməyə əsasən, 3865,81 AZN ; 2. xx.xx.2023-cü il tarixli EBDA seriyalı, 431666 nömrəli elektron qaiməyə əsasən, 2280,76 AZN ; 3. xx.xx.2023-cü il tarixli EBDA seriyalı, 484117 nömrəli elektron qaiməyə əsasən, 319,15 AZN ; 4. xx.xx.2023-cü il tarixli EBDA seriyalı, 644498 nömrəli elektron qaiməyə əsasən, 2369,92 AZN; 5. xx.xx.2023-cü il tarixli EBDA seriyalı, 732390 nömrəli elektron qaiməyə əsasən, 506,35 AZN həcmində malın cavabdehə təqdim edildiyi görülür. Bu günə qədər borc aktiv olaraq qalmaqdadır. Bu müqavilənin 7.5-ci bəndinə müvafiq olaraq Alıcı Satıcıya olan borcun ödənişini Müqavilə razılaşdırılmış şərtlərlə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və Satıcıya, sonuncunun tələbinə əsasən gecikmənin hər günü 0,5%-i miqdarında cərimə ödəməlidir. Bu qayda Alıcının fəaliyyətini dayandırdığı hallara da şamiledilir. · 9342.01 (borc) x 0.5% (cərimə məbləği) = 46.71 (bir gün üçün) · 46.71 (bir gün üçün) x 422 (xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək olan günlərin sayı) = 19711,62 ( ümumi dəbbə məbləği) Əldən çıxmış fayda üçün faizlərin miqdarı isə bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 9342,01 manat x 5% = 467,10 manat : 12 ay = 38,90 manat x 14 ay = 544,95 manat. Beləliklə, İddiaçı Mmc İlə Cavabdeh MMC arasında bağlanmış alğısatqı müqaviləsindən irəli gələn borcu: 9342,01 manat borcu; 19711,62 ümumi dəbbə məbləği; 544,95 manat əldən çıxmış fayda təşkil edir.
3. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9137,71 manat ( 7743,83 manat əsas və 1393,88 manat ƏDV) borc, 19276,96 manat dəbbə pulu, 533.03 manat əldən çıxmış fayda, 320 manat məbləğində məhkəmədə təmsil üçün vəkilə ödənilmiş məbləğ olmaqla, ümumilikdə 29267.70 manat pul və 180 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən cavabdehə bir neçə partiya olmaqla mal verilmiş, malların bəziləri təhvil zamanı geri qaytarılmış, bu səbəbdən sonradan iddia tələbinin həcmi azaldılmışdır. Cavabdehə təhvil verilmiş malların dəyəri ödənilməmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə hər hansı ödəniş edilməmiş, təhvil verilmiş mallar sonradan geri qaytarılmamışdır.
5. Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında müqavilə bağlanmış, iddiaçı tərəfindən onlara mal verilmiş, həmin malları satmaq məqsədilə cavabdehə məxsus mağazaya yerləşdirmişlər, lakin mağaza fəaliyyət göstərə bilməmiş, zərərlə işlədiyi üçün bir neçə ay sonra mağazanı bağlamaq qərarı verilmiş, mağazada olan malların qaytarılması üçün aldıqları şirkətlərə müraciət etmiş, bütün şirkətlər, o cümlədən iddiaçı nümayəndələri vasitəsilə öz mallarını aparmışlar. İddiaçı tərəfindən cavabdehə təhvil verilmiş bütün mallar sonradan tərəflərindən satıla bilmədiyi üçün geri qaytarılmışdır, bu səbəbdən iddia əsassızdır. Mallar geri qaytarılan zaman hər hansı akt və sairə tərtib edilməmişdir. Sonradan iddiaçı öz borcunu tələb etmiş, qaimələri ləğv etməkdən imtina etmişdir. Halbuki malların hamısı bir neçə ay sonra geri qaytarıldığı üçün onların cavabdehə hər hansı borcu yoxdur.
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə yazılı ərizə təqdim edərək, sonuncu məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı (Satıcı) ilə cavabdeh (Alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, TMT23048 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı adı, çeşidi (növü), sayı (miqdarı), dəyəri hər bir mal sifarişi üçün tərtib edilən qaimə-faktura və ya əlavə razılaşma ilə müəyyən edilən malları alıcıya satır, alıcı isə malı qəbul edib dəyərini satıcıya ödəyir.
9. Müqavilənin 1.4-cü maddəsinə görə alıcı təsdiq edir ki, bu müqaviləyə əsasən Malları Satıcıdan təhvil alan, o cümlədən bu hərəkətlərin yerinə yetirilməsini təsdiq edən hər hansı sənədləri tərtib edən və/və ya imzalayan Alıcının adından Online Sifariş verilməsini həyata keçirən hər hansı şəxs Alıcının nümayəndəsi və Alıcının adından çıxış etməyə səlahiyyətli şəxs hesab olunur. Satıcı bu cür şəxslərin Alıcının adından çıxış etməsinə səlahiyyətli olduğuna dair hər hansı sənəd tələb edə bilər və Alıcı bu cür sənədləri təqdim etməlidir, ancaq Satıcının bu cür sənədlər tələb etmək öhdəliyi yoxdur. Satıcı Malları və sənədləri çatdıran (müşahidə edən), təhvil verən və alan şəxsin etibarnamə üzrə buna və ilkin uçot sənədlərinə, o cümlədən qaimələrə və aktlara imza etməyə səlahiyyətli olduğuna təminat verir.
10. Müqavilənin 2.2-ci maddəsinə görə alıcıya Malların çatdırılması sifarişini verildiyi tarixdən sonra Tərəflər arasında razılaşdırılmış vaxtda həyata keçirilməlidir. Tərəflər bununla tam razılaşırlar ki, Alıcı tərəfindən faksla, telefonla, Online Sifariş və/və ya elektron poçtla göndərilən Sifarişlər icra edildiyi formadan və üsuldan asılı olmayaraq Satıcı tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir və bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılır. Malların çatdırılma tarixi və şərtləri Satıcı tərəfindən müəyyən olunur.
11. Müqavilənin 2.7-ci maddəsinə görə X2 təhvil verdikdən dərhal sonra Azərbaycan Respublikasının müvafiq dövlət orqanı tərəfindən təsdiq olunan qaydalara uyğun olaraq Malların Təhvil-Qəbul Aktını 2 (iki) nüsxədə tərtib etməli, imzalamalı, möhürlə təsdiq etməli və Aktın hər iki imzalanmış və möhürlənmiş nüsxəsini, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş digər sənədləri Alıcıya təqdim etməlidir. Aktla birlikdə Satıcı Malların təhvil təslimi təsdiq edən özünün tərtib etdiyi digər sənədləri də Alıcıya təqdim edə bilər. Alıcı bu kimi sənədləri imzalamaqdan imtina edə bilməz.
12. Müqavilənin 7.1-ci maddəsinə əsasən alıcı sifariş etdiyi malın dəyərinin 100 faizini malın təhvil-təslim edildiyi gündən eibarən 5 iş günü müddətində nağd və ya nağdsız qaydada satıcının bank hesabına ödəməlidir.
13. Müqavilənin 7.5-ci bəndinə əsasən alıcı satıcıya olan borcun ödənişini müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və satıcıya sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0,5 faizi miqdarında cərimə ödəməlidir. Bu qayda alıcının fəaliyyətinin dayandırıldığı hallara da şamil edilir.
14. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDA 644498 nömrəli 2369,92 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDA 372574 nömrəli 3865,81 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDA 431666 nömrəli 2280,76 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDA 484117 nömrəli 319,15 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDA 732390 nömrəli 506,35 manat məbləğində qaimələr təqdim edilmişdir.
15. Belə ki, iddia ərizəsi üç hissədən ibarətdir: 1. Alqı-satqı müqaviləsi üzrə yaranmış əsas borcun ödənilməsi; 2. Dəbbə pulunun tutulması; 3. illik 5% olmaqla hesablanmış faiz borcunun tutulması.
16. Məhkəmə iddia ərizəsini birinci hissədə əsaslı hesab edir.
17. Belə ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, TMT23048 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
19. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
20. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
21. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
23. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
24. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 9137,71 manat dəyərində olan malları cavabdehə təhvil vermiş, lakin cavabdeh tərəfindən öhdəliklər icra edilməmiş, satın alınmış malların dəyəri iddiaçıya ödənilməmişdir.
25. Cavabdeh iddiaya etiraz edərək, satın alınmış malların tərəflər arasında olan şifahi razılığa əsasən bir neçə ay sonra geri qaytarıldığını, bu səbəbdən hər hansı borcunun olmadığını bildirir.
26. İddiaçı isə malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyin hələ də icra edilmədiyini, tərəflər arasında belə bir razılaşmanın olmadığını, satın alınmış malların qaytarılmadığını bildirir.
27. Belə olan vəziyyətdə öhdəliyin icra edilib-edilməməsilə bağlı hal araşdırılmalı və sübut olunmalıdır.
28. Məhkəmə qeyd edir ki, hazırkı halda «qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair» prezumpsiya tətbiq edilməlidir.
29. Belə ki, MPM-in 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Buna görə də etirazının əsası kimi istinad etdiyi bu halı, yəni satın alınmış malların geri qaytarılmasını cavabdeh sübut etməlidir.
31. Cavabdeh həmin malların geri qaytarılmasını təsdiq edən belə bir sənəd təqdim edə bilmir.
32. Əvəzində cavabdeh iki şahid ifadəsi təqdim etmişdir. MPM-in 76.2-ci maddəsinə əsasən şahid ifadələri sübut hesab olunur.
33. Cavabdehin 1-ci şahidinin ifadəsi:
34. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, 2022-ci ilin noyabr ayından Cavabdeh MMC-də işləmiş, təqribən 2023-cü ilin aprel-may aylarında çıxmışdır. Cavabdeh MMC-də satıcı vəzifəsində işləmişdir. İddiaçı MMC-dən mal almışlar. Səbuhi adlı şəxs orada işləyirdi. Mağazada mallar gələndə hər hansı işçi qəbul edirdi. O işə başladıqdan sonra təqribən 2023-cü ilin əvvəllərində ilk dəfə mal gəlmişdir. Şirkət olaraq iddiaçı şirkət malı təklif edirdi, cavabdeh isə sifariş verirdi. Mallar siyahıya yazılaraq sifariş edilirdi. Müqaviləyə qol çəkilməsini xatırlamır. Sifarişlər mağazaya gəldikdə işçilər yoxlayırdı. Gələn mallardan demək olar ki, satış olmamışdı. Malı mağazaya yerləşdirmiş, lakin daha sonra satış olmadığı üçün geri qaytarmışlar. İdddiaçı tərəf malları geri götürəndə görmüşdür. Lakin hansı məbləğdə mal götürülməsini, hamısının qaytarılıb qaytarılmamasını xatırlamır. Mallar kompyuterə işlənirdi. Mallar satılmadığı üçün, satıcılara xəbər verilmiş və hər firma gəlib öz malını geri almış, iddiaçı da gəlib öz mallarını təhvil almışdır.
35. Cavabdehin 2-ci şahidinin ifadəsi:
36. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərdi ki, 2022-ci ilin dekabr ayından 2023 aprel may ayına kim cavabdeh müəssisədə kassir vəzifəsində işləmiş, əmək funksiyası müştərilərə satış olduqdan sonra ödənişlə bağlı işlərlə məşğul olmaqdan ibarət olmuşdur. İddiaçı şirkətdən mal alınırdı. Sifarişlər iddiaçının saytlarından verilir, onlar da malı gətirirdi. Malları sürücü gətirirdi, lakin nümayəndə şifahi qaydada özünü təqdim edirdi. İddiaçı özünə aid malların böyük hissəsini götürmüşdür, lakin götürülən malların adlarını və həcmini xatırlamır. Kompyuterdə problem olduğu üçün sənədlərin tərtibi olmamışdır. Mağazaya mal gələndə təhvil təslim imzalanırdı. Geri götürəndə sənədlə mal verilə bilinməmişdir.
37. Beləliklə, cavabdehin təqdim etdiyi şahidlər ifadələrində tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən iddiaçıdan satın alınmış malların sonradan iddiaçıya qaytarıldığını bildirsələr də, lakin həmin malların konkret olaraq kimə, hansı şəraitdə qaytarılması, eləcə də hansı tarixdə qaytarılması, habelə qaytarılan malların adı və çeşidi ilə bağlı konkret heç bir məlumat verə bilməmiş, yalnız çox ümumi olan ifadələr işlətmişlər.
38. Eyni zamanda müəyyən olunmuşdur ki, həmin şahidlər hazırkı mübahisənin nəticələrinə münasibətdə birbaşa (cavabdeh təşkilatla əmək müqaviləsi əsasında çalışmış işçilər olmaqla) maraqlı olan şəxslərdir.
39. Beləliklə də cavabdehin təqdim etdiyi şahidlərin ifadələri kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu ifadələr malların qaytarılmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.
40. Cavabdeh bununla bağlı başqa sübut təqdim edə bilməmişdir.
41. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 9137,71 manat borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.
42. Məhkəmə iddia tələbini ikinci hissədə qismən əsaslı hesab edir.
43. Materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 7.5-ci bəndinə əsasən hesablanmış 19276,96 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
44. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
45. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
46. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
47. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 400 manat müəyyən edilməlidir.
48. Məhkəmə iddia tələbini üçüncü hissədə də əsaslı hesab edir.
49. İddia ərizəsindən görünür ki, iddiaçı borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə iddiaçıya vurulmuş zərər qismində 533,03 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) ödənilməsi tələbini də irəli sürmüşdür.
50. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
51. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
52. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
53. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
54. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...
55. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”
56. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
57. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
58. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
59. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”
60. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
61. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz kreditorun əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması kreditorun gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.
62. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır və iddia tələbi həmin hissədə də təmin edilməlidir.
63. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 9137,71 manat əsas borc, 400 manat dəbbə pulu, 533,03 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
64. Bundan başqa iddia ərizəsində 320 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin xərc cavabehə aid edilməlidir.
65. Belə ki, xx.xx.2024-cü il tarixli 006XOH********** nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 18 Saylı Vəkil Bürosunun hesabına 320 manat hüquqi xidmət haqqı köçürülmüşdür.
66. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
67. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
68. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 80 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
69. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 9137,71 manat əsas borc, 400 manat dəbbə pulu, 533,03 manat faiz borcu, 100 manat dövlət rüsumu, 320 manat vəkil xərci, ümumilikdə 10490,74 (on min dörd yüz doxsan manat yetmiş dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 80 (səksən) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova