Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3625/2023 02.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3.696,45 manat əsas borc, 2.000 manat cərimə borcu, 275 manat (110 manat vəkil xidmət haqqı, 165 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı), 100 manat ödənilmiş mediasiya rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021 ci il tarixli “Məhsulların Güzəştli alğı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq satıcı - "xxxx" MMC istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri alıcıya-Cavabdeh verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə görə, nisyə alğı-satqı zamanı alıcı faktura üzrə qəbul etdiyi malın dəyərinin fakturada göstərilən son ödəmə tarixinə qədər satıcıya ödənilməsini təmin etməlidir. Müqaviləyə əlavəyə uyğun olaraq satıcı özünün istehsal və satışını təşkil etdiyi məhsullardan satacağına görə alıcıya müqavilə müddəti ərzində ilk öncədən 2000 manat ödəmə etmişdir. İddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2021-ci il və xx.xx.2021 ci il tarixləri aralığında 4.080,22 manat məbləğində spirtsiz içkilər alıcıya təhvil verilmişdir,hazırki vəziyyətdə Cavabdeh "xxxx" MMC -yə 3.696,45 manat ödənilməmiş pul məbləği borcu qalmışdır. “Məhsulların Güzəştli alğı-satqı” müqaviləsinin 6.2-ci bəndinə görə ödəniş məbləği və dəbbə pulunun ödənilməsi təmin edilməzsə, müqavilə bir tərəfli ləğv edilir, malların dəyərinin ödənilməsi qanuna müvafiq təmin edilir. Həmin müqavilənin 6.3-ci bəndinə görə X1 faktura və tara dəyərinin bu müqavilənin 3.2 bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0,1% miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2% miqdarında dəbbə pulu ödənilməlidir. Eyni zamanda müqavilənin 6.8-ci bəndinə əsasən alıcı müqavilənin predmeti ilə müəyyən olunmuş öhdəliklərini pozarsa 10.000 manat (ƏDV xaric) təzminat ödəməyi öhdəsinə götürmüşdür. Borcun ödənilməsi ilə bağlı Cavabdeh pretenziya məktubu ilə müraciət olunmuş və borc məbləğinin 5 gün ərzində ödənilməsi tələb olunmuşdur. Əks təqdirdə borc məbləğinin məcburi qaydada ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin bu günə qədər qeyd olunan borc məbləği hələ də ödənilməmiş olaraq qalır. Buna görə iddiaçı "xxxx" MMC olaraq pozulmuş hüquqlarının bərpasını təmin etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi (tələbin həcminin azaldılması) barədə ərizə verərək, Cavabdeh 3.696,45 manat əsas borc, 2.000 manat güzəştli müqavilənin şərtlərinə görə hədiyyə şəklində verilmiş malların dəyəri, 110 manat vəkil xidmət haqqı, 100 manat ödənilmiş mediasiya rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında 30 mart 2021-ci il tarixdə məhsulların güzəştli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünün istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri və çayları alıcıya satmaqla onun mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək, əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci bəndinə görə alıcı faktura üzrə qəbul etdiyi məhsulun dəyərini nağd faktura ilə satış zamanı malın təslimi anında (və ya alınadək), nisyə (kredit) satış zamanı isə fakturada göstərilən son ödəmə tarixinə qədər göstərilən məbləğin satıcıya ödənilməsini təmin etməlidir. Həmin müqavilənin: 6.2-ci bəndinə görə ödəniş məbləği və dəbbə pulunun ödənilməsi təmin edilməzsə, müqavilə bir tərəfli ləğv edilir, malların dəyərinin ödənilməsi qanuna müvafiq təmin edilir. 6.3-cü bəndinə görə X1 faktura və tara dəyərinin bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0,1% miqdarında gecikdirilən günlərin sayı 30 (otuz) gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2% miqdarında dəbbə pulu ödənilməlidir. 8-ci bəndinə əsasən tərəflər arasında razılaşdırılmış güzəştli şərtlər bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə № 1-də göstərilmişdir. 10-cu bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2024-cü il tarixinə qədər qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir. "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış 30 mart 2021-ci il tarixli müqaviləyə 1 nömrəli Əlavəsinə əsasən: 8.1.Alıcı 8.1.1. Satışını təşkil etdiyi qazlı içkilər, soyuq çay, meyvə şirəsi və plastik qablaşdırılmış su çeşidlərini "xxxx" MMC-dən (Coca-cola, Coca-Cola Şəkərsiz, Fanta və Fanta çeşidləri, Sprite, Bonaqua, Damla, Schweppes, Cappy meyvə şirəsinin çeşidlərini, Fuse tea soyuq çay çeşidlərini) alacağını satıcının ona istifadə üçün verdiyi soyuducuları təmiz və səliqəli saxlayacağını, satıcıya aid olan soyuducularda yad məhsullar saxlamayacağını, soyuducuları mümkün qədər dolu saxlayacağını və Müqavilə müddəti ərzində soyuducuları hər zaman bu Müqavilə üzrə razılaşdırılmış obyektlərdə saxlayacağını; 8.1.2. Bu Müqavilədə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş bütün öhdəliklər qarşılığında Müqavilə müddəti ərzində Satıcıdan satın aldığı 4000 (dörd min ) kaset məhsulu satacagını; 8.1.3. Bu müqaviləyə və bu müqavilənin tərkib hissəsi olan digər əlavələrə əsasən əldə etdiyi məhsulları, öhdəçilik götürdüyü kaset sayına daxil etməyəcəyini öhdəsinə götürür; 8.1.4. Alıcı restoranda daim satıcı ilə birgə Combo menular etməyi və edilən Combo menuları sosial şəbəkələrdə paylaşmağı öz öhdəsinə götürür. 8.2. Satıcı 8.2.1. Alıcıya müqavilə müddəti ərzində satcının özünün istehsal istehsal və satışını təşkil etdiyi məhsullardan satacağına gorə ilk öncədən 2000 manat hədiyyə məhsul verməyi öhdəsinə götürür. 8.2.2. Alıcıya müqavilə müddəti ərzində satıcının özünün istehsal və satışım təşkil etdiyi məhsullardan satacağına görə hər 1000 kaset məhsul alışının tamamında 500 manatlıq hədiyyə məhsul verməyi öhdəsinə götürür. Əlavə 1 hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir. xx.xx.2021-xx.xx.2021-ci il tarixli malların təhvil-qəbul aktlarına əsasən "xxxx" MMC tərəfindən Cavabdeh ƏDV daxil olmaqla təxminən 4.000 manat dəyərində olan çox mallar, eləcə də dəyəri göstərilməyən mallar verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixinə olan fakturalar üzrə cəmi borc məbləği 3.696,45 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların güzəştli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, sifariş edilən malları cavabdehə təqdim etsə də, cavabdeh təqdim edilmiş malın dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya 3.696,45 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567, 600.1-ci maddələrinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərindən 3.696,45 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 3.696,45 manat borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı tərəflər arasında bağlanmış 30 mart 2021-ci il tarixli müqavilə əsasında imzalanmış 1 nömrəli Əlavədə nəzərdə tutulan şərtlərin (öhdəliklərin) cavabdeh tərəfindən pozulduğunu əsas gətirərək güzəştli müqavilənin şərtlərinə görə hədiyyə şəklində verilmiş malların dəyəri olan 2.000 manat pul vəsaitinin də cavabdehdən tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının bu tələbi də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Əlavə 1-in şərtlərindən də göründüyü kimi alıcı müqavilədə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş bütün öhdəliklər qarşılığında müqavilə müddəti ərzində satıcıdan satın aldığı 4000 kasset məhsulu satmağı, satıcı isə alıcıya müqavilə müddəti ərzində satıcının özünün istehsal və satışını təşkil etdiyi məhsullardan satacağına gorə ilk öncədən 2000 manat hədiyyə məhsul verməyi öhdəsinə götürmüşdür. İş materiallarından isə görünən odur ki, 30 mart 2021-ci il tarixli müqavilə bağlandıqdan sonra müqavilənin qüvvədə olduğu müddətdə (daha dəqiq desək xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində) Cavabdeh "xxxx" MMC-dən cəmi ƏDV daxil olmaqla 4.000 manat məbləğində mal almış, yəni Əlavə 1-də üzərinə götürdüyü 4000 kasset məhsulu satmaq öhdəliyini icra etməmişdir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Belə olan halda cavabdeh müqavilədə müəyyən olunmuş miqdarda satıcının məhsullarını satmaq öhdəliyini icra etmədiyindən iddiaçı cavabdehə həmin öhdəliyinin icra edilməsi şərti ilə ödənişsiz verdiyi məhsulun dəyəri olan 2000 manat pul vəsaitini cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 30 mart 2021-ci il tarixli məhsulların güzəştli alqı-satqı müqaviləsi (əlavə 1) üzrə 3.696,45 manat əsas borc, 2.000 manat güzəştli müqavilənin şərtlərinə görə ödənişsiz verilmiş malların dəyəri tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 100 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 76,96 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 110 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3.696,45 manat məbləğində əsas borc, güzəştli müqavilənin şərtlərinə görə ödənişsiz verilmiş malların dəyəri olan 2.000 manat pul vəsaiti, vəkil xidmətlərinin əvəzi olaraq 110 manat və iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3625/2023
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3625/2023
02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver