Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3627/2024 31.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh “X2 Company Lımıted” Azərbaycan Respublikasında nümayəndəliyinə qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh “X2 Company Limited” Azərbaycan Respublikasında nümayəndəliyinə qarşı xx.xx.2021-ci il tarixli, 125-BE-CEC/21 saylı müqavilə üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı ASC (satıcı) “X2 Company Limited” Azərbaycan Respublikasında nümayəndəliyi (alıcı) arasında 25 may 2021-ci il tarixli, 125-BE-CEC/21 saylı ehtiyat hissələrinin satışı müqaviləsi bağlanmışdır bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən tərəflər müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilmiş, bundan sonra əlavə malları alıcıya satmağı və alıcı isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən malların adı, ölçüsü, kəmiyyəti, çatdırılma şərtləri və qiymətləri bu əlavələrdə göstərilib. Malların təhvil verilməsi hər iki tərəfin imzaladığı təhvil-təslim aktına uyğun olaraq həyata keçiriləcək. 4-cü maddəsinə əsasən alıcı müqaviləyə əsasən təqdim edilmiş malları qəbul etməli və müqaviləyə əsasən vaxtında ödəniş etməlidir 6.1-ci bəndinə əsasən müqavilə hər iki tərəfdən imzalandığı gündən (bir) il müddətinə etibarlıdır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. İddiaçı ASC tərəfindən 25 may 2021-ci il tarixli, 125-BE-CEC/21 saylı müqaviləyə əsasən 102.680 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDT seriyalı 693174 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə “X2 Company Limited” Azərbaycan Respublikasında nümayəndəliyinə göndərilmişdir. Elektron qaimələr tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. "xxxx" ASC tərəfindən verilmiş (İddiaçı ASC-yə aid) hesabdan çıxarışa əsasən, “X2 Company Limited” Azərbaycan Respublikasında nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixli EBDT seriyalı 693174 nömrəli elektron qaiməyə əsasən İddiaçı ASC-nin hesabına xx.xx.2024-cü il tarixdə 34.000 manat ödəniş edilmişdir.
4. İddiaçı ASC tərəfindən “X2 Company Limited” Azərbaycan Respublikasında nümayəndəliyinə xx.xx.2024-cü il tarixli, pretenziya məktubu ilə müraciət edilərək, “Ehtiyat hissələrinin Satışı müqaviləsi” üzrə yaranmış borc məbləğinin 10 gün müddət ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
5. İddiaçı ASC cavabdeh “X2 Company Limited” Azərbaycan Respublikasında nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X2 Company Limited” Azərbaycan Respublikasında nümayəndəliyindən 68.680 manat əsas, 3000 manat cərimə borcunun, 306 manat dövlət rüsumu, 300 manat göstərilən hüquqi yardıma görə xərcin, cəmi 72.286 manat məbləğində borcun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Cavabdeh “X2 Company” LTİ Azrərbaycandakı nümayəndəliyi ilə iddiaçı arasında 25 may 2021-ci il tarixli, 125-BE-CEC/21 saylı ehtiyat hissələrinin satışı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilmiş malları alıcıya satmağı və alıcı isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Sözügedən müqaviləyə əsasən “X2 Company” LTİ Azərbaycandakı nümayəndəliyinin iddiaçıya 68.680 manat ödənilməmiş qalıq borcu yaranmışdır. Belə ki, tərəflərindən cavabdeh şirkətə xx.xx.2023-cü il tarixdə EBDT saylı 693174 elektron qaimə-fakturanın rəsmi qəbulu vasitəsi ilə 102680 manat məbləğində mal verilmişdir. Cavabdeh şirkət həmin qaimə üzrə xx.xx.2024-cü il tarixdə 34.000 manat məbləğində ödəniş həyata keçirmiş və nəticədə borc olaraq 68680 manat qalmışdır. Həmin müqavilənin 2.6-cı maddəsinə əsasən alıcı əlavədə göstərilmiş malların dəyərinin 100% hissəsini təhvil-təslimdən sonra köçürmə yolu ilə 5 (bank günü ərzində ödəməlidir. Bununla yanaşı, müqavilənin 4.1.3-cübəndinə görə, təhvil verilmiş mallar üzrə ödənişi ləngiyərsə, alıcı hər bir ləngimə günü üçün 0,1% həcmində cərimə ödəməlidir. Borclu dörd aydan çox bir müddətdir ki, öhdəliyi pozur. Bunu nəzərə alaraq qeyd edək ki, borclunun bugünkü günə 3000 manat cərimə borcu yaranmışdır. Yekun olaraq qeyd edirlər ki, 25 may 2021-ci il tarixli, 125-BE-CEC/21 saylı ehtiyat hissələrinin satışı müqaviləsi üzrə cavabdeh Şirkətin iddiaçı Cəmiyyətə toplam 71680 manat borcu mövcuddur. Borclu hüquqi şəxsin öz borcunu ödəməsi üçün xx.xx.2024-cü il tarixində pretenziya göndərilmişdir. Qanunvericiliyin göstərilən tələbinə əsasən, pretenziya məktubu online kargüzarlıq vasitəsilə cavabdehə göndərilmişdir. Eyni zamanda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat da iddiaçı tərəfindən online kargüzarlıq vasitəsilə cavabdehə göndərilmişdir.
7. Daha sonra iddiaçı sonuncu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində qeyd etmişdir ki, cavabdeh şirkət xx.xx.2024-cü il tarixdə 17000 manat ödəniş etmiş, bununlada İddiaçı ASC ilə X2 Company” LTİ Azrərbaycandakı nümayəndəliyi arasında bağlanmış 25 may 2021-ci il tarixli, 125-BE- CEC/21 saylı ehtiyat hissələrinin Satışı müqaviləsinə əsasən 51680 manat əsas borcun, 3000 manat cərimə borcunun, 306 manat dövlət rüsumu, 300 manat göstərilən hüquqi yardıma görə xərcin, cəmi 55286 manat məbləğində borcun cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
8. Cavabdehin nümayəndəsi iddiaya qismən etiraz edərək, nümayəndəliyin hüquqi şəxs olmadığından məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilmədiyindən iş üzrə cavabdeh qismində “X2 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi deyil, X2 Company Limited şirkətinin cəlb edilməli olduğunu bildirmişdir. Cavabdeh iddia tələbinin əsas borca dair hissəsi ilə razılaşdığını, cərimə məbləği ilə tərəflər arasında bağlanmış müqavilədə cərimə nəzərdə tutulmadığından razılamadığını qeyd etmişdir. Eyni zamanda cavabdeh nümayəndəliyin maliyyə çətinliyi ilə üzləşdiyini nəzərə alaraq, həmin məbləğdə borcu bir dəfəyə ödəmək iqtidarında olmadıqlarından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən, qətnamənin nəticə hissəsində 51680 AZN məbləğində əsas borcun bərabər hissələrə bölünməklə 5 ay ərzində ödənilməsindən ibarət icra qaydası və müddətinin müəyyən edilməsini məhkəmədən xahiş etmişdir.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
9.Məhkəmə iclasında iddiaçının nümayəndəsi dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsində və tələbin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi sonuncu məhkəmə iclasında müqavilənin icrasının gecikdirilməsi ilə bağlı cavabdehin hər bir ləngimə günü üçün 0,1% həcmində cərimə ödəməsi ilə bağlı bəndin müqavilədə nəzərdə tutulmadığını təsdiqləyərək, bu halın tərəflərindən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edildikdən sonra aşkarlandığını bildirdi. Borcun hissə-hissə ödənilməsi ilə bağlı cavabdehin xahişinə münasibətdə isə hissə-hissə ödənişin iddiaçının mənafeyinə uyğun olmadığından həmin hissədə cavabdehin nümayəndəsinin izahatına etiraz etdi. 10.Cavabdehin nümayəndəsi iddia tələbinin əsas borc hissəsində 51680 manat məbləğin bərabər hissələrə bölünərək 5 ay müddətində hissə-hissə ödənilməsini, dövlət rüsumunun tərəflərindən 17000 min manat ödəniş edildikdən sonra qalan məbləğə münasibətdə hesablanmasını və hüquqi yardımla bağlı borcun MPM-in 121.1-ci maddəyə uyğun həll edilməsini, qalan hissədə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
11. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
12. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
13. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. AR MPM-in: - 106.3-ci maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. MƏHKƏMƏNİN MÖVQEYİ
15. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
16. Məhkəmə ilk növbədə iddiaçı “X2 Company Limited” Azərbaycan Respublikasında nümayəndəliyinin xarici hüquqi şəxsin nümayəndəliyi olmaqla hüquqi şəxs statusuna malik olmaması və belə olan halda məhkəmədə cavabdeh qismində çıxış edə bilməməsi barədə cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvələ əsasən xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və filialları daxil olmaqla kommersiya hüquqi şəxsləri kommersiya mübahisəsinin subyektlərinin dairəsinə daxil edilmişdir.
17. İddianın mahiyyətinə gəldikdə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC (satıcı) “X2 Company Limited” Azərbaycan Respublikasında nümayəndəliyi (alıcı) arasında 25 may 2021-ci il tarixli, 125-BE-CEC/21 saylı ehtiyat hissələrinin satışı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək cəmi 102.680 manat dəyərində malları cavabdehə təqdim etmişdir.
18. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərindən cəmi 51.000 manat ödəniş etmiş, yerdə qalan 51.680 manat məbləğində borcu ödəməməklə, sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.
19. Cavabdehin iddiaçıya mübahisəli alqı-satqı müqaviləsi üzrə 51.680 manat məbləğində borcunun olması faktı cavabdehin nümayəndəsi tərəfindən məhkəmədə verilmiş izahatda etiraf edilmişdir. Odur ki, MPM-in 106.3-ci maddəsinin tələblərinə əsasən iddiaçı həmin halı sübuta yetirmək vəzifəsində azad edilir.
20. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 51.680 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, cavabdeh “X2 Company Limited” Azərbaycan Respublikasında nümayəndəliyindən 51.680 manat məbləğində pul tutularaq İddiaçı ASC -yə ödənilməlidir.
21. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 3000 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
22. İddiaçı həmin hissədə iddia tələbini tərəflər arasında bağlanmış mübahisəli alqısatqı müqaviləsində alıcı tərəfindən öhdəliklərin icrasının gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsinin nəzərdə tutulması ilə əsaslandırsa da, mübahisəli müqavilədə dəbbə pulu barədə razılaşmanı ehtiva edən bənd yer almamış, eləcə də mövcud qanunvericilikdə alıcının malın dəyərini ödəmək öhdəliyinin icrasını gecikdirməsinə görə dəbbə pulu nəzərdə tutulmamışdır.
23. Odur ki, dəbbə pulunun tutulması hissəsində iddia əsassız olmaqla rədd edilməlidir.
24. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 306 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
25. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia (azaldılmış iddia tələbi) üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 254 manat təşkil edir.
26. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 220 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
27. Bununla yanaşı məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 300 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh “X2 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən 51.680 manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 220 manat, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 300 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva