Məhkəmə qərarları › İş №e-2-2(113)-363/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-363/2024

26.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-363/2024 26.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X4) qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Aqrar Sığorta Müştərək Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X6 və Bitkiçilik məhsullarının sığortası ürzə siğorta şəhadətnamələrinə əsasən BS-**********-XS şəhadətnaməyə əsasən 7.022,4 manat, BS-**********-XS şəhadətnaməyə əsasən 9.567,6 manat, BS-**********-XS şəhadətnaməyə əsasən 2.626,4 manat, BS-**********-XS şəhadətnaməyə əsasən 3.511,2 manat olmaqla ümumilikdə 22.727,6 manat pulun və tərəfindən ödənilmiş 160 manat dövlət rüsumunun və mediasiyaya ödənilmiş xidmət haqqının 100 manatını, vəkilə ödənilmiş 120 manat pulun Aqrar Sığorta Müştərək Siğorta Şirkətinin hesabından tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Aqrar Sığorta Müştərək Sığorta Şirkəti ASC əsl cavabdeh Aqrar Sığorta Fondu ilə əvəz edilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh Aqrar Sığorta Fondu iddiaya qarşı etiraz verərək, iddianın rədd olunmasını xahiş etmiş və etirazında bildirmişdir ki, İddiaçı ilə Fondun idarəedici qurumu olan - "xxxx" ASC arasında bağlanmış X6 və bitkiçilik məhsullarının sığortasına dair arpa bitkisi üzrə BS-**********-XS nömrəli sığorta müqaviləsi üzrə Qaydaların müvafiq müddəalarına uyğun olaraq xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək risklərin (dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, vəhşi heyvanların hücumu və üçüncü şəxslərin hərəkətləri) baş verməsi nəticəsində sığortalanmış məhsullara dəymiş zərərlərə təminat verilməsi nəzərdə tutulmuşdur. Təminat müddəti ərzində sığortalı şəxsdən sığorta hadisəsinin baş verməsi ilə bağlı məlumat daxil olmuşdur. Sığortalının müraciətinə əsasən baş vermiş hadisənin ətraflı araşdırılması və təminat müddəti ərzində baş verməsi ehtimalına qarşı Qaydaların 1.19.3cü yarımbəndinə əsasən zərərin qiymətləndirilməsi üçün müstəqil ekspert təyin edilmişdir. Aparılan araşdırılmanın nəticəsinə əsasən təminata daxil olmayan quraqlığın, eyni zamanda təminata daxil olan fırtınanın təsirləri müəyyən edilmiş və hesablanmış zərər faizi 21.05 % olmuşdur. Bunun nəticəsində Fond tərəfindən 739,11 manat zərər məbləğindən Qaydaların 1,6.7-ci yarımbəndinin 1 -ci abzasına və sığortalı ilə bağlanmış sığorta müqaviləsinin müddəalarına əsasən 351,12 manat azadolma məbləği çıxılaraq 387,99 manat sığorta ödənişi məbləği hesablanmışdır. Eyni zamanda Qanunun 17.1 -ci maddəsinə əsasən, sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edilməsi Fondun vəzifəsi olduğundan 2022-ci il 23 dekabr tarixli DT/3.1-2-2022-656 nömrəli məktub ilə vətəndaşa fırtına riskindən dəyən zərərə münasibətdə 387,99 manat sığorta ödənişinin verilməsi üçün razılıq ərizəsinin təqdim edilməsi xahiş edilmiş və quraqlıq riskinə münasibətdə isə adıçəkilən risk üzrə təminat verilmədiyindən həmin hissədə dəymiş zərərə görə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Sığortalı şəxs isə təyin edilmiş məbləğ və zərərin qiymətləndirilməsi ilə razı deyildir. Sonradan məhkəmənin xx.xx.2024-cü il tarixli digər qərardadı ilə X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə tərəflərlə hazırki işin mülki məhkəmə icraatı qaydasında baxılmalı olubolmaması məsələsini müzakirə etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 Novruz oğlu hazırki işin mülki məhkəmə icraatı qaydasında Bakı Kommersiya Məhkəməsində baxılmalı olduğunu bildirimişdir Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 işin mülki məhkəmə icraatı qaydasında baxılmalı olub-olmaması məsələsinə münasibətdə qeyd etmişdir ki, onlar üçün işə hansı məhkəmədə baxılacağı böyük əhəmiyyət kəsb etmir. Bu cür işlərlə bağlı məhkəmə təcrübələri olmadığına görə, hesab edir ki, gələcəkdə bu problemlə üzləşməmək üçün işin aidiyyəti ilə bağlı məsələyə vaxtında aydınlıq gətirilməlidir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, habelə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1.2-ci maddəsinə əsasən aqrar sığorta orqanı – aqrar sığorta sistemi üzrə bu Qanunun 8.2-ci maddəsinə uyğun olaraq fəaliyyət göstərən qeyri-kommersiya hüquqi şəxsi hesab olunur. 8.2-ci maddəsinə əsasən aqrar sığorta orqanı nizamnaməsi ilə müəyyən edilən qaydada aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə fəaliyyət göstərir, habelə idarəedici qurumun fəaliyyətinə nəzarəti həyata keçirir, idarəedici qurum ləğv edildikdə yenisinin formalaşdırılmasını təmin edir. 17.1-ci maddəsinə əsasən sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə aqrar sığortalıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir. 17.2-ci maddəsinə əsasən aqrar sığorta orqanı sığorta ödənişinin verilməsindən tam və ya qismən imtina barədə qərarında qanunvericilik, sığorta müqaviləsi və ya sığorta qaydalarının müddəalarına istinad etməklə imtina üçün əsaslarını aydın göstərməlidir. 17.4-cü maddəsinə əsasən sığortalı ödənişin tam və ya qismən verilməsindən imtina barədə qərardan inzibati qaydada və məhkəmə qaydasında şikayət verə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 71.2-ci maddəsinə əsasən şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. 72.5-ci maddəsinə əsasən inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2-ci maddəsinə əsasən isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında iddialara baxılır. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli qərarına əsasən qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqanlara aid edilmişdir. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq bağlanmış aqrar sığorta müqaviləsi üzrə sığorta ödənişinin tam və ya qismən verilməsi və ya verilməsindən imtina edilməsi aqrar sığorta orqanı (Aqrar Sığorta Fondu) tərəfindən qəbul edilən və inzibati akt hesab edilən qərar əsasında həyata keçirilir. Hazırkı halda xx.xx.2022-ci il tarixdə cavabdeh Aqrar Sığorta Fondu tərəfindən İddiaçı sığorta ödənişinin qismən verilməsi (387,99 manat məbləğində) barədə qərar qəbul edilmişdir. Belə olan halda İddiaçı pozulduğunu iddia etdiyi hüquqlarının müdafiəsi üçün cavabdeh Aqrar Sığorta Fonduna qarşı sığorta ödənişinin qismən verilməsi barədə inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (dəyişdirilməsinə) dair iddia tələbi ilə inzibati məhkəmə icraatı qaydasında müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X4) qarşı pul tələbinə dair iş üzrə icraata xitam verilsin. ********** saylı qəbzə əsasən ödənilmiş 160 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar