Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3637/2021 27.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X1 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsas borc və əldən çıxmış faydanın tutulması” tələbinə dair iddia üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “X1 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qaytarılmamış borc məbləğinin əvəzi qismində 23.000 (iyirmi üç min) manat, əldən çıxmış fayda qismində 116.666 (bir yüz on altı min altı yüz altmış altı) manat, ödənilmiş dövlət rüsmunun əvəzi qismində 30 (otuz) manat və vəkilə etdiyi kömək üçün ödənilən xərcin əvəzi qismində 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 139.666 (bir yüz otuz doqquz min altı yüz altmış altı) manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (VÖEN: **********) ilə "xxxx" X2 Cəmiyyəti (VÖEN: **********) arasında bağlanmış 27.04.2018-ci il tarixli 05/18 saylı müqaviləyə və eyni tarixli və eyni nömrəli Razılaşma Protokoluna əsasən cavabdeh 31.12.2018-ci il tarixədək, hər tonunun qiyməti 180 manat olmaqla, 20.000 ton qara metal tullantısını müqavilə bağlandığı gündən ödənilən pula ekvivalent olaraq hissə-hissə bizim cəmiyyətə tədarük etməli idi. Buna görə də "xxxx" MMC tərəfindən "xxxx" X2 Cəmiyyətinə ilk olaraq müvafiq mədaxil qəbzi ilə 60.000 manat, sonra isə 90.000 manat, beləliklə də ümumilikdə 150.000 manat pul ödənilmişdir. Lakin "xxxx" X2 Cəmiyyəti pulun ödənildiyi gündən sonra ötən 40 gün ərzində 1 ton da olsa metal tullantısı tədarük etməyərək, göstərilən müqavilənin şərtlərini kobudcasına pozmuşdur. Bu səbəbdən iddiaçı cavabdehə ödənilmiş 150.000 manat məbləğində pul vəsaitini geri tələb etsə də, həmin pul vəsaiti qaytarılmamış, uzun müddətli tələbdən sonra "xxxx" X2 Cəmiyyətinin direktoru Şahid tərəfindən 118.000 manat məblğində pul vəsaiti iddiaçıya qaytarılmış, 32.000 manat məbləğində pul vəsaiti isə borc qalmışdır. İddiaçının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə müraciətindən sonra isə daha 9.000 manat pul vəsaiti iddiaçıya (beləliklə də, ümumilikdə 127.000 manat) qaytarılmış, 23.000 manat məbləğində pul vəsaiti isə hazırkı tarixədək qaytarılmamışdır. Cavabdehin qeyd olunan hərəkətləri nəticəsində mülki dövriyyənin subyekti olaraq iddiaçının hüquqları kobudcasına pozulmuş və iddiaçı adi mülki dövriyyə şəraitində əldə etməli olduğu gəlirdən məhrum edilmişdir. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti yuxarıda göstərilən müqavilədə nəzərdə tutulmuş 20.000 ton metal qırıntısının hər tonunu 180 manata alıb 320 manata satmalı və nəticə etibarilə hər tondan 140 manat gəlir götürməli idi. Bundan başqa, "xxxx" X2 Cəmiyyətinin öz öhdəliyinə əməl etməməsi səbəbindən iddiaçı ödənilmiş 150.000 manat pulun ekvivalenti məbləğində gəlirdən də məhrum edilmiş və iddiaçıya 116.666 manat (150.000:180=833.00 ton x 140 manat gəlir=116.666) məbləğində “əldən çıxmış fayda” şəklində zərər vurulmuşdur. Göstərilən məbləğlə bağlı iddiaçı tərəfindən "xxxx" X2 Cəmiyyətinin rəhbərliyinə dəfələrlə müraciət edilsə də, cavabdeh müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən boyun qaçırmışdır. Buna görə də qaytarılmamış borc məbləğinin əvəzi qismində 23.000 manat, əldən çıxmış fayda qismində 116.666 manat, ödənilmiş dövlət rüsmunun əvəzi qismində 30 manat və vəkilə etdiyi kömək üçün ödənilən xərcin əvəzi qismində 220 manat, cəmi 139.666 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməlidir. İddiaçının nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirdi ki, tərəflər arasında qeyd olunan münasibətlərin olması barədə onlarda məlumat yoxdur, iddianı qəbul etmir və rədd olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində bildirdi ki, “X1 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri işlədiyi zaman həmin müsəssisədə qara metal mövcud idi. Babayev Yusif “X3" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Qanuni nümayəndə müəssisəyə gətirərək bildirdi ki, qara metal almaq istəyirlər. Tərəflər arasında müqavilə bağlanıldı, 90000 və 60000 manat ödəniş etdilər. Daha sonra həmin zavod özəlləşdirildi və o, işdən azad olundu. İşdən azad olunan zaman Qanuni nümayəndə onun ödədiyi 150000 manatdan 118000 manat məbləğində pulu qaytarmış, 32000 manat qalıq qalmışdı. Babayev Yusif ona həmin dəyərdə qara metal verilməsini öz öhdəsinə götürdü. Qeyd olunan mübahisə ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilmişdilər. Orada da bildirdilər ki, məsələnin ona heç bir aidiyyəti yoxdur. Bundan sonra Babayev Yusif 9000 manat məbləğində vəsaiti də qaytardı və bildirdi ki, “X3" Məhdud Məsuliyyətli Cəmiyyətinə 100000 manat məbləğində qara metal vermişdir. Babayev Yusif “X1 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyətinin marketinq şöbəsində işləyirdi. 25.06.2018-ci il tarixədək “X1 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri olmuşdur. Müsəssisə özəlləşdirilən zaman həmin müəssisəni Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil-təslim aktı əsasında təhvil vermişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatını, şaidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “X1 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 05/18 saylı, 27.04.2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı (“X1 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyəti) həmin müqavilənin şərtlərinə uyğun olaraq, alıcının ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin) sifarişi əsasında 20.000 ton qara metal tullantısı tədarük edərək, alıcıya satmağı, alıcı isə alınan metal kontruksiyaların dəyərinin 50 faizini avans kimi əvvəlcədən ödəməyi, qalan 50 faizini isə qara metal tullantısının satıcının anbarına qəbul edilməsindən sonra ödəməyi öhdəsinə götürmüşdür. - 05/18 saylı, 27.04.2018-ci il tarixli müqavilənin qiymətlərinin və spesifikasiyasının razılaşma protokolundan görünür ki, “X1 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satılması nəzərdə tutulan qara metal tullantısının hər tonunun qiyməti 180 manat olmaqla, 20.000 ton qara metal tullantısının ümumi dəyəri ******* manatdır. - “X1 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 30.04.2018-ci il tarixli mədaxil qəbzindən görünür ki, “X1 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyəti 90.000 manat məbləğində pul vəsaitini Qanuni nümayəndə 30.04.2018-ci il tarixdə qəbul etmişdir. - “X1 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 05.05.2018-ci il tarixli mədaxil qəbzindən görünür ki, “X1 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyəti 60.000 manat məbləğində pul vəsaitini Qanuni nümayəndə 05.05.2018-ci il tarixdə qəbul etmişdir. - “X1 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Kommersiya Məhkəməsinə ünvanlanmış 01/42 saylı, 19.10.2021-ci il tarixli məktubdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “X1 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyətinə qarşı olan iddiası ilə əlaqədar “X1 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyətində heç bir arxiv sənədi aşkar edilməmişdir. - 14 iyun 2018-ci il tarixdə Qanuni nümayəndə tərəfindən tərtib edilmiş qəbzdən görünür ki, Qanuni nümayəndə Oruc adlı şəxsin 150.000 manat məbləğində ümumi borcunun 118.000 manat məbləğində hissəsini 14.06.2018-ci ildə almışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “X1 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyəti arasında alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Tərəflər arasında 27.04.2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən “X1 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sifarişi əsasında 20.000 ton qara metal tullantısı tədarük edərək, iddiaçıya satmağı, iddiaçı isə onun dəyərinin 50 faizini avans kimi əvvəlcədən ödəməyi, qalan 50 faizini isə qara metal tullantısının satıcının anbarına qəbul edilməsindən sonra ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 30.04.2018-ci il tarixdə 90.000 manat məbləğində, 05.05.2018-ci il tarixdə isə 60.000 manat məbləğində pul vəsaitini cavabdehə ödəmişdir. Lakin cavabdeh qara metal tullantısı tədarük edərək, iddiaçıya verməmiş, ona ödənilmiş 150.000 manat məbləğində pul vəsaitinin 127.000 manat məbləğində hissəsi iddiaçıya qaytarılmış, həmin məbləğin 23.000 manat hissəsi isə geri qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 599.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini nəzərə alaraq hesab edir ki, cavabdeh yuxarıda göstərilən müqavilə öhdəliklərini icra etməmiş, iddiaçının həmin əşyaya görə ödədiyi pul məbləğini tələb etmək hüququ yaranmışdır. Ödənilmiş məbləğin bir hissəsini geri qaytarmaqla, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmək niyyətinin olmamasını nümayiş etdirmişdir. Ona görə də iddia tələbi qaytarılmamış 23.000 (iyirmi üç min) manat məbləğin cavabdehdən tutulması hissəsində təmin edilməlidir. İddia tələbinin bir hissəsi isə əldən çıxmış fayda qismində 116.666 (bir yüz on altı min altı yüz altmış altı) manat, ödənilmiş dövlət rüsmunun əvəzi qismində 30 (otuz) manat və vəkilə etdiyi kömək üçün ödənilən xərcin əvəzi qismində 220 (iki yüz iyirmi) manat, məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya verilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçı cavabdehə sifariş verilmiş qara metal tullantıları ilə əlaqədar əldə edə biləcəyi real gəlirə dair sübutları, yəni həmin tullantıların emalı və satışı barədə əvvəlcədən və ya sonradan digər şəxslərlə bağlanmış müqavilələrin icrasının cavabdehin təqsirli hərəkətləri nəticəsində mümkün olmamasını, yaxud əvvəllər qara metal tullantısının 1 tonundan əldə etdiyi gəliri, vəkilin göstərdiyi hüquqi yardıma görə pul vəsaitinin ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia həmin hissələrdə təmin olnmamalıdır. Həmçinin qeyd olunmalıdır ki, cavabdehin etirazının əsası kimi göstərdiyi “X1 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyətində hazırkı iddia ilə əlaqədar heç bir arxiv sənədinin aşkar edilməməsi hazırkı iddianın rədd olunması üçün əsas ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, “X1 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyətindən qaytarılmamış məbləğ qismində 23.000 manat məbləğində pul vəsaiti alınıb, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, əldən çıxmış fayda qismində 116.666 (bir yüz on altı min altı yüz altmış altı) manat və vəkilə etdiyi kömək üçün ödənilən xərcin əvəzi qismində 220 (iki yüz iyirmi) manat məbləğində pulun cavabdehdən tutulması hissəsində isə sübuta yetirilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddianın verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 25 manat hissəsi iddiaçıya aid edilməli, qalan hissəsinin əvəzi olaraq 5 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “X1 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyətindən qaytarılmamış borcun əvəzi qismində 23.000 (iyirmi üç min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 5 (beş) manat, cəmi 23.005 (iyirmi üç min beş) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3637/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3637/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver