Məhkəmə qərarları › İş №e-2-2(113)-3638/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3638/2024

19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3638/2024 19.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, faiz borcu və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi/vəkili Vəkil1 iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 05 nömrəli müqaviləyə əsasən yaranmış 12320 manat məbləğdə pulun və gecikdirməyə görə illik beş faiz 616 manat məbləğində, ümumilikdə 12936 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış tekstil mallarının alğı-satqısına dair xx.xx.2023-cü il tarixli 05 nömrəli müqaviləyə görə müxtəlif növdə, çeşiddə tekstil malları alıcı Cavabdeh satılmışdır. Ümumilikdə 21320 manat dəyərində mallar alıcıya təhvil verilərək satılmışdır. Həmin məbləğin ödənilməsi üçün qanunamüvafiq qaydada xx.xx.2023-cü il tarixdə elektron qaimə göndərilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü maddəsinə görə hazırkı Müqaviləyə əsasən bütün ödənişlər nəğd şəkildə və ya bank köçürmə yolu ilə manatla həyata keçirilir və alınmış malın dəyəri 3 gün ərzində satıcıya ödənməlidir. Lakin həmin ödənilməli olan 21320 manat məbləğində pulun bir qismi 9000 manat cavabdeh tərəfindən ödənilmiş, öz öhdəliyini lazımi qaydada icra etməyərək yerdə qalan 12320 manat məbləğində pul ödənilməmişdir. Cavabdehin hazırda 12320 manat məbləğdə borcu qalmışdır. Həmin məbləğin ödənilməsi ilə bağlı dəfələrlə müraciət edilməsinə, müvafiq pretenziya göndərilməsinə baxmayaraq edilən cəhdlər nəticəsiz qalmışdır. Bununla belə cavabdeh öz öhdəliyini artıq bir ildir ki icra etmir və qanunun tələbinə görə gecikdirilmiş 12320 manatın illik 5%-i, yəni 616 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi/vəkili Vəkil1 iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi/vəkili Vəkil2 bildirmişdir ki, tərəflər arasında mülki münasinbətlər. Alqı-satqı münasibətləri olub. İddiaçının təqdim etdiyi müqaviləyə baxdıqda görünür ki, orada şəxsiyyət vəsiqəsinin nömrəsi və fin kodu qeyd edilib. Müqavilə bağlanan zaman cavabdehin VÖEN-i aktıv olmayıb, həmin müddət dayandırılıb. VÖEN-i dayandırıldığı üçün cavabdeh ümumiyyətlə elektron karğuzarlığa daxil olmayıb və e-qaimələri görməyib ki, onlara etiraz etsin. Və cavabdehin bildirdiyinə görə bir dəfə sənədlər təqdim olunub və yalnız həmin gün sənədlər imzalanıb. Və malı götürəndən sonra da dərhal ödəniş edib və bugünə kimi cavabdehin borcu olmayıb. Bir dəfə cavabdeh iddiaçıdan mal götürüb. İkinci aktda da imza ona məxsus olsa da göstərilən malları götürməyib. 9000 manat ödənş edib. Ümumi olaraq iddiaya etiraz edir.

5. Cavabdehə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.

6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasına cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ilə Cavabdeh arasında bağlanmış tekstil mallarının alğı-satqısına dair xx.xx.2023-cü il tarixli 05/2023 nömrəli müqavilənin:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən Bu müqavilənin predmetində müqaviləyə əlavə ediləcək razılaşma protokollarında əks etdirilən tekstil malların “Satıcı” tərəfindən “Alıcı” ya satılması, “Alıcı” tərəfindən isə həmin malların qəbul edilərək, malın dəyərinin ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsini təşkil edir.

10. Müqavilənin 2.1-ci bəndinə əsasən Tələb olunan malların xüsusiyyətləri (ölçü, miqdar və s.) Tərəflər arasında əvvəlcədən razılaşdırılır.

11. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcı mallara görə İcraçı tərəfindən təqdim edilmiş hesab - fakturalara və ya elektron qaimə - fakturalara uyğun olaraq aldığı malların dəyərini nəğd və ya köçürmə yolu ilə Satıcıya ödəyir.

12. Müqavilənin 3.2-ci bəndinə əsasən təqdim olunmuş mallarla görə aparılmış ödənişlər arasında uyğunluğun yoxlanılması məqsədilə Tərəflərin hər birinin tələbi ilə qarşılıqlı hesablaşmaların tutuşdurulması aktı tərtib oluna bilər.

13. Müqavilənin 3.3-cü bəndinə əsasən hazırkı müqaviləyə əsasən bütün ödənişlər nəğd şəkildə və ya bank köçürmə yolu ilə manatla həyata keçirilir və alınmış malın dəyəri 3 gün ərzində satıcıya ödənməlidir.

14. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli giymət razılaşdırma protokoluna əsasən 840 ədəd odeyalların cəmi dəyəri 10920 manat, xx.xx.2023-cü il tarixli giymət razılaşdırma protokoluna əsasən 800 ədəd odeyalların cəmi dəyəri 10400 manat razılaşdırılıb.

15. xx.xx.2023-cü il tarixli malların təhvil-təslim aktına əsasən 10920 manat məbləğində və xx.xx.2023-cü il tarixli akta əsasən 10400 manat dəyərində mal cavabdehə təhvil verilmiş və Aktlar hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.

16. xx.xx.2023-cü il tarixli EBDL316632 saylı e-qaiməyə əsasən İddiaçı tərəfindən 21320 manatlıq mala dair e-qaimə tərtib edilmişdir.

17. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

19. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

20. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

21. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

22. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

23. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 05 nömrəli müqavilənin 3.3-cü bəndinə əsasən cavabdeh almış olduğu mallara görə ödənişi 3 gün ərzində iddiaçıya təqdim etməlidir.

24. İşdən göründüyü kimi iddiaçı tərəf müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikləri icra edərək müvafiq malları cavabdehə təhvil vermiş, lakin, cavabdeh tərəfindən mallar qəbul edilsə də, alınmış mallara görə cəmi 9000 manat ödəniş edib, qalan malların dəyəri iddiaçıya ödənilməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin argumentlərini (birinci aktda göstərilən malları təhvil aldığını, lakin ikinci təhvil aktında imzası olsa da malları gəbul etmədiyini) tamamilə əsassız və sadəcə borcun ödənilməsindən yayınmaq məqsədi ilə verildiyi kimi giymətləndirir. Belə ki, birincisi, işin məhkəmənin icraatında olduğu dövrdə cavabdeh tərəfindən aktlarda mövcüd olan imzalar onun tərəfindən mübahisələndirilməmişdir, digər tərəfdən göründüyü ki, tərəflər öncə giymət razılaşdırma protokollarını, daha sonra təhvil-təslim aktlarını imzalayıblar. Əgər cavabdehə ikinci aktda göstərilən mallar lazım deyil idisə, o zaman həmin aktda göstərilən mallara dair giymət razılaşdırma protokolu da imzalanmazdı. Yox, əgər yalnız giymət razılaşdırma protokolu imzalanmışdırsa və cavabdehə həmin mallar verilməmişdirsə, o zaman cavabdeh iddiaçıya qarşı malların təhvil verilməsi ilə bağlı tələbi irəli sürməli idi, lakin ona dair də hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir.

25. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, təhvil-təslim aktı və elektron qaimə ilə təsdiq olunmuşdur.

26. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya təqdim edilmiş mallara görə 12320 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən 12320 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

27. Bundan başqa iddiaçı tərəfindən cavabdehə pulun qaytarılmasının gecikdirilməsinə görə cavabdehə illik beş faiz olmaqla 616 manat məbləğində borc hesablanmışdır.

28. Məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab edir və buna dair aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri bilir.

29. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

31. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə müqaviləyə əsasən may 2023cü iol tarixində mallar satıb, lakin cavabdeh bir ildən artıq müddətdir ki, həmin malların ödənişini (12320 manat) tamamlamamışdır. Buna görə də tələb edilən 616 manat məbləğində faiz borcu əsaslı hesab edilərək cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

32. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 129 manat dövlət rüsumu ödənilmişdir.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, 129 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixcli alqı-satqı müqaviləsi üzrə 12320 manat borc məbləği, illik 5% ilə hesablanan 616 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 129 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar