Məhkəmə qərarları › İş №e-2-2(113)-3641/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3641/2021

20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3641/2021 20.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Turkay Kıztaşa qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC-nin cavabdeh Turkay Kıztaşa qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2200 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 23 yanvar 2018-ci il tarixdə 2336\19 saylı Alqı-satqı Müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən, “Satıcı” (iddiaçı) istehsal və ya idxal etdiyi müxtəlif növ məhsulları satmış, “Alıcı” (cavabdeh) həmin məhsulları qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş, 2200 manat məbləğində olan müxtəlif çeşidli məhsulları iddiaçıdan alaraq onların dəyərini ödəməmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi R.Allahverdiyev iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 23 yanvar 2018-ci il tarixli 2336/19 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı (iddiaçı) sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə istehsal və ya idxal etdiyi və / və ya digər hüquqi formada ticarət predmeti olan malları alıcıya (cavabdeh) satır, alıcı isə məhsulu satıcıdan alır və müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəyir. Müqavilənin 2.7-ci bəndinə əsasən satıcı məhsulu müvafiq satış fakturası əsasında alıcıya təhvil verir, alıcı məhsulu satıcıdan nağd və ya nisyə satış qaydasında satış fakturasını imzalamaqla qəbul edir. Həmin müqavilənin tərkib hissəsi olan əlavə razılaşmada tərəflər müqavilə üzrə pul öhdəliklərinin icrası məqsədilə alıcı tərəfindən satıcıya ödənilməsi nəzərdə tutulan nağd pul vəsaitinin kassa mədaxil orderi əsasında ödənilməsini razılaşdırmışlar. Əlavə razılaşmanın 1.5-ci bəndinə əsasən kassa mədaxil orderi olmadan aparılan ödənişlər etibarsız hesab olunur. Həm müqavilə, həm də əlavə razılaşdırma hər iki tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuşdur. EAAQ 649474 nömrəli 22.02.2019-cu il tarixli elektron qaiməyə əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 618 manat, EAAQ 481634 nömrəli 18.02.2019-cu il tarixli elektron qaiməyə əsasən 634,99 manat, EAAQ 481633 nömrəli 18.02.2019-cu il tarixli elektron qaiməyə əsasən 3554,97 manat məbləğində mallar təhvil verilmişdir. 23.01.2018-ci il tarixli 2336/18 nömrəli alqı-satqı müqaviləsi üzrə 18.02.2021-ci il tarixli qarşılıqlı borcların üzləşmə aktına əsasən cavabdeh 18.02.2021-ci il tarixə iddiaçıya 2200 manat borcunun olmasını təsdiq etmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 01.04.2021-ci il tarixli 239 nömrəli borcun ödənilməsinə dair xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehdən aralarında bağlanmış müqavilə üzrə yaranmış 2200 manat borcunu 5 iş günü ərzində ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Hüquqi dəyərləndirmə: Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 23 yanvar 2018-ci il tarixli 2336/19 saylı tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Nəticə: Beləliklə, işin hallarından müəyyən olunur ki, tərəflər arasında 23 yanvar 2018-ci il tarixli 2336/19 saylı alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək müqavilə üzrə 2200 manat borcu yaranmışdır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 2200 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 2200 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Turkay Kıztaşdan 2200 (iki min iki yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar