Məhkəmə qərarları › İş №e-2-2(113)-3643/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3643/2023

19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3643/2023 19.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Binyamin oğlunun katibliyi, İddiaçı, nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 2495 manat əsas, 449,10 manat ƏDV olmaqla cəmi 2944,10 manat məbləğində pulun, həmçinin 70 manat mediasiyaya xərci və 200 manat vəkilə hüquqi yardım üçün edilmiş ödənişin tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb. İddia ərizəsi belə əsaslandırılmışdır ki, nümayəndəsi və vəkili olduğum fərdi sahibkar İddiaçı (SATİCİ) sizinlə bağladığı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən dəyərini sonradan ödəmək şərtilə SATİCİ tərəfindən bu müqavilənin əlavəsində göstərilən malların ALİCİ-nın sifarişi əsasında sonuncuya satmış və xidmətləri ALİCİ-ya göstərmiş, ALİCİ tərəfindən isə əvəzində bu müqavilədə nəzərdə tutulmuş mallarını məbləğini ödəmək öhdəliyi götürülmüş, dəfələrlə şifahi qaydada xəbərdar etməyimizə baxmayaraq, tərəfinizdən hal-hazıradək xx.xx.2022-ci il tarixə görülən işə görə 2495 manat dəyərində əsas borc və 449,10 manat ƏDV borcu ödənilməmişdir. Cavabdehə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdarlıq (pretenziya) məktubu göndərsək də cavabdeh həmin pulun iddiaçı şirkətə ödənməsindən imtina etdiyindən bizim həmin pulun məhkəmə qaydasında alınması xahişi ilə məhkəməyə müraciət etmək zərurətimiz yaranıb. 6. ALİCİ aşağıdakıları öz öhdəsinə götürür. Bu Müqaviləyə uygun müddətdə və qaydada ( Malı və EQ-ni təhvil aldıqdan) 30 gün ərzində ödənişi həyata keçirəcək. SATİCİ müqaviləyə əsasən bütün işləri yerinə yetirsə də və Elektron Qaimə əsasında təhvil versə də, ALİCİ müqaviləyə əsasən işi təhvil alsa da ödəniş etmiyib. Fərdi qaydada fəaliyyət göstərən fiziki şəxs Online Kargüzarlıq İddiaçı E-QAİMƏ-sindən görünür ki, malların (işlərin, xidmətlərin) təqdim edilməsinə dair elektron qaimə xx.xx.2022-ci il saat 15:58 tarixində Cavabdeh MMC-nin vergi kabinetinə göndərilib və məhz sistem yox özləri tərəfindən təsdiq olunub, bu barədə sənədlər iddia ərizəsinə əlavə olunur. Bundan da görünür cavabdeh hüquqi şəxs malların (işlərin, xidmətlərin) təqdim edilməsinə dair elektron qaiməni təsdiq etməklə qəbul edib. 8. Bu Müqavilə üzrə bütün mübahisələr danışıqlar yolu ilə həll edilir. Razılıq əldə edilmədikdə mübahisələr Azərbaycan Respublikasının məhkəmə orqanlarında həll edilir. Tətbiq edilən hüquq - Azərbaycan Respublikasının mülki hüququdur. Yuxarıdakı müqavilə əsasında SATİCİ üzərinə düşən müqavilə uygun olan bütün işi yerinə yetirsə də, ALİCİ müqaviləyə əsasən işi təhvil alsa da hec bir ödəniş etmədən müqavilənin şərtlərini pozub və tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilməyə cəhd göstərsə də, Alıcı ilə heç bir razılığa gəlib çıxılmayıb. Qarşılıqlı razılıqla həll edilmədi deyə mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan Qanunvericiliyinə müvafiq olaraq aidiyyatı məhkəmələrdə yolu ilə həll ediləcək. Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermişlər və əlavə olaraq bildirmişlər ki, tərəflərin arasında müqavilə imzalandan sonra 2021-ci ildə bir neçə dəfə cavabdehə ehtiyyat hissərinin satışı və təmir işləri ilə bağlı xidmətlərin göstərildiyini, Cavabdeh MMC tərəfindən elektron qaimələrə əsasən ödənişlərin etdiyini, təhvil-təslim aktlarının isə ümumiyyətlə tələb edilmədiyini, hətta sistem tərəfindən təsdiq edilən bir neçə elektron qaimələr üzrə ödənişlərin aparıldığını bildirərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında cəmiyyətin rəhbərliyinin 2021-ci ilin ikinci yarısında dəyişdiyini, elektron qaimənin isə 2022-ci ilin yanvar ayında tərtib edildiyini, lakin görülən işlərin təhvil-təslim aktla təhvil verilmədiyini bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli 01 nömrəli İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış müqavilənin 1-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə satıcı tərəfindən bu müqavilənin əlavəsində göstərilən malların alıcının sifarişləri əsasında sonuncuya satılması və xidmətlərin alıcıya göstərilməsi, alıcı tərəfindən isə əvəzində bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə təhvil alınmış malların məbləğinin ödənilməsi müqavilənin predmetini təşkil edir. Müqavilənin 6-cı bəndinə əsasən alıcı aşağıdakıları öz öhdəsinə götürür: Bu Müqaviləyə uygun müddətdə və qaydada ( Malı və EQ-ni təhvil aldıqdan) 30 gün ərzində ödənişi həyata keçirəcək. xx.xx.2022-ci il tarixli EBBP seriyalı 142909 nömrəli elektron qaimədən görünür ki, İddiaçı Cavabdeh MMC-yə 2495 manat, 449,10 manat ƏDV, cəmi 2944,10 manat məbləğində görülmüş işləri təhvil vermişdir. Vergi sistemindən əldə edilmiş məlumatlardan görünür ki, 2021-ci ildə İddiaçı tərəfindən təqdim edilən 12 elektron qaimədən 6-sı Cavabdeh MMC tərəfindən, 6-sı isə sistem tərəfindən təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixli 12174 nömrəli qəbzdən görünür ki, İddiaçı 200 manat vəkilə hüquqi yardım üçün ödəmişdir. xx.xx.2023-cü il tarixli MŞB/2-02683 nömrəli qəbzdən görünür ki, İddiaçı 70 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə müqaviləsi bağlanmış, İddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirsə də, Cavabdeh MMC xx.xx.2022-ci il tarixli EBBP seriyalı 142909 nömrəli elektron qaimə ilə bağlı ƏDV daxil 2944,10 manat məbləğində borcu ödəməmişdir. Məhkəmə hesab edir ki, tələb əsaslıdır və təmin edilməlidir, belə ki, tərəflərin arasında əvvəllər davamlı münasibətləri olmuş, təkçə 2021-ci ildə İddiaçı Cavabdeh MMCyə 12 elektron qaimə (onlardan 6-sı Cavabdeh MMC tərəfindən, 6-sı isə sistem tərəfindən təsdiq edilmişdir) göndərmiş və cavabdeh tərəfindən heç bir təhvil-təslim aktı tələb edilmədən, hətta sistem tərəfindən təsdiq edilmiş elektron qaimələr üzrə ödənişlər aparılmışdır, sayca 13-cü elektron qaimə (xx.xx.2022-ci il tarixli EBBP seriyalı 142909 nömrəli cavabdeh tərəfindən təsdiq edilən) üzrə isə təhvil-təslim aktı olmaması əsası ilə ödəniş aparılmamışdır. Göründüyü kimi tərəflərin arasında davamlı münasibətlər olmuş İddiaçı Cavabdeh MMC-yə elektron qaimələr təqdim etmiş, sonuncu isə təhvil-təslim aktları tələb etmədən həmin qaimələrdə göstərilən borcları iddiaçıya ödəmiş, analoji qaydada təqdim edilmiş və cavabdeh tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli EBBP seriyalı 142909 nömrəli elektron qaimə üzrə ödəniş aparılmamışdır. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən ƏDV daxil 2944,10 manat borc, 70 manat mediasiyaya xərci və hüquqi yardım üçün ödənilmiş 200 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 2944,10 manat borc, 70 manat mediasiyaya xərci və hüquqi yardım üçün ödənilmiş 200 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar