Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3644/2022 26.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Xankişiyev Tariyel İfrahil oğlunun iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “icbari sığorta müqavilələri üzrə komisyon muzdun ödənilməsi” tələbinə dair ilkin iddiası, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin X2 qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Sığorta Kommmersiya şirkətinin 2 saylı filialı ilə bağlanmış xx.xx.2020-ci il tarixli 4 saylı və Nizami filialı ilə bağlanmış xx.xx.2021-ci il tarixli 10 saylı vasitəçilik xidmətinin göstərilməsi ilə əlaqədar sığorta agenti ilə bağlanılan tapşırıq müqavilələrinə əsasən cavabdehdən 12.957,76 (on iki min doqquz yüz əlli yeddi manat, yetmiş altı) manat komisyon muzd borcunun, Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-2022-ci illər üzrə uçot faiz dərəcəsinə uyğun hesablanmaqla komisyon muzd borcunun gecikdirmə faizinin, Bakı 4 saylı Mediasiya təşkilatının hesabına köçürülmüş 200 manat haqqının, vəkilə ödənilən 500 manat məbləğində hüquqi yardım haqqının, 128.87 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verimiş xx.xx.2018-ci il tarixli SA-0072 nömrəli lisenziya əsasında sığorta agenti fəaliyyəti göstərir. Peşə fəaliyyəti müqavilə üzrə sığorta şirkətlərinin adından fiziki və hüquqi şəxslərə icbari və könüllü sığorta müqavilələrinin təşkil üzrə vasitəçilik xidməti göstərməkdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommmersiya şirkətinin (bundan sonra Dövlət Sığorta Kommmersiya şirkəti) Bakı şəhərində yerləşən 2 saylı filialı ilə bağlanmış xx.xx.2020-ci il tarixli 4 saylı vasitəçilik xidmətinin göstərilməsi ilə əlaqədar sığorta agenti ilə bağlanılan tapşırıq müqaviləsinə, Dövlət Sığorta Kommmersiya şirkətinin Bakı şəhərində yerləşən Nizami filialı ilə bağlanmış xx.xx.2021-ci il tarixli 10 saylı vasitəçilik xidmətinin göstərilməsi ilə əlaqədar sığorta agenti ilə bağlanılan tapşırıq müqaviləsinə əsasən, sığorta agenti olaraq Azərbaycan Respublikası qanunvericiliyinə və müqavilə şərtlərinə uyğun olaraq sığortaçıya təşviq xidməti göstərməyi, sığortaçı isə bu xidmət müqabilində müqavilə ilə müəyyən edilmiş qaydada sığorta agentinə komisyon muzd məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Dövlət Sığorta Kommmersiya şirkətinin 2 saylı filialı və Nizami filialı ilə bağlanmış müqavilələrə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyətinin icbari sığortası üzrə vasitəçilik xidmətləri göstərmişdir. Həmçinin tapşırıq müqavilələrinə 1 saylı Əlavəyə əsasən sığorta agentlərinə daxil olmuş sığorta haqqlarından ödənilən komisyon muzdun faiz dərəcəsi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 15% faiz müəyyən olunmuşdur. Dövlət Sığorta Kommmersiya şirkətinin Nizami filialına 531 (beş yüz otuz bir) ədəd müqavilənin bağlanması üzrə vasitəçilik xidməti göstərmişdir. Həmin sayda müqavilələr üzrə 40 597,75 (qırx min beş yüz doxsan yeddi manat, yetmiş beş qəpik) manat sığorta haqqı toplanmışdır. Toplanmış sığorta haqqından ödnilməli olan muzd 6089,66 (altı min səksən doqquz manat, altmış altı) manat təşkil edirdi, həmin məbləğin 4444,83 (dörd min dörd yüz qırx dörd manat, səksən üç) manatı ödənilmiş, 1644,83 (bir min altı yüz qırx dörd manat, səksən üç) manatı ödənilməmişdir. Dövlət Sığorta Kommmersiya şirkətinin 2 saylı filialına 20.471 (iyirmi min dörd yüz yetmiş bir) ədəd müqavilənin bağlanması üzrə vasitəçilik xidməti göstərmişdir. Həmin sayda müqavilələr üzrə 1.242.482,50 (bir milyon iki yüz qırx iki min dörd yüz səksən iki manat, əlli qəpik) manat sığorta haqqı toplanmışdır. Toplanmış sığorta haqqından ödnilməli olan muzd 186.372,38 (bir yüz səksən altı min üç yüz yetmiş iki manat, otuz səkkiz) manat təşkil edirdi, həmin məbləğin 175.059,45 (bir yüz yetmiş beş min əlli doqquz manat, qırx beş qəpik) manatı ödənilmiş, 11.312,93 (on bir min üç yüz on iki manat, doxsan üç) manatı ödənilməmişdir. Beləliklə Dövlət Sığorta Kommmersiya şirkətinin icbari sığorta müqavilələrinin bağlanması üzrə vasitəçilik xidmətinin göstərilməsinə görə ümumilikdə (1644,83+11.312,93 = 12.957,76) 12.957,76 (on iki min doqquz yüz əlli yeddi manat, yetmiş altı) manat komisyon muzd borcu vardır. Dəfələrlə cavabdehdən ödənilməli olan 12.957,76 manat komisyon muzd borcunun ödənilməsini tələb etsə də, muzd borcu ödənilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Bakı şəhər 2 saylı filial direktoru X1 ilə bağlanmış xx.xx.2020-ci il tarixli 4 saylı vasitəçilik xidmətinin göstərilməsi ilə əlaqədar sığorta agenti ilə bağlanan tapşırıq müqaviləsi və Nizami rayon filial direktoru X3 arasında bağlanılmış 10 saylı vasitəçilik xidmətinin göstərilməsi ilə əlaqədar sığorta agenti ilə bağlanan tapşırıq müqaviləsinin etibarsız hesab edilməsini, qarşılıqlı iddia ərizəsinin verilməsi ilə əlaqədar 100,40 (bir yüz manat, qırx qəpik) məbləğində ödənilmiş dövlət rüsumunun və 6 saylı Mediyasiya Təşkilatının hesabına köçürülmüş 50,00 (əlli manat) məbləğində haqq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin hesabına ödənilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ümumiyyətlə hüquqi şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada müəyyən istehsal, təsərrüfat, mədəni-maarif və s məqsədlərə nail olmaq üçün təsis edilir. Hüquqi şəxsin əsasını onun nizamnaməsi və əsasnaməsi təşkil edir. Hüquqi şəxsin nizamnaməsində və əsasnaməsində digər göstəricilərlə yanaşı, onun fəaliyyət məqsədi də göstərilir. Hüquqi şəxs nizamnaməsində və ya əsasnaməsində müəyyəndirilmiş fəaliyyət məqsədinə uyğun hərəkət edə və əqdlər bağlaya bilər. Hüquqi şəxs öz nizamnaməsində və ya əsasnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olaraq bağladığı əqd Mülki Məcəllədə nəzərdə tutulmuş qaydada etibarsız hesab edilir. Əqd isə mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş hərəkətdir. Göstərilən nəticələri doğurması üçün əqd qanuni olmalıdır. Əqdin qanuni olması onun Mülki Məcəllədə, habelə qanunlarda və qanun qüvvəli aktlarda əqdlərin bağlanılması üçün müəyyən olunmuş zəruri tələblərə cavab verməsini nəzərdə tutur. Bu tələblər əqdin bütün ünsürlərinə (subyekt, obyekt, forma, məzmun) münasibətdə müəyyən olunmuşdur. Əqdin etibarsızlığı onu nəzərdə tutur ki, əqd kimi yerinə yetirilən hərəkət hüquqi fakt kimi qiymətləndirilmədiyinə görə həmin hərəkəti yerinə yetirən şəxsin nəzərdə tutduğu mülki-hüquq nəticəni doğurmağa qadir deyildir. İddiaçı tərəfindən iş üzrə materiallara əlavə edilmiş vasitəçilik xidmətinin göstərilməsi ilə əlaqədar sığorta agenti ilə bağlanan 10 saylı və 4 saylı Tapşırıq Müqavilələrindən göründüyü kimi 10 saylı müqavilə Dövlət Sığorta Kommersiya Şirkətinin Nizami Rayon filialının direktoru E.Qasımov tərəfindən və 4 saylı müqavilə isə Dövlət Sığorta Kommersiya Şirkətinin Bakı şəhər 2 saylı filialının direktoru İ.Z.Sərdarov tərəfindən imzalanmışdır. Lakin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xx.xx.1994-cü il tarixdə təsdiqlənmiş Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti haqqında Əsasnamədən və Şirkətin sədri tərəfindən xx.xx.2008-ci il tarixli qərarla təsdiqlənmiş Şirkətin Baş filial və filialları haqqında əsasnamədən göründüyü kimi filial rəhbərləri yalnız şirkət adından hüquqi və fiziki şəxslərlə icbari ve könüllü növləri üzrə sığorta müqavilələri bağlanılması və müqavilələr üzrə tədiyələri qəbul edilməsi qeyd edilmiş, filial rəhbərləri tərəfindən sığorta agentləri ilə vasitəçilik xidmətinin göstərilməsi ilə əlaqədar sığorta agenti ilə tapşırıq müqavilələrinin bağlanılması nəzərdə tutulmamışdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi hər iki vasitəçilik xidmətinin göstərilməsi haqqında müqavilə yuxarıda qeyd edilən filial rəhbərləri tərəfindən hüquqi şəxsin hüquq qabiliyyətindən çıxmaqla yəni səlahiyyətlərini aşmaqla imzalanmışdır. Xüsusilə nəzərinizə çatdırıram ki, iddiaçı elektron məhkəmə informasiya sisteminə xx.xx.2021-ci il tarixli, 10 saylı vasitəçilik xidmətinin göstərilməsi ilə əlaqədar tapşırıq müqaviləsini iddia ərizəsi təqdim edərkən əlavə etmiş, lakin iddia ərizəsində qeyd etdiyi xx.xx.2020-ci il tarixli, 4 saylı Vasitəçilik xidmətinin göstərilməsi ilə əlaqədar sığorta agenti ilə tapşırıq müqaviləsini elektron informasiya sisteminə xx.xx.2022-ci il tarixdə əlavə etmişdir. Daha sonra iddiaçı iddia tələbinin artırılmasına dair ərizə verərək, Dövlət Sığorta Kommmersiya şirkətinin 2 saylı filialı ilə bağlanmış xx.xx.2020-ci il tarixli 4 saylı və Nizami filialı ilə bağlanmış xx.xx.2021-ci il tarixli 10 saylı Vasitəçilik xidmətinin göstərilməsi ilə əlaqədar Sığorta agenti ilə bağlanılan tapşırıq müqavilələrinə əsasən cavabdehdən 13.632,37 (on üç minaltı yüz otuz iki manat, otuz yeddi qəpik) manat komisyon muzd borcunun, Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-2022-ci illər üzrə uçot faiz dərəcəsinə uyğun hesablanmaqla komisyon muzd borcunun gecikdirmə faizinin, Bakı 4 saylı Mediasiya Təşkilatının hesabına köçürülən 200 manat haqqın, hüquqların müdafiəsi üçün vəkilə ödənilən 500 manat məbləğində hüquqi yardım haqqının, məhkəməyə ödənilən 131 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmiş, qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd etmişdir ki, İddiaçı ilə Dövlət Sığorta Kommmersiya şirkətinin 2 saylı filialı ilə xx.xx.2020-ci il tarixli 4 saylı və Nizami filialı ilə bağlanmış xx.xx.2021-ci il tarixli 10 saylı vasitəçilik xidmətinin göstərilməsi ilə əlaqədar sğorta agenti ilə bağlanılan tapşırıq müqavilələrinə əsasən sığirta agenti fəaliyyətini həyata keçirən İddiaçı xx.xx.2020-ci il tarixindən məhkəməyə iddia verilənədək ödəniş cavabdeh şirkətə məxsus ********** saylı VÖEN-ə e-qaimələr göndərilmiş, həmin qəimələrdə xidmətin göstərilməsinə əsas olan Dövlət Sığorta Kommmersiya şirkətinin 2 saylı filialı ilə bağlanmış xx.xx.2020-ci il tarixli 4 saylı və Nizami filialı ilə bağlanmış xx.xx.2021-ci il tarixli 10 saylı Vasitəçilik xidmətinin göstərilməsi ilə əlaqədar sığorta agenti ilə bağlanılan tapşırıq müqavilələri qeyd edilmişdir. İddiaçı göndərdiyi e-qaimələr sistem tərəfindən təsdiq edilmiş və həmin e-qaimələr əsasında cavabdeh şirkətin hesabından İddiaçı hesabına müvafiq ödənişlər edilmişdir. Cavabdeh tərəfindən 4000 manat daha ödənilmişdir.Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin, İddiaçı ilə Dövlət Sığorta Kommmersiya şirkətinin 2 saylı filialı ilə arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4 saylı və Nizami filialı ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli 10 saylı vasitəçilik xidmətinin göstərilməsi ilə əlaqədar sığorta agenti ilə bağlanılan tapşırıq müqavilələrinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası əsassızdır. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiçının nümayəndəsi qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın rədd qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia qismən təmin, qarşılıqlı iddia rədd edilməlidir. İş materiallarında olan: İddiaçı ilə Dövlət Sığorta Kommmersiya şirkətinin Nizami filialı ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli 10 saylı vasitəçilik xidmətinin göstərilməsi ilə əlaqədar sığorta agenti ilə bağlanılan tapşırıq müqaviləsinə əsasən bu müqavilə ilə sığorta agenti Azərbaycan Respublikası qanunvericiliyinə və müqavilə şərtlərinə uyğun olaraq sığortaçıya təşviq xidməti göstərməyi, sığortaçı isə bu xidmət müqabilində müqavilə ilə müəyyən edilmiş qaydada sığorta agentinə komission muzdu məbləğini ödəməyi öhdəsinə götürür. Vasitəçilik xidmətinin göstərilməsi ilə əlaqədar sığorta agenti ilə bağlanılan tapşırıq müqaviləsinə 1 saylı əlavədə Dövlət Sığorta Kommmersiya şirkətinin Nizami filialı ilə İddiaçı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta agentlərinə daxil olmuş sığorta haqqlarından ödənilən komisyon muzdun faiz dərəcəsinin maksimum həddinin 15 faiz olması razılaşdırılmışdır. İddiaçı ilə Dövlət Sığorta Kommmersiya şirkətinin 2 saylı filialı ilə arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4 saylı vasitəçilik xidmətinin göstərilməsi ilə əlaqədar Sığorta agenti ilə bağlanılan tapşırıq müqaviləsinə əsasən bu müqavilə ilə sığorta agenti Azərbaycan Respublikası qangnvericiliyinə və müqavilə şərtlərinə uyğun olaraq sığortaçıya təşviq xidməti göstərməyi, sığortaçı isə bu xidmət müqabilində müqavilə ilə müəyyən edilmiş qaydada sığorta agentinə komission muzdu məbləğini ödəməyi öhdəsinə götürür. İcbari Sığorta Bürosu tərəfindən verilmiş vəkil sorğusuna cavab məktubunda xx.xx.2020-ci il tarixindən xx.xx.2021 tarixinədək sığorta agenti İddiaçı tərəfindən Dövlət Sığorta Kommmersiya şirkəti adına “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 21.101 ədəd sığorta müqaviləsi imzalanmış, 1.288.155,25 manat sığorta haqqı toplanmışdır. İddiaçı məxsus bank hesabından çıxarışdan məlum olur ki, xx.xx.2020-xx.xx.2022 tarixləri arasında qeyd olunan hesaba müxtəlif tarixlərdə Dövlət Sığorta Kommmersiya şirkəti tərəfindən pul köçürülmüşdür. Vəkil Nümayəndə tərəfindən Dövlət Sığorta Kommmersiya şirkətinə şirkətin 2 saylı filialı ilə bağlanmış xx.xx.2020 tarixli 4 saylı “vasitəçilik xidmətinin göstərilməsi haqqında sığorta agenti ilə bağlanmış tapşırıq müqaviləsinin surətinin təqdim edilməsi xahiş edilmiş, qeyd olunan sorğuya verilmiş xx.xx.2022 tarixli 08/01-189 saylı cavab məktubunda qeyd olunan tapşırıq müqaviləsinin aşkar olunmadığı bildirilmişdir. EBAT seriyalı 458475 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 8.601 manat, EBAT seriyalı 458621 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 7.269 manat, EBAT seriyalı 459662 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 7.438 manat, EBAT seriyalı 459789 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 8.101 manat, EBBL seriyalı 425868 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 973,95 manat, EBBJ seriyalı 138795 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 464,25 manat, EBAP seriyalı 810171 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 7.477,53 manat İddiaçı tərəfindən Dövlət Sığorta Kommmersiya Şirkətinə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Dövlət Sığorta Kommmersiya Şirkəti tərəfindən İddiaçı hesabına təyinatı və əsası agent mükafatı olaraq 1000 manat köçürülmüşdür. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Dövlət Sığorta Kommmersiya Şirkəti tərəfindən İddiaçı hesabına təyinatı və əsası agent mükafatı olaraq 3000 manat köçürülmüşdür. İcbari Sığorta Bürosu tərəfindən məhkəmənin müraciəti əsasında ünvanlanmış məktubda xx.xx.2020-ci il tarixindən xx.xx.2021 tarixinədək sığorta agenti İddiaçı tərəfindən “Azərsığorta “ ASC - nin (Azərbaycan Respublikası Dövlət Sığorta Kommmersiya şirkəti) adına “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 21.101 ədəd sığorta müqaviləsi bağlanması bildirilmişdir. İddiaçı ilə Nümayəndə arasında imzalanmış 9 iyun 2022-ci il tarixli 74 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən 500 manat məbləğində hüquqi yardım haqqı tərəflər arasında razılaşdırılmış, həmin məbləğ hesaba ödənilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən 129 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən 2 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və cavabdeh Dövlət Sığorta Kommmersiya Şirkətinin filialları arasında vasitəçilik xidmətinin göstərilməsi ilə əlaqədar müqavilələr imzalanmış, iddiaçı (ilkin iddia üzrə) müqavilədə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirsə də, cavabdeh (ilkin iddia üzrə) müqavilə öhdəliklərini tam olaraq icra etməmiş, müqavilədə razılaşdırılmış komission muzdunu ödəməmişdir. Hazırda ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh komisyon muzd borcunun ödənilməsini, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı tərəflər arasında imzalanmış müqavilələrin etibarsız hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 937.1-ci maddəsinə əsasən sığorta (təkrarsığorta) müqaviləsi tərəflər arasında həm birbaşa, həm də sığorta vasitəçilərinin - sığorta agentlərinin və ya sığorta brokerlərinin xidmətindən istifadə etməklə bağlana bilər. Aqrar sığorta müqaviləsi “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vasitəçi aqrar sığortaçıların xidmətindən istifadə etməklə bağlanır. 938.1-ci maddəyə əsasən sığorta müqaviləsi sığorta agenti vasitəsilə bağlandıqda sığorta agenti müqaviləni həmin sığortaçının adından yalnız onun yazılı qaydada verdiyi səlahiyyət əsasında imzalaya bilər. 777.1-ci maddəyə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı (ilkin iddia üzrə) müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də ilkin iddia üzrə cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə ilkin iddia üzrə cavabdehin ilkin iddia üzrə iddiaçıya göstərilmiş xidmətin dəyərinin ödənilməsi üzrə borcu yaranmışdır. Belə olan halda məhkəmə cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, iş materiallarında olan tərəflər arasında imzalanmış müqavilə eləcə də iddiaçı tərəfindən cavabdehə ödənilməsi üçün təqdim edilmiş elektron qaimələr iddia tələbinin əsaslı olduğunu sübuta yetirir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda ilkin iddia üzrə cavabdeh müqavilənin şərtlərinə əsasən göstərilmiş xidmətin dəyərini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə ilkin iddia üzrə iddiaçının qarşı tərəfdən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, tələb olunan məbləğdən 4000 manatın ilkin iddia üzrə cavabdeh tərəfindən 2020-ci ilin avqust ayında ödənilməsini nəzərə alaraq hesab edir ki, ilkin iddia üzrə cavabdehdən 9362,37 manat məbləğində pul vəsaiti tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. Eyni zamanda ilkin iddia üzrə iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-2022-ci illər üzrə uçot faiz dərəcəsinə uyğun hesablanmaqla komisyon muzd borcunun gecikdirmə faizinin ödənilməsini də tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehdən tutulmalı olan məbləği konkret olaraq qeyd etməmiş, iddia tələbini qeyd olunan hissədə əsaslandırmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti İddiaçı ilə Bakı şəhər 2 saylı filial direktoru X1 ilə bağlanmış xx.xx.2020-ci il tarixli 4 saylı vasitəçilik xidmətinin göstərilməsi ilə əlaqədar sığorta agenti ilə bağlanan tapşırıq müqaviləsi və Nizami rayon filial direktoru X3 arasında bağlanılmış 10 saylı vasitəçilik xidmətinin göstərilməsi ilə əlaqədar sığorta agenti ilə bağlanan tapşırıq müqaviləsinin filial rəhbərləri tərəfindən belə bir müqavilə bağlamaq səlahiyyətləri olmamaqla bağlandığını əsas gətirərək etibarsız hesab edilməsini tələb etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki Məcəllənin 350-ci maddəsinə əsasən əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Mülki Məcəllənin 351.3-cü maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Mülki Məcəllənin 351.5-ci maddəsinə əsasən təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Məhkəmə araşdırması zamanı qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən mübahisələndirilən müqavilələr üzrə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən qarşılıqlı iddia üzrə cavabdehin hesabına təyinatı və əsası sığorta agent mükafatı olaraq ödəniş edilmiş və bununla bağlı sənəd Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi tərəfindən təqdim edilmişdir. Məhkəmə hesab edir ki, nə qədər ki Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti İddiaçı sığorta agenti qəbul edərək sonuncu tərəfindən sığorta agenti olaraq “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqavilələri üzrə komission muzdu sonuncunun hesabına ödəmişdir, bununla da filiallarla bağlanmış əqdləri təsdiqləmiş və nəticədə əqdin etibarsılığı ilə bağlı mübahisə etmək hüququnu itirmişdir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının filialın səlahiyyətlərini aşaraq sığorta agenti ilə müqavilə bağlanması ilə bağlı əsaslandırmasına münasibətdə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı işin yuxarıda sadalanan hallarından müəyyən edildiyi kimi fillial tərəfindən bağlanmış əqdlər üzrə ödənişlər etmiş, bu hərəkətləri ilə onu təmsil edən filial tərəfindən bağlanmış əqdləri bəyəndiyini nümayiş etdirərək nəticədə həmin əqdlər üzrə bağlandığı andan mülki hüquq və vəzifələri yaranmışdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 200 manat mediasiya haqqı və 131 manat dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən ilkin iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 500 manat Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutulmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti qarşılıqlı iddia ərizəsində 100,40 (bir yüz manat, qırx qəpik) məbləğində ödənilmiş dövlət rüsumunun və 50,00 (əlli manat) məbləğində mediasiya xərcinin ödənilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbi təmin edilmədiyindən qeyd olunan ödənişlər qarşılıqlı iddia üzrə cavabdehin özünə aid edilməlidir. Beləliklə məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, ilkin iddia qismən təmin edilməli,Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 9.362,37 manat komisyon muzdu və hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 500 manat , 200 manat mediasiya xərci və 131 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı,ilkin iddia qalan hissədə təmin edilməməli,qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq,məhkəmə QƏT ETDİ İlkin iddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 9.362,37 manat komisyon muzdu və hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 500 manat , 200 manat mediasiya xərci və 131 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi rədd edilsin. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilmiş 100,40 (bir yüz manat, qırx qəpik) məbləğində dövlət rüsumu və 50,00 (əlli manat) məbləğində mediasiya xərci Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3644/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3644/2022
26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver