Məhkəmə qərarları › İş №e-2-2(113)-3647/2022

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3647/2022

05.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3647/2022 05.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı cavabdehdən 2182,92 manat borc məbləği, 60 manat ilkin mediasiya sessiyası üzrə ödənilən məbləğ və hüquqi xidmət üzrə vəkilə ödənilən məbləğ 110 manat olmaqla, cəmi 2352,92 manatın tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qiyabi qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 2182,92 manat borc məbləği, 60 manat ilkin mediasiya sessiyası üzrə ödənilən məbləğ və hüquqi xidmət üzrə vəkilə ödənilən məbləğ 110 manat olmaqla, cəmi 2352,92 manatın tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 19 oktyabr 2018-ci il tarixində, iddiaçı ilə cavabdeh arasında, Distribütora məxsus malların Diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən 001174 saylı Diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Dilerə, özünə məxsus olan malları təklif edir. Bunun əsasında, Diler tərəfindən tərəflərin müqaviləyə və Distribütora məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq həmin mallar üzrə satış həyata keçirir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapacaq. Lakin, Dilerin Distribütordan aldığı mala görə borcu yaranmışdır. Belə ki, 01 may 2021-ci il tarixdə tərəflər arasında imzalanmış üzləşdirmə aktının məzmunundan görünür ki, 30 aprel 2021-ci il tarixinə cavabdehin iddiaçıya borcu 2282,92 manat təşkil edir. Həmçinin aktın məzmunundan aydın olur ki, diler yaranmış borcu iddiaçının ilk yazılı tələbi ilə geri qaytarmalıdır. xx.xx.2022-ci il tarixli, 59 saylı maliyyə arayışına əsasən borclu şəxs xx.xx.2021-ci il tarixində etmiş olduğu 100 manat məbləğində sonuncu ödənişdən sonra iddiaçıya olan borcu 2182,92 manat təşkil edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 238 və 241-ci maddələrinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı isə buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil işə qiyabi icraat qaydasında baxılmasına yazılı formada razı olduğunu bildirmişdir. Məhkəmənin qərardadı ilə, işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 1174 saylı Diler müqaviləsinin surətindən görünür ki, Distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Dilerə, özünə məxsus olan malları təklif etməyi, Diler isə tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirməyi öhdələrinə götürmüşlər. xx.xx.2022-ci il tarixli Üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya olan borcu 2182,92 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli 59 saylı Maliyyə arayışından görünür ki, cavabdeh ilə iddiaçı arasında 1174 saylı xx.xx.2018-ci il tarixli Diler Müqaviləsi bağlanmışdır. Son ödəniş xx.xx.2021-ci il tarixində 100 manat olmuş, cavabdeh tərəfindən iddiaçıya olan borc 2182.92 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edərək, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 1174 saylı Diler müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə uyğun olaraq Distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Dilerə, özünə məxsus olan malları təklif etməyi, Diler isə tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirməyi öhdələrinə götürmüşlər. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, lakin cavabdeh yerinə yetirməmiş, nəticədə cavabdehin iddiaçıya 2182,92 manat məbləğində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 1174 saylı Diler müqaviləsinə və xx.xx.2022-ci il tarixli Üzləşmə aktına əsasən 2182,92 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 855558 saylı elektron qaimədən və xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə “Sirius” vəkil bürosunun hesabına 110 manat ödənilmişdir. Məhkəmə vəkilin göstərdiyi yardıma görə ödənilmiş 110 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241, 242, 244, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2182,92 manat borc məbləği, 60 manat ilkin mediasiya sessiyası üzrə ödənilən məbləğ və hüquqi xidmət üzrə vəkilə ödənilən məbləğ 110 manat olmaqla, cəmi 2352,92 manat tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar