Məhkəmə qərarları › İş №e-2-2(113)-3648/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3648/2022

09.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3648/2022 09.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdehnə (MMC) qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasnda bağlanmış müqavilələr üzrə 8201 manat əsas borc, 5222 manat cərimə və 30,57 manat mediasiya xərci olmaqla, ümumilikdə 13553,57 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “X1" QSC və İddiaçı MMC arasında bağlanan 03 iyun 2020-ci il tarixli, BCE 11-05/12-20 №-li müqavilə əsasında cavabdeh şirkətə 3622,6 manat dəyərində, 11 dekabr 2020-ci il tarixli № BCE 11-03/12-20 saylı müqavilə əsasında 2371,80 manat dəyərində və 11 dekabr 2020-ci il tarixli № BCE 11-08/12-20 saylı müqavilə əsasında 2206,6 manat dəyərində olan, müxtəlif növ kompüter avadanlığı satılmışdır. Qeyd edilən müqavilələr əsasında satılan və ümumilikdə 8201 manat dəyərinə olan kompüter avadanlığına görə İddiaçı QSC-yə zamanında ödəniş aparılması cavabdeh tərəfindən təmin edilməmişdir. Tərəflər arasında bağlanan alqı-satqı müqavilələrinin 1-ci maddəsinin 1.1-ci bəndinin tələblərinə əsasən, alıcı ödəmənin hər bir gecikdirilmiş günü üçün vaxtında ödənilməmiş məbləğin 0,1%-i qədərində cərimə ödənilməsini öz öhdəsinə götürmüşdür. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə etdiyini və iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək, iddanın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: 03 iyun 2020-ci il tarixli №BCE 11-05/12-20 saylı müqaviləyə əsasən ümumi məbləği 3622,6 manat olan malları satıcı - İddiaçı QSC sifarişçi - “X1" MMC-nin ünvanına çatdırılmasını öz öhdəsinə götürmüşdür; 03 iyun 2020-ci il tarixli №BCE 11-05/12-20 saylı hesab-fakturaya əsasən ümumi məbləği 2206,6 manat olan mallar cavabdehə təqdim olunmuşdur; 11 dekabr 2020-ci il tarixli №BCE 11-03/12-20 saylı müqaviləyə əsasən ümumi məbləği 2371,8 manat olan malları satıcı - İddiaçı QSC sifarişçi - “X1" MMC-nin ünvanına çatdırılmasını öz öhdəsinə götürmüşdür; 11 dekabr 2020-ci il tarixli №BCE 11-04/12-20 saylı hesab-fakturaya əsasən ümumi məbləği 2371,8 manat olan mallar cavabdehə təqdim olunmuşdur; 11 dekabr 2020-ci il tarixli №BCE 11-07/12-20 saylı müqaviləyə əsasən ümumi məbləği 2206,6 manat olan malları satıcı - İddiaçı QSC sifarişçi - “X1" MMC-nin ünvanına çatdırılmasını öz öhdəsinə götürmüşdür. 11 dekabr 2020-ci il tarixli №BCE 11-08/12-20 saylı hesab-fakturaya əsasən ümumi məbləği 2206,6 manat olan mallar cavabdehə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Tərəflər arasında tərtib olunmuş müqavilənin 1.2-ci bəndində göstərilmişdir ki, alıcı müqavilə imzalanandan sonra 7 gün ərzində malın (xidmətin) qəbul edilməsini və bu müddət ərzində dəyərinin müqavilə qiyməti ilə ödənilməsini öz öhdəsinə götürür. Yəni, öhdəliyin icrası müddəti göstərilmişdir. “X1" MMC-nin 23 aprel 2021-ci il tarixli pretenziya məktubunda qeyd olunmuşdur ki, “..Cavabdeh MMC və İddiaçı MMC arasında müxtəlif növ kompüter avadanlığı alqısatqısına dair bağlanan 03 iyun 2020-ci il tarixli № BCE 11-05/12-20 saylı müqavilə əsasında sizə 3622,6 manat dəyərində, 11 dekabr 2020-ci il tarixli № BCE 11-03/12-20 saylı müqavilə əsasında 2371,8 manat dəyərində və 11 dekabr 2020-ci il tarixli № BCE 11- 08/12-20 saylı müqavilə əsasında 2206,6 manat dəyərində olan malları qəbul etmişik və sizin Cəmiyyətə ümumilikdə 8201 manat dəyərinə borcumuzu vaxında ödənilmədiyini təstiq edirik...”. Bununla da, cavabdehin iddiaçıya 8201 manat məbləğində borcunun olması sonuncu tərəfindən etiraf edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla, həmçinin, cavabdehin iddiaçıya ünvanladığı pretenziyaya cavab məktubu ilə təsdiq olunur ki, 8201 manat dəyərində mallar İddiaçı QSC tərəfindən “X1" MMC-yə təhvil verilmiş, sonunsu isə malları qəbul etsə də, ödəniş həyata keçirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, borcun mövcud olması təqdim olunmuş sübutlarla tam təsdiqini tapdığından iddia həmin hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilələrin 1.2-ci bəndində qeyd olunmuşdur ki, alıcı müqavilə imzalanandan sonra 7 gün ərzində malın (xidmətin) qəbul edilməsini və bu müddət ərzində dəyərinin müqavilə qiyməti ilə ödənilməsini öz öhdəsinə götürür. Alıcı ödəmənin hər bir gecikdirilmiş günü üçün vaxtında ödənilməmiş məbləğin 0,1%-i qədərində cərimə ödəyir. Lakin, məhkəmə 8201 manat əsas borca 5222 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 5222 manat dəbbə pulunun miqdarı azaldılaraq 500 manat miqdarında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini və iddianın qismən təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 85 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. 8201 manat məbləğində əsas borc və 500 manat cərimə olmaqla, ümumilikdə 8701 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 85 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar