Məhkəmə qərarları › İş №e-2-2(113)-3649/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3649/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3649/2021 14.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “AtaSığorta" ASC-dən 39462 (otuz doqquz min dörd yüz altmış iki) manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qanuni lisenziya əsasında fəaliyyət göstərən sığorta agenti kimi “AtaSığorta" ASC ilə 29 avqust 2016-cı il tarixli “Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsi” bağlamışdır. Həmin tarixdən sığorta agenti kimi qeyd edilən tapşırıq müqaviləsi əsasında fəaliyyətə başlamışdır. Bağlanmış müqavilənin 6.1-ci bəndinə əsasən “Sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komission muzd mükafatının faiz həcmi könüllü növlər üzrə 30%-dək (30% daxil olmaqla), icbari sığorta növləri üzrə 15%-dək (15% daxil olmaqla) təyin olunur. İddiaçı tərəfindən bağlanmış sığorta müqavilələri üzrə 01.05.2019-cu il tarixdən 10.05.2021-ci il tarixədək 407538,64 (dörd yüz yeddi min beş yüz otuz səkkiz manat altmış dörd qəpik) manat məbləğində vəsait “AtaSığorta" ASC-nin hesabına ödənilmişdir. Yuxarıda qeyd etdiyi fəaliyyəti müddətində “AtaSığorta" ASC tərəfindən iddiaçıya ödənilməli olan ümumi məbləğin 407538,64 (dörd yüz yeddi min beş yüz otuz səkkiz manat altmış dörd qəpik) manatın 15 %-nin - yəni 61130 (altmış bir min bir yüz otuz) manatın 21668 (iyirmi bir min altı yüz altmış səkkiz) manatı ödənilsə də, qalan 39462 (otuz doqquz min dörd yüz altmış iki) manat iddiaçının hesabına ödənilməmişdir. Bununla bağlı cavabdehə pretenziya qaydasında bildiriş göndərilsə də, müvafiq ödəniş həyata keçirilməmişdir. Bu səbəbdən müqavilə üzrə yaranmış borc məbləğinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılmasına dair” ərizə verərək, cavabdeh “AtaSığorta" ASC-dən 59839 (əlli doqquz min səkkiz yüz otuz doqquz) manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraz ərizəsi təqdim etmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı 01.05.2019 - 10.05.2021-ci il tarixləri ərzində "xxxx" ASC-nin “Favorit” Nümayəndəliyinin rəhbəri olmuşdur. İddiaçı ilə "xxxx" ASC arasında bağlanılmış 29.08.2016-cı il tarixli “Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq” Müqaviləsinin 6.1-ci maddəsinə əsasən, Sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komissiyon muzd mükafatının faiz həcmi icbari sığorta növləri üzrə 15%-dək təyin olunur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə əsasən Sığortaçı daxil olan sığorta haqlarının 20 faizədək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15 faizədək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə verilən komisyon muzdlara sərf edə bilər. Göründüyü kimi, həm qanunvericilikdə, həm də tapşırıq müqaviləsində icbari sığorta növləri üzrə buraxılmış şəhadətnamələrə görə veriləcək komisyon muzdun məbləği dəqiq rəqəmlə öz əksini tapmamış, 0-15 faiz intervalında təyin edilə biləcəyi təsbit olunmuşdur. Qeyd etmək istəyirlər ki, 01.05.2019 - 10.05.2021-ci il tarixləri ərzində yığılmış sığorta haqqına görə "xxxx" ASC tərəfindən İddiaçı 21668 (iyirmi bir min altı yüz altmış səkkiz) manat komisyon muzd ödənilmişdir. 01.05.2019 - 10.05.2021-ci il tarixləri ərzində İddiaçı rəhbəri olduğu “Favorit” Nümayəndəliyinin saxlanılması üçün "xxxx" ASC tərəfindən işlərin aparılması xərci olaraq əmək haqqı və digər ayırmalar, reklam, sığorta, nəqliyyat xərcləri üçün ümumilikdə 62414,31 (altmış iki min dörd yüz on dörd manat otuz bir qəpik) manat məbləğində vəsait sərf edilmişdir. Bundan başqa, İddiaçı rəhbəri olduğu “Favorit” Nümayəndəliyinin yerləşdiyi ofisin 01.05.2019 - 10.05.2021-ci il tarixləri ərzində icarə haqqısı üçün 22450,00 (iyirmi iki min dörd yüz əlli) manat məbləğində vəsait ödənilmişdir. Qeyd etmək istəyirlər ki, 01.05.2019 - 10.05.2021-ci il tarixləri ərzində işlərin aparılması xərci olaraq ödənilmiş 84082,31 (səksən dörd min səksən iki manat otuz bir qəpik) manat (62414,31+21668) məbləğ yığılmış 407538,64 (dörd yüz yeddi min beş yüz otuz səkkiz manat altmış dörd qəpik) manat sığorta haqqının 20,6 faizini təşkil etdiyindən və həmin məbləğ işlərin aparılması xərci kimi ayrıla biləcək sığorta haqlarının 20 faizindən az olmadığından hər hansı əlavə komisyon muzdun ödənilməsi üçün vəsaitin ayrılması mümkün deyildir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, sübutları məcmu halda qymətləndirərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş: - İddiaçı ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 29 avqust 2016-cı il tarixli Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq Müqaviləsinin surətindən görünür ki, tərəflər arasında sığortaçı ilə sığorta agenti arasında sığorta xidməti haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, Sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komissiyon muzd mükafatının faiz həcmi könüllü növlər üzrə 30%-dək (30% daxil olmaqla), icbari sığorta növləri üzrə 15%-dək (15% daxil olmaqla) təyin olunur. - İddiaçı 31.05.2021-ci il tarixli pretenziya qaydasında məktubla "xxxx" ASC-yə müraciət edərək, tapşırıq müqaviləsi üzrə yaranmış 39462 manat məbləğində borcun ödənilməsini xahiş etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək zərurəti yaranacağını bildirmişdir. - "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış AS-21/624 nömrəli, 03.06.2021-ci il tarixli pretenziyaya cavab məktubunda qeyd edilmişdir ki, 01.05.2019 - 10.05.2021-ci il tarixləri ərzində işlərin aparılması xərci olaraq ödənilmiş 84082,31 (səksən dörd min səksən iki manat otuz bir qəpik) manat (62414,31+21668) məbləğ yığılmış 407538,64 (dörd yüz yeddi min beş yüz otuz səkkiz manat altmış dörd qəpik) manat sığorta haqqının 20,6 faizini təşkil etdiyindən və həmin məbləğ işlərin aparılması xərci kimi ayrıla biləcək sığorta haqlarının 20 faizindən az olmadığından hər hansı əlavə komisyon muzdun ödənilməsi üçün vəsaitin ayrılması mümkün deyildir. Beləliklə, məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı 01.05.2019 - 10.05.2021-ci il tarixləri ərzində "AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin "Favorit” nümayəndəliyinin rəhbəri vəzifəsində çalışmışdır. 01.05.2019 - 10.05.2021-ci il tarixləri ərzində yığılmış sığorta haqqına görə "xxxx" ASC tərəfindən İddiaçı 21668 (iyirmi bir min altı yüz altmış səkkiz) manat komisyon muzd ödənilmişdir. 01.05.2019 - 10.05.2021-ci il tarixləri ərzində İddiaçı rəhbəri olduğu “Favorit” Nümayəndəliyinin saxlanılması üçün "xxxx" ASC tərəfindən işlərin aparılması xərci olaraq əmək haqqı və digər ayırmalar, reklam, sığorta, nəqliyyat xərcləri üçün ümumilikdə 62414,31 (altmış iki min dörd yüz on dörd manat otuz bir qəpik) manat məbləğində vəsait sərf edilmişdir. İddiaçı rəhbəri olduğu “Favorit” Nümayəndəliyinin yerləşdiyi ofisin 01.05.2019 - 10.05.2021-ci il tarixləri ərzində icarə haqqı üçün 22450,00 (iyirmi iki min dörd yüz əlli) manat məbləğində vəsait ödənilmişdir. 01.05.2019 - 10.05.2021-ci il tarixləri ərzində işlərin aparılması xərci olaraq ödənilmiş 84082,31 (səksən dörd min səksən iki manat otuz bir qəpik) manat (62414,31+21668) məbləğ yığılmış 407538,64 (dörd yüz yeddi min beş yüz otuz səkkiz manat altmış dörd qəpik) manat sığorta haqqının 20,6 faizini təşkil etdiyindən və həmin məbləğ işlərin aparılması xərci kimi ayrıla biləcək sığorta haqlarının 20 faizindən az olmadığından hər hansı əlavə komisyon muzdun ödənilməsi üçün vəsaitin ayrılması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1 -ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 12.4-cü maddəsinə əsasən sığortaçı daxil olan sığorta haqlarının 20 faizədək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15 faizədək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə verilən komisyon muzdlara sərf edə bilər. Məhkəmə qeyd edir ki, "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 12.4-cü maddəsində sığortaçı daxil olan sığorta haqlarının 20 faizədək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15 faizədək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə verilən komisyon muzdlara sərf edə bilməsi göstərilmiş, yəni sığortaçıya bu barədə hüquq verilmiş, sığortaçının üzərinə həmin məbləğin ödənilməsi vəzifə kimi müəyyən olunmamışdır. Eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 29 avqust 2016-cı il tarixli Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsinin 6.1-ci bəndinə əsasən, sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komissiyon muzd mükafatının faiz həcmi icbari sığorta növləri üzrə 15%dək təyin olunur. Yəni cavabdeh konkret olaraq iddiaçıya komission muzd olaraq 15% pul məbləğinin ödənilməsi barədə öhdəlik götürməmişdir. Əlavədə qeyd olunan kommisyon muzd mükafatının 15%-dək olması göstərilmiş, aşağı həddi müəyyən edilməmişdir. Bu isə o anlama gəlir ki, cavabdeh tərəfindən komissiyon muzd mükafatı məsələn 0,5 və ya 1% həcmində də ödənilə bilərdi. Eləcə də qeyd edilməlidir ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Hazırki işin hallarından da görünür ki, müqavilənin zəruri şərtləri kimi onun subyekt tərkibi, predmeti müfəssəl göstərilmiş, ancaq mübahisənin predmeti olan sığorta agentinə komission muzdun verilməsi şərti dəqiq göstərilməmiş həmçinin qeyd olunan şərti müqavilənin zəruri şərti hesab edilmir. Belə olan halda qeyd edilməlidir ki, müqavilənin qeyd edilən şərtininin təfsiri zamanı onun məzmununu nə hərfi mənaya görə, nə də ağlabatan mühakimə əsasında müəyyənləşdirmək mümkün olmadığından hazırki iddia tələbi təmin edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar