Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3653/2021 08.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh Firmasına qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi və iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 14080 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh Firmasından alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh Firması arasında qarşılıqlı razılaşma əsasında 06 aprel 2020-cu il tarixli, 2104/20 saylı Alqı-satqı Müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən, “Satıcı” İddiaçı MMC istehsal və ya idxal etdiyi müxtəlif növ məhsullarını satmış, “Alıcı” Cavabdeh Firması həmin məhsulları qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh Firması üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş, 20080 manat məbləğində olan müxtəlif çeşidli məhsulları İddiaçı MMC-dən alaraq onların dəyərini ödəməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh 05.02.2021-ci il tarixli üzləşmə aktında göstərilən vəsaitdən bir hissəsini ödəmiş və hazırda 14080 manat məbləğində borcu qalmışdır. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh Firmasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 06 aprel 2020-cu il tarixli 2104/20 saylı alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən “satıcı” İddiaçı MMC ilə “alıcı” Cavabdeh Firması arasında istehsal və ya idxal etdiyi müxtəlif növ məhsullarını satılması ilə bağlı müvafiq müqavilə bağlanılmışdır. 05.02.2021-ci il tarixli, 06.04.2020-ci il tarixli 2104\20 nömrəli alqı-satqı müqaviləsi üzrə qarşılıqlı borc üzləşməsi haqqında aktdan görünür ki, Cavabdeh Firmasının həmin tarixə İddiaçı MMC-yə olan borcu 20080 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh Firması arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin Cavabdeh Firması öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, aldığı mallara görə 14080 manat məbləğində borcu ödəməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Firmasından 14080 məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin tam təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu da, Cavabdeh Firmasından tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Firmasından 14080 məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3653/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3653/2021
08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver