Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3660/2024 16.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2023-cü il tarixli, 419/23 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı QSC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 13 oktyabr 2023-cü il tarixdə GS-419/23 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən, müqaviləyə əsasən satıcı alıcıya sifariş olunmuş malları satır, alıcı isə həmin malı qəbul edir və müqavilənin ayrılmaz tərkib hissələri sayılan əlavə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. 2.4-cü bəndinə əsasən malın növü, çeşidi, zəmanət müddəti, qiyməti, çatdırılma şərtləri, digər əlamətləri və xarakterik xüsusiyyətləri satıcı tərəfindən göndərilən təklif əsasında hazırlanmış, tərəflər arasında onların imzaları və möhürləri ilə təsdiqlənmiş və satıcı tərəfindən alıcıya göndərilmiş əlavə ilə təsdiq olunur. 3.1.2-ci bəndinə əsasən müqavilə ilə müəyyən olunmuş qaydada və müddətdə ödənişin həyata keçirilməsini “alıcı”dan tələb etmək satıcının hüququdur. 3.4.3-cü bəndinə əsasən malın qiymətini bu müqavilə ilə müəyyən olunmuş müddətdə və qaydada satıcıya ödəmək alıcının vəzifəsidir. 3.4.7-ci bəndinə əsasən alıcı müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi öhdəsinə götürür. 6.1 və 6.2-ci bəndlərinə əsasən malın qiyməti bu müqaviləyə ediləcək əlavələr ilə müəyyənləşdirilir. Alıcı tərəfindən ödəniş əlavələrdə başqa şərt nəzərdə tutulmazsa, satıcının təqdim etdiyi hesab faktura əsasında ilkin ödəniş qaydasında həyata keçiriləcəkdir. 6.9-cu bəndinə əsasən bu müqavilə üzrə və əlavələrlə müəyyən olunmuş müddət ərzində alıcı tərəfindən ödənişlərin həyata keçirilməsi gecikdirildiyi halda alıcı gecikdirilən hər gün üçün malların dəyərinin 0.1 %-i məbləğində cərimə ödəməyi öhdəsinə götürür. cərimənin məbləği gecikdirilən ümumi ödəniş məbləğinin 10%-dən artıq ola bilməz. 11.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2024-cü il tarixinədək qüvvədə olacaqdır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. 13 oktyabr 2023-cü il tarixdə GS-419/23 saylı alqı-satqı müqaviləsinə 01 nömrəli əlavə olan qiymət razılaşma protokolu ilə 30 ədəd “C813 X1 245 gr X5” adlı mal (ədədi 45 manat dəyərində olmaqla) ƏDV daxil 1593 manat dəyərində malın İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə təhvil verilməsi nəzərdə tutulmuşdur. Mal satıcı tərəfindən sifariş təsdiqləndikdən və alıcı tərəfindən ödəniş həyata keçirildikdən sonra 3 iş günü ərzində alıcının ünvanına çatdırılacaqdır. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. xx.xx.2023-cü il tarixli 5259 saylı hesab-fakturaya əsasən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən ümumi dəyəri ƏDV daxil 1593 manat təşkil edən mallar Cavabdeh MMC-yə təqdim edilməli idi. Hesab-faktura İddiaçı QSC-nin möhürü ilə təsdiq edilmişdir.
4. İddiaçı QSC tərəfindən 5259 saylı hesab-fakturaya əsasən 1593 manat (243 manat məbləğində ƏDV olmaqla) dəyərində xx.xx.2023-cü il tarixli EBDR seriyalı 063929 nömrəli elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. Elektron qaimə İddiaçı QSC-nin möhürü ilə təsdiq edilmişdir.
5. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 50 ədəd X4 Carrier Balck, 50 ədəd Portwest replacement clear visor və 500 ədəd Portwest corded PU X6 orange EP08 İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.
6. İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun 3 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.
II. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
7. İddiaçı QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən GS – 419/23 saylı, 13 oktyabr 2023-ci il tarixli alqı-satqı müqaviləsinə, xx.xx.2023-ci il tarixindən etibarən tərtib edilmiş elektron qaimələrə əsasən çatdırılan malların dəyəri olan 1 593 manat məbləğində borcun, gecikdirilən ödənişə görə 159,30 manat dəbbə pulunun, ümumilikdə 1 752,30 manat məbləğində pul vəsaitinin və buna əlavə olaraq işin məhkəmədə baxılmasına dair ödənilən dövlət rüsumunun və proses zamanı yaranacaq digər xərclərin tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC 2014-cü ildə Bakı şəhərində yaradılmışdır. Şirkətin əsas fəaliyyət sahəsini müxtəlif çeşidli mallar üzrə təchizat xidmətləri təşkil edir. 13 oktyabr 2023-ci il tarixində İddiaçı QSC və Cavabdeh MMC arasında “GS – 419/23 saylı “Alğı-Satqı” müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə uyğun olaraq satıcı elektron qaimədə göstərilən malları alıcı tərəfindən verilən sifarişlərə uyğun olaraq və razılaşdırılmış müddətdən gec olmayaraq təhvil verməyi öz üzərinə götürmüş və alıcı də öz növbəsində həmin malları qəbul edərək, razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə uyğun olaraq tərəflər öz vəzifələrini vaxtında yerinə yetirməyi öhdələrinə götürmüşlər. Müqavilənin tələblərinə uyğun olaraq müxtəlif çeşidli mallar müqavilənin 1.2-ci bəndinə uyğun olaraq İddiaçı QSC tərəfindən satılmış və tam qaydalara uyğun şəkildə təhvil-təslim aktları əsasında təhvil verilmişdir. Satılmış olan məhsullara dair hesab-fakturalar müqavilənin 3.2.1-ci maddəsində tərəflərin razılaşmasına əsasən mallar qarşı tərəfə təhvil verildikdən sonra tam şəkildə Cavabdeh MMC-yə təqdim edilmişdir. Beləliklə, satıcı İddiaçı QSC müqavilə üzrə öhdəliklərini razılaşdırılmış qaydada və tam şəkildə yerinə yetirmişdir. Lakin yuxarıda sadalananlara baxmayaraq, alıcı tərəf uzun müddət keçməsinə baxmayaraq, dəfələrlə İddiaçı QSC tərəfindən edilmiş şifahi və yazılı xəbərdarlıqları nəzərə almayaraq, müqavilənin 3.3.1. və 3.4.3 bəndlərinin tələblərini pozmuş və bugünədək ödəniş öhdəliyini həyata keçirməmişdir. Alıcının müqavilə öhdəliklərindən irəli gələn, xx.xx.2023-ci il tarixindən etibarən tərtib edilmiş hesab fakturaya (GS230005259,) uyğun olaraq ümumi ödənilməmiş qalan 1.593 manat əsas borc, bu ödənişlərə əlavə olaraq müqavilənin 6.9-cü bəndində göstərildiyi kimi, gecikdirilən ödənişə görə 10% - 159,30 manat məbləğində dəbbə pulu, toplam olaraq 1 752,30 manat borcu vardır. Müqavilənin 3.4.5-cü bəndində göstərilmişdir ki, alıcı malı qəbul etməmişdən öncə malın yoxlanması zamanı aşkar olunan keyfiyyət, miqdar, çeşid, əksiklik və çatışmazlıqları və digər qüsurları aktlaşdıraraq bu barədə dərhal satıcıya xəbər verməlidir. Belə bir akt olmazsa mal alıcı tərəfindən bəyənilmiş, keyfiyyətə uyğun hesab edilmiş sayılır. Cavabdeh MMC-nin belə bir halla bağlı hər hansı iddiası olmamış və mallar yoxlanıldıqdan sonra təhvil-təslim aktı əsasında təhvil alınmışdır. Həmin təhvil-təslim aktlarından göründüyü kimi qarşı tərəfin nümayəndəsi qəbul etdiyi malların razılaşdırılmış kəmiyyət və keyfiyyətə uyğun olaraq təhvil alındığını öz imzası ilə təsdiqləmişdir. Müqavilənin 6.2-ci bəndinə uyğun olaraq, malın dəyəri müqaviləyə ediləcək əlavələrdə başqa cür razılaşdırılmayıbsa, 15 təqvim günü ərzində ödənilməlidir. Lakin bu müddət ərzində hər hansı ödəniş həyata keçirilməmişdir. Cavabdeh əlavə müddət ərzində də ödənişi həyata keçirmədiyi üçün ona xx.xx.2023 tarixli pretenziya məktubu ünvanlanmışdır.
9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 421.1,425.1,427.3, 430, 441.4, 442, 448.1, 449-cu maddəsinə istinad etmişdir
b) İddiaya qarşı etirazın dəlilləri
10. İddiaya qarşı etiraz təqdim edilməmişdir.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
11. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
13. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
14. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
15. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
IV.TƏTBİQ EDİLƏN HÜQUQ
16. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir - 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
18. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
19. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında 13 oktyabr 2023-cü il tarixli GS-419/23 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzərinə düşən öhdəlikləri icra edərək sifariş edilmiş malları cavabdehə təqdim etmiş, lakin cavabdeh həmin malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə cavabdehin iddiaçıya ƏDV daxil 1593 manat məbləğində borcu yaranmışdır.
20. Belə olan halda məhkəmə mübahisəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan həmin hissədə təmin edilməli, Cavabdeh MMC -dən ƏDV daxil 1593 manat tutularaq İddiaçı QSC -yə ödənilməlidir.
21. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 159,30 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
22. Göründüyü kimi Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.
23. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 80 manat məbləğində müəyyən edilməlidir.
24. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 38 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
25. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 38 manat təşkil edir.
26. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən arasında 13 oktyabr 2023-cü il tarixli GS-419/23 saylı alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 1593 manat məbləğində əsas borc, 80 manat məbləğində dəbbə pulu, cəmi 1673 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı QSC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva