Məhkəmə qərarları › İş №e-2-2(113)-3665/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3665/2025

05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3665/2025 05.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, əldən çıxmış fayda, maliyyə sanksiyası və qanuni faiz) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehlər Cavabdeh1 (bundan sonra Cavabdeh1 MMC) və Cavabdeh2nə (bundan sonra Cavabdeh2 MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21286,91 manat əsas borc, 5000 manat əldən çıxmış fayda, 5000 manat faiz məbləğinin və ödənilmiş 184 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki 2.1. iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixdə 71 nömrəli alqısatqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən aşağıda qeyd edilən mallar Cavabdeh1 MMC-yə təhvil verilmişdir Ölçü Qiymət Məbləğ № Malın adı Miqdarı vahidi (AZN) (AZN)

1. Taxta 5x15 m 3 33 288,14 9508,47

2. Taxta 3x10 m 3 30,05 288,14 8658,47

3. Taxta 5x20 m3 42,021 305,08 12819,97 Cəmi: 30986,92 ƏDV 18%: 5577,65 Yekun: 36564,56

2.2. İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə elektron qaimə göndərilmişdir. Lakin sonuncunun nümayəndəsi bildirmişdir ki, ödəniş Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 MMC-nin hesabına köçürülmüş və bu səbəbdən malların dəyəri Cavabdeh2 MMC tərəfindən ödəniləcəkdir, ona görə də elektron qaiməni Cavabdeh2 MMC-yə göndərmək lazımdır. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh2 MMC-yə elektron qaimə göndərilmişdir. Elektron qaimə əsasında Cavabdeh2 MMC ümumilikdə ƏDV daxil 15277,65 manat ödəmiş, 21286,91 manat indiyədək ödənilməmişdir. Hər dəfə malların pulunu tələb etdikdə Cavabdeh1 MMC tərəfindən bildirilmişdir ki, pul məbləği Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 MMC-nin hesabına köçürülmüş və bu səbəbdən malların dəyəri Cavabdeh2 MMC tərəfindən ödənilməlidir. Cavabdeh2 MMC-dən malların pulu tələb edildikdə isə bildirilmişdir ki, Cavabdeh1 MMC tərəfindən onların hesabına pul köçürülmədiyi üçün ödəniş edə bilmirlər. İddiaçı artıq 3 ildən çoxdur ki, 2 şirkət arasında qalmış, aldadılmış, malların pulunu ala bilməmiş, şirkətlər hər dəfə müxtəlif bəhanələr gətirmiş, borcu ödəməkdən yayınmışlar. 2.3. İddiaçı şikayət ərizəsi ilə Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsinə müraciət etmiş, şikayət aidiyyəti üzrə Laçın Rayon Polis Şöbəsinə göndərilmiş, Laçın Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, mülki qaydada məhkəməyə müraciət olunması izah olunmuşdur. İddiaçıdan alınmış malların pulundan 21286,91 manat pul məbləği indiyədək geri qaytarılmamaqla sonuncuya maddi ziyan vurulmuş, iddiaçı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış faydadan) məhrum olmuşdur. Nəzərə alınsa ki, müqavilənin 5.2-ci bəndinə əsasən, mal təhvil verildikdən 15 gün ərzində malın dəyəri tam ödənməli idi, lakin 3 ildən artıq vaxt keçməsinə baxmayaraq, ödənilməmişdir, pul vəsaiti vaxtında geri qaytarılmadığından iddiaçı əldə edəcəyi gəlirlərdən məhrum olduğu üçün 5000 manat əldən çıxmış fayda və eyni zamanda cavabdeh iddiaçının pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən əlavə 5000 manat faiz də ödəməlidirlər.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.2, 385.1, 425.1, 445.7, 449, 600.1-ci və s. maddələri göstərilmişdir.

4. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz təqdim edərək iddia tələbinin Cavabdeh1 MMC-yə münasibətdə rədd edilməsini xahiş etmişdir.

5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC ilə iddiaçının arasında hansı işlərin icra edildiyi və bu işlərə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Çünki iddiaçı və Cavabdeh1 MMC xx.xx.2022-ci il tarixində alqı-satqı müqaviləsi bağlasalar da, həmin müqavilə üzrə heç bir iş icra etməmiş, bununla da tərəflərin bir-birlərinə qarşı heç bir öhdəlikləri yaranmamışdır. İddiaçı ərizəsində elektron qaimə əsasında ödənişin 15277,65 manat həcmində hissəsinin Cavabdeh2 MMC tərəfindən ona ödənildiyini qeyd etmişdir. Bu da bir daha iddia edilən öhdəliyin tərəfinin "xxxx" MMC olduğunu təsdiq edir. Həmçinin işə əlavə edilmiş sənədlərdən, o cümlədən ödəniş tapşırığından da aydın olur ki, bu sahibkarlıq münasibətlərinin tərəfləri iddiaçı ilə Cavabdeh2 MMC olmuşdur. Cavabdeh1 MMC ilə iddiaçı arasındakı münasibətləri təsdiqləyən sadəcə alqı-satqı müqaviləsidir. Bu müqavilənin olması isə həmin müqavilə üzrə artıq işlərin icra olunmasını sübut edə bilməz. Bundan əlavə, hazırda iş üzrə mübahisələndirilən məqam Cavabdeh1 MMC-nin "xxxx" MMC-yə göndərdiyi elektron qaimənin nömrəsinin iddiaçıya "xxxx" MMC tərəfindən edilən ödənişin qaiməsi ilə eyni olmasıdır. Cavabdeh1 MMC ilə "xxxx" MMC arasında işgüzar münasibətlər olmuş, bir sıra biznes fəaliyyəti üzrə işlər görülmüşdür. Həmin qaimənin nömrəsində sadəcə texniki səhvə yol verilmişdir. Bu texniki səhvin Cavabdeh1 MMC-nin əleyhinə qiymətləndirilməsi cəmiyyətin hüquqlarının pozulmasına səbəb olacaqdır. Beləliklə, aydın olur ki, iddia tələbinin əsası olan öhdəlik münasibətləri iddiaçı ilə Cavabdeh1 MMC arasında yox, iddiaçı ilə "xxxx" MMC arasında yaranmışdır və Cavabdeh1 MMC-nin iddiaçı qarşısında heç bir öhdəliyi yoxdur.

6. İddiaya etirazda hüquqi əsas kimi hər hansı hüquq normasına istinad edilməmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Cavabdeh2 MMC-nin iddia ərizəsinə yazılı etirazı məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

8. İddiaçı məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahlar verdi və eyni zamanda bildirdi ki, iddiaçı tərəfindən Cavabdeh1 MMC-yə elektron qaimə göndərilməmişdir. Mallar vərilərkən hər iki cavabdehin nümayəndələri tərəfindən baxış keçirilmişdir.

9. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edərək iddiaya etiraz etdi və göstərdi ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında müqavilə bağlansa da, mallar Cavabdeh2 MMC-yə təhvil verilmişdir. Cavabdeh2 MMC malları alaraq sonradan Cavabdeh1 MMC-yə satmışdır.

10. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri Cavabdeh2 MMC və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə məlumat verilməsinə baxmayaraq, həmin cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə adıçəkilən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

14. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixli 71 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehə inşaat materialları satmağı, cavabdeh isə həmin malı qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. – İddiaçı tərəfindən Cavabdeh2 MMC-yə ƏDV daxil olmaqla 36564,56 manat dəyərində malın verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli EBCL 754854 seriya və nömrəli elektron qaimə göndərilmiş, Cavabdeh2 MMC tərəfindən həmin elektron qaiməyə istinad edilməklə xx.xx.2022-ci il tarixdə 5577,65 manat ƏDV məbləği, xx.xx.2022-ci il tarixdə köçürmə yolu ilə 9700 manat əsas məbləğ üzrə ödəniş edilmişdir.

15. İddiaçı alqı-satqı müqaviləsi üzrə 21286,91 manat məbləğində pulun cavabdehlərdən tutulmasını tələb edir.

16. Cavabdeh1 MMC iddiaçı ilə müqavilə bağlansa da, həmin müqavilə üzrə iddiaçıdan hər hansı məbləğdə mal alınmadığını bildirərək ona münasibətdə iddianın rədd edilməsini xahiş edir.

17. Cavabdeh2 MMC hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

18. Məhkəmə həmin cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

20. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

21. Buna görə də məhkəmə həmin cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

22. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

23. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

24. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

25. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

26. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

27. Hazırkı işin halları ilə təsdiq edilir ki, iddiaçı tərəfindən ƏDV daxil 36564,56 manat dəyərində malın verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli EBCL 754854 seriya və nömrəli elektron qaimə məhz Cavabdeh2 MMC-yə göndərilmiş, həmin elektron qaimədə iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 71 nömrəli müqaviləyə istinad edilməmiş, adıçəkilən elektron qaimə qeyd edilməklə ƏDV daxil olmaqla 15277,65 manat məbləğində pul məhz Cavabdeh2 MMC tərəfindən ödənilmişdir. Bu isə hazırda iddiaçının xx.xx.2022-ci il tarixli EBCL 754854 seriya və nömrəli elektron qaimə üzrə verilmiş malların ödənilməsini tələb etmək növündə subyektiv hüququnun Cavabdeh1 MMC tərəfindən deyil, digər Cavabdeh2 MMC tərəfindən pozulduğunu göstərir.

28. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

29. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

30. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

31. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

32. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

35. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan Cavabdeh2 MMC (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

36. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borca münasibətdə qismən təmin olunmalı, alqı-satqı müqaviləsi üzrə 21286,91 manat məbləğində pul Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə əldən çıxmış faydanın tutulması tələbi ilə bağlı

37. İddiaçı iddia ərizəsində 5000 manat əldən çıxmış faydanın da tutulmasını tələb edir.

38. Belə ki, Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

39. Həmin Məcəllənin 443.1 – 443.4-cü maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.2). Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır (443.3). Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (443.4)

40. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

41. Mülki Məcəllənin qeyd edilən normalarının müqayisəli təhlilindən aydın olur ki, borclu tərəfindən icranın gecikdirilməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələblərində 1) zərərin mövcud olması; 2) zərərlə icranın gecikdirilməsi arasında səbəbli əlaqə; 3) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır.

42. Lakin zərərin formasından asılı olaraq ayrı-ayrı əlavə meyarların da nəzərə alınması zəruridir.

43. Belə ki, əldən çıxmış fayda tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, əldən çıxmış faydanın ödənilməsi tələbi irəli sürülərkən zərər çəkmiş, qarşı tərəfin vəzifəsini pozması nəticəsində əldə edə bilmədiyi gəlirin həcmini, bunlar arasında səbəbli əlaqəni sübut etməlidir. Əldə edilməmiş gəlirlərin məbləği müəyyən edilərkən zərərçəkmiş şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyini güman etdiyi gəlirlərin reallığı (həqiqiliyi), kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri və s. müəyyən edilməlidir.

44. Hazırkı iş üzrə iddiaçının əldən çıxmış fayda ilə bağlı tələbi yalnız subyektiv mülahizələrə əsaslanır. Belə ki, iddiaçının 5000 manat əldən çıxmış fayda hesablaması mötəbər, zəruri sübutlarla təsdiqlənmir.

45. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi 5000 manat əldən çıxmış faydanın tutulması hissəsində rədd edilməlidir.

c) Alqı-satqı müqaviləsi üzrə faizin tutulması tələbi ilə bağlı

46. İddiaçı iddia ərizəsində 5000 manat məbləğində pulun da tutulmasını tələb edir.

47. Mülki Məcəllənin ümumi normalarında konkret faizə əsaslanmaqla 2 qaydada məbləğin tutulması imkanı nəzərdə tutulmuşdur: 445.7 və 449-cu maddə.

48. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər (cari redaksiya).

49. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər (əvvəlki redaksiya).

50. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Bu baxımdan, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Qərar).

51. Göründüyü kimi, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi üçün iddiaçı sübut etməlidir ki, cavabdeh pul vəsaitini özündə saxlamaqla ondan faydalanmışdır. Bu halı təsdiq edən sübutlar isə təqdim edilməmişdir.

52. Digər tərəfdən, Mülki Məcəllənin (xx.xx.2023-cü tarixədək olan redaksiyası) 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

53. Mülki Məcəllənin (cari redaksiya) 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

54. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır.

55. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir.

56. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir.

57. Qeyd edilən qaydadan istisnanı isə Mülki Məcəllənin 445.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur.

58. Hazırkı iş üzrə iddiaçı ilə onun subyektiv hüququnu pozan Cavabdeh2 MMC arasında hər hansı yazılı müqavilə, dolayısı ilə öhdəliyin icrası üçün dəqiq təqvim tarixi mövcud deyildir. Bu isə Mülki Məcəllənin 445.4-cü maddəsinin hazırkı işə tətbiqini istisna edir.

59. Belə olan halda iddiaçının xx.xx.2024-cü il tarixli (X1 Sistemi ilə göndərilmiş) pretenziya məktubu ilə borc məbləğinin 3 gün ərzində tələb edilməsini nəzərə alan məhkəmə qeyd edir ki, borclunun icranı gecikdirməsi anı Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5 faizlə hesablamanın başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmaqla iddia ərizəsinin verildiyi və iddiaçı tərəfindən hesablamanın aparıldığı müddətin sonu olan xx.xx.2025-cü il tarixə qədər 128 gün üçün həyata keçirilməlidir.

60. Həmin müddət üçün hesablama aparıldıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ 373,25 manat (21286,91 manat x 5% / 100 / 365 gün (1 günün faizi) * 128 gün (gecikdirilən gün sayı)) təşkil edir.

61. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmaqla 373,25 manat məbləğində pul Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

d) Məhkəmə xərcləri ilə bağlı

62. İddiaçı eyni zamanda ödənilmiş 184 manat dövlət rüsumunun da tutulmasını tələb edir.

63. İş materiallarından görünür ki, ********** nömrəli mədaxil qəbzi ilə 184 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

64. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

65. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

66. Beləliklə, yuxarıda göstərilənləri və iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128 manat məbləğində pul Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

V. Nəticə:

67. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh2ndən 21286,91 manat əsas borc, əsas borca illik 5% ilə hesablanan məbləğ 373,25 manat olmaqla ümumilikdə 21660,16 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128 manat məbləğində pul Cavabdeh2ndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar