Məhkəmə qərarları › İş №e-2-2(113)-3669/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3669/2022

23.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3669/2022 23.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı nümayəndəsi Ağa-zadə Aygün Aydın qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.762,31 AZN (iki min yeddi yüz altmış iki manat, otuz bir qəpik) məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 276.23 AZN (iki yüz yetmiş altı manat, iyirmi üç qəpik ) məbləğində dəbbə pulu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 (altmış) AZN məbləğində pul vəsaiti tutularaq İddiaçı X3 xeyrinə ödənilməsini təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM fərdi sahibkar kimi fəaliyyət göstərən Cavabdeh ilə 05 oktyabr 2020-ci il tarixində Alqı-Satqı müqaviləsi bağlayaraq əməkdaşlıq etməyə başlamışdır. Əməkdaşlıq müddətində cavabdeh ayrı-ayrı tarixlərdə İddiaçı MMM-nə məxsus müxtəlif adlı, çeşidli məhsullar sifariş vermiş və təhvil almışdır. Lakin, cavabdeh malların təhvil-qəbul aktlarında qeyd olunan tarixlərdə təhvil aldıqları mallara görə bu günə kimi tam ödəniş etməmişdir. Dəfələrlə xəbərdarlıq olunsa da, müxtəlif bəhanələr gətirərək bu günə kimi İddiaçı MMM-ə olan 2762.31 AZN (iki min yeddi yüz altmış iki manat, otuz bir qəpik) borcunu ödəməmiş və bağlanmış Alqı-Satqı müqaviləsinin şərtlərini pozmuşdur. Nəticə etibarilə, bağlanmış müqavilə şərtlərinə əməl etməyərək, müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Alqı-Satqı müqaviləsinin şərtlərinə əsasən, Alıcı malı təhvil aldığı məhsullara görə ən geci 35 (otuz beş) gün ərzində ödəniş etməli idi. Alqı-Satqı müqaviləsinin 5.1-ci bəndində göstərildiyi kimi Alıcı kreditlə aldığı malın dəyərini müəyyən edilmiş müddət ərzində ödəmədikdə Satıcı Alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2% həcmində faiz tələb etmək hüququna malikdir. Müqavilənin 5.2-ci bəndində faizin maksimal həddi ödənişi gecikdirilmiş malın ümumi məbləğinin 10% müəyyən edilir. Belə ki, cavabdeh tərəfindən gecikdirilmiş məbləğin faizi ümumi malın məbləğinin 10%-dən çox olduğu üçün gecikdirilmiş malın ümumi məbləğinin 10%-ni təşkil edən 276.23 AZN (iki yüz yetmiş altı manat, iyirmi üç qəpik) məbləğində dəbbə pulu yaranmışdır. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Ağa-zadə Aygün Aydın qızı iddianın məzmununa uyğun izahat verərək, iddanın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2020-ci il tarixdə 711PHP P20 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilə hər iki tərəfin imzası və İddiaçı möhürü ilə təsdiq edilmişdir. Tərəflər arasında müqavilə münasibətləri 2020-ci ildən davam etmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli 300826, 300827 və 300828 saylı “Malların təhvil-qəbul” aktı ilə 729,51 manat məbləğində, xx.xx.2020-ci il tarixli 282754 və 282753 saylı “Malların təhvil-qəbul” aktı ilə 794,38 manat məbləğində, xx.xx.2020-ci il tarixli 737201 saylı “Malların təhvil-qəbul” aktı ilə 737,11 manat məbləğində, xx.xx.2020-ci il tarixli 763070 və 763069 saylı “Malların təhvil-qəbul” aktı ilə 1.271,55 manat məbləğində, xx.xx.2020-ci il tarixli 930240 və 930239 saylı “Malların təhvil-qəbul” aktı ilə 1.274,81 manat məbləğində, xx.xx.2020-ci il tarixli 963486 saylı “Malların təhvil-qəbul” aktı ilə 1.274,81 manat məbləğində, xx.xx.2020-ci il tarixli 965029, 965031, 965030, 965028 və 965027 saylı “Malların təhvil-qəbul” aktı ilə ümumilikdə 2.570,09 manat məbləğində, xx.xx.2021-ci il tarixli 003400 və 003399 saylı “Malların təhvil-qəbul” aktı ilə ümumilikdə 552,04 manat məbləğində, xx.xx.2021-ci il tarixli 006567 və 006566 saylı “Malların təhvil-qəbul” aktı ilə ümumilikdə 962,31 manat məbləğində mallar İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. Təhvil-qəbul aktları hər iki tərəfin imzası və İddiaçı möhürü ilə təsdiq edilmişdir. Həmçinin də, İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli EBAR seriyalı 191212 nömrəli 729,51 manat məbləğində, xx.xx.2020-ci il tarixli EBAS seriyalı 010412 nömrəli 7,60 manat məbləğində, xx.xx.2020-ci il tarixli EBAS seriyalı 372893 nömrəli 534,44 manat məbləğində, xx.xx.2020-ci il tarixli EBAt seriyalı 100851 nömrəli 740,36 manat məbləğində, xx.xx.2020-ci il tarixli EBAW seriyalı 673612 nömrəli 550.37 manat məbləğində, xx.xx.2020-ci il tarixli EBAW seriyalı 673613 nömrəli 1.279,32 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBAX seriyalı 456271 nömrəli 552,04 manat məbləğində, xx.xx.2021-ci il tarixli, EBAX seriyalı 909027 nömrəli 410,27 manat məbləğində malların İddiaçı tərəfindən alıcı Cavabdeh təqdim edilməsi barədə elektron qaimlər göndərilmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə tələbin hüquqi əsası kimi aşağıdakı normalar nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alınmaqla ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarına Malların Təhvil-Qəbul aktları əlavə edilmişdir. Eyni zamanda tərəflər xx.xx.2021-ci il tarixli iki ədəd qarşılıqlı üzləşmə aktları ilə müştərinin (X5) xx.xx.2021-ci il tarixə müvafiq olaraq 2.270,08 manat və 662,31 manat borc qalığının olduğunu təsdiq ediblər. İddiaçı tərəf təhvil verilmiş malların dəyərindən cavabdeh tərəfin tam ödəniş etmədiyini və 2.762,31 manat borcunun qaldığını bildirir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Ona görə də, iddia 2.762,31 manat əsas borcun tələb edilməsi hissəsində əsaslıdır. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır. İlk növbədə qeyd edilməlidir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 8.4-cü maddəsində öz əksini tapmışdır. Belə ki, malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malın dəyərinin 20%-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 2.762,31 manat məbləğində əsas borcuna münasibətdə 150 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 60 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 19576467 saylı ödəmə tapşırığından görünür ki, İddiaçı tərəfindən Bakı 4 saylı Mediasiya Təşkilatına 60 manat məbləğində pul ödənilmişdir. Belə olan halda mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 05 oktyabr 2020-ci il tarixli 711PHP P20 saylı alqı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 2.762 (iki min yeddi yüz altmış iki) manat, 31 (otuz bir) qəpik, cərimə borcu üzrə 150 (yüz əlli) manat, cəmi 2.912 (iki min doqquz yüz on iki) manat, 31 (otuz bir) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar