Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-367/2021 16.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəci X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ərazi Tikinti - Planlaşdırma Mərkəzinə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsi arasında bağlanmış xx.xx.2012-ci il tarixli 20/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilə üzrə göstərilmiş xidmətlərə görə 2363,54 manat borc məbləğinin, hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0,5%-i həcmində cərimə kimi 9891,02 manat vəsaitin və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 12284,56 manat pul məbləğinin cavabdeh Ərazi Tikinti- Planlaşdırma Mərkəzindən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh Şəhər Ərazisinin Tikinti- Planlaşdırma İdarəsi arasında bağlanmış xx.xx.2012-ci il tarixli 20/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqaviləyə əsasən, sifarişçi Şəhər Ərazisinin Tikinti- Planlaşdırma İdarəsinə məxsus avtonəqliyyat vasitələrinə İddiaçı MMC tərəfindən sifarişə uyğun olaraq texniki xidmət göstərilir. Müqavilənin 1.1-ci bəndinə əsasən, “İcraçı” öz üzərinə, sifariş əsasında “Sifarişçi”nin avtonəqliyyatına servis və texniki xidmət göstərməyə dair öhdəlik götürür, “Sifarişçi” isə görülmüş işi qəbul edir və hazırkı müqavilənin şərtləri ilə onu vaxtında ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci maddəsinə əsasən,“Sifarişçi” ödənişləri “İcraçı”nın təqdim etdiyi hesab-fakturalar əsasında ödəyir. Müqavilənin 4.2-ci maddəsinə əsasən, “Sifarişçi” göstərilən xidmətlərə görə ödənişi “İcraçı” tərəfindən hesab-faktura təqdim edildikdən 5 iş günündən gec olmayaraq aparmalıdır. Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinə məxsus **-AK-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Jetta” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2018-ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 628,94 manat təşkil etmiş, xx.xx.2018-ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 1734,60 manat təşkil etmiş, cavabdehə həmin borclarla bağlı hesab-faktura və e-qaimələr göndərilməsinə baxmayaraq, cavabdeh borclu olduğu məbləği hal hazıradək ödəməkdən yayınmışdır. Belə ki, **-AK-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Jetta markalı avtonəqliyyat vasitəsinə İddiaçı MMC tərəfindən xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərində göstərilmiş xidmətlərin dəyəri ümumilikdə 2363,54 manat təşkiledir. Qeyd olunan mübahisənin həlli məqsədi ilə xx.xx.2020-ci il tarixdə məktubla cavabdehə xəbərdarlıq (pretenziya) ünvanlanmış və cavabdehə ödəniş olunmadığı təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh tərəfindən hal hazıradək heç bir ödəniş olunmamışdır. İddiaçı MMC ilə cavabdeh Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsi arasında bağlanmış xx.xx.2012-ci il tarixli 20/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilənin 5.4-cü maddəsinə əsasən, “Sifarişçi” təqdim olunmuş fakturanın ödənişi zamanı müqavilənin 4.2ci maddəsində göstərilən vaxtdan əlavə hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0,5 %-i həcmində cərimə ödəyir. Cavabdehin borclarının yarandığı tarixdən iddia ərizəsi tərtib olunan tarixədək, yəni xx.xx.2020-ci il tarixədək borcunu ödəməmişdir. Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsindən 2363,54 manat borcdan əlavə, xx.xx.2012-ci il tarixli 20/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilənin 5.4-cü maddəsini rəhbər tutaraq yaranmış hər iki borca hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0,5 %- i həcmində cərimə kimi hesablanan ümumilikdə 9891,02 manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda xx.xx.2019-cu il tarixdə Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında Cavabdeh yaradılaraq əvəz edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddianın həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış xx.xx.2012-ci il tarixli 20/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilə üzrə göstərilmiş xidmətlərə görə 3148,24 manat borc məbləğinin, hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0.5%-i həcmində cərimə kimi 12535,22 manat vəsaitin və 30 manat pul məbləğinin cavabdeh Ərazi Tikinti-Planlaşdırma Mərkəzindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, Cavabdeh Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Hərə Ərazisinin Tikinti - Planlaşdırma idarəsinin hüquqi varisi olmadığından onun öhdəlikləri üçün məsuliyyət daşıya bilməz. Bundan başqa, İddiaçı MMC müqavilə üzrə öhdəliklərini də icra etməmişdir. Belə ki, tərəflər arasıeda bağlanmış müqavilənin 2.1.6-cı bəndində qeyd olunmuşdur ki, təmir başa çatdıqda texniki xidmət göstərilməsini və ehtiyat hissələrinin dəyişdirilməsini təsdiq edən təmir kartı təqdim edilməli idi. Lakin məhkəməyə təqdim olunmuş təmir akrtları düzgün tərtib olunmadığından etibarsızdır. Həmin kartlarda göstərilmiş xidmətlərin qəbul olunmasını təsdiq edən imza olsa da, kartın kim tərəfindən imzalanması, imzalayan şəxsin adı, soyadı və vəzifəsi qeyd edilməmiş və xidmətlərin başa çatmasını təsdiq edən möhür vurulmamışdır. Həmçinin, müqavilənin 2.1.2-ci bəndində qeyd olunmuşdur ki, icraçı sifarişçinin sifarişi əsasında avtomobilə texniki baxış keçirib qüsurlar barədə sifarişçiyə məlumat verilməsini öhdəsinə götürsə də, bu barədə sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan: - xx.xx.2012-ci il tarixli, “Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair” 20/c saylı müqaviləyə əsasən İddiaçı MMC öz üzərinə, sifarış əsasında Bakı Şəhər Planlaşdırma İdarəsinin avtonəqliyyatına qabaqcadan razılaşdırılmış qiymətlərlə servis və texniki xidmət göstərmək üzrə öhdəlik götürmüş və idarə isə götürülmüş işi qəbul etməyi və hazırkı müqavilənin şərtləri ilə onu vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - 2288 saylı təmir kartına əsasən **-AK-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Jetta markalı avtonəqliyyat vasitəsinə İddiaçı MMC tərəfindən 787,70 manat dəyərində, 1384 saylı təmir kartı üzrə 1734,60 manat dəyərində təmir xidməti göstərilmişdir. - xx.xx.2018-ci il tarili, EAAİ seriyalı, 042553 saylı elektron qaiməyə əsasən Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsinə 628,94 manat dəyərindən,xx.xx.2018-ci il tarixli, HS seriyalı 195692 saylı elektron qaiməyə əsasən 628,94 manat dəyərində, xx.xx.2018-ci il tarixli EAAK seriyalı, 814290 saylı elektron qaiməyə əsasən 1734,60 manat dəyərində, xx.xx.2018-ci il tarixli, HT seriyalı, 834967 saylı elektron qaiməyə əsasən 1734,60 manat dəyərində, xx.xx.2018-ci il tarixli HW seriyalı, 010049 saylı elekron vergi hesab-fakturasına əsasən 784,70 manat dəyərində texniki xidmət göstərilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İddia ərizəsinin və əlavə olunmuş sənədlərin məzmunundan görünür ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Məhkəmə ilkin olaraq iddia tələbinin yönəldiyi cavabdehə münasibətdə bir neçə məqamı qeyd etməyi zəruri hesab edir. İşdən göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 19 mart 597 saylı Fərmanına əsasən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Burosunun və Şəhər ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliində publik hüquqi şəxs statusu Ərazi Tikinti- Planlaşdırma Mərkəzi yaradılmışdır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56.5-ci maddəsinə əsasən bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. İşin hallarından və işdə olan cavabdeh orqanın nizamnaməsindən də göründüyü kimi hazırkı iş üzrə iddia tələbinin yönəldiyi cavabdeh müqavilənin tərəfi olmuş Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin hüquqi varisi olmamış, sadəcə olaraq onun əsasında yaradılmış publik hüquqi şəxsdir. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən publik hüquqi şəxsin nizamnamə fondu təsisçi (təsisçilər) tərəfindən verilmiş əmlak hesabına formalaşdırılır. Publik hüquqi şəxsin əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, habelə dövlət və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən formalaşa bilər. Publik hüquqi şəxsin əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsi qaydası onun nizamnaməsi ilə müəyyən edilir. Publik hüquqi şəxslərə verilmiş müvafiq olaraq dövlət və bələdiyyə əmlakı onlar tərəfindən yalnız nizamnamədə müəyyən edilmiş məqsədlərə uyğun olaraq istifadə edilir. Göründüyü kimi, istər Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 19 mart 597 saylı Fərmanında, istərsə də “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda yeni yaradılan publik hüquqi şəxsin əsasında yaradıldığı hüquqi şəxsin öhdəliklərinə görə cavabdeh olması ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Ümumiyyətlə, mülki qanunvericilikdə öhdəliklərin əmələ gəlmə əsasları aşağıdakı kimi fərqləndirilmişdir: - müqavilədən əmələ gələn öhdəliklər; - qanundan irəli gələn öhdəliklər (əsassız varlanma, özgə işlərini tapşırıqsız aparma); - mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Hər hansı bir öhdəliyin yaranması üçün yuxarıda göstərilən əsaslardan biri mövcud olmalıdır. Lakin, hazırkı iş üzrə cavabdeh qismində qeyd olunmuş hüquqi şəxslə iddiaçı arasında öhdəliklərin yaranması üçün sadalanan əsaslardan hər hansı biri mövcud olmadığından müqavilə üzrə yaranmış borcun da ondan tələb edilməsi qanunauyğun hesab edilə bilməz. Bundan başqa İddiaçı MMC ilə cavabdeh Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsi arasında bağlanmış xx.xx.2012-ci il tarixli 20/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilənin 2.1.2 və 2.1.6-cı bəndlərinə əsasən sifarişçinin sifarişi əsasında avtomobilə texniki baxış keçirib qüsurlar barəsində sifarişçiyə məlumat vermək, təmir başa çatdıqda texniki xidmət göstərilməsini və ehtiyat hissələrinin dəyişdirilməsini təsdiq edən təmir kartını sifarişçiyə təqdim etmək icraçının vəzifəsi kimi müəyyən olunmuşdur. Lakin iddiaçı tərəfindən məhkəməyə avtomobilə texniki baxış keçirib qüsurlar barəsində sifarişçiyə məlumat verilməsi ilə bağlı hər hansı bir sübut təqdim olunmamamışdır. Təmir kartları sübut kimi məhkəməyə təqdim olunsa da, həmin kartların sifarişçi qrafasında olan imzanın kimə məxsus olması, imzalayan şəxsin kim olması, səlahiyyətli şəxs olub – olmaması ilə bağlı sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Buna görə də məhkəmə hesab edir ki, həmin sənədlər təmir kartını sifarişçiyə təqdim edilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə işin faktiki hallarını qeyd olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğuna görə rədd edilməli, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ərazi Tikinti - Planlaşdırma Mərkəzinə qarşı pul tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-367/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-367/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver