Məhkəmə qərarları › İş №e-2-2(113)-3670/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3670/2025

07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3670/2025 07.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Cavabdeh “İddiaçı”nın xeyrinə 26390,00 manat məbləğində borc, 2600,00 manat məbləğində cərimə və 176,97 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin İmişli filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 14 saylı alğı-satqı müqaviləsinə əsasən İmişli rayonu, Ağamallar kəndi ərazisində 30,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 26390,00 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 26390,00 manat məbləğində pambığın becərilməsinə görə kart hesabına avans vəsait ödənilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, xam-pambığı təhvil verməmiş, çəkilmiş xərclərdən 26390,00 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq, cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzrsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması işə əlavə edilmiş ödəniş tapşırıqları ilə təsdiq edilir. Eyni zamanda tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 2.2.3-ci bəndinə əsasən satıcı alıcı tərəfindən göstərilən servis xidmətləri, nisyə verilən nağd pul vəsaiti, mineral gübrə, pestisidlər və toxumun dəyərini müqavilənin 2.2.3-ci bəndində nəzərdə tutulan müddətdə tam şəkildə alıcıya ödəyir, əks halda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,1% həcmində, 10%-dən artıq olmamaq şərtilə satıcıya cərimə ödəyir. Cavabdeh ötən müddət ərzində öhdəliyi icra etməkdən imtina etməklə, cəmiyyətin mənafeyinə zərər vurduğundan onun barəsində müqavilənin 2.2.3 bəndlərinə əsasən ödənilməyən məbləğin 10% həcmində-2600,00 manat məbləğində cərimə tətbiq edilməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 14 saylı “Xam pambığın alqı-satqısı haqqında” müqavilənin məzmunundan müəyyən olunur ki, tərəflər alıcı tərəfindən satıcı Cavabdeh məxsus, İmişli rayonu, Ağamallar kəndində yerləşən 30.00 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, satıcı tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində alıcıya təhvil verilməsi və alıcı tərəfindən satıcının borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsini razılaşdırmışlar. Həmin müqavilənin 2.2.3-cü bəndinə əsasən satıcı alıcı tərəfindən göstərilən servis xidmətlərini, nisyə verilən nağd pul vəsaitini, mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan müddətdə (xx.xx.2022-ci il tarixinədək) tam şəkildə alıcıya ödəyir, əks halda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,1%-i həcmində, 10%-dən artıq olmamaq şərti ilə satıcıya cərimə ödəyir; 2.2.4-cü bəndinə əsasən satıcı alıcıdan borc kimi aldığı vəsaitdən yalnız bu müqavilədə nəzərdə tutulan pambığın becərilməsi üçün istifadə edir, xərclərin təyinatı barədə mövsüm ərzində mütəmadi olaraq alıcıya məlumat verir və aldığı borcun tam şəkildə qaytarılmasını təmin edir; 2.2.6-ci bəndinə əsasən müqavilə üzrə əkilmiş sahədə yetişdirilmiş xam pambığın satıcı tərəfindən alıcıya təhvil verilməməsi aşkar olunarsa, satıcı alıcıya çəkilmiş xərcin 3 (üç) misli həcmində cərimə ödəyir; 6.1-ci bəndinə əsasən bu müqavilədən irəli gələn mübahisələr tərəflər arasında qarşılıqlı razılaşma yolu ilə həll edilir, razılaşma əldə edilmədikdə mübahisələr məhkəmə yolu ilə həll edilir. Müqavilə tərəflərin imzası və İddiaçı MMC-nin İmişli filialının möhürü ilə təsdiq edilmişdir. - Cavabdeh İddiaçı MMC-nin İmişli filialının direktoruna ünvanladığı ərizənin məzmunundan müəyyən olunur ki, 2022-ci il təsərrüfat ilində cavabdehə məxsus olan 30.00 ha dövlət torpağında pambıq əkmək üçün bütün aqrotexniki tədbirləri və müqavilə öhdəliklərini yerinə yetirməklə, xam pambığın yayındırılmamasına və yalnız İddiaçı MMCnin İmişli filialına təhvil verməklə aqrotexniki tədbirlər üçün nəzərdə tutulan vəsaitin təyinatı üzrə istifadə olunmasına, yığım mövsümü başa çatanadək əkin sahələrinin qorunub saxlanmasına, pambıq əkini üçün nəzərdə tutulan tələblərin optimal müddətdə və keyfiyyətdə aparılmasını və xam pambığın keyfiyyətlə təhvil verilməsini həyata keçirmək məqsədilə İddiaçı MMC ilə aralarında müqavilə bağlanmasını xahiş etmişdir. - xx.xx.2022-ci il tarixli, PAM00009998 nömrəli ödəniş tapşığından müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh hesabına 5500,00 məbləğində avans ödənişi köçürülmüşdür. - xx.xx.2022-ci il tarixli, PAM00012880 nömrəli ödəniş tapşığından müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh hesabına 5500,00 məbləğində avans ödənişi köçürülmüşdür. - xx.xx.2022-ci il tarixli, PAM00004850 nömrəli ödəniş tapşığından müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh hesabına 13740,00 məbləğində avans ödənişi köçürülmüşdür. - xx.xx.2022-ci il tarixli, PAM00017291 nömrəli ödəniş tapşığından müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh hesabına 1650,00 məbləğində avans ödənişi köçürülmüşdür. - İş materiallarına tərəflər arasında razılaşdırılmış xx.xx.2022-ci il tarixli qiymət razılaşma protokolu əlavə edilmişdir. Protokol tərəflərin imzası və İddiaçı MMC-nin İmişli filialının möhürü ilə təsdiq edilmişdir. -"xxxx" MMC tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli, 001/1614 nömrəli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, Cavabdeh borcun qısa müddət ərzində ödənilməsi xahiş olunmuş, əks halda qanunvericiliyə uyğun tədbirlər görüləcəyi bildirilmişdir. Beləliklə, tərəflər arasında xx.xx.2021-ci il tarixli, 14 saylı “Xam pambığın alqı-satqısı haqqında” müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyi halda, cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı müqavilənin icrası ilə əlaqədar cavabdehə 26390,00 manat məbləğində avans vermişdir. Lakin cavabdeh verilmiş avansın əvəzi olaraq xam pambıq məhsulunu razılaşdırılmış müddət ərzində təhvil verməli olduğu halda, öhdəliyini pozmuş, beləliklə, iddiaçıya 26390 manat məbləğində borcu yaranmışdır. İddia tələbinin digər hissəsini cavabdehdən 26390 (iyirmi altı min üç yüz doxsan) manat əsas borcun tutulması təşkil edir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının qabaqcadan ödədiyi avans məbləğin qaytarılmasını tələb hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh 26390 (iyirmi altı min üç yüz doxsan) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmin məbləğdə avans məbləğin ödənilməsi müqavilə, ödəniş tapşırıqları (5500+5500+13740+1650=26390) ilə öz təsdiqini tapır. İddia tələbinin digər hissəsini cavabdehdən xx.xx.2021-ci il tarixli, 14 saylı müqavilə üzrə 2600 manat cərimə borcunun tutulması təşkil edir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qeyd olunan məbləğ iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən 2600 (iki min altı yüz) manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 176,97 manatın cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 176,97 manat (yüz yetmiş altı manat doxsan yeddi qəpik) cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 26390 (iyirmi altı min üç yüz doxsan) manat pul vəsaiti, 2600 (iki min altı yüz) manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 176,97 manat (yüz yetmiş altı manat doxsan yeddi qəpik) olmaqla, cəmi 29166,97 manat (iyirmi doqquz min yüz altmış altı manat doxsan yeddi qəpik) məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar