Məhkəmə qərarları › İş №e-2-2(113)-3672/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3672/2022

25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3672/2022 25.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X5 qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi X1 və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı MMC-nin ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı pul tələbi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 20600 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında qarşılıqlı razılaşma əsasında bağlanmış 01 sentyabr 2020-ci il tarixli, 4826/20 saylı alqısatqı müqaviləsinin 3-cü bəndinə əsasən, İddiaçı MMC istehsal və idxal etdiyi və ya digər formada ticarət predmeti olan məhsulları cavabdeh tərəfə satmağı, cavabdeh tərəf isə, həmin məhsulları qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Buna baxmayaraq, Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 20600 manat hissəsini bu günədək ödəməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı qismində çıxış edən İddiaçı MMC-nin iddia tələbinin rədd olunmasını və 20000 manat həcmində dəymiş zərərin, 2536 manat məbləğində faiz borcunun, 157 manat dövlət rüsumu olmaqla, ümumilikdə 22693 manat həcmində pul vəsaitinin İddiaçı MMC-dən tutularaq “Bakery" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 2021-ci ilin iyun ayında ənənəvi qaydadan fərqli olaraq günün 2-ci yarısında, Cavabdeh MMC heç bir sifariş etmədiyimiz halda, İddiaçı MMC-nin əməkdaşı olan Əli Alxasov telefon əlaqəsi yaradaraq 800 ədəd kisə un almağımızı təklif etdi. Mövcud olan müqavilə tərəfdaşlığı və bu tərəfdaşlığın nəticəsində yaranan etibara dayanaraq, ünvana qədər gətirilən mal qəbul edildi. İlk istehsal olunmuş partiyada unun istifadəyə yararsız olduğu aşkarlandıqda Əli Alxasovla əlaqə saxlayaraq məlumat verdik. Daha sonra İddiaçı MMC-nin satışdan məsul əməkdaşları Cəfər İsayev və Əli Alxasovla bir neçə dəfə telefon əlaqəsi saxlayaraq, mövcud problemin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi xahiş edildi. Müxtəlif bəhanələr irəli sürərək məsələnin həllini yubatmaqla vaxt qazanmağa çalışdılar. 06 iyul 2021-ci il tarixli elektron yazışmalarda da problemin mövcudluğu barədə İddiaçı MMC-nin nümayəndələrini məlumatlandırdığımız aydın şəkildə görünür. 23-28 iyun 2021-ci il tarixlərdə istifadə edilən 300 kisə undan hazırlanmış məhsulla bağlı şikayətlərin daxil olduğu e-mail yazışmalarında da qeyd edilmişdir. İddiaçı MMC-dən alınan xammaldan istehsal edilən məhsulla bağlı müştərilərdən gələn narazılıqlar nəticəsində əməkdaşlıq etdiyimiz şəbəkə marketlər, eyni zamanda kiçik mağazalardan məhsulun qaytarılması səbəbi ilə maddi və mənəvi zərərə məruz qalmışıq. 23-28 iyun tarixlərdə mağazalara göndərmiş olduğumuz məhsulun 40%-ə qədər hissəsi geri qaytarılmış, eyni zamanda, əməkdaşlıq edilən mağazalarla işgüzar münasibətlərdə gərginlik yaranmış, istehlakçılar arasında illərdir, öz keyfiyyəti ilə tanınan, müştəri məmnuniyyəti standartlarından kənara çıxmayan Cavabdeh çörək markası ilə bağlı mənfi təəssürat yaranmışdır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək, qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsi istehlakçıların əsas hüquqlarındadır. Göründüyü kimi, sifariş edilmədiyi halda, iki yük maşını malı ünvana qədər gətirib almağı təklif edən cavabdeh malın keyfiyyət problemi olduğu barədə məlumatlı olmuş, yarasız malı əldən çıxarmağa çalışmışdır. Aramızda imzalanan 01 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinin 2.2-ci bəndinə əsasən, satıcı müvafiq tara və qablaşmada, sifarişlə müəyyən edilən kəmiyyət və keyfiyyətdə məhsulu alıcıya təhvil verməyi öz öhdəsinə götürür. Dəfələrlə, malı keyfiyyətli malla əvəzləşdirmələri barədə qarşı tərəfə müraciət etsək də, nəticə əldə edilməmişdir. Hər dəfəsində vaxt məhdudiyyətlərini vurğulayaraq müddət uzadılmış öhdəliklərinin icrasında yayınmağa çalışmışlar. Son olaraq, hər iki tərəfin maddi zərərini minimal həddə endirə bilmək üçün 500 ədədə yaxın kisə unu suxarı istehsalına sərf edildi. Bu da istehsal üçün çəkilən xəcrləri qarşılayacaq vəsaiti əldə etməyə imkan vermir. 500 kisə undar 37500 manat dəyərində çörək istehsal olunursa, suxarı istehsalı zamanı 17500 manat vəsait əldə olunur, bu da 20000 manatlıq pul itkisi (əldən çıxmış fayda) deməkdir. Bir neçə kisə unu isə ekspertiza üçün saxlanılmışdır. Cavabdehin göndərmiş olduğu xx.xx.2021-ci il və xx.xx.2022-ci tarixi xəbərdarlıq məktublarına eyni məzmunlu cavab ünvanlayaraq, bizə dəymiş zərərin ödənilməsindən xahiş etdik. AR Mülki Məcəllənin 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərinin birtərəfli dəyişdirilməsinə yol verilmir. Həmin Məcəllənin 443.1ci maddəsinə görə,öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alıcı öhdəliyini icra etməmiş və alıcıya bununla bağlı zərər vurmuşdur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla (icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən,özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. İcraçı 2021-ci ilin sentyabr ayından ödəmiş olduğu 20000 manat məbləğində pulu artıq 12 aydan artıq saxladığından Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, icraçı tərəfindən sifarişçiyə 20000x(5/12x12)/100=20000x5/100=1000 manat məbləğində faiz borcu da ödənilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən xx.xx.2022-ci il tarixdən illik bank uçot faiz dərəcəsi 7.75 % olaraq müəyyən edilmişdir. Göründüyü kimi, Cavabdehin təqsirindən iddiaçıya məxsus 20000 manat məbləğində pul vəsaitini qanunsuz olaraq saxlamaqdadır. Ona görə də, hesab edirik ki, 7.75%/12=0,64% aylıq olmaqla, 2021 -ci ilin iyun ayından başlayaraq 20000 manat məbləğində olan borc artıq 12 aydan çoxdur ödənilməmiş qalır. Beləliklə, 12 aylıq gecikmə müddətini nəzərə alaraq hesablanan gecikmə faizlərin miqdarı 0.64%x12=7,68% olacaqdır və 20000x7,68%/100= 1536 manat faiz borcu da əsas borc məbləğinin üzərinə gəlinərək iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi X2 ilkin iddianı müdafiə edərək, ilkin iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cəmiyyət tərəfindən un yoxlanılmış və onun lazımi keyfiyyətdə olduğu müəyyən edilmiş, cavabdehin 800 ədəd un kisəsinə görə heç bir ödənişin edilmədiyini nəzərə alaraq ilkin iddia tələbinin tam təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi X6 ilkin iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onlara satılmış 800 ədəd kisədə olan unda “kartiv xəstəliyinin” aşkar edildiyini, yəni həmin unun lazımi keyfiyyətdə olmadığını nəzərə alaraq qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddianın isə rədd edilməsini xahiş etmişdir. Bununla yanaşı izahatında satılan 800 ədəd un kisəsindən 797-nin istifadə edildiyi, yalnız 3 un kisənin nümunə kimi saxlanıldığını, lakin satılan unun keyfiyyətsiz olması ilə bağlı heç bir sübutun olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 01 sentyabr 2020-ci il tarixli, 4826/20 nömrəli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə istehsal və ya idxal etdiyi və/ və ya digər hüquqi formada ticarət predmeti olan malları Cavabdeh MMC-yə satır, Cavabdeh MMC isə malı İddiaçı MMC-dən alır və müqabilində İddiaçı MMC-yə bu müqavilə ilə nəzərdə tutulmuş xidmət haqqı ödəyir. 01 sentyabr 2020-ci il tarixli 4826/20 nömrəli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə saxlanma müddəti 12 ay, net çəkisi 50 kq, brut çəkisi 50,09 kq olan “Sport”, “Oba” və “Doymak” adlı unların satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsi bağlanmış, İddiaçı MMC müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh alınan 800 ədəd un kisəsinin dəyəri olan 20600 manat məbləğində borcunu ödəməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh MMC-dən 20600 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Cavabdeh MMC-nin qarşılıqlı iddiası rədd edilməlidir, belə ki, Cavabdeh MMC-nin nümayəndəsi alınan 800 ədəd kisəsədə olan unun keyfiyyətsiz olduğunu bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış qiymətlərin razılaşma protokoluna əsasən unun saxlanma müddəti 12 ay göstərildiyindən, 800 ədəd un kisəsinin 2021-ci ilin iyun ayında Cavabdeh MMC-yə təhvil verildiyindən, hazırda Cavabdeh MMC tərəfindən istifadə edilməyən 3 ədəd kisədə saxlama müddəti təxminən 3 ay öncə bitdiyindən, un lazımi keyfiyyətdə olmamaqla yanaşı, həmin 3 ədəd kisədə olan unun məhz 800 ədəd kisədə olan una aid olub-olmaması mübahisəlidir. Həmçinin məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbi irəli sürsə də, alıcı alınan məhsulun pulunu ümumiyyətlə ödəməmiş, 800 ədəd un kisəsindən isə 797-ni istifadə etmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, ilkin iddia təmin edilməli, ilkin iddia üzrə Cavabdeh MMC-dən 20600 manat məbləğində pul tutularaq ilkin iddia üzrə İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin 20000 manat məbləğində dəymiş zərər, 2536 manat məbləğində faiz borcu və 157 manat dövlət rüsumu olmaqla, ümumilikdə 22693 manat məbləğində pulun İddiaçı MMC-dən tutulması tələbi ilə bağlı qarşılıqlı iddiası isə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İlkin iddia təmin edilsin. İlkin iddia üzrə Cavabdeh MMC-dən 20600 manat məbləğində pul tutularaq ilkin iddia üzrə İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin 20000 manat məbləğində dəymiş zərər, 2536 manat məbləğində faiz borcu və 157 manat dövlət rüsumu olmaqla, ümumilikdə 22693 manat məbləğində pulun İddiaçı MMC-dən tutulması tələbi ilə bağlı qarşılıqılı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar