Məhkəmə qərarları › İş №e-2-2(113)-3673/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3673/2023

20.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3673/2023 20.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2018-ci il tarixli, 0060-LT-GM/18 saylı müqavilə üzrə borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Grand Motors” MMC ilə Cavabdeh MMC arasında bağlanmış 14 noyabr 2018-ci il tarixli 0060-LT-GM/18 saylı müqavilə üzrə 247.965,08 manat əsas borcun, 405 manat mediasiya xərcinin, 132,96 manat dövlət rüsumunun, toplam 248.503,04 manat məbləğində borcun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (əvvəlki adı ilə - "xxxx" MMC) ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. İddiaçı MMC (satıcı) kimi göstərdikləri fəaliyyətləri ilə əlaqədar cavabdeh "xxxx" MMC (alıcı) ilə onların arasında ehtiyat hissələrinin alış-satışı məqsədilə 14 noyabr 2018-ci il tarixində 0060-LT-GM/18 saylı ehtiyat hissələrinin satışı müqaviləsi bağlanmışdır. Həmin müqavilələrin 2.5-ci bəndinə əsasən, alıcı sifarişin əlavədə göstərilmiş dəyərinin 100% hissəsini təhvil-təslimdən sonra satıcıya köçürmə yolu ilə 15 bank günü ərzində ödəməlidir. Tərəflər arasında sözügedən münasibəti təsdiq edən və alıcı tərəfindən təsdiq edilmiş elektron qaimələr mövcuddur. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 14 noyabr 2018-ci il tarixli, 0060-LT-GM/18 saylı “Ehtiyat hissələrinin satışı” müqaviləsinə əsasən cavabdehə ümumi dəyəri ƏDV daxil olmaqla 464.452,79 manat dəyərində mal satılmışdır. Borclu ilə İddiaçı MMC arasında olan 393.606,60 manat məbləğindəki əsas, 70.849,19 manat məbləğindəki ƏDV məbləği üzrə olan maliyyə dövriyyəsi üzrə, borclu tərəfindən, 183.466,70 manat məbləğində əsas, 33.024,01 manat məbləğində ƏDV ödənişi həyata keçirilmişdir. Hazırkı iddia ərizəsinin tərtib edildiyi günə isə borclunun ümumi olaraq 210.139,90 manat məbləğində əsas, 37.825,18 manat məbləğində isə ƏDV olmaqla, ümumilikdə 247.965,08 manat məbləğində yekun borcu yaranmışdır. Tərəflərindən borcluya öz borcunu ödəməsi üçün dəfələrlə yazılı və şifahi müraciət olunsa da, borclu öz borcunu ödəməkdən yayınmış və tərəflərindən göndərilən yazılı müraciətlərin heç birinə cavab verməmişdir. Cavabdeh MMC iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbi iddia müddəti ötürülməklə verildiyinə görə rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddia müddətinin tətbiqinə dair ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı subyektiv hüququnun pozulmasına və qanunda nəzərdə tutulmuş tələb etmə hüququnun yaranmasına baxmayaraq 4 ildən çox müddətin keçdikdən sonra məhkəməyə müraciət etməsi iddia müddətinin keçməsinə səbəb olmuşdur. Məhz bu əsasla da iddia tələbi rədd edilməlidir. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştiak etmiş cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə1 izahatında malların təhvil alındığını və borcunun olduğunu təsdiq etsə də iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş edir. Qanuni nümayəndə1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, sonuncu dəfə 2019cu ildə ödəniş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2023-cü il tarixdə qanuni təmsilçi Qanuni nümayəndə1 ərizə ilə müraciət edərək bildirmişdir ki, tərəflərindən məhkəməyə təqdim olunacaq hər hansı bir sübut qalmamışdır və onlarda olan bütün sübutlar məhkəməyə təqdim olunmuş, bundan sonra məhkəmədə iştirak etməyəcəklərini nəzərə alaraq məhkəmədən işdə olan sübutlar əsasında yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: "xxxx" MMC (indiki İddiaçı MMC) (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 14 noyabr 2018-ci il tarixli 0060-LT-GM/18 saylı ehtiyat hissələrinin satışı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən “Satıcı”, Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə (Əlavə 1, Əlavə 2 və s.) göstərilmiş, bundan sonra “Əlavə”, malları “Alıcı”ya satmağı və “Alıcı” isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. 2.5-ci bəndinə əsasən “Alıcı” sifarişin əlavədə göstərilmiş dəyərinin 100% hissəsini təhvil-təslimdən sonra “Satıcı”ya köçürmə yolu ilə 15 bank günü ərzində ödəməlidir. 4.1.2-ci bəndinə əsasən alıcı müqaviləyə əsasən vaxtında ödəniş etməlidir. 6.1-ci bəndinə görə bu müqavilə hər iki tərəfdən imzalandığı gündən 1 (bir) il müddətinə etibarlıdır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2022-ci il tarixli çıxarışı ilə müəyyən edilir ki, xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmış "xxxx" MMC-nin (VÖEN: **********) hazırki adı İddiaçı MMC-dir. xx.xx.2020-xx.xx.2020-ci il dövrünü əhaət edən müddətdə İddiaçı MMC tərəfindən (ƏDV daxil) ümumilikdə 240.000 manatdan çox dəyərində mallara görə elektron qaimələr tərtib edilərək Azərbaycan Respublikasının Vergilər Nazirliyinin elektron informasiya sistemi vasitəsilə Cavabdeh MMC-yə təqdim edilmişdir. 14 iyun 2023-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 14 noyabr 2018-ci il tarixli 0060-LT-GM/18 saylı ehtiyat hissələrinin satışı müqaviləsi əsasında ümumilikdə ƏDV daxil 464.452,79 manat məbləğində mallar verilmiş, Cavabdeh MMC isə ümumilikdə ƏDV daxil 216.490,71 manat ödəniş etmiş və nəticədə Cavabdeh MMC-nin arayışın tərtib edildiyi günə İddiaçı MMC-yə ümumilikdə ƏDV daxil 247.965,08 manat borcu vardır. İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət edilərək, 247.965,08 manat borcun 10 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında - 14 noyabr 2018-ci il tarixli 0060-LT-GM/18 saylı ehtiyat hissələrinin satışı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək malları cavabdehə təqdim etmişdir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmişdir. Hal-hazırda İddiaçı MMC Cavabdeh MMC-nin qeyd edilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcunun ƏDV daxil 247.965,08 manat olduğunu iddia edir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə1 izahatında xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məhkəmə iclaslarında Cavabdeh MMC-nin İddiaçı MMC-dən malların təhvil alınması və iddia ərizəsində göstərilən məbləğdə borcunun olması faktını etiraf etmişdir. Bu fakt cavabdehin də etiraz etmədiyi iddiaçı tərəfindən malların təqdim edilməsi barədə göndərilmiş elektron qaimələrlə də öz təsdiqini tapır. Bundan əlavə göstərilən fakt (malların təhvil alınması və borcunun olması faktı) cavabdeh tərəfindən məhkəməyə göndərilmiş iddia müddətinin tətbiqi barədə ərizədə də mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-in 106.3-ci maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərini– 247.962,08 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməsini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı MMC Cavabdeh MMC-dən 247.962,08 manat məbləğində əsas borcun tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən iş materiallarından görünür ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək mübahisəyə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Göstərilən ərizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2-ci, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Hazırkı işin mübahisəsiz hallarından görünür ki, 14 noyabr 2018-ci il tarixli 0060-LT- GM/18 saylı ehtiyat hissələrinin satışı müqaviləsi üzrə sonuncu partiya mallar xx.xx.2020ci il tarixdə Cavabdeh MMC-yə təqdim edilmiş və bununla bağlı elektron qaimə həmin tarixdə cavabdehə göndərilmişdir. Malların təqdim edildiyi tarixdən 15 bank günü ərzində ödənilməli olması barədə müqavilə şərtini nəzərə aldıqda sonuncu partiya malların ödənilməsi tələbi üzrə iddia müddəti axımının 13 may 2020-ci il tarixdə başlandığı aydın olur. Həmin tarixdən sonrakı dövrdə iddia müddətinin kəsilməsinə əsas olan halların baş verməsi isə iş materialları ilə müəyyən edilmir. Odur ki, hazırkı tələbinin sonuncu hissəsi üzrə iddia müddətinin axımı 13 may 2020ci il tarixdə başlandığından mediasiya üçün iddia müddətinin dayandırıldığı 29 günlük (16 may -12 iyun 2023) müddət də nəzərə alınmaqla müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti 11 may 2023-cü il tarixdə başa çatmışdır. Yuxarıda göstərilən hallar ona dəlalət edir ki, İddiaçı MMC tərəfindən hazırkı iddia 20 iyun 2023-ci il tarixdə verilərkən tələb üzrə iddia müddəti buraxılmışdır. Mülki Məcəllənin: 379.1.6-cı maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə ddia müddətinin axımı dayandırılır. 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun: 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. 24.7-ci maddəsinə görə b u Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur. 32.1.4-cü maddəsinə əsasən tərəflərin mediasiya prosesinin müddətinin uzadılmasına dair müraciətləri olmamışsa, bu Qanunun 24.7-ci maddəsinə uyğun olaraq mediasiya prosesinin müddəti bitdikdə mediasiya prosesinə xitam verilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia iddia müddəti buraxılmaqla verildiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2018-ci il tarixli, 0060-LT-GM/18 saylı müqavilə üzrə borcun tutulması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar