Məhkəmə qərarları › İş №e-2-2(113)-3674/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3674/2025

05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3674/2025 05.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "AZ X2" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı "AZ X2" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "AZ X2" MMC X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, S254/23 saylı Alqı-Satqı Müqaviləsi əsasında 47707,09 manat əsas, 4770,71 manat dəbbə pulu və 247,43 manat ödənilən dövlət rüsumu olmaqla cəmi, 52725,23 manat cavabdeh tərəfindən “AzX2” MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə İddiaçı MMC ilə cavabdeh arasında S254/23 saylı“Alqı-Satqı” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC, yəni Satıcı bu müqavilədə nəzərdə tutulmuş mallarıalıcıya sataraq onun mülkiyyətinə verməyi,Alıcı isə həmin malları qəbuledərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən Bu “Müqavilə”nin 2.4cü bəndinə uyğun olaraq “Mal”ların “Satıcı” qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş “Mal”ın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində “Satıcı”nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Mal”ların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, “Alıcı” satılan “Mal”ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. “Mal”ların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu “Müqavilə”yə əsasən onun dəyərinə daxildir. “Satıcı”nın ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş “Mal”lar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış “Mal”ların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturalarıəsasında mallar təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq,alıcı elektron-qaimələrə əsasən ƏDV daxil olmaqla 47707.09 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları,eləcə də,alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq təchizatçıya, yəni“AzX2” MMC-yə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan 6-cı maddəsinin tələbinə görə “Tərəflər” arasında bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəma qaydasında həll olunur. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir.

3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh (Ş/V № AZE165345, FİN xxxxxxx, tel: ***-***-**-**) əsl cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki,xx.xx.2025-ci il tarixdə keçirilən hazırlıq iclası zamanı cavabdeh X5 ifadəsində bildirmişdir ki, şirkətlə imzalanmış alqı-satqı və digər sənədlərdə olan imza ona yox, vaxtı ilə Avrora şirkətində birgə işləmiş Cavabdeh aiddir. Belə ki, Cavabdeh ilə birlikdə Avrora şirkətində ekspeditor işlədiyi vaxtda öz şəxsi məlumatlarını iş yoldaşı Cavabdeh vermişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3874/2025 saylı qərardadına əsasən iddiaçı "AZ X2" MMC-nin cavabdeh X4 qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə cavabdeh X5 əsl Cavabdeh ilə əvəz olunmuşdur.

6. Tərəflərin mövqeləri:

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaya etiraz edir. İş materiallarına əlavə edilən heç bir sənədin ona aidiyyəti yoxdur. Nə müqavilədə, nə təhvil-təslim aktlarında imza ona aid deyil, nə də ki, e-qaimələr onun adına deyil. İddiaçı tərəfindən hazırda tələb edilən 47707,09 manatlıq mal ona verilməyib. İddia ərizəsinin rədd edilməsini xahiş edir.

II. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

III.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. "AZ X2" MMC ilə X5 arasında xx.xx.2023-cü il tarixli, S254/23 saylı Təchizat müqaviləsi bağlanmışdır.

11. Malların təhvil verilməsinə dair 31 may 2023-cü il tarixli 0000-004676 saylı qaiməfakturaya əsasən 29633,40 manat məbləğində, 30 mart 2023-cü il tarixli 2826 nömrəli Müştəri sifarişi adlı (Заказ клиента) sənədinə əsasən 4811,40 manat məbləğində, 23 fevral 2023-cü il tarixli 1829 nömrəli Müştəri sifarişi adlı (Заказ клиента) sənədə əsasən 9464,10 manat məbləğində, 21 fevral 2023-cü il tarixli 1724 nömrəli Müştəri sifarişi adlı (Заказ клиента) sənədə əsasən 240,60 manat məbləğində, 13 fevral 2023-cü il tarixli 1301 nömrəli Müştəri sifarişi adlı (Заказ клиента) sənədə əsasən 1922,40 manat məbləğində, 27 yanvar 2023-cü il tarixli 759 nömrəli Müştəri sifarişi adlı (Заказ клиента) sənədə əsasən 6015 manat məbləğində mallar sifarişçi olaraq Qurbanov Tural, çatdırma ünvanı kimi “X9 (Qurbanov Tural) Bakı şəhəri, 4 MKR, 50 qəpik Restoranın arxası qeyd edilmişdir.

12. İddiaçı MMC tərəfindən müqavilə üzrə həyata keçirilmiş satışlara dair X4 xx.xx.2023-cü il tarixli e-qaimə üzrə 9464,10 manat, xx.xx.2023-cü il tarixli e-qaimə üzrə 1922,40 manat, xx.xx.2023-cü il tarixli e-qaimə üzrə 4811,40 manat və xx.xx.2023-cü il tarixli e-qaimə üzrə 29633,40 manat, xx.xx.2023-cü il tarixli e-qaimə üzrə 6015 manat, xx.xx.2023cü il tarixli e-qaimə üzrə 240,40 manat dəyərində e-qaimələr göndərilmişdir.

13. "AZ X2" MMC ilə “X9 (Kerimov Hikmet) arasında imzalanmış 31 iyul 2023-cü il tarixli Qarşılıqlı üzləşmə aktına əsasən 58473,94 manat borcun olması müəyyən edilmişdir.

14. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3674/2025 saylı qərardadı ilə 31 may 2023-cü il tarixli 29633,40 manat məbləğində olan qaimə-faturadakı imza və yazı (Əhməd), 30 mart 2023-cü il tarixli 2826 nömrəli Müştəri sifarişi adlı (Заказ клиента) sənəddə, 23 fevral 2023-cü il tarixli 1829 nömrəli Müştəri sifarişi adlı (Заказ клиента) sənəddə, 21 fevral 2023-cü il tarixli 1724 nömrəli Müştəri sifarişi adlı (Заказ клиента) sənəddə, 13 fevral 2023cü il tarixli 1301 nömrəli Müştəri sifarişi adlı (Заказ клиента) sənəddə, 27 yanvar 2023-cü il tarixli 759 nömrəli Müştəri sifarişi adlı (Заказ клиента) sənəddə olan imzalar Cavabdeh və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması, 31 iyul 2023-cü il tarixli Qarşılıqlı üzləşmə aktının “X9 (Kerimov Hikmet) bölməsində olan imza və yazı (Direktor, Cavabdeh) Cavabdeh və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması müəyyən edilməsi məqsədilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.

15. MEM-in xx.xx.2025-ci il tarixli, 4/1481 saylı rəyinə əsasən mülki işin 21-ci vərəqində olan 31 may 2023-cü il tarixli 29633,40 manat məbləğində olan qaima-fakturadakı yazı və imza, 30 mart 2023-cü il tarixli 2826 nömrəli, 23 fevral 2023-cü il tarixli 1829 nömrəli, 21 fevral 2023-cü il tarixli 1724 nömrəli, 27 yanvar 2023-cü il tarixli 759 nömrəli Müştəri sifarişi adlı (Заказ клиента) sənədlərdə olan imzalar, 31 iyul 2023-cü il tarixli Qarşılıqlı üzləşmə aktının “X9” (Kerimov Hikmət) bölməsində olan imza və yazı-Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edilməsi qeyd edilmişdir.

16. Şahid məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, 2023-cü il noyabr ayında iddiaçı şirkətdən işdən ayrılmışdır. Cavabdehın sifarişlərini qəbul etmişdir. Sadece sifarişləri yazmışdır, lakin sonrakı proses və ödəniş barədə məlumatı yoxdur. O, cavabdehə şəxsən mal təhvil verməmişdir. Cavabdehə nə qədər mal təhvil verildiyini dəqiq bilmir. Mal təhvil verildiyi zaman o, iddiaçı şirkətin Bakı nümayəndəliyində çalışmamışdır. Cavabdehdən ödənişləri almış və ödəniş çekləri şirkətdədir. O təmsilçi işlədiyi dövrdə cavabdehə iddia tələbində qeyd olunan məbləğdə mal təhvil verməmişdir. İşlədiyi dövrdə malları bilavasitə o təhvil vermirdi, o, sadəcə sifarişləri yazırdı, başqa şəxslər malları çatdırmalı idi.

17. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

19. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

20. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

21. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

22. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

23. İşin halları ondan ibarətdir ki, "AZ X2" MMC öncə X4 qarşı iddia qaldıraraq bildirmişdi ki, iddiaçı ilə Kərimov H. arasında alqı-satqı müqaviləsi bağlanılıb, mallar təhvil verilib, 47707,09 manat ödənilməmiş borc qalıb, həmin məbləğin ondan tutulmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Kərimov H. bildirmişdir ki, nə müqavilədəki, nə də ki, təhvil sənədlərində imzalar ona məxsus deyil. İddiaçı "AZ X2" MMC H.Kərimovun bu izahatı ilə razılaşaraq xx.xx.2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, “xx.xx.2025-ci il tarixdə keçirilən hazırlıq iclası zamanı cavabdeh X5 ifadəsində bildirmişdir ki, şirkətlə imzalanmış alqı-satqı və digər sənədlərdə olan imza ona yox, vaxtı ilə Avrora şirkətində birgə işləmiş Cavabdeh aiddir. Belə ki, Cavabdeh ilə birlikdə Avrora şirkətində ekspeditor işlədiyi vaxtda öz şəxsi məlumatlarını iş yoldaşı Cavabdeh vermişdi. Təqdim olunmuş sənədlərin imza hissəsində həqiqətən Cavabdeh adlı şəxsin qeyd olunmasını və H.Kərimovun verdiyi ifadələri nəzərə alaraq icraatda olan hazırki iş üzrə xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh (Ş/V № AZE165345, FİN xxxxxxx, tel: ***-***-**-**) əsl cavabdeh qismində cəlb edilməsini” xahiş etmişdir. Məhkəmənin qərardadı ilə cavabdeh əsl cavabdeh ilə əvəz edilmişdir. Cavabdeh isə iş materialları ilə tanış olaraq bildirdi ki, bəzi satış fakturalarında onun adı göstərilsə də, lakin heç bir sənəddə imza ona aid deyil və mübahisə predmeti olan malları o təhvil almamışdır.

24. Məhkəmə qeyd edir ki, iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir.

25. Həmin maddəyə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

26. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (Mülki Məcəllənin 385, 442 və 448.1-cı maddələri)

27. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

28. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdehin ona alqı-satqı münasibətlərdən irəli gələn 47707,09 manat məbləğində borcunun olmasını sübuta yetirmək üçün tərəflərin təsdiq etdikləri 31 may 2023-cü il tarixli 29633,40 manat məbləğində, 30 mart 2023-cü il tarixli 2826 nömrəli Müştəri sifarişi adlı (Заказ клиента) sənədə, 23 fevral 2023-cü il tarixli 1829 nömrəli Müştəri sifarişi adlı (Заказ клиента) sənədə, 21 fevral 2023-cü il tarixli 1724 nömrəli Müştəri sifarişi adlı (Заказ клиента) sənədə, 13 fevral 2023-cü il tarixli 1301 nömrəli Müştəri sifarişi adlı (Заказ клиента) sənədə, 27 yanvar 2023-cü il tarixli 759 nömrəli Müştəri sifarişi adlı (Заказ клиента) sənədə və 31 iyul 2023-cü il tarixli Qarşılıqlı üzləşmə aktına istinad etmişdir.

29. Məhkəmə araşdırılması zamanı Cavabdeh iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş həmin sənədlərdə olan imzanın onun tərəfindən icra edilməsini mübahisələndirmişdir. İş üçün əhəmiyyət kəsb edən göstərilən halın müəyyən edilməsi məqsədilə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə sözügedən sənədlərdə imzaların və yazıların Cavabdeh tərəfindən icra edilməməsi müəyyən edilmişdir.

30. Azərbaycan Respublikası MPM-in:

31. 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

32. 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

33. Məhkəmə ekspert rəyi ilə razılaşmaması üçün əsasların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, 31 may 2023-cü il tarixli 29633,40 manat məbləğində, 30 mart 2023-cü il tarixli 2826 nömrəli Müştəri sifarişi adlı (Заказ клиента) sənəd, 23 fevral 2023-cü il tarixli 1829 nömrəli Müştəri sifarişi adlı (Заказ клиента) sənəd, 21 fevral 2023-cü il tarixli 1724 nömrəli Müştəri sifarişi adlı (Заказ клиента) sənəd, 13 fevral 2023-cü il tarixli 1301 nömrəli Müştəri sifarişi adlı (Заказ клиента) sənəd, 27 yanvar 2023-cü il tarixli 759 nömrəli Müştəri sifarişi adlı (Заказ клиента) sənəd və 31 iyul 2023-cü il tarixli Qarşılıqlı üzləşmə aktı cavabdeh tərəfindən imzalanmadığından həmin sənədlər Cavabdeh iddiaçı qarşısında icra edilməmiş öhdəliyinin mövcud olmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz.

34. MPM-in:

35. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Belə olan halda məhkəmə iddiaçının iddia tələblərini əsaslandırmaq üçün təqdim etdiyi sübutların tərəflər aralarında hazırda öhdəlik hüquq münasibətlərinin mövcud olması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan vermədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olmaqla rədd edilməlidir.

39. Əsas borc tələbi hissəsində iddia rədd edildiyi üçün məntiqi davam olaraq dəbbə pulu hissəsində də iddia təmin edilə bilməz.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

41. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən çəkilmiş xərclər (dövlət rüsumu) iddiaçıya aid edilməlidir.

42. Həmçinin məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 138 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. hesab edir.

IV.Nəticə:

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 138 manat məbləğində pul vəsaiti iddiaçı "AZ X2" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar