Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-369/2022 26.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12 iyun 2012-ci il tarixli 24-LA/12 nömrəli müqavilə üzrə 343800 manat gecikdirilmiş borcun və hesablanmış 367312,50 manat cərimə borcunun və hüquqi yardımla bağlı 500 manat olmaqla ümumilikdə 711612,5 manat pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 12 iyun 2012-ci il tarixli 24-LA/12 nömrəli müqaviləyə əsasən dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə texnoloji avadanlıqları lizinqə götürülmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 08 iyun 2021-ci il tarixə 03 avqust 2016-cı il tarixli 12 iyun 2012-ci il tarixli 24-LA/12 nömrəli müqavilə üzrə 343800 manat gecikdirilmiş əsas borcu və hesablanmış 367312,50 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübu tlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: "xxxx" ASC-yə məxsus 38400 ədəd yumurta tutan 2 dəst inqubator kompleksinin və istehsal gücü saatda 1500 baş olan broyler kəsim xətti avadanlıqlarının quraşdırılması ilə birlikdə lizinqə verilməsi barədə 12 iyun 2012-ci il tarixli 24-LA/12 nömrəli müqavilə ilə lizinq verən müqaviləyə 1-2 nömrəli əlavələrdə göstərilən təsnifata və şərtlərə uyğun ümumi dəyəri 630000 manat, o cümlədən 237600 manat məbləğdində 38400 ədəd yumurta tutan 2 dəst inqubator kompleksinin və 392400 manat məbləğində istehsal gücü saatda 1500 baş olan broyler kəsim xətti avadanlıqlarının quraşdırılması ilə birlikdə dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi ilə 10 ilə lizinqə verməyi və lizinq alan avadanlığın dəyərindən 63000 manat məbləği əvvəlcədən lizinq verənə ödəməyi, qalan məbləği isə ödəniş qrafikində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür; 08 iyun 2021-ci il tarixli maliyyə arayışına əsasən "xxxx" MMC-nin 12 iyun 2012-ci il tarixli 24-LA/12 nömrəli müqavilə üzrə 343800 manat gecikdirilmiş əsas borc və 367312,5 manat cərimə borcunun olması qeyd olunmuşdur; 12 oktyabr 2021-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 500 manat ödəniş edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12 və 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Bakı Kommersiya Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, e-2-2(113)-369/2022 nömrəli qərardadına əsasən borc məbləğinin dəqiq müəyyənləşdirilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 20 iyul 2022-il il tarixli, 9/2303 №-li rəyində qeyd olunmuşdur ki, "xxxx" MMC-nin 08 iyun 2021-ci il tarixə 12 iyun 2012-ci il tarixli 24- LA/12 nömrəli lizinq müqaviləsi üzrə cavabdehin borcu əsas gecikdirilmiş borc üzrə 343800 manat, cərimə borcu üzrə 367312,5 manat məbləğində müəyyən olunur. İşin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri üzrə əsas borcu tam ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuş və ödənişlər vaxtında aparılmadığına görə lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən iddiaçının əsas məbləğin gecikdirilməsinə görə cərimə məbləğini tələb etmək hüququ yaranmışdır. Lakin məhkəmə 343800 manat məbləğində əsas borca tənasübsüz olaraq hesablanmış 367312,5 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 367312,5 manat məbləğində dəbbə pulunun məbləği azaldılmaqla 20000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 500 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, habelə iddia tələbində göstərilən məbləğlər ekspert rəyində göstərilən məbləğlərlə eynilik təşkil etdiyinə görə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. 12 iyun 2012-ci il tarixli, 24-LA/12 nömrəli müqavilə üzrə 343800 manat gecikdirilmiş əsas borc və 20000 manat cərimə olmaqla, ümumilikdə 363800 manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Hüquqi yardıma görə ödənilmiş vəsaitin əvəzi qismində 500 manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-369/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-369/2022
26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver