Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3691/2025 10.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.237,53 (min iki yüz otuz yeddi manat, əlli üç qəpik) manat əsas borcun, 148 (yüz qırx səkkiz) manat dəbbə pulunun, 220 (iki yüz iyirmi) manat vəkil xidməti haqqının və 34 (otuz dörd) manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli “ Məhsulların alqı-satqısı haqqında” müqaviləyə əsasən, satıcı, İddiaçı MMC istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri Alıcı təsisçisi Qanuni nümayəndə şəxsində Cavabdeh MMC-yə verməyi, Alıcı isə verilən malların razılaşdırılmış dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli Malların təhvil-qəbul aktlarına və xx.xx.2024-cü il tarixli Maliyyə Arayışına əsasən Satıcı tərəfindən 3.850,07 manat məbləğində məhsul təhvil verilmiş, həmin pulun xeyli hissəsinin cavabdeh tərəfindən ödənişi həyata keçirilmişdir, hazırki vəziyyətdə cavabdehin İddiaçı MMC-yə 1.237,53 manat məbləğində ödənilməmiş borcu qalmışdır. “Məhsulların güzəştli alqı-satqı” Müqaviləsinin 6.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki hüquqi məsuliyyət daşıyırlar. Həmin Müqavilənin 6.3-ci bəndinə görə alıcı tərəfindən Məhsulların faktura və tara dəyərinin bu müqavilənin 3.2 bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0.1 (sıfır tam,onda bir) % miqdarında ,gecikdirilən günlərin sayı 30 (otuz)gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0.2( sıfır tam,onda iki)% miqdarında dəbbə pulu ödənilməlidir. Borcun ödənilməsi ilə bağlı Cavabdeh MMC-yə rəsmi pretenziya məktubu ilə müraciət olunmuş və borc məbləğinin 5 (beş) gün ərzində ödənilməsi tələb olunmuşdur. Əksi təqdirdə borc məbləğinin məcburi qaydada ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul olunsa da, bu günə qədər qeyd olunan borc məbləği hələ də ödənilməmiş olaraq qalır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
4. Məhkəmə iclasının tərəflərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Məhsulların alqı-satqısı haqqında” müqaviləsinə əsasən satıcı özünün istehsal və satışını təşkil etdiyi müxtəlif çeşidli alkoqolsuz spirtsiz içkiləri və çayları alıcıya satmaqla onun mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində faktura və ya mədaxil qəbzi ilə müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürür.
7. Müqavilənin 3.1-ci bəndinə əsasən satılan məhsulların bir vahidinin qiyməti və məhsulun ümumi dəyəri daxil olmaqla faktura ilə müəyyən olunur.
8. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə qüvvəyə mindikdən sonra satıcı alıcının müraciəti əsasında onun sifarişi əsasında onun sifarişini və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla ona satdığı məhsulları faktura əsasında verir.
9. Müqavilənin 6.3-cü bəndinə əsasən alıcı tərəfindən məhsulların faktura və tara dəyərinin bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə, hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmamış taranın dəyərinin 0,1 % miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2 % miqdarında dəbbə pulu ödəməlidir.
10. İddiaçı tərəfindən cavabdehə MT2405 11409288 nömrəli, xx.xx.2024-cü il tarixli 1557,13 manat məbləğində elektron qaimə təqdim edilmişdir.
11. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli malların təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə 1557,14 manat məbləğində mal verilmişdir.
12. İddiaçı tərəfindən verilmiş iddiaçıya məxsus bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya MT2405 11409288 nömrəli, xx.xx.2024-cü il tarixli qaimə üzrə xx.xx.2024-cü il tarixdə 319,60 manat ödəniş olunmuşdur.
13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
15. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
16. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
17. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
18. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumi dəyəri 1557,14 manat təşkil edən malları cavabdehə təhvil vermiş, cavabdeh tərəfindən bunun müqabilində 319,60 manat ödəniş olunmuşdur.
19. Məhkəmə hesab edir ki, iddiaçı hazırda ödənilməyən qalıq 1237,53 manat əsas borcu tələb etməklə haqlıdır.
20. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 6.3-cü bəndinə əsasən hesablanmış 148 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
21. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
22. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
23. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
24. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 50 manat məbləğində müəyyən edilməlidir.
25. Bundan başqa iddia ərizəsində 220 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir.
26. Məhkəmə qeyd edir ki, iddiaçıya ümumiyyətlə hazırkı işlə bağlı hüquqi yardımın göstərilməsini təsdiq edən hər hansı sübut (müqavilə, etibarnamə, order, ödəniş sənədi və sairə) iddia ərizəsinə əlavə edilməmişdir.
27. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
28. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin xərc iddiaçının özünə aid edilməlidir.
29. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1237,53 manat əsas borc, 50 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 32,88 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan ödənilmiş 1,12 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 1237,53 manat əsas borc, 50 manat dəbbə pulu, 32,88 manat dövlət rüsumu, ümumilikdə 1320,41 (bir min üç yüz iyirmi manat qırx bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən çəkimiş qalan məhkəmə xərcləri (1,12 manat dövlət rüsumu və 220 manat hüquqi yardıma görə xərc) İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova