Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3696/2025 29.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixli, SPARK-075/2024 saylı alqı-satqı müqaviləsi üzrə 7255,23 manat əsas borc, 111,73 manat dəbbə pulu, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə hesablanan 153,05 manat faiz məbləği, 95,20 manat dövlət rüsumu olmaqla, ümumilikdə 7615,21 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli, SPARK-075/2024 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilə üzrə sonuncunun mülkiyyətinə müxtəlif markalı beton məhlulu təhvil verilmiş, lakin təhvil verilən malın dəyəri ödənilməmişdir. Hal-hazırda "xxxx" MMC-nin İddiaçı MMCyə ƏDV daxil 7255,23 manat borcu mövcuddur. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmamışdırsa, alıcı hər ay üzrə ona təhvil verilmiş malın dəyərini, mallar təhvil verildikdən sonra 15 gün ərzində ödəməyi öhdəsinə götürür. Lakin cavabdeh üzərinə düşən öhdəliyi pozaraq malın dəyərini vaxtında ödəməmişdir. Cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli (onlayn kargüzarlıq və elektron məhkəmə vasitəsi ilə) pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Müqavilənin 9.4-cü bəndinə əsasən alıcı malların dəyərinin ödənilməsi ilə bağlı hər gecikmə gününə görə 0,01 faiz məbləğində dəbbə pulu ödəməlidir. Dəbbə pulunun məbləği xx.xx.2025-ci il tarixə 111,73 manat (7255,23*0.01%=0.725*154 gün) təşkil edir. Hesablama üzləşmə aktının imzalandığı tarixdən hesablanmışdır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz məbləğ hesablanmışdır. Faiz məbləği xx.xx.2025-ci tarixə 153,05 manat (7255,23/365=099*154 gün=153,05) təşkil edir. Hesablama üzləşmə aktının imzalandığı tarixdən hesablanmışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 425.1, 443.1, 445.1, 445.7, 448.1-ci maddələrinə istinad olunmuşdur.
4. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsmiş, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
5. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, SPARK- 075/2024 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin şərtlərinə əsasən satıcı müqavilənin əlavəsi hesab edilən qiymət razılaşdırma protokollarında göstərilən müxtəlif növ beton/tikinti məhsullarını razılaşdırılmış qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları qəbul edib dəyərini müvafiq əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən satıcı malların alıcıya təhvil verilməsini tərəflər arasında müvafiq qaydada imzalanacaq təhviltəslim aktı və ya elektron qaimə fakturalar əsasında həyata keçirəcək. Elektron qaiməfaktura alıcıya təqdim edildikdən sonra 5 iş günü ərzində alıcının hər hansı bir etirazı olmazsa, mallar alıcıya təhvil verilmiş hesab ediləcək. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqaviləyə əsasən satıcı tərəfindən təchiz olunacaq malların qiyməti, hesablaşma qaydası və ödəniş müddətləri alıcı ilə razılaşdırılır və müqavilənin müvafiq əlavələrində müəyyən edilir. Qiymət dəyişikliyi yalnız tərəflər arasında qarşılıqlı razılaşma əsasında ola bilər. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmamışdırsa, alıcı ona təvhil verimiş malın dəyərini, mallar təhvil verildikdən sonra 15 gün ərzində ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən alıcının hazırkı müqavilənin şərtlərinə uyğun təchiz olunmuş malları qəbul etmək və həmin malların dəyərini müqavilə ilə müəyyən olunmuş qaydada satıcıya ödəmək vəzifəsi vardır. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən müqavilə üzrə öz öhdəliklərini tam icra etməyən və ya lazımınca icra etməyən tərəf bununla digər tərəfə vurduğu zərərə görə qüvvədə olan qanunvericilikdə müəyyən olunmuş qaydada məsuliyyət daşıyacaq və qarşı tərəfə zərəri tam həcmdə ödəyəcək. Müqavilə ilə nəzərdə tutulmayan məsuliyyət növləri qüvvədə olan qanunvericiliyə uyğun tətbiq ediləcək. Həmin müqavilənin 9.4-cü bəndinə əsasən alıcı malların dəyərinin ödənilməsi ilə bağlı hər gecikmə gününə görə 0,01% məbləğində dəbbə pulu ödəyəcək. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
6. xx.xx.2024-cü il tarixli, 01 nömrəli qiymətlərin razılaşdırılması protokolundan müəyyən olunur ki, tərəflər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə protokolda adıçəkilən malların qiymətləri barədə razılığa gəlinmişdir. Malların hər birinin qiyməti protokolda qeyd edilmişdir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
7. Tərəflər arasında tərtib edilmiş üzləşmə aktından müəyyən olunur ki, müqavilə üzrə Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixə olan qalıq borcu 7255,23 manat (ƏDV daxil) təşkil edir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 11192234 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 623,04 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi SPARK-075/2024 nömrəli müqaviləyə 1 nömrəli əlavə olan qiymət razılaşma protokolu göstərilmişdir.
9. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 11867579 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 6009,15 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi SPARK-075/2024 nömrəli müqaviləyə 1 nömrəli əlavə olan qiymət razılaşma protokolu göstərilmişdir.
10. xx.xx.2024-cü il tarixli, MT2409 seriyalı, 10514454 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 623,04 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi SPARK-075/2024 nömrəli müqaviləyə 1 nömrəli əlavə olan qiymət razılaşma protokolu göstərilmişdir.
11. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, müqavilə üzrə yaranmış borcun 3 (üç) gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı, bu halda o, təkcə borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir. Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
14. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqaviləyə əsasən iddiaçı öhdəliyini icra edərək, cavabdehə malları təhvil vermiş, lakin cavabdeh tərəfindən malların dəyəri ödənilməmişdir. Qalıq borc məbləği ilə bağlı tərəflər arasında üzləşmə aktı tərtib olunmuşdur. Yaramış borc məbləği ödənilmədiyindən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu göndərilmiş, borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş, lakin borc məbləği qeyd edilən müddətdə ödənilməmişdir.
15. İddia tələbinin bir hissəsini xx.xx.2024-cü il tarixli, SPARK-075/2024 saylı alqısatqı müqaviləsi üzrə 7255,23 manat əsas borcun cavabdehdən tutulması təşkil edir.
16. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməli, Cavabdeh MMC-dən 7255,23 manat (yeddi min iki yüz əlli beş manat iyirmi üç qəpik) məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Borcun mövcudluğu iş materialları ilə öz əksini tapır. Belə ki, iddiaçı tərəfindən 3 elektron qaimə göndərilmişdir. Həmin qaimələr üzrə göndərilmiş malların ümumi dəyərini 7255,23 manat təşkil edir. Eyni zamanda həmin məbləğdə borc qalığı ilə bağlı tərəflər arasında üzləşmə aktı tərtib olunmuşdur.
17. İddia tələbinin digər hissəsini cavabdеh Cavabdeh MMC-dən xx.xx.2024- cü il tarixli müqavilə üzrə 111,73 manat məbləğində cərimə borcunun tutulması təşkil edir.
18. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, SPARK-075/2024 saylı alqı-satqı müqaviləsinin 9.4-cü bəndinə əsasən alıcı malların dəyərinin ödənilməsi ilə bağlı hər gecikmə gününə görə 0,01% məbləğində dəbbə pulu ödəyəcək. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməlidir.
19. Bundan əlavə iddiaçı gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə hesablanmış 153,05 manat faiz məbləğinin cavabdehdən tutulmasını xahiş etmişdir.
20. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehlərdən tələb etməkdə haqlıdır, ona görə həmin hissədə də iddia təmin olunmalı və cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 153,05 manat (yüz əlli üç manat beş qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
21. Eləcə də, iddiaçı ödənilmiş 95,20 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
22. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 95,2 manat (doxsan beş manat iyirmi qəpik) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən xx.xx.2024-cü il tarixli, SPARK-075/2024 nömrəli alqı-satqı müqaviləsi üzrə 7255,23 manat (yeddi min iki yüz əlli beş manat iyirmi üç qəpik) əsas borc, 111,73 manat (yüz on bir manat yetmiş üç qəpik) cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 153,05 manat (yüz əlli üç manat beş qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 95,2 manat (doxsan beş manat iyirmi qəpik) olmaqla, cəmi 7615,21 manat (yeddi min altı yüz on beş manat iyirmi bir qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova