Məhkəmə qərarları › İş №e-2-2(113)-3697/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3697/2024

08.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3697/2024 08.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "General Supply” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "General Supply” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "General Supply” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "General Supply” Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı QSC arasında bağlanmış 05 may 2021-ci il tarixli GS-216/21 saylı Alqı-satqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixinədək göndərilən elektron-qaimə və hesab fakturalara əsasən çatdırılan malların dəyəri olan ƏDV daxil 8632,88 manat (səkkiz min altı yüz otuz iki manat səksən səkkkiz qəpik), 863,30 manat (səkkiz yüz altmış üç manat otuz qəpik) məbləğində cərimə borcu olmaqla, ümumilikdə 9496,18 manat (doqquz min dörd yüz doxsan altı manat on səkkiz manat) və bu ödənişlərə əlavə olaraq 117 məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC 2014-cü ildə Bakı şəhərində yaradılmışdır. Şirkətin əsas fəaliyyət sahəsini müxtəlif çeşidli mallar üzrə təchizat xidmətləri təşkil edir. 05 may 2021-ci il tarixində İddiaçı QSC və Cavabdeh MMC arasında “GS – 216/21” nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin tələblərinə uyğun olaraq müxtəlif çeşidli mallar müqavilənin 3.2-ci maddəsinin tələblərinə uyğun olaraq İddiaçı QSC tərəfindən satılmış və tam qaydalara uyğun şəkildə təhvil-təslim aktları əsasında Cavabdeh MMC-yə təhvil verilmişdir. Lakin, yuxarıda sadalananlara baxmayaraq, Alıcı uzun müddət keçməsinə baxmayaraq, dəfələrlə İddiaçı QSC tərəfindən edilmiş şifahi və yazılı xəbərdarlıqları nəzərə almayaraq bugünədək ödəniş öhdəliyini həyata keçirməmişdir. Alıcının müqavilə öhdəliklərindən irəli gələrək aşağıdakı hesab-fakturalar üzrə ƏDV daxil borcu vardır: - xx.xx.2023-cü il tarixli, № 2543 saylı hesab fakturaya əsasən 7393,88 manat - xx.xx.2023-cü il tarixli, № 3045 saylı hesab fakturaya əsasən 35,40 manat - xx.xx.2023-cü il tarixli, № 3230 saylı hesab fakturaya əsasən 790,60 manat - xx.xx.2023-cü il tarixli, № 3249 saylı hesab fakturaya əsasən 59 manat - xx.xx.2023-cü il tarixli, № 3816 saylı hesab fakturaya əsasən 236 AZN - xx.xx.2023-cü il tarixli, № 3825 saylı hesab fakturaya əsasən 118 AZN. Buna əlavə olaraq 05 may 2021-ci il tarixli GS-216/21 saylı alğı-satqı müqaviləsinin 6.9-cu maddəsində göstərildiyi kimi, borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı ümumi məbləğin 10%-i miqdarında, yəni 863,30 manat məbləğində cərimə borcu yaranmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı "General Supply” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında 05 may 2021-ci il tarixli, “GS – 216/21” nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır.

11. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı alıcıya sifariş olunmuş malları satır, alıcı iə həmin malı qəbul edir və müqavilənin ayrılmaz tərkib hissələri olan Əlavə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.

12. Müqavilə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.

13. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

14. İş materiallarından görünür ki, iddiaçı tərəfindən müvafiq olaraq malların verilməsinə dair hesab-faktura və elektron qaimələr tərtib edilmişdir.

15. Bundan başqa işdə olan hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, cavabdeh tərəf verilmiş olan mallara görə 8.632,88 manat məbləğində borcunun olduğunu qəbul etmişdir.

16. Məhkəmə icraatı gedişində cavabdeh tərəf məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq müqavilə üzrə əsas borc məbləğinin - 8.632,88 manat məbləğində pulun ödənildiyini bildirərək iddianın rədd edilməsini xahiş etmişdir.

17. İş materiallarına əlavə olunmuş ödəniş sənədlərindən görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 3,658 manat, həmin tarixdə 658,44 manat, xx.xx.2024cü il tarixdə 3.658 manat, həmin tarixdə 658,44 manat olmaqla, cəmi 8.632,88 manat məbləğində pul İddiaçı QSC-nin hesabına ödənmişdir.

18. Məhkəmə iclasında iddiaçı tərəf də, cavabdehin əsas borcu tam ödədiyini bildirmişdir.

19. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tələb edilən 8.632,88 manat məbləğində əsas borc məbləği cavabdeh tərəfindən ödənildiyindən iddia həmin hissədə təmin edilə bilməz.

20. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır.

21. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

22. Hazırki işin hallarından görünür ki, cavabdeh tərəfindən məhkəmə icraatı gedişində əsas borc məbləği tam olaraq ödənilmişdir. Ancaq o da, qeyd edilməlidir ki, cavabdeh tərəfin öhdəliyin icrasının gecikdirməsi işin müəyyən olunmuş halı olduğundan, 100 manat məbləğində dəbbə pulu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. Bundan başqa, məhkəmə hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 117 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

24. Belə ki, işdən görünür ki, dövlət rüsumunun əvəzi olaraq xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəzblə iddiaçı tərəfindən 117 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

25. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cərimə borcu üzrə 100 (bir yüz) manat məbləğində pul Cavabdehndən tutularaq "General Supply” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 117 (bir yüz on yeddi) manat məbləğində pul Cavabdehndən tutularaq "General Supply” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar