Məhkəmə qərarları › İş №e-2-2(113)-3700/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3700/2023

20.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3700/2023 20.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi ” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5.600,61 AZN əsas borc, 1.386,15 manat illik bank uçot faiz borcu, 770 manat illik beş faiz borcu, cəmi 7.756,76 manat, ilkin mediasiya prosesinin keçirilməsi ilə bağlı 60 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99 manat olmaqla, cəmi 7914.76 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, 11 fevral 2020-ci il tarixli, 19/02 No-li alqı-satqı müqaviləsinin 1.1- ci maddəsinə əsasən, "Satıcı" Malları "Alıcı'ya satmağı, "Alıcı" isə həmin malları qəbul edib, dəyərini "Satıcı'ya ödəməyi öz üzərinə götürür. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməsinə baxmayaraq, cavabdeh öhdəliyin icrasından birtərəfli qaydada yayınmaqdadır. Müqavilənin 3.5-ci maddəsinə əsasən, "Alıcı" təqdim olunan malların dəyərini "Satıcı” tərəfindən təqdim olunan hesab-faktura əsasında sonuncu təqdim olunan tarixdən etibarən 30 (otuz) təqvim günü ərzində ödəməyi öhdəsinə götürür. Hazırkı müqavilə üzrə 5.600,61 AZN (beş min altı yüz manat altmış bir qəpik) borc yaranmışdır. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh yaranmış olan borc məbləğini ödəməkdən yayınır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi nümayəndəsi Qanuni nümayəndə1 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir.

9. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

10. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

11. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

12. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında 11 fevral 2020-ci il tarixli, 19/02 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.

13. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcının sifarişi əsasında müəyyən ediləcək otel ləvazimatlarını və əşyalarını alıcıya satmağı, alıcı isə həmin malları qəbul edib onun dəyərini satıcıya ödəməyi öz üzərinə götürür.

14. Müqavilənin 3.1-ci bəndinə əsasən satılan malların qiyməti bu müqaviləyə əlavə edilən 01 nömrəli əlavədə göstərilir və hissəli şəkildə təqdim edilən malların dəyəri hesabfakturaya (elektron qaimə-faktura) uyğun olaraq müəyyən edilir.

15. Müqavilə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.

16. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

17. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam iddiaçı tərəfindən cavabdehə malların təhvil verilib-verilməməsidir.

18. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehə EBAK seriyalı, 656344 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri 423,50 manat olan, EBAK seriyalı, 744972 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri 177,24 manat olan, EBAL seriyalı, 454853 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri 417,48 manat olan, EBAL seriyalı, 454669 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri 536,90 manat olan, EBAL seriyalı, 454779 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri 342.44 manat olan, EBAL seriyalı, 662085 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri 331,46 manat olan, EBAL seriyalı, 844650 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri 287,21 manat olan, EBAL seriyalı, 844872 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri 243,55 manat olan, EBAM seriyalı, 029504 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri 901,76 manat olan, EBAM seriyalı, 416498 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri 223,96 manat olan, EBAM seriyalı, 699395 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri 266,68 manat olan, EBAM seriyalı, 699045 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri 85,49 manat olan, EBAN seriyalı, 236583 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri 413 manat olan, EBAN seriyalı, 241357 nömrəli, xx.xx.2020ci il tarixli, dəyəri 949,84 manat olan elektron qaimələr göndərilmişdir.

19. Sadə riyazi hesablama ilə görünür ki, göndərilmiş olan elektron qaimələrdəki məbləğlərin cəmi 5.600,61 manat təşkil edir.

20. Ancaq məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında malların təhvil və borcların ödəniş cədvəlindən görünür ki, yuxarıda sadalanmış elektron qaimələrin göndərilmiş olduğu tarixlərdən öncə də, verilmiş mallara görə elektron qaimələr göndərilmişdir.

21. Qeyd edilmiş cədvələ əsasən iddiaçı tərəfindən cavabdehə ƏDV daxil (8340,30+1476,954 (ƏDV)) 9.817,254 manat məbləğində mal təqdim edilmiş, cavabdeh tərəfindən əsas borc üzrə 27.02.20-ci il tarixdə 536 manat, elə həmin tarixdə 160 manat, 04.03.20-ci il tarixdə 755 manat, 05.03.20-ci il tarixdə 1350 manat, 22.04.20-ci il tarixdə 450 manat, 22.04.20-ci il tarixdə 350 manat, elə həmin tarixdə 800 manat məbləğində yəni cəmi 4.401 manat, ƏDV borcu üzrə 150 manat ödəniş edilmişdir.

22. Həmçinin də, iddiaçı tərəf yuxarıda qeyd edilmiş ödənişlərin edilməsinə dair qəbzləri işə əlavə etmişdir.

23. Məhkəmə bu xüsusda qeyd edir ki, müqavilənin 3.1-ci bəndinə əsasən və cavabdeh tərəfin əvvəllər göndərilmiş elektron qaimələr üzrə ödəniş etməsi halı onu təsdiq edir ki, tərəflər arasında mal mübadiləsi məhz elektron qaimələr üzərindən həyata keçirilmişdir.

24. İddiaçının özünün təqdim etdiyi malların təhvil və borcların ödəniş cədvəlindən görünür ki, iddiaçı tərəfindən cavabdehə ƏDV daxil (8340,30+1476,954 (ƏDV)) 9.817,254 manat məbləğində mal təqdim edilmiş, qeyd edilmiş əsas 8340,30 manat puldan 4.401 manat ödəniş edilərək əsas borc üzrə 3.939,3 (8340,30-4.401) manat, ƏDV borcu üzrə isə 1476,954 manat puldan 150 manat ödəniş edərək 1.326,954 (1476,954-150) manat borcu qalmışdır.

25. Yəni cavabdehin ƏDV daxil borcu 5.266,254 (3.939,3+.326,954) manat təşkil edir.

26. Belə olan halda, məhkəmə hesab edir ki, iddia 5600,61 manat məbləğində pulun tələb edilməsi hissəsində qismən əsaslıdır və 5266,25 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödəniməlidir.

27. Məhkəmə Mərkəzi Bankının uçot dərəcəsinə görə 1.386,15 manat faiz məbləğinin tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

28. AR Mülki Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur.

30. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir.

31. Hazırkı halda, isə iddiaçı tərəf cavabdehin onun vermiş olduğu puldan faydalanması halını sübut edə bilməmişdir və buna görə də iddia 1386,15 manat pulun tələb edilməsi hissəsində təmin edilə bilməz.

32. Məhkəmə iddianın gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 770 manat pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

33. İş materiallarından görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsinin tələb edilməsi ilə bağlı ilk dəfə pretenziya məktubu cavabdehə xx.xx.2020-ci il tarixində, iddia ərizəsi isə məhkəməyə təxmini 32 ay sonra yəni, xx.xx.2023-cü il tarixində verilmişdir.

34. Belə olan halda, məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 702(5266,25x5/100=263,31 (1 il üçün), 263,31/12=21,94 (1 ay üçün), 21,94x32=702 (32 ay üçün) manat məbləğində pul da cavabdehdən İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.

35. İş materiallarında olan MŞB/9/2023-00616 nömrəli, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC tərəfindən mediasiya xidmət haqqı olaraq 100 manat məbləğində pul Bakı 09 saylı mediasiya təşkilatına ödənmişdir.

36. Lakin iddiaçı iddia ərizəsində ilkin mediasiya prosesinin keçirilməsinə görə 60 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilməlidir.

37. Bundan başqa, məhkəmə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99 manat məbləğində pulun tutulması ilə bağlı aşağıdakıları qeyd edir.

38. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

39. Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilməli olan dövlət rüsumu mediasiyaya çəkilmiş xərclə tam əhatə olunduğundan iddiaçının tələb etdiyi dövlət rüsumu cavabdehdən tutula bilməz.

40. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI.Nəticə:

41. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 5266 (beş min iki yüz altmış altı) manat 25 (iyirmi beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Əsas borca illik 5 faiz hesablanmaqla 702 (yeddi yüz iki) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar