Məhkəmə qərarları › İş №e-2-2(113)-3700/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3700/2024

04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3700/2024 04.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı “Makro 2000 X1 Taahhüt İş ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının “X5” Şirkətinə qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə Əjdər oğlunun iştirakı ilə, iddiaçı “Makro 2000 X1 Taahhüt İş ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının cavabdeh “X5” Şirkətinə qarşı xx.xx.2020-ci il tarixli, 20201105 İTL saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Türkiyə Ticarət reyestri qəzetinin 26 setyabr 2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli buraxılışlarından çıxarışlardan müəyyən edilir ki, İstanbul Ticarət Reyestri X3 Yazılım şirkətinin təsis edilməsi barədə elan vermiş, təsis edilmiş şirkətinin qanuni təmsilçici və yeganə təsisçisi X4. Məlumat xx.xx.2024-cü il tarixdə elektron imza ilə təsdiq edilmişdir.

2. Vergi Lövhəsi ilə müəyyən edilir ki,vergi kimlik nömrəsi ********** saylı vergi ödəyicisinin adı X6, ticarət ünvanı X2.

3. “X5” Şirkəti (satıcı) ilə “Makro 2000 X1 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı (alıcı) arasında xx.xx.2020-ci il tarixli 20201105 İTL nömrəli malların alqı-satqısı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı müqaviləyə əsasən satıcı hazırki müqavilənin ayrılmaz hissəsi sayılacaq qiymətlərin razılaşdırma protokolunda göstərilən malları alıcıya satır, “alıcı” isə həmin malı qəbul edir və müqavilə ilə malın dəyərini "satıcı”ya ödəyir. 2.1-ci bəndində malın qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşma ilə müəyyənləşdirilir. 3.2.1-ci bəndinə əsasən malı müqavilənin 4.1-ci maddəsində müəyyən edilmiş müddətdə alıcının mülkiyyətinə vermək satıcının vəzifəsidir. 3.3.3-cü bəndinə əsasən "satıcı” müqaviləni pozaraq "alıcı”ya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda mal verdikdə, çatışmayan miqdarda malın verilməsini tələb etmək və ya verilmiş malın qəbulundan və onu ödəməkdən imtina etmək, ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək alıcının hüququdur. 4-cü bəndinə əsasən satıcı müqaviləyə uyğun olaraq malı alıcıya təhvil verir, alıcı isə 30 təqvim günü ərzində malın dəyərini ödəməyi öhdəsinə götürür. Satıcı malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir. Malın təhvil verilməsinin və “aiıcf'ya çatdırılmasının gecikdirilməsi halında “Satıcı* “Alıcı ya hər gecikdirilən gün üçün Müqavilənin ümumi məbləğinin 0.01%-i miqdarında cərimə ödəməlidir. 8.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflərin qarşılıqlı öhdəliklərinin tam şəkildə yerinə yetirilməsindən sonra öz qüvvəsini itirir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

4. xx.xx.2020-ci il tarixli 20201105 İTL nömrəli malların alqı-satqısı haqqında müqavilə üzrə mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi barədə saziş imzanlamışdır. Sazişə əsasən tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll edirlər. Tərəflər Müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən alıcının olduğu yerə əsasən Azərbaycan Respublikasının müvafiq kommersiya məhkəmələrində həll edilir.

5. Həmin müqavilə üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli İTL021122-01 nömrəli hesab-fakturaya (invoys) əsasən “X5” Şirkəti (X6) tərəfindən ümumi dəyəri 17.855 ABŞ dolları təşkil edən mallar (standart kovalı kuzin, soba borusu 70lik, soba borusu dirsek, boru bacası, soba tablası, yedek soba) “Makro 2000 X1 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı”na təqdim edilməli idi.

6. Həmin müqavilə üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli İTL021122-20 nömrəli hesab-fakturaya (invoys) əsasən “X5” Şirkəti (X6) tərəfindən ümumi dəyəri 129.674,84 ABŞ dolları təşkil edən mallar (çatı paneli, cephe paneli) “Makro 2000 X1 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı”na təqdim edilməli idi.

7. xx.xx.2022-ci il tarixli "xxxx" ASC-nin ştampı ilə təsdiq edilmiş swift göndərməsi (ödəniş tapşırığı) ilə təsdiq edilir ki, “Makro 2000 X1 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı” tərəfindən “X5” Şirkətinin bank hesabına (xx.xx.2022-ci il tarixli İTL021122-01 nömrəli hesab-fakturaya (invoys) əsasən) 17.855 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür.

8. xx.xx.2022-ci il tarixli "xxxx" ASC-nin ştampı ilə təsdiq edilmiş swift göndərməsi (ödəniş tapşırığı) ilə təsdiq edilir ki, “Makro 2000 X1 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı” tərəfindən “X5” Şirkətinin bank hesabına (xx.xx.2022-ci il tarixli İTL021122-20 nömrəli hesab-fakturaya (invoys) əsasən) 64.837,42 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür.

9. 19.11.2022-ci il tarixli gömrük bəyannaməsi və bəyannamənin qoşma vərəqinə əsasən müəyyən edilir ki, göndərən (ixracatçı) “X5” Şirkəti (X6) (idxalatçı) “Makro 2000 X1 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı”na ünvanlanmış ümumi invoys dəyəri 14.580 ABŞ dolları olan (6540 kq) mallar (metal konstruksiyalar, çatı panellər) AR-in gömrük sərhədindən keçirilərək rəsmiləşdirilmişdir.

10. 19.11.2022-ci il tarixli gömrük bəyannaməsi və bəyannamənin qoşma vərəqinə əsasən müəyyən edilir ki, göndərən (ixracatçı) “X5” Şirkəti (X6) (idxalatçı) “Makro 2000 X1 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı”na ünvanlanmış ümumi invoys dəyəri 14.256 ABŞ dolları olan (6490 kq) mallar (metal konstruksiyalar, çatı panellər) AR-in gömrük sərhədindən keçirilərək rəsmiləşdirilmişdir.

11. 19.11.2022-ci il tarixli gömrük bəyannaməsi və bəyannamənin qoşma vərəqinə əsasən müəyyən edilir ki, göndərən (ixracatçı) “X5” Şirkəti (X6) (idxalatçı) “Makro 2000 X1 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı”na ünvanlanmış ümumi invoys dəyəri 22.046,90 ABŞ dolları olan (3990 kq) mallar (metal konstruksiyalar, çatı panı) AR-in gömrük sərhədindən keçirilərək rəsmiləşdirilmişdir.

12. “Makro 2000 X1 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən “X5” Şirkətinə pretenziya məktubu ünvanlanaraq artıq ödənilmiş 31809,52 ABŞ dolları məbləğində pul vəsaitinin 10 gün müddətində geri qaytarılması xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.

MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

13. “Makro 2000 X1 Taahhüt İş ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının cavabdeh “X5” Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X5” Şirketindən 31809,52 ABŞ dollarının Mərkəzi Bankın məzənnəsinə uyğun Azərbaycan manatı ekvivaletində borcun və 255 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “Makro 2000 X1 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı ilə cavabdeh “İtalic S oft Yazılım” Şirketi arasında malların alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli 20201105 İTL nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh müqavilədə və ona əlavə edilən razılaşmalarda göstərilmiş malların iddiaçıya təhvil verilməsini, iddiaçı isə həmin malları qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə bank vasitəsilə xx.xx.2022-ci il tarixdə 82692,42 ABŞ dolları ödənilmiş, cavabdeh tərəfindən isə 50882,90 ABŞ dolları hissəsində mal göndərilmiş qalan mallar isə bugünədək dəfələrlə müraciətlərinə baxmayaraq göndərilməmiş, ödənilmiş pulun qalıq hissəsi 31809,52 ABŞ dolları da geri qaytarılmamışdır. Bununla əlaqədar olaraq cavabdeh müəssisəyə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş və xx.xx.2024-cü il tarixli pretenziya məktubu təqdim edilmişdir.

15. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 390.1 və 399.1-ci maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

16.İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

17. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

19. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

20. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Hüseyin Eray cavabdehin iddiaçıya 31.809,52 ABŞ dolları məbləğində borcunun olduğunu təsdiq etmişdir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

21. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

22. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

TƏTBİQ EDİLƏN HÜQUQ

23. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -599.3-ci maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

24. AR MPM-in: -106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir/ - 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. - 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: - 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; -443.0.2. xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda; - 443.1.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə. - 450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır.

25. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. - 2.1-ci maddəsinə əsasən xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur. - 2.2-ci maddəsinə əsasən bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir. - 24.1-ci maddəsinə görə müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

26. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

27. Hazırkı mübahisə xarici elementli olduğundan (cavabdeh xarici ölkədə təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs olduğundan) məhkəmə tərəfindən ilk növbədə AR Məhkəmələrinin həmin mübahisəyə baxmağa səlahiyyətli olub-olmaması müəyyən edilməlidir.

28. Göstərilən məsələ ilə bağlı məhkəmə əvvəla qeyd edir ki, hazırkı iddia Türkiyə Respublikasının hüquqi şəxsinin AR-dəki filialı (“Makro 2000 X1 Taahhüt İş ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı) ilə Türkiyə Respublikasında təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs “X5” Şirkəti arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gələn tələbdir. Tərəflər xx.xx.2020-ci il tarixli 20201105 İTL nömrəli malların alqı-satqısı haqqında müqavilə üzrə mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi barədə saziş imzalamaqla müqavilə ilə bağlı yaranacaq mübahisələrin AR məhkəmələrində baxılmalı olması barədə razılaşmışlar. Bundan əlavə iş üzrə iddiaçı “Makro 2000 X1 Taahhüt İş ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının olduğu yer Azərbaycan Respublikasında yerləşir.

29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı Kommersiya Məhkəməsi hazırkı mübahisəyə baxmaqda səlahiyyətlidir.

30. İkinci müəyyən edilməli olan məsələ xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlıdır.

31. Bununla bağlı məhkəmə qeyd edir ki, yuxarıda istinad edilən sazişdə mübahisəli müqavilədən irəli gələn mübahisələrinin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həll edilməli olması barədə tərəflərin razılıqları aydın şəkildə ifadə edilmişdir. Odur ki, mübahisə “Beynəlxalq xüsusi hüquq haqqında” AR Qanununun 24.1-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll edilməlidir.

1. Mübahisənin mahiyyətinə gəldikdə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı “Makro 2000 X1 Taahhüt İş ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı ilə cavabdeh X5” Şirkəti arasında xx.xx.2020-ci il tarixli 20201105 İTL nömrəli malların alqı-satqısı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək 82.692,42 ABŞ dolları məbləğində pul vəsaitini cavabdehin hesabına köçürsə də, cavabdeh bunun müqabilində cəmi 50.882,90 ABŞ dolları məbləğində mallar təqdim etmişdir. Qalan 31.809,52 ABŞ dolları məbləğində ödənişin müqabilində malın təqdim edilməməsi faktı cavabdehin qanuni təmsilçisinin məhkəmədə verdiyi izahatı ilə də öz təsdiqini tapmışdır.

32. Odur ki, iddiaçı “Makro 2000 X1 Taahhüt İş ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan etdiyi 31.809,52 ABŞ dolları məbləğində ödənişin geri qaytarılmasını tələb etməkdə haqlıdır.

33. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 255 məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

34. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia (iddianın qiyməti -31.809,52 ABŞ dolları, qətnamənin qəbul edildiyi tarixə olan AR Mərkəzi Bankının məzənnəsinə əsasən 54.076 manat) üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 253 manat təşkil edir.

35. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 253 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh X5” Şirkətindən 31.809,52 ABŞ dolları, ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və 253 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “Makro 2000 X1 Taahhüt İş ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar