Məhkəmə qərarları › İş №e-2-2(113)-3701/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3701/2024

04.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3701/2024 04.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, göndərmə müqaviləsi, borc tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi, daha sonra isə iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 18073,17 manat borc və ödənilmiş 167 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh QSC-yə arasında mühərrik, sənaye, sürtkü yağları, əyləc mayeləri, antifirizlər, filtirlər, şüşə təmizləyici mayelər, təkərlər, akkumlyatorlar və digər malların alqı-satqısına dair xx.xx.2020-ci il tarixdə № xx/xx/2020 saylı alqı-satqı müqavilə bağlanaraq nisyə malların alqı-satqısını heyəta keçirmişlər. Həmin müqavilə üzrə şirkət tərəfindən cavabdehə müqavilə bağlandığı tarixdən başlayaraq xx.xx.2023-cü il tarixindək xeyli miqdarda nisyə mal satılmışdır və elektron qaimələr təqdim edilmişdir. 01 aprel 2024-cü il tarixli Qarşılıqlı Hesablaşmalar haqqında üzləşmə aktına əsasən cavabdehin iddiaçıya hazırda 25530,77 manat borcu qalmışdır. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə istər şifahi istərsə də yazılı müraciət və xəbərdarlıqlar edilməsinə baxmayaraq, heç bir müsbət nəticə olmamışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 600-cü maddələrinə istinad olunmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi, Vəkil məhkəməyə vəsatət təqdim edərək, cavabdeh tərəfindən 30 avqust 2024-cü il tarixində əsasa borc üzrə 5000 AZN, ƏDV borcu üzrə 900 AZN məbləğində İddiaçı MMC-nin hesabına köçürüldüyünü, Cavabdeh QSC iddia tələbini ən qısa zamanda ödəyərək mübahisənin məhkəmədən kənar, danışıqlar ilə həll edilməsi niyyətində olduğunu, geriyə qalan 18310,71 manat məbləğində borcun ödənilməsi məqsədi ilə məhkəmə iclasının bir ay müddətinə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı MMC (“Satıcı”) və Cavabdeh QSC (“Alıcı”) arasında bağlanmış 08 sentyabr 2020-ci il tarixli xx/xx/2020 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən “Satıcı” müqavilənin predmeti, sifarişlərdə əks ediləcək mühərrik, sənaye, sürtkü yağları, əyləc mayeləri, antifrizlər, filterlər, təkərlər, şüşə təmizləyici mayelər, akkumulyatorlar və digər maddi dəyərlilər “Alıcı”ya satır, “Alıcı” isə Malları “Satıcı”dan qəbul edir və müqabilində “Satıcı”ya malların təhvil verildiyi müvafiq sənəddə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin müddəti, tərəflərin onu imzaladığı gündən hesablanmaqla xx.xx.2020-ci il tarixədək müəyyən edilir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə müddətinin başa çatmasına ən azı 30 təqvim günü qalanadək tərəflərdən hər hansı biri müddətin uzadılmayacağı barədə digər tərəfi yazılı xəbərdar etməzsə, müqavilə tərəflər arasında 1 il müddətinə uzadılmış hesab edilir və bu qayda növbəti illərdə də tətbiq edilir. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə malların qiyməti cari bazar qiymətinə uyğun “Satıcı” tərəfindən müəyyən edilir. Müqavilənin 3.2-ci bəndinə əsasən ödəniş “Satıcı” tərəfindən təqdim olunan müvafiq ödəniş sənədlərinə (qaimə/hesab faktura) və Malların təhvil-təslim aktına əsasən 30 bank günü Alıcı tərəfindən köçürmə yolu ilə Satıcının hesablaşma hesabına və ya nəğd qaydada “Satıcı”ya ödənilir. Müqavilənin 5.2-ci bəndinə əsasən Mallar təhvil verilərkən Tərəflər təhvil-təslim Aktını və ya təhvil-təslimi təsdiq edən müvafiq qaimə (qaimələri) imzalayırlar. xx.xx.2024-cü il tarixli Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktına əsasən İddiaçı MMC ilə Cavabdeh QSC arasında xx.xx.2023-xx.xx.2024-cü il tarixinədək müəssisələrin qarşılıqlı borcları üzrə 10 fevral 2024-cü il tarixinə Cavabdeh QSC-nin İddiaçı MMC-yə 25530,77 manat borcu olduğu təsdiq edilmişdir. EBDP seriyalı, 960263 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 747,65 manat, EBDM seriyalı, 625055 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2607,80 manat, EBDO seriyalı, 659881 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 4438,10 manat, EBDO seriyalı, 007984 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 10534,85 manat, EBDP seriyalı, 327990 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 377,60 manat, EBDU seriyalı, 314210 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 542,80 manat, EBDR seriyalı, 516019 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3945,92 manat dəyərində, EBDQ seriyalı, 476767 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 336,30 manat, EBDQ seriyalı, 165946 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 303,73 manat, EBDT seriyalı, 174905 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 747,65 manat, EBDS seriyalı, 209969 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 747,65 manat, EBDS seriyalı, 852715 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 200,72 manat mallar İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə ödənilməsi üçün təqdim edilmişdir. 005XOH********** saylı xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh QSC tərəfindən İddiaçı MMC-yə 1320 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, Cavabdeh QSC tərəfindən İddiaçı MMC-yə 237,6 manat ödəniş edilmişdir xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC 167 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimə, üzləşmə aktı) öz təsdiqini tapmışdır. Həmçinin cavabdeh tərəfindən iddia ərizəsi məhkəmənin icraatında olarkən, borclu olduğu məbləğdən ödənişlər edilmiş, yerdə qalan ödənişin edilməsi üçün vaxt istənilmiş, bununla da 18073,17 manat borcun olması dolayısı ilə qəbul edilmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin təhvil aldığı malların dəyərini, 18073,17 manat pulu ödəmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 18073,17 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 167 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh QSC-dən 18073,17 (on səkkiz min yetmiş üç manat on yeddi qəpik) manat məbləğində əsas borc, habelə ödənilmiş 167 (bir yüz altmış yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar