Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3702/2025 17.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “yük daşınması müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nəqliyyat ekspedisiyası müqaviləsi, dəbbə pulunun azaldılması, dəbbə pulu və qanuni faizin nisbəti) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “yük daşınması müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat ekspedisiyası müqaviləsi üzrə 12097,06 ABŞ dolları əsas borc, əsas borc illik 5 faizlə hesablanmaqla 302,43 ABŞ dolları, 5409,81 ABŞ dolları cərimə olmaqla ümumilikdə 17809,3 ABŞ dolları məbləğində pulun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş 185 manat dövlət rüsumunun, 1200 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında bağlanmış 02 mart 2023-cü il tarixli FB352/23 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsinə əsasən, ekspeditor müştərinin hesabına müvafiq müqavilə ilə nəzərdə tutulmuş xidmətləri yerinə yetirməyi, müştəri isə bu xidmətləri qəbul etməyi və onların dəyərini ekspeditora ödəməyi öhdəsinə götürür. Ekspeditor tərəfindən müştərinin 3 adda xidmət haqqı ödənilməyən sifarişi əsasında müvafiq yüklərin daşınması nəzərdə tutulmuşdur ki, həmin sifarişlər üzrə hər biri ayrılıqda olmaqla göstərilən borc məbləğləri aşağıdakı kimidir: BK 22363 – 750 (yeddi yüz əlli) ABŞ dolları; BK 22418 – 6447,06 (altı min dörd yüz qırx yeddi dollar altı sent) ABŞ dolları; BK 22436 – 4900 (dörd min doqquz yüz) ABŞ dolları. Qeyd edilən hər bir sifariş üzrə daşınması nəzərdə tutulan yüklərin çatdırılması lazımi qaydada (tam həcmdə və razılaşdırılmış müddətlərdə) iddiaçı tərəfindən həyata keçirilməsinə və qeyd edilən borc məbləğlərinin ödənilməsi üçün 3 (üç) iş günü müəyyən edilməsinə baxmayaraq, yekun olaraq 12097,06 (on iki min doxsan yeddi dollar altı sent) ABŞ dolları məbləğində qalıq xidmət haqqının bu günə kimi iddiaçı təşkilatın rəsmi bank hesabına cavabdeh tərəfindən ödənilməsi təmin edilməmişdir. 2.2. Dəfələrlə edilmiş şifahi xəbərdarlıqlara, keçirilmiş görüşlərə, göndərilmiş pretenziya və xəbərdarlıq məktublarına, eyni zamanda yarım ildən çox bir vaxt keçməsinə baxmayaraq, hazırkı vaxtadək qeyd edilən borc məbləğinin tam ödənişi cavabdeh tərəfindən təmin edilməmiş və bununla da tərəflər arasında bağlanmış müvafiq müqavilənin şərtləri cavabdeh tərəfindən kobudcasına pozulmuşdur. Müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsi üçün iddiaçı şəxs tərəfindən elektron vergi sistemi vasitəsilə cavabdehə borc və ona hesablanmış cərimə məbləğlərinin ödənilməsinə dair 10 aprel 2025-ci il tarixli 030 nömrəli pretenziya məktubu göndərilmiş, borc vəsaitinin 5 iş günü müddətində ödənilməsinin təmin edilməsi xahiş olunmuş, əks təqdirdə, müvafiq borcun, hesablanmış və hesablanmaqda davam edən cərimə sanksiyalarının, əldən çıxmış fayda məbləğinin və məhkəmə xərclərinin məcburi qaydada tutulması ilə bağlı məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar edilmişdir. Lakin müvafiq pretenziya məktubunu alan cavabdeh təşkilat qeyd edilən tələbin təmin edilməsi istiqamətində heç bir addım atmamışdır. 2.3. Tərəflər arasında bağlanmış 02 mart 2023-cü il tarixli FB352/23 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsinin 3.3.10-cu yarımbəndinə əsasən, ekspeditor tərəfindən göstərilmiş xidmətlərin dəyərinin, həmçinin hazırkı müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə bağlı hesablanmış cərimə sanksiyalarının gecikdirmədən ekspeditora ödənilməsini təmin etmək müştərinin vəzifəsidir; 5.14-cü bəndinə əsasən, xidmət dəyərinin, həmçinin bu müqavilənin icrası üçün ekspeditor tərəfindən çəkilmiş xərclərin ödənişi üzrə öhdəliklərin müştəri tərəfindən icrasının ləngidilməsi halında, müştəri hər ləngidilmiş günə görə ekspeditora ödənilməmiş məbləğin 0,5% həcmində cəriməni ödəyir. Tərəflər arasında imzalanmış xidmətlərin göstərilməsi haqqında aktların məzmunundan görünür ki, BK 22363 nömrəli və 750 (yeddi yüz əlli) ABŞ dolları məbləğində olan sifariş üzrə yük və BK 22418 nömrəli və 6447,06 (altı min dörd yüz qırx yeddi dollar altı sent) ABŞ dolları qalıq borc məbləğində olan sifariş üzrə yük 17 oktyabr 2024-cü il tarixdə, BK 22436 nömrəli və 4900 (dörd min doqquz yüz) ABŞ dolları məbləğində olan sifariş üzrə yük 23 oktyabr 2024-cü il tarixdə təhvil verilmişdir. 2.4. Həmin aktların 3-cü maddəsinin məzmununa əsasən, qeyd edilən məbləğ müqavilədə göstərilmiş rekvizitlər üzrə 3 iş günü ərzində ekspeditorun hesabına köçürülməli idi. Başqa sözlə, 23 oktyabr 2024-cü il tarixdən bu günədək, yəni 21 aprel 2025-ci il tarixədək BK 22363 nömrəli sifariş üzrə 181 gün (750 ABŞ dolları x 181 gün x 0,5% = 678,75 ABŞ dolları), 28 oktyabr 2024-cü il tarixdən bu günədək, yəni 21 aprel 2025-ci il tarixədək BK 22436 nömrəli sifariş üzrə 176 gün (4900 ABŞ dolları x 176 gün x 0,5% = 4.312 ABŞ dolları) və 08 aprel 2025-ci il tarixdən (son ödəniş 4000 manat məbləğində pul vəsaiti ödənildiyi gündən) bu günədək, yəni 21 aprel 2025-ci il tarixədək BK 22418 nömrəli sifariş üzrə 13 gün (6447,06 ABŞ dolları x 13 gün x 0,5% = 419,06 ABŞ dolları) gecikmə hesablanmışdır. Qeyd edilənləri nəzərə alaraq, tərəflər arasında müəyyən edilmiş və razılaşdırılmış 12097,06 (on iki min doxsan yeddi dollar altı sent) ABŞ dolları məbləğində qalıq xidmət haqqı və ona hesablanmış 5409,81 (beş min dörd yüz doqquz dollar səksən bir sent) ABŞ dolları məbləğində hesablanmış cərimə məbləği olmaqla cəmi 17506,87 (on yeddi min beş yüz altı dollar səksən yeddi sent) ABŞ dolları məbləğində borc vəsaiti cavabdehdən iddiaçı şəxs tərəfindən tələb edilir. 2.5. Bununla yanaşı, gecikdirilmiş vaxt yarım ilə yaxın bir müddət olduğundan və tələb edilən xidmət haqqına münasibətdə 437,67 (dörd yüz otuz yeddi dollar altmış yeddi sent) ABŞ dolları olduğundan (12.097,06 ABŞ dolları (borc məbləği) x 0,5 (müddət) x 5% (gecikdirilmiş vaxt üçün illik faiz) = 302,43 ABŞ dolları) qeyd edilən məbləğ əldən çıxmış fayda qismində cavabdehdən iddiaçı şəxs tərəfindən tələb edilir. Bundan başqa, iddiaçı tərəfindən müvafiq vəkil bürosu ilə bağladığı hüquqi yardımın göstərilməsinə dair müqaviləyə əsasən 1200 manat məbləğində ödənilən pul vəsaiti də vəkilin göstərdiyi yardıma görə xərc qismində cavabdehdən iddiaçı şəxs tərəfindən tələb edilir. 2.6. Eyni zamanda ümumi iddia qiyməti 10000 manatdan yuxarı olduğundan 184,43 manat məbləğində ödənilmiş dövlət rüsumu da cavabdehdən iddiaçı tərəfindən tələb edilir. Nəticə etibarilə, qeyd edilənləri məcmu şəklində əsas götürərək, 02 mart 2023cü il tarixli FB352/23 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsinə əsasən 12097,06 ABŞ dolları məbləğində xidmət haqqı, tələb edilən xidmət haqqına münasibətdə 302,43 ABŞ dolları məbləğində əldən çıxmış fayda və hər ləngidilmiş günə görə hesablanmış 5409,81 ABŞ dolları məbləğində cərimə məbləği olmaqla cəmi 17809,30 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul vəsaiti, habelə ödənilmiş 1200 manat məbləğində hüquqi yardım və 185 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 445.7, 850.1-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, ödəniş edilməsə də, iddiaçı malların cavabdeh tərəfindən təhvil alınmasına razılıq vermişdir.
6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz edərək göstərdi ki, cavabdeh 83 gün müddətində malları təhvil ala bilməmişdir. Belə ki, iddiaçı malların təhvilinə razılıq verməmişdir. Bu səbəbdən cavabdehə əlavə saxlama xərci hesablanmış və zərər dəmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Nəqliyyat ekspedisiyası müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 02 mart 2023-cü il tarixli FB352/23 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsindən irəli gələn daşıma münasibətləri yaranmış, iddiaçı bütün nəqliyyat növləri ilə birbaşa və ya qarışıq yollar ilə yükdaşımaların təşkili, öhdəliklərin icrası üçün müxtəlif müqavilələrin bağlanması, sifarişə əsasən yükün göndərilməsinin və təhvil alınmasının təşkili, əgər sifarişdə nəzərdə tutulacaqsa, yükün sığortası üzrə əməliyyatların təşkili, müqavilə və onun müvafiq əlavələri ilə nəzərdə tutulmuş digər xidmətlərin göstərilməsini, cavabdeh isə bu xidmətləri qəbul etməyi və onların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə uyğun olaraq 33 nömrəli sifariş orderi əsasında iddiaçı şərtləşdirilmiş yükü təyinat yerinə daşımağı öhdəsinə götürmüş, 17 oktyabr 2024-cü il tarixli aktla cavabdeh və iddiaçının möhürü ilə sonuncunun öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada (tam həcmdə və razılaşdırılmış müddətlərdə) yerinə yetirdiyi təsdiqlənmiş, xidmətin dəyəri olan 750 ABŞ dollarının sözügedən aktın cavabdeh tərəfindən imzalandığı tarixdən 3 iş günü ərzində iddiaçının hesabına köçürülməsi şərtləşdirilmişdir. Eyni qaydada 35 və 36 nömrəli sifariş orderləri əsasında iddiaçı şərtləşdirilmiş yükü təyinat yerinə daşımağı öhdəsinə götürmüş, müvafiq olaraq 17 oktyabr 2024-cü il və 23 oktyabr 2024-cü il tarixli aktlarla cavabdeh və iddiaçının möhürü ilə sonuncunun öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada (tam həcmdə və razılaşdırılmış müddətlərdə) yerinə yetirdiyi təsdiqlənmiş, xidmətin dəyəri olan 8800 və 4900 ABŞ dollarının sözügedən aktların cavabdeh tərəfindən imzalandığı tarixdən 3 iş günü ərzində iddiaçının hesabına köçürülməsi şərtləşdirilmişdir.
11. İddiaçı 02 mart 2023-cü il tarixli FB352/23 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsi üzrə xidmət haqqının – 12097,06 ABŞ dolları məbləğində pulun tutulmasını tələb edir.
12. Cavabdeh iddiaçının malların təhvilinə razılıq vermədiyini, yalnız 83 gün sonra icazənin verildiyini və nəticədə cavabdehə əlavə saxlama xərclərinin yarandığını, sonuncunun zərər çəkdiyini bildirir.
13. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
14. Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
15. Həmin Məcəllənin 852.1-ci maddəsinə görə, ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Həmçinin 852.2-ci maddədə göstərilmişdir ki, daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir.
16. Göründüyü kimi, öz hüquqi təbiəti etibarilə yük daşıması müqaviləsi mülki qanunvericilikdə əvəzli və ikitərəfli müqavilə kimi təsbit edilməklə, daşıyıcının (ekspeditorun) yükü haqq müqabilində təyinat yerinə daşımağı, yük alanın isə qeyd edilən haqqı ödəməsi ilə şərtləndirilmişdir.
17. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə yük daşıması müqaviləsi olub, iddiaçının daşımanın dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 852.4-cü maddəsi təşkil edir.
18. Belə ki, Mülki Məcəllənin 852.4-cü maddəsinə görə, ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu)və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd.
19. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn muzdun ödənilməsini tələb etmək hüququnu realizə edir.
20. Cavabdehin etirazlarına münasibətdə isə göstərilməlidir ki, cavabdeh tərəfindən göstərilən xidmətin dəyərinin ödənilmədiyi işin mübahisəsiz halıdır. Bu zaman isə qanunvericilikdə ekspeditor (daşıyıcı) üçün müəyyən hüquqlar təsbit edilmişdir. Həmin hüquqlardan biri də Mülki Məcəllənin 858.1-ci maddəsində göstərilmişdir. Adıçəkilən maddəyə əsasən, əgər yük qəbul edilmirsə və ya yük üzrə ödənişlər həyata keçirilmirsə və ya yük alanı müəyyənləşdirmək mümkün deyilsə, daşıyıcı yük göndərənə bu barədə məlumat verməli və yük göndərənin riski və hesabı ilə yükü müvəqqəti saxlamaya götürməli və ya saxlama üçün üçüncü şəxsə verməlidir. Əgər yük göndərən və yük alan şərait nəzərə alınmaqla ağlabatan müddət ərzində yükə dair zəruri sərəncamlar verməzlərsə, ekspertin köməyi ilə daşıyıcı eynilə komisyonçu kimi yükü ixtiyarlı şəxsin xeyrinə sata bilər.
21. Göründüyü kimi, cavabdeh tərəfindən ödəniş edilmədiyi təqdirdə iddiaçının yükü cavabdehin riski və hesabı ilə müvəqqəti saxlamaya götürməsi və ya saxlama üçün üçüncü şəxsə verməsi hüququ bilavasitə mülki qanunvericilikdən irəli gəlir. Bu isə cavabdehin etirazının əsassız olması qənaətinə səbəb olur.
22. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “pacta sunt servanda” (müqavilələr icra olunmalıdır) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
23. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
25. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
26. Beləliklə, məhkəmə hesab edir ki, yük daşıması müqaviləsi üzrə muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (yük göndərən) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
27. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 02 mart 2023-cü il tarixli FB352/23 nömrəli müqavilə üzrə 12097,06 ABŞ dolları məbləğində muzd Cavabdeh MMC-dən tutularaq İddiaçı MMCyə ödənilməlidir.
b) Nəqliyyat ekspedisiyası müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
28. İddia ərizəsində iddiaçı 5409,81 ABŞ dolları cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.
29. Tərəflər arasında bağlanmış 01 dekabr 2021-ci il tarixli FB29/21 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsinin 5.14-cü bəndinə əsasən, xidmət dəyərinin, həmçinin bu müqavilənin icrası üçün ekspeditor tərəfindən çəkilmiş xərclərin ödənişi üzrə öhdəliklərin müştəri tərəfindən icrasının ləngidilməsi halında, Müştəri hər ləngidilmiş günə görə Ekspeditora ödənilməmiş məbləğin 0,5 % həcmində cəriməni ödəyir.
30. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
31. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.
32. Həmin Məcəllənin 465.2-ci maddəsində göstərilmişdir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
33. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
34. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
35. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Eyni zamanda nəzərə alınır ki, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsi qisməndir, hissəvi ödəniş edilmişdir. Eləcə də xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli aktlarla 3 iş gün ərzində xidmət haqqının tam ödənilməsi razılaşdırılsa da, iddiaçı uzun müddət sonra, yəni xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
36. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 360 ABŞ dolları həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
37. Məhkəmə belə qənaətə gəlir ki, cərimənin tutulması hissəsində tələb qismən təmin edilməli, 360 ABŞ dolları məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
c) Nəqliyyat ekspedisiyası müqaviləsi üzrə faiz məbləğinin tutulması tələbi ilə bağlı
38. İddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsaslanmaqla cavabdehdən illik 5 faizlə hesablanmaqla 302,43 ABŞ dolları pulun tutulmasını tələb edir.
39. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur (əvvəlki redaksiya).
40. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. (hazırkı redaksiya).
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
42. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi yalnız o halda tətbiq edilə bilər ki, kreditor digər əsaslardan çıxış edərək daha böyük pul məbləğini tələb edə bilməsin və ya tərəflərin razılığı ilə ayrı qayda nəzərdə tutulmasın. Hazırkı halda isə iddiaçı tərəflər arasında bağlanmış müqavilənin 5.14-cü bəndinə istinad etməklə daha böyük pul məbləğini tələb etmişdir.
43. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qanuni faizin tutulması hissəsində iddia rədd edilməlidir.
d) İddia tələbinin xarici valyutada göstərilməsi ilə bağlı
44. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndinə əsasən, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.
45. Qeyd edilən qərara əsasən məhkəmə hesab edir ki, 02 mart 2023-cü il tarixli FB352/23 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsi üzrə əsas borc, dəbbə pulu qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə tutulmalıdır.
e) Məhkəmə xərcləri ilə bağlı
46. İddiaçı ödənilmiş 185 manat dövlət rüsumunun, 1000 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
47. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 185 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
48. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş tapşırığı və icra qeydindən görünür ki, xx.xx.2025-ci il tarixli 142 saylı müqavilə (xx.xx.2025-ci il tarixli ******* nömrəli orderdə qeyd edilən müqavilə) 1000 manat məbləğində pul “Kamandar Nəsibov və partnyorları” vəkil bürosunun hesabına köçürülmüşdür.
49. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
50. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
51. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
52. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 1000 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.
53. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Beləliklə, yuxarıda göstərilənləri və iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 1000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 127 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
55. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 mart 2023-cü il tarixli nəqliyyat ekspedisiyası müqaviləsi üzrə 12097,06 ABŞ dolları əsas borc, 360 manat ABŞ dolları cərimə olmaqla ümumilikdə 12457,06 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 127 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 1000 manat Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova