Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3704/2022 22.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı cavabdehdən iddiaçının xeyrinə ödənilmiş 1565,38 manat sığorta ödənişinin, 35,65 manat dövlət rüsumunun 0,40 manat bank xidməti xərcinin tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən iddiaçının xeyrinə ödənilmiş 1565,38 manat sığorta ödənişinin, 35,65 manat dövlət rüsumunun 0,40 manat bank xidməti xərcinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində ** JS *** (y.n.n. ** AD ***) dövlət qeydiyyat nişanlı Mercedes Benz G63 AMG markalı avtonəqliyyat vasitəsi iddiaçı tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, Babək prospektində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış ** FU *** dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero-İO markalı avtonəqliyyat vasitəsi ilə cavabdehə məxsus olan ** JS *** (y.n.n. ** AD ***) dövlət qeydiyyat nişanlı Mercedes Benz G63 AMG markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və cavabdehin sürücüsü X1 təqsirli bilinmişdir. Baş vermiş hadisə ilə əlaqədar iddiaçı tərəfindən 1565,38 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Subroqasiya hüququ ilə əlaqədar xx.xx.2021-ci il tarixində iddiaçı tərəfindən "xxxx" ASC-yə qarşı subroqasiya tələbi irəli sürülmüş, lakin müəyyən olunmuşdur ki, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra cavabdeh eyni zamanda "xxxx" ASC-yə müraciət edərək ** JS *** (y.n.n. ** AD ***) dövlət qeydiyyat nişanlı Mercedes Benz G63 AMG markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 3200,00 manat məbləğində sığorta ödənişi almışdır. Göründüyü kimi cavabdeh 1 sığorta hadisəsi üzrə iki sığorta ödənişi almışdır. Beləliklə, iddiaçı tərəfindən sığortalıya ödənilmiş qalıq tərəfindən 1565,38 manat məbləğində vəsaitin cavabdehdən əsassız varlanma ilə geri tutulmalıdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Sığorta aktından görünür ki, cavabdehə məxsus ** JS *** (y.n.n. ** AD ***) dövlət qeydiyyat nişanlı Mercedes Benz G63 AMG markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 2025 manat məbləğində müəyyənləşdirilmiş, həmin məbləğdən 250 manat azadolma məbləği və 209,62 manat aşınma xərci çıxılaraq 1565,38 manat iddiaçı tərəfindən sığortalanmış avtomobilin sahibi cavabdehə verilmişdir. xx.xx.2021-ci il tarixli 001XOH********** saylı Ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 1565,38 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli 05/01-902 saylı məktubundan görünür ki, "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış “Mitsubishi Pajero” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin, 23 noyabr 2020-ci il tarixində törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində, “Mercedes Benz AMG” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Dəymiş zərər hesablanaraq 3200 manat məbləğində müəyyən edilməklə 22 dekabr 2020-ci il tarixində zərərçəkən Cavabdeh QSC-nin bank hesabına köçürülmüşdür. Odur ki, qeyd olunan sığorta tələbi ilə bağlı sığorta ödənişinin verilməsi qeyri-mümkün hesab edilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Həmin Məcəllənin 931-ci maddəsinə əsasən bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə məxsus ** JS *** (y.n.n. ** AD ***) dövlət qeydiyyat nişanlı Mercedes Benz G63 AMG markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 1565,38 manat sığorta ödənişi etmiş, iddiaçı tərəfindən "xxxx" ASC-yə qarşı subroqasiya tələbi irəli sürülmüş, lakin müəyyən olunmuşdur ki, cavabdeh eyni zamanda "xxxx" ASC-yə müraciət edərək həmin sığorta hadisəsi üzrə avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 3200,00 manat məbləğində sığorta ödənişi almışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi cavabdeh bir sığorta hadisəsinə görə icbari sığorta qaydasında "xxxx" ASC-dən 3200,00 manat məbləğində sığorta ödənişi aldığı halda, iddiaçıdan könüllü sığorta (kasko) qaydasında 1565,38 manat sığorta ödənişi də almışdır ki, bu halda cavabdeh iddiaçıdan aldığı 1565,38 manat məbləğində pul vəsaitini qanuni əsas olmadan əldə etməklə əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinin məzmunundan göründüyü kimi, əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran əsas qanunda və ya müqavilədə nəzərdə tutulmamış olsun. Qanunda nəzərdə tutulmamış əsaslarla varlanmış şəxsin qanundan əmələ gələn öhdəlikləri, müqavilə əsası olmadan varlanmış şəxsin isə müqavilə öhdəlikləri yaranır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, bir sığorta hadisəsinə görə könüllü sığorta (kasko) qaydasında olmaqla ikinci dəfə ödənilmiş 1565,38 manat məbləğində sığorta ödənişi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən ödənilmiş 1565,38 manat sığorta ödənişi, 35,65 manat dövlət rüsumu və 0,40 manat bank xidməti xərci tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3704/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3704/2022
22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver