Məhkəmə qərarları › İş №e-2-2(113)-3705/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3705/2022

22.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3705/2022 22.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 11 oktyabr 2021-ci il tarixli müqavilə üzrə yaranmış 2.161,26 (iki min bir yüz altmış bir manat, iyirmi altı qəpik) manat borcun və mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 70 (yetmiş) manat haqqın Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 11 oktyabr 2021-ci il tarixində №129 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, iddiaçı sifariş edilmiş malları cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin malları qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin 3.1.1.-ci bəndinə əsasən, “satıcı” tərəfindən təhvil verilmiş malı qəbul etmək və malın dəyərini 2.2-ci maddədə nəzərdə tutulmuş qaydada ödəmək “alıcı”nın vəzifəsidir. Lakin cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Maliyyə arayışına əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə 2.161,26 manat borcu qalmışdır. Cavabdeh tərəfindən ödənilməmiş borc öhdəliyinin icra edilməsi barədə ona dəfələrlə şifahi və xx.xx.2022-ci il tarixində APC-53/2022 nömrəli bildirişlə isə yazılı müraciət edilmişdir. xx.xx.2022-ci il tarixində mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh öhdəliyin icrasından qərəzli olaraq yayınaraq iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini kobud surətdə pozmağa davam etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində keçirilmiş ilkin mediasiya sessiyasında da iştirak etməmişdir. Ona görə də, cavabdeh tərəfindən borc öhdəliyinin icra edilməsi barədə məhkəməyə müraciət edilməsinə zərurət yaranmışdır. Həmçinin, Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinin tələblərinə əsasən, pretenziya məktubu elektron qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi vasitəsi ilə xx.xx.2022-ci il tarixində cavabdehin elektron kabinetinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı “satıcı”, Cavabdeh olmaqla imzalanmış 11 oktyabr 2021-ci il tarixli 129 nömrəli alqı-satqı müqaviləsində qeyd olunmuşdur ki, bu müqavilənin predmetini Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı Əlavə ilə müəyyən edilən malların “satıcı” tərəfindən “alıcı”-nın mülkiyyətinə verilməsi, “alıcı” tərəfindən isə bu malların mülkiyyətə qəbul edilməsi və haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. EBBM seriyalı 379690 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 940 manat, EBBO seriyalı 841832 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 1454,5 manat, EBBP seriyalı 082545 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 175,53 manat İddiaçı tərəfindən Cavabdehnə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı tərəfindən 70 manat Bakı 9 saylı Mediasiya Təşkilatının bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya təhvil verilmiş mallar üzrə borcu yaranmışdır Belə olan halda məhkəmə cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş 2.161,26 manat borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qimən təmin edildiyindən ödənilmiş 70 manat məbləğində mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 11 oktyabr 2021-ci il tarixli 129 nömrəli alğı-satqı müqaviləsinə əsasən 2.161,26 manat və mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 70 (yetmiş) manat İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 11 oktyabr 2021-ci il tarixli 129 nömrəli alğı-satqı müqaviləsinə əsasən 2.161,26 manat və mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 70 manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar