Məhkəmə qərarları › İş №e-2-2(113)-3707/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3707/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3707/2021 13.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı 27-2020-08 saylı 27.08.2020-ci il tarixli “Texnikaların icarə müqaviləsi”nə əsasən nəzərdə tutulan öhdəlikləri icra etməməsi ilə bağlı cavabdehdən görülmüş işlərin dəyəri olan 31.603,29 manat və ƏDV-ni təşkil edən 5.688,54 manat, cəmi 37.291,83 manat, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulan 5% olaraq, 5 aylıq gecikdirmə müddəti üçün 777 manat faiz məbləğinin, vəkilə ödənilmiş xidmət haqqının əvəzi olaraq 1.400 manat və iddia verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı 27-2020-08 saylı 27.08.2020-ci il tarixli “Texnikaların icarə müqaviləsi”nə əsasən nəzərdə tutulan öhdəlikləri icra etməməsi ilə bağlı cavabdehdən görülmüş işlərin dəyəri olan 31.603,29 manat və ƏDV-ni təşkil edən 5.688,54 manat, cəmi 37.291,83 manat, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulan 5% olaraq, 5 aylıq gecikdirmə müddəti üçün 777 manat faiz məbləğinin, vəkilə ödənilmiş xidmət haqqının əvəzi olaraq 1.400 manat və iddia verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 27-2020-08 nömrəli, 27.08.2020-ci il tarixli “Texnikaların icarə müqaviləsi” imzalanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı mülkiyyətində və etibarnamə əsasında istifadəsində olan xüsusi texnika və nəqliyyat vasitələrini cavabdehin istifadəsinə icarəyə verməyi, cavabdeh isə xidmət haqqını müqavilədə razılaşdırılmış qaydada ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin icrası iddiaçı tərəfindən tam şəkildə həyata keçirilmiş və müqavilədə nəzərdə tutulmuş xidmətlərin göstərilməsi ilə bağlı tərəflər arasında “Təhviltəslim aktları” tərtib olunmaqla təsdiq olunmuşdur. 27-2020-08 nömrəli, 27.08.2020-ci il tarixli Müqavilə çərçivəsindəki xidmətlərin göstərilməsi haqqında tərəflər arasında təsdiq olunmuş 23.12.2020-ci il tarixli “Təhvil-təslim aktı”nda iddiaçı tərəfindən ƏDV xaric 10.678,34 manat, 18.01.2021-ci il tarixli “Təhvil-təslim aktı”nda iddiaçı tərəfindən ƏDV xaric 7.312,31 manat, 17.03.2021-ci il tarixli “Təhvil-təslim aktı”nda iddiaçı tərəfindən ƏDV xaric 7.666,36 manat və 06.04.2021-ci il tarixli “Təhvil-təslim aktı”nda iddiaçı tərəfindən ƏDV xaric 5.946,28 manat, cəmi 31.603,29 manat məbləğində işlərin görülməsi öz təsdiqini tapmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuşdur ki, “Təhvil-təslim aktlarında” göstərilmiş xidmət haqqı və 18% ƏDV 10 təqvim günü ərzində cavabdeh tərəfindən iddiaçının bank hesabına ödənilməlidir. Lakin 27-2020- 08 nömrəli, 27.08.2020-ci il tarixli “Texnikaların icarə müqaviləsi”nə əsasən görülmüş işlərin dəyəri olan 31.603,29 və ƏDV-ni təşkil edən 5.688,54 manat pul cavabdeh tərtəfindən iddiaçının bank hesabına ödənilməmişdir. Bununla bağlı olaraq, iddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubuna da cavab verilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 27-2020-08 nömrəli, 27.08.2020-ci il tarixli Texnikaların icarə müqaviləsinin surətindən görünür ki, iddiaçı mülkiyyətində və etibarnamə əsasında istifadəsində olan xüsusi texnika və nəqliyyat vasitələrini cavabdehin istifadəsinə icarəyə verməyi, cavabdeh isə xidmət haqqını müqavilədə razılaşdırılmış qaydada ödəməyi öhdələrinə götürmüşlər. 23.12.2020-ci il tarixli, 18.01.2021-ci il tarixli, 17.03.2021-ci il tarixli və 06.04.2021-ci il tarixli təhvil-təslim aktlarının surətlərindən görünür ki, iddiaçı tərəfindən müvafiq olaraq ƏDV-siz 10678,34 manat, 7312,31 manat, 7666,36 manat və 5946,28 manat dəyərində müxtəlif tarixlərdə cavabdehə xidmətlər (xüsusi texnika və nəqliyyat vasitələri istifadəyə verilmişdir) göstərilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 27- 2020-08 nömrəli, 27.08.2020-ci il tarixli Texnikaların icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı mülkiyyətində və etibarnamə əsasında istifadəsində olan xüsusi texnika və nəqliyyat vasitələrini cavabdehin istifadəsinə icarəyə verməyi, cavabdeh isə xidmət haqqını müqavilədə razılaşdırılmış qaydada ödəməyi öhdələrinə götürmüşlər. İcarə münasibətləri nəticəsində cavabdehin müxtəlif tarixlərdə müvafiq olaraq ƏDV-siz 10678,34 manat, 7312,31 manat, 7666,36 manat və 5946,28 manat məbləğində iddiaçıya borcu yaranmışdır. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi icra etməmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən xüsusi texnika və nəqliyyat vasitələrini cavabdehə vermiş, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, icarə müqaviləsində nəzərdə tutulan müddətdə icarə haqqını tam ödəmədiyindən, iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 27-2020-08 nömrəli, 27.08.2020-ci il tarixli Texnikaların icarə müqaviləsi və təhvil-təslim aktları üzrə yaranmış 31.603,29 manat icarə haqqı borcu və həmin məbləğin əlavə dəyər vergisi olan 5.688,54 manat borc tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən “Təhvil-təslim aktlarında” göstərilmiş xidmət haqqı 10 təqvim günü ərzində cavabdeh tərəfindən iddiaçının bank hesabına ödənilməlidir. Müqavilənin göstərilən bəndini nəzərə aldıqda gecikdirilmiş vaxt üçün faizin məbləği 23.12.2020-ci il tarixli akt üzrə 10678,34 manat borca görə 02.01.2021-ci il tarixdən, 18.01.2021-ci il tarixli akt üzrə 7312,31 manat borca görə 28.01.2021-ci il tarixdən, 17.03.2021-ci il tarixli akt üzrə 7666,36 manat borca görə 27.03.2021-ci il tarixdən və 06.04.2021-ci il tarixli akt üzrə 5946,28 manat borca görə 16.04.2021-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda iddiaçı faiz məbləğini məhkəməyə iddia verdiyi tarixədək hesabladığından həmin tarixədək hesablanmalıdır. Bu halda, gecikdirilmiş vaxt üçün illik beş faizin məbləği 644,40 manat təşkil etdiyindən məhkəmə hesab edir ki, göstərilən məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmaqla iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan 13.07.2021-ci il tarixli 268 saylı ödəniş tapşırığının surətindən görünür ki, iddiaçı tərəfindən vəkilin göstəridiyi yardıma görə “Pro Bono” vəkil bürosunun hesabına 1400 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə vəkilin göstərdiyi yardıma görə ödənilmiş 1400 manat məbləğin 1000 manat məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 27-2020-08 saylı 27.08.2020-ci il tarixli “Texnikaların icarə müqaviləsi”nə əsasən nəzərdə tutulan öhdəlikləri icra etməməsi ilə bağlı cavabdehdən görülmüş işlərin dəyəri olan 31.603,29 manat və ƏDV-ni təşkil edən 5.688,54 manat, cəmi 37.291,83 manat, 644,40 manat faiz məbləği, vəkilin göstərdiyi yardıma görə 1000 manat alınaraq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 99,65 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 29,89 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 0,11 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 27-2020-08 saylı 27.08.2020-ci il tarixli “Texnikaların icarə müqaviləsi”nə əsasən nəzərdə tutulan öhdəlikləri icra etməməsi ilə bağlı Cavabdehndən görülmüş işlərin dəyəri olan 31.603,29 manat və ƏDV-ni təşkil edən 5.688,54 manat, cəmi 37.291,83 manat, 644,40 manat faiz məbləği, vəkilin göstəridiyi yardıma görə 1000 manat alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 29,89 manat məbləği Cavabdehndən tutularaq İddiaçınə ödənilsin, qalan 0,11 manat məbləği İddiaçınə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar